Abşeron Milli Parkı
Milli parklar- xüsusi ekoloji, tarixi,
estetik və digər əhəmiyyət daşıyan təbiət
komplekslərinin yerləşdiyi və təbiəti
mühafizə, maarifçilik, elmi, mədəni və digər
məqsədlər üçün istifadə olunan təbiəti
mühafizə və elmi tədqiqat idarələri statusuna
malik olan ərazilərdir.
Qeyd
edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
yaradılmazdan əvvəl Azərbaycan Respublikasında Milli
parklar mövcud deyildi. 2003-cü ildən başlayaraq Ekologiya
və Təbii Sərvətlər Nazirliyi tərəfindən
Akademik Həsən Əliyev adına Ordubad, Şirvan, Ağ
göl, 2004-cü ildə Hirkan, Altıağac, 2005-ci ildə
Abşeron, 2006-cı ildə Şahdağ, 2008-ci ildə isə
Göygöl Milli Parkları yaradıldı. 2009-cu il 25 noyabr
tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı
ilə Ordubad Milli Park ərazisi Şahbuz Dövlət Təbiət
Qoruğu, Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları
hesabına genişləndirilərək sahəsi 42797,4 hektar
çatdırılmışdır. Eyni sərəncamla Milli
Parkın adı dəyişdirilərək Akademik Həsən
Əliyev adına Zəngəzur Milli Parkı
adlandırılmışdır.
2008-ci
ildə Hirkan Milli Parkının ərazisi genişləndirilərək
40358 hektara çatdırılmışdır.
Hazırda milli parklar ölkə ərazisinin 3,4%-ni təşkil
edir.
Bununla yanaşı, yeni milli parkların, dövlət təbiət
qoruqlarının yaradılması
istiqamətində müvafiq
işlər davam etdirilərək, Qızılağac
dövlət təbiət
qoruğunun ərazisinin
genişləndirilərək dənizkənarı milli parkın yaradılması
nəzərdə tutulmuşdur.
Eyni zamanda, Almaniya Federal Hökumətinin
dəstəyi ilə
"Qafqaz təşəbbüsü"
proqramı çərçivəsində
"Samur-Yalama" Milli
Parkının salınmasına
başlanılmışdır
Öz təbii şəraiti ilə seçilən Abşeron Milli Parkına son illər xüsusi diqqət yetirilir. Abşeron Milli Parkı Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 8 fevral tarixli sərəncamı ilə
Bakı şəhərinin
Xəzər rayonunun inzibati ərazisinin 783 hektar sahəsində, Abşeron Dövlət Təbiət Yasaqlığının
bazasında yaradılmışdır.
Milli Park Abşeron yarımadasının cənub-şərq
qurtaracağında - Şah
Dili ərazisində yerləşir.
Abşeron Milli Parkının
yaradılmasında başlıca
məqsəd ətraf
mühitin mühafizəsi,
ondan səmərəli
istifadə edilməsi,
nəsli kəsilməkdə
olan nadir flora və
fauna növlərinin (Xəzər
suitisi, ceyran, kəkilli dalğıc, gümüşü qağayı,
yaşılbaş ördək
və s.) qorunub saxlanılması, ekoturizmin
inkişaf etdirilməsi,
turizm və istirahət (rekreasiya) zonalarının yaradılması,
ekoloji monitorinqin həyata keçirilməsi
və əhalinin ekoloji cəhətdən maarifləndirilməsini təmin
etməkdir. Burada torpaq örtüyü yaxşı inkişaf etməmişdir. Ərazi,
əsasən, dəniz
sahili qumluqlarla örtülmüşdür. Ərazidə
yarımsəhra və
quru bozqırların mülayim isti iqlim tipi hakimdir.
Abşeron Milli Parkında
bitki örtüyünün
növ tərkibi və fitokütləsi xeyli azdır. Dəniz sahili qum bitkiləri, cığlı-qamışlı və paz otlu
çəmənliklər, birillik şoran otları və s. yayılmışdır. Efemerlər
də erkən yazda nisbətən yaxşı inkişaf edir.
Parkın
heyvanat aləmi çox zəngindir. Milli Parkın ərazisində suda-quruda yaşayanlardan göl qurbağası, yaşıl
quru qurbağası, sürünənlərdən Aralıq
dənizi tısbağası,
Xəzər tısbağası,
Qafqaz kələzi, Xəzər qekkonu, koramal, uzunayaq Şneyder, əlvan kərtənkələcik, cəld
kərtənkələcik, xaltalı eyrenis, suilanı, gürzə və s., quşlardan gümüşü qağayı,
fısıldayan qu quşu, boz və qırmızıbaş
qazlar, bizquyruq, yaşılbaş ördək,
ağgöz qara ördək, kəkilli dalğıc, böyük
ağ vağ, qumluq cüllütü, qaşqaldaq, bataqlıq belibağlısı, dəniz
bozcası və s, məməli heyvan növlərindən isə
ceyran, canavar, çaqqal, çöl pişiyi, yenot, oxlu kirpi, tülkü,
porsuq, dovşan, Xəzərin sularında suiti və həmçinin
müxtəlif növ
balıqlar məskunlaşmışdır.
Abşeron Milli Parkının
Xəzər dənizi
ərazisində xeyli miqdarda Xəzər suitisi yayılmışdır.
Bu növ, pərayaqlıların
yeganə nümayəndəsidir
ki, Dünya okeanının ən kiçik suitisi kimi "Ginnes"in rekordlar kitabına daxil edilmişdir.
Abşeron Milli Parkının
yaradılması həmin
ərazidə nadir təbiət
komplekslərinin və
obyektlərinin, Xəzər
suitisinin, ceyranın, su-bataqlıq quşlarının
qorunub saxlanılmasına
və bərpasına
imkan yaradacaqdır.
Hazırladı: M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2010.-
26 oktyabr.- S. 7.