Azərbaycanda informasiya cəmiyyəti quruculuğu yolunda yüksək nailiyyətlər qazanılmışdır

 

Yaşadığımız XXI əsri haqlı olaraq informasiya texnologiyaları əsri adlandırırlar. Doğrudan da, artıq informasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilmişdir.

 

Dünyanın qabaqcıl ölkələrinin təcrübəsi sübut edir ki, elm, təhsil və iqtisadiyyatı əhatə edən sistemli siyasət hər bir ölkənin davamlı və dayanıqlı inkişafının başlıca təminatçısıdır. Bu siyasətin aparıcı qüvvəsi olan informasiya-kommunikasiya texnologiyaları (İKT) son illər sürətlə inkişaf edərək bütün sahələrdə və gündəlik həyatda insan fəaliyyətinin, sosial-iqtisadi münasibətlərin tərkib hissəsinə çevrilmişdir. İKT-nin ən yeni nailliyyətləri idarəetmə, təhsil, səhiyyə, biznes, turizm və bank xidməti kimi sahələrdə tətbiq edilərək, cəmiyyətin hər bir üzvünə mövcud imkanlardan faydalanmağa şərait yaradır. Bu baxımdan yeni texnologiyalar üzrə dövlət siyasəti cəmiyyətin ictimai və siyasi təfəkkürünü qabaqlamalı, yaxın onilliklər üçün bu istiqamətdə görüləcək işlərin strateji xəttini müəyyənləşdirməlidir.

Azərbaycan Respublikasında da İKT sahəsinin inkişaf etdirilməsi üzrə dövlət siyasəti bu prinsip üzərində qurulur və beynəlxalq təcrübəyə əsaslanır. Azərbaycanın inkişaf tarixinin son 40 ilinə nəzər salsaq, gələcəyə istiqamətlənmiş, dayanıqlı inkişafı təmin edən, elm və texnologiyaların inkişafını şərtləndirən, iqtisadiyyatın hər bir sektorunun davamlı inkişafına yönəlmiş və cəmiyyətin hər bir üzvünün rifahına xidmət edən müdrik siyasətin təzahürlərini görərik. Bu siyasətin tərkib hissəsi kimi Azərbaycanda rabitənin, elektron avadanlıqlar və informasiya texnologiyaları sektorunun inkişafının geniş vüsət alması məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ümummilli liderin 2003-cü il 17 fevral tarixdə imzaladığı "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə (2003-2012-ci illər) Milli Strategiya" 10 ilə yaxın müddətdə müasir informasiya texnologiyalarının Azərbaycanda tətbiqi sahəsində prioritet vəzifələr müəyyənləşdirmişdir. Qloballaşma dövrünün reallıqları nəzərə alınaraq çevik və təkmil idarəetməni təmin edəcək "elektron hökumət"in yaradılması da sənəddə vacib məsələlərdən biri kimi önə çəkilmişdir.

Son 7 ildə bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev hələ 2003-cü ilin dekabrında Cenevrədə İKT üzrə keçirilən ümumdünya sammitində çıxış edərkən demişdir ki, Azərbaycanda neftdən sonra prioritet sahə məhz informasiyakommunikasiya texnologiyaları olmalıdır. Azərbaycan Prezidenti çıxışlarında "qara qızılın insan kapitalına" çevrilməsinin vaxtının çatdığını, informasiya texnologiyalarının, müasir biliklərin mənimsənilməsinin vacibliyini daim önə çəkir. Bu transformasiyanın əsasında məhz Azərbaycanda güclü intellektual bazanın, müasir biliklərə əsaslanan yeni tipli iqtisadi sistemin formalaşdırılması, milli iqtisadiyyatın neft amilindən asılılığının azaldılması məqsədi dayanır. "...Bizim gənc nəslimiz bilikli, dünyada gedən proseslərə bələd olmalıdır, izləməlidir. Ən qabaqcıl texnologiyalar Azərbaycana gəlməlidir. Bir sözlə, ölkənin inkişafı məhz bu istiqamətdə davam etməlidir. Dünyada uğur qazanmış, inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, o inkişafın, tərəqqinin əsas səbəbləri təbii ehtiyatlar deyildir. Məhz bilik, məhz savad, yeni texnologiyalar - bütün bunlar ölkəyə uğur, rifah gətirir, inkişaf, müasirlik gətirir" - deyən cənab İlham Əliyev bu qənaətdədir ki, bu gün bəşəriyyətdə demokratik idealların daha da möhkəmlənməsi, elmi-texniki tərəqqinin geniş vüsət alması insan amilinin inkişafında vacib məsələdir. Azərbaycan Prezidenti İlham Əliyevin ötən 7 ildə həyata keçirdiyi siyasətin mahiyyətində də məhz insan və şəxsiyyət amili dayanmışdır.

Məktəblərin kompyuterləşdirilməsi, gənclərin virtual dünyaya çıxışının təmin edilməsi, onların informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyələnmələri üçün atılan məqsədyönlü addımlar da məhz bu məqsədə xidmət edir. Bu baxımdan 2004-cü il 21 avqust tarixli "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiyakommunikasiya texnologiyaları ilə təminatı Proqramının (2005-2007-ci illər) təsdiq edilməsi haqqında" fərman gənclərin müasir biliklərə yiyələnməsinə və informasiya texnologiyalarını dərindən mənimsəmələrinə elmi-texniki zəmin yaratmışdır. Bundan əlavə, 2008-ci il iyunun 10-da təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" Azərbaycan Respublikasında müasir informasiyakommunikasiya texnologiyalarının geniş tətbiqi yolu ilə vahid ümummilli təhsil mühitinin yaradılması və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi məqsədinə xidmət etmişdir. Və bu gün fəxrlə deyə bilərik ki, Azərbaycanın orta ümumtəhsil müəssisələrində hər 29 şagirdə 1 kompyuter nisbəti artıq həll olunmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 22 oktyabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)" isə rabitə və informasiya texnologiyalarının geniş tətbiqinə imkan yaradan, habelə bölgələrdə geniş yayılmasını təmin edən mükəmməl fəaliyyət konsepsiyası olmuşdur. Proqrama əsasən, 2008-ci ildə Azərbaycan informasiya texnologiyalarının inkişafı sahəsində ümumdünya orta göstəricilərinə çatmış, bu sektorun inkişafına 150 milyon ABŞ dolları yönəldilmişdir.

Dövlət Proqramı, eyni zamanda, "rəqəmsal uçurum"un, yəni informasiya uçurumu təhlükəsinin aradan qaldırılmasına xidmət etmişdir. Ölkə Prezidenti daim bildirir ki, bütün sahələrdə inkişaf edən Azərbaycanda idarəetmənin müasir texnologiyalar əsasında qurulması, ilk növbədə, zamanın tələbindən irəli gəlir. Yəni paytaxtda və digər iri şəhərlərdə müasir texnologiyalar sürətlə inkişaf etdiyi halda, rayonlarda bu prosesi bir qədər yubanır. Bu baxımdan, regionlarda rəqəmsal sistemin tətbiqi, internetin, müasir rabitə və kommunikasiya texnologiyalarının inkişafı olduqca vacibdir. Bu təkcə sosial-iqtisadi deyil, həm də mədəni-intellektual inkişafa, insan kapitalının formalaşmasına xidmət edir.

2005-ci ilin noyabrında Tunisdə İnformasiya Cəmiyyəti üzrə sammitin ikinci fazası keçirilmiş, Azərbaycan bu sammitə xüsusi fəallıqla hazırlaşmış, toplantının təşkilat komitəsinin üzvü və sponsorlarından olmuşdur. Bu sammitdə XXI əsrin yeni çağırışı "İnformasiya-kommunikasiya texnologiyalarının cəmiyyətin demokratikləşməsində və insan hüquqlarının qorunmasında rolu" elan olunmuşdur və həmin tezisin əsas müəlliflərindən biri də məhz Azərbaycandır.

Azərbaycan Prezidenti İlham Əliyevin "Xüsusi iqtisadi zonaların yaradılması haqqında" 2007-ci il 6 mart tarixli fərmanı da ölkədə İKT sektorunun inkişafına münbit zəmin yaradır. Bu fərmanda müəyyən edilən məqsədlərin reallaşdırılması ölkədə texnoparkların, texnopolislərin, innovasiya mərkəzlərinin yaradılmasına, alim və mütəxəssislərin elmi-texniki potensialından daha səmərəli istifadə etməyə, rəqabətədavamlı, elmtutumlu məhsulların istehsalına, nəticə etibarilə, informasiya cəmiyyətinin əsasını təşkil edən biliklər iqtisadiyyatının formalaşmasına imkan yaradır. ABŞ-ın "CİSCO", "İntel", Microsoft, İsveçin Ericsson, Almaniyanın Siemens, Çinin Huawei şirkəti Azərbaycanda yaradılacaq texnoparkların formalaşmasında fəal surətdə iştirak etmək istədiklərini bəyan etmişlər.

Digər mühüm addım kimi Azərbaycanın yerətrafı orbitə peyk çıxarmaq təşəbbüsünü qeyd etmək lazımdır. Bu peyk ölkəmizin qlobal informasiya cəmiyyətinə inteqrasiya olunmasında, Qərblə Şərq arasında informasiya fərqinin aradan qaldırılmasında və regionun aparıcı dövlətlərindən birinə çevrilməsində əhəmiyyətli rol oynayacaqdır.

Prezident İlham Əliyevin 2008-ci il 11 avqust tarixli "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)" təsdiq edilməsi haqqında sərəncamı da bu sahədə həyata keçirilən dövlət siyasətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Fərman ulu öndər Heydər Əliyevin 2003-cü il 17 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının inkişafı naminə informasiyakommunikasiya texnologiyaları üzrə Milli Strategiya"nın (2003-2012-ci illər)" həyata keçirilməsini təmin etmək məqsədi daşıyır. Sərəncamla "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)" təsdiq edilmişdir. Sərəncama əsasən, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə həvalə edilmişdir. Eyni zamanda, sərəncamla Nazirlər Kabinetinə iki ay müddətində dövlət və yerli özünüidarə orqanlarının aktlarının elektron informasiya sistemləri vasitəsilə açıqlanması qaydası barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırığı verilmişdir.

"Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı"nın məqsədi Milli Strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi, respublikanın informasiya cəmiyyətinə keçidinin təmin edilməsi, İKT-nin inkişafını və geniş tətbiqini təmin etmək yolu ilə informasiya və biliklərə əsaslanan, rəqabətə davamlı iqtisadiyyatın qurulması və inkişaf etdirilməsi üçün zəminin formalaşdırılması, dövlət idarəetmə mexanizmlərinin səmərəliliyinin artırılması və qərarların qəbulu prosesində vətəndaşların və sosial institutların iştirakı imkanlarının genişləndirilməsi, cəmiyyətin informasiya məhsulu və xidmətlərinə olan tələbatının dolğun ödənilməsidir.

Azərbaycanda İKT sektorunun yüksək artım tempi ilə inkişafını nəzərdə tutaraq İKT üzrə gəlirlərin 2018-20-ci illərdə neft gəlirləri ilə bərabərləşəcəyini və sonrakı inkişafını proqnozlaşdırır. Müstəqil Azərbaycan dövləti bu gün öz inkişafının məzmun və keyfiyyətcə daha yüksək mərhələsinə qədəm qoymuşdur. Qarşıdakı illərdə Azərbaycanın dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilməsi, siyasiiqtisadi cəhətdən daha da qüdrətli olması üçün möhkəm baza, güclü iqtisadi, texnoloji potensial və kifayət qədər maliyyə imkanları mövcuddur. Təbii ki, Azərbaycanın hərtərəfli, dinamik və davamlı inkişafında rabitə və informasiya texnologiyaları sektorunun rolu mühümdürbu rol durmadan artmaqdadır. Azərbaycanda İKT-nin inkişaf dinamikası, uğurla həyata keçirilən neft strategiyası nəticəsində ölkəyə olan inamın artması, beynəlxalq qurumlarla uğurlu əməkdaşlıq nümunələri, yüksək texnologiyaya əsaslanan iqtisadiyyatın formalaşması üzrə qarşıya qoyduğumuz vəzifələr, dövlət siyasətinin tərkib hissəsi kimi İKT sahəsinə göstərilən diqqət, ən başlıcası isə ölkə Prezidenti cənab İlham Əliyevin xüsusi qayğısı ölkəmizin yaxın gələcəkdə yüksək texnologiyalar sahəsində böyük uğurlar qazanacağına zəmanət verir. Bu gün İKT sektorunda çalışanlar bu fikirdə yekdildirlər ki, informasiya texnologiyaları sahəsində ümummilli lider Heydər Əliyevin ideyaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasət və həyata keçirdiyi kompleks tədbirlər nəticəsində tam həllini tapacaq və Azərbaycan tezliklə inkişaf etmiş ölkələr sırasında öz layiqli yerini tutacaqdır.

Bu yazını cənab Prezidentin dediyi bu sözlərlə yekunlaşdırmaq istəyirik:

"İnformasiya kommunikasiya texnologiyalarının gələcək inkişafımızda çox önəmli rolu olacaqdır. Çünki bütün dünyanın elmi-texniki tərəqqisi bu istiqamətdə inkişaf edəcəkdir"

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2010.- 27 oktyabr.- S. 6.