Nəsimi rayonunda 2010-cu ilin 9 ayına yekun vuruldu

 

Nəsimi rayonunda 2010-cu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclas keçirilmişdir.

 

Tədbiri açan rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev bildirmişdir ki, 2010-cu ilin sosial-iqtisadi inkişafının nəticələrinə nəzər saldıqda əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycanın inkişaf strategiyasının nə qədər dərindən düşünülmüş və həyati bir konsepsiya olduğu bir daha təsdiq olunur. Belə ki, dünyanın əksər ölkələrində iqtisadiyyatda geriləmə davam etsə də, bu dövr ərzində Azərbaycan iqtisadiyyatında 4,1 faiz artım qeydə alınmışdır. Əhalinin pul gəlirləri 11 faiz artmış, minimum pensiyanın səviyyəsi 85 manata qaldırılmışdır. Ölkəmizdə ünvanlı sosial yardım proqramı uğurla icra edilir və həmin proqram hazırda 600 min insanı əhatə edir. 9 ay ərzində respublikada 56 min yeni iş yeri yaradılmışdır. Bu dövrdə valyuta ehtiyatlarımız artaraq 28 milyard dollara çatmışdır. N.Məhəməliyev bildirmişdir ki, 2010-cu ilin 9 ayı Nəsimi rayonu üçün də uğurlu olmuş, sosial-iqtisadi sahədə bir sıra nailiyyətlər əldə edilmişdir.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Ayaz Əsgərov ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına dair məruzə ilə çıxış etmişdir. Natiq bildirmişdir ki, yanvar-sentyabr aylarında rayonda 82 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Həmin dövrdə rayon əhalisinə 900,9 milyon manatlıq geniş çeşidli istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 28,1 faiz çoxdur.

2010-cu ilin 9 ayında rayonda 1015 yeni iş yeri yaradılıb. Nəsimi Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 10551 nəfərə ünvanlı dövlət sosial yardımı verilmişdir. Hər bir ailəyə düşən yardımın orta aylıq məbləği 130 manat təşkil etmişdir. Mərkəz 362 nəfər tənha, ahıl və əlilə evlərdə sosial məişət xidməti göstərmişdir.

Hesabat dövründə təhsil, mədəniyyət, səhiyyə sahələrində də nailiyyətlər əldə edilib. 2009-2010-cu tədris ilində rayonun ümumtəhsil məktəblərini 1991 şagird bitirmiş, onlardan 1031 nəfəri ali məktəblərə daxil olmuşdur. Bu il 2 məktəb "İlin ən yaxşı məktəbi", 13 müəllim isə "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi olmuşlar. Yeni tədris ilində 42 saylı məktəbdə 2 əlavə korpus və 115 saylı məktəbəqədər tərbiyə müəssisəsində yeni korpus inşa edilmiş, 159 və 266 saylı məktəblərdə və səkkiz körpələr evində təmir işləri həyata keçirilmişdir. Tibb Universitetinin yeni tədris terapevtik korpusu istifadəyə verilmiş, Kliniki Tibbi Mərkəzin binasının əsaslı təmiri başa çatdırılmışdır. Hər iki səhiyyə müəssisəsinin açılış mərasimində Prezident cənab İlham Əliyev iştirak etmişdir.

Ölkəmizin hər yerində olduğu kimi, Nəsimi rayonunda da genişmiqyaslı abadlıq və yenidənqurma işləri həyata keçirilir. S.Vurğun, H.Seyidzadə, 20 Yanvar, Cavadxan küçələrində, Azadlıq, Vaqif, Tbilisi prospektlərində ümumilikdə 12 mindən çox ağac və dekorativ gül kolları əkilmişdir. Bu dövrdə keçirilən iməciliklərdə 6 mindən çox sakin iştirak etmişdir. Rayon ərazisində 2490 kvadratmetr dam örtüyü, 8294 kvadrat metr fasad və 620 kvadratmetr eyvan təmir edilmiş, 32620 kvadratmetr asfalt salınmışdır. "Azəryolservis" ASC tərəfindən M.Qaşqay, X.Şuşinski, S.Rüstəm və digər küçələrdə 88257 kvadrat metr asfalt örtüyü vurulmuşdur.

Hesabat dövründə 2700 paqonometr kanalizasiya xətti və 265 paqonometr su kəməri təmir edilmiş, 500 paqonometr kabelləşmə işi yerinə yetirilmişdir. 10 həyətdə abadlıq işləri görülmüş, R.Behbudov küçəsindəki bardürlər yeniləri ilə əvəz edilmişdir. A.Bakıxanov küçəsində Nəsimi Rayon İcra Hakimiyyətinin inzibati binasında tikinti işləri davam etdirilir. "Zabitlər" parkında aparılan yenidənqurma və abadlıq işləri tamamlanmaq üzrədir. Hacı Əjdərbəy məscidinin (Göy məscid) yeni binasının inşası üçün hazırlıq işləri başa çatdırılmışdır. 28 May küçəsindəki alman kirxasında təmir işlərinə başlanılmışdır.

Tədbirdə Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Laçın Mustafayev, 1 saylı İstilik Sistemləri İstismarı Sahəsinin rəisi Qadir Əliyev, rayon qaz istismar sahəsinin rəisi Eldəniz Həsənli, Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Azad Mustafayev, Su İstehsalat İstismar Zonasının rəisi Eyvaz Budaqov və Kanalizasiya Qəza Xidmət Sahəsinin rəisi Yaşar Vəliyev çıxış etdilər. Onlar görülmüş işlərdən və qarşıda duran məsələlərdən danışdılar.

 

 

Ayaz HƏMİDOĞLU

 

Xalq qəzeti.- 2010.- 27 oktyabr.- S. 4.