Beynəlxalq
seçki sistemləri və seçkilərin hüquqi tənzimlənməsi
qaydaları
Cəmiyyət yaranandan ayrı -
ayrı fərdlər onun daxil olduğu və
yaşadığı ərazidə idarəetmədə və
qərarların qəbulunda iştirak etməyə
çalışmışdır. Bütün dünyada cəmiyyətin
və dövlətin siyasi həyatında iştirak etmək
hüququ əsas insan hüquqlarından hesab olunur. Belə ki,
Azərbaycan Respublikasında Milli Məclisə növbəti
seçkilər keçirilir və vətəndaşlarımız
seçki hüququndan istifadə edərək bu və ya digər
formada seçki prosesinin fəal subyektləri olurlar. Azərbaycan
Respublikası müasir dünyanın müəyyən
coğrafi ərazi hissəsində yerləşən müstəqil
dövlət olduğu üçün, təbiidir ki,
mövcud seçki sistemi də beynəlxalq hüquq sistemləri
ilə uyğunluq təşkil edir.
Beynəlxalq təcrübə
Dünya
təcrübəsində "seçki sistemləri"
üç əsas kateqoriyaya bölünür: plüralist -
majoritar sistemlər, proporsional nümayəndəlik (PN) sistemləri,
yarıproporsional sistemlər, (qarışıq seçki
sistemi). Hər seçki sisteminin özünün də
növləri vardır.
Misal
olaraq göstərmək olar ki, "Hamısı qalibə
çatır" (HQÇ) sistemi plüralist - majoritar
sisteminin dörd növündən biridir.
Onunla yanaşı, majoritar sistemin tərkibi sayılan həm də preferensial səsvermə kimi tanınan alternativ səsvermə (AS) və Fransada tətbiq edilən iki turluq sistem də mövcuddur. Alternativ səsvermə sistemindən yalnız Avstraliyada ( və bir də azacıq dəyişilmiş şəkildə Sakit okean bölgəsində Nauru ada - dövlətində) istifadə olunur.
Namizədlər birmandatlı dairələr üzrə seçilir (HQÇ - da olduğu kimi), lakin ondan fərqli olaraq seçicilər öz rəğbətlərinə uyğun şəkildə namizədləri bir növ sıraya düzürlər (namizədlər ieraxiyası): siyahıda birinci yeri tutana 1 bal, ikinci yer tutana 2 bal verilir və s.
Namizədlərdən heç biri səs əksəriyyətinə nail ola bilmədikdə, ən az səs toplamış namizəd sıradan çıxır və o vaxta qədər beləcə davam edir ki, namizədlərdən hansısa biri səslərin 50 faizini toplamış olsun və onda təkrar hesablama zamanı namizədə verilmiş "ikinci yerlərin" cəmi nəzərə alınır. Fransada tətbiq edilən "iki turluq" sistem analoji nəticənin əldə olunmasına yönəlib. O da, AS sistemi də HQÇ sisteminin potensial qüsurunu aradan qaldırmağa imkan yaradır; həmin qüsur ondan ibarətdir ki, bir mandata iki namizəd iddia etdikdə, qələbə gözlənilmədən elə bir namizədə çatır ki, seçicilərə seçim etmək hüququ verilsə idi, onu hökmən rədd edərdilər. AS sistemi seçicilərə bu cür imkan yaradır.
PN sistemi üç qrupa bölünür. Bunların
arasında ən geniş yayılanı - siyahılı
sistemdir ki, onun tətbiqi halında seçicilər namizədləri
siyasi partiyaların verdiyi siyahıdan seçirlər;
seçicilərin sayı bu və ya digər namizədin təmsil
etdiyi partiyaya verilmiş səslərin sayına (faiz nisbətində)
tam uyğun olur. Almaniyada, İtaliyada və
bu yaxınlarda Yeni Zellandiyada qəbul edilmiş sistem namizədlərin
bir hissəsinin milli siyahı üzrə, yəni proporsional
nümayəndəlik əsasında, bir hissəsinin isə
birmandatlı dairələr üzrə seçilməsini nəzərdə
tutur. "Siyahı"lı sistemin tərəfdarları
sübut etməyə çalışırlar ki, bu sistem PN-ə
xas olan proporsional nümayəndəliyi təmin edir və eyni
zamanda, parlament əksəriyyətinin
formalaşdırılmasının öhdəsindən PN - dən
yaxşı və HQÇ qədər "bacarıqla" gəlir.
PN sisteminin politoloqlar tərəfindən bəyənilən,
lakin nadir hallarda tətbiq edilən (İrlandiya istisna olmaqla,
orada bu sistem 1921-ci ildən işlədilir) növlərindən
biri - "bir keçici səs" (BKS) sistemidir. AS-də
olduğu kimi burada da seçicilər hər bir namizədin
reytinqini müəyyən edirlər, fərq isə
bundadır ki, bu sistem çoxmandatlı dairələrdə tətbiq
edilir. Səslərin özünəməxsus
hesablanma metodunu tətbiq edən BKS ən yüksək reytinqə
malik olan namizədlərin çoxmandatlı dairələrdə
yer almasına, habelə bu yerlərin proporsional
bölgüsünə təminat verir. İrlandlar
öz sistemlərindən razı qalsalar da, görünür
o, mürəkkəbliyi səbəbindən başqa yerlərdə
münasib sayılmamışdır. Seçki sistemləri
barədə mükəmməl elmi mənbələrdən
hesab olunan "Beynəlxalq seçki sistemləri haqqında məlumat
kitabı"nda (müəllimləri Endryu Reynolds və Ben
Reyllidir) doqquz sistem və onların hər birindən doğan
nəticələr təsvir edilmiş, habelə
"seçki sistemlərini işləyib hazırlayanlar
üçün" faydalı tövsiyələr
verilmişdir.
Bu cür
çoxsaylı seçki sisteminin mövcudluğu
faktının özü aşağıdakı nəticələrə
gəlməyə imkan verir:
birincisi,
əgər demokratik ölkədə mövcud olan seçki
sistemi onun vətəndaşlarının tələbatlarına
cavab vermirsə, onlar həmin sistemi başqası ilə əvəz
edə bilərlər;
ikincisi,
seçki sistemi mövcud ölkənin tarixi, ənənəvi,
mədəni və s. xüsusiyyətlərinə uyğun
olaraq qurulur;
üçüncüsü, ölkə yeni seçki sistemini qəbul etmək (və ya köhnəsinə toxunmamaq) məsələsini həll etməzdən öncə bütün alternativ variantlar təcrübəli mütəxəssislər tərəfindən diqqətlə təhlil edilməlidir.
Seçki sistemi - seçkilərin keçirilməsi, səsvermənin nəticələrinin müəyyən edilməsi, seçki hüquqlarının həyata keçirilməsi ilə bağlı qaydaları və seçki münasibətlərini tənzimləyən hüquq normalarının məcmusudur.
Seçki sistemlərinin daha çox istifadə edilən
majoritar və proporsional formaları fərqləndirilir. Proporsional
seçki sistemində deputat mandatları verilən səslərin
paylı bölgüsünə əsasən müəyyən
edilir. Majoritar seçki sistemində isə
seçki dairələri üzrə daha çox səsləri
qazanan namizədlər seçki mandatı alırlar. Daha çox səs alanlar dedikdə, əsasən
ümumi səslərin 50 faiz + 1 səs alanlar qalib hesab olunur.
Digər hallarda isə seçkiyə qatılan
seçicilərin daha çox səsini əldə edənlər
qalib hesab oluna bilər.
Partiyalar və seçki sistemləri
Yəqin ki, heç bir siyasi institut ölkənin siyasi
landşaftını onun seçki sistemi və ya siyasi partiyalarının
qabil olduğu dərəcədə müəyyən edə
və dəyişdirə bilməz. Onlardan heç biri bu
dərəcədə müxtəliflik nümayiş etdirə
bilməz.
Həqiqətən də variantlar o qədər
çoxdur ki, öz ölkəsinin yalnız seçki və
partiya sistemlərinə bələd olan vətəndaş
başqa demokratik ölkənin siyasi mənzərəsini
anlaşılmaz hesab edə bilər. Seçkilərdə
yalnız iki iri siyasi partiyanın mübarizə
apardığı ölkənin vətəndaşı
başqa ölkədə partiyaların "rəngarəngliyini"
xaos kimi qiymətləndirir. Çoxpartiyalılığa
vərdiş etmiş vətəndaş üçün vur-tut
iki partiya arasında seçim etmək zərurəti buxov kimi
görünə bilər. Əgər
onlardan hər biri başqa ölkənin partiya sistemini daha dərindən
öyrənməyə başlasa, aşkara çıxan fərqlər
onları tamam dolaşığa sala bilər. Seçki sistemləri sonsuzluğa qədər
müxtəlifdir. Proporsional nümayəndəlik
sistemi (PN). "Qocaman demokratiya" ölkələrində
ən geniş yayılmış seçki sistemi - seçkilərdə
bu və ya digər partiyaya verilmiş səslərin
miqdarı ilə bu partiyanın parlamentdə alacağı
yerlərin (mandatların) miqdarı arasında mümkün qədər
tam uyğunluğa nail olmaq üçün
yaradılmış seçki sistemidir. Məsələn,
səslərin 53 faizini toplamış partiya yerlərin 53
faizini almalıdır. Bu sistemi adətən
Proporsional nümayəndəlik sistemi (PN) adlandırırlar.
Yuxarıda qeyd etdiyim kimi, hansı seçki sisteminin
"azad və ədalətli" seçkilər tələbini
daha çox dərəcədə təmin etməsi barədə
mübahisələr hələ də davam edir. HQÇ-nin tənqidçiləri
deyirlər ki, bu sistem üzrə keçirilən seçkiləri
heç cür ədalətli hesab etmək olmaz,
çünki burada bərabər nümayəndəlik şərtinə
əməl olunmur.
Məsələn,
1997-ci ildə İngiltərədə parlament seçkilərində
Leyboristlər Partiyası mandatlarının 64 fazini əldə
etmişdi - müasir parlamentarizm tarixdə bu cür əksəriyyətə
malik ola bilməmişdi, özü də
bu zaman Leyboristlər Partiyasına seçicilərin cəmi
44 faizi səs vermişdi. Mühafizəkarlar
partiyası müvafiq olaraq 31 faiz səs və 25 faiz mandat əldə
etmişdi. Seçicilərin 17 faizinin dəstək
verdiyi liberal - demokratlar isə 7 faiz yer qazana bilmişdi! (Digər partiyalardan olan namizədlər 7 faiz səs
və 4 faiz yer almışdılar). ABŞ-da
bu cür sistem majoritar sistem adlanır. Belə
ki, səslərin nisbi əksəriyyətini (tam əksəriyyət
vacib deyil) qazanmış namizəd qalib sayılır. Politoloqlar bunu "birmandatlı dairələrdə
majoritar sistem üzrə seçkilər" adlandırırlar,
əlbəttə, bu daha dəqiq ifadədir, lakin çox
uzundur. "Hamısı qalibə
çatır" ifadəsi İngiltərədə standarta
çevrilib və mən məhz bu ifadəni işlədəcəyəm.
Yeri gəlmişkən,
HQÇ-yə rəğbətin köklərini yalnız
tarixdə axtarmaq düzgün olmazdı, bunun daha rasional
izahı var. Onun tərəfdarlarının fikrincə, bu
sistem sayəsində təzahür edən tendensiya - qalib gəlmiş
partiyanın hesabına parlament əksəriyyətinin
genişləndirilməsi arzuolunan nəticələrə gətirib
çıxarır. Başa
düşürük ki, yeni konstitusiyanın yaradılması
və ya artıq mövcud olanın əsaslı surətdə
dəyişdirilməsi işini öz mürəkkəbliyi və
əziyyətinə görə insanın uçmalı
olduğu kosmik gəminin düzəldilməsi işi ilə
müqayisə edirlər.
Yeni konstitusiyanın yaradılması işinə də
ölkənin ən zəkalı adamları cəlb olunmalıdır. Fərq yalnız bundadır
ki, mühüm konstitusiya novasiyaları yalnız o halda
uzunömürlü ola bilər ki, onu orada
bəyan edilmiş müddəalara uyğun yaşamağa
hazır olan insanlar qəbul etmiş olsunlar. Kontinental Avropa
variantı: PN sistemi üzrə seçilmiş parlament
hökuməti. Parlament idarəetmə
variantı "qocaman demokratiya" ölkələrində
üstünlük təşkil edir və demokratik ölkələrdə
bu varianta prezident idarəetmə forması ilə müqayisədə
daha tez-tez rast gəlinir. Gördüyümüz kimi,
"qocaman demokratiya" ölkələrində daha
üstün tutulan kombinasiya - qanunverici orqanın üzvlərinin
PN -nin bu və ya digər növü
üzrə seçildiyi parlament sistemidir. Avropada
üstün mövqe tutduğuna və demokratiyanın nisbətən
yaxın vaxtlarda bərqərar olduğu ölkələrin də
həmin sınanmış yolla getdiklərinə görə
bu kombinasiyanı kontinental Avropa variantı
adlandıracağam. Britaniya ( və
ya Vestminster) variantı: Seçkilərinin HQÇ sistemi
üzrə keçirildiyi parlament respublikası onun mənşəyini
və ABŞ istisna olmaqla ingilisdilli ölkələrdə
üstünlük təşkil etdiyini nəzərə alaraq,
onu Britaniya variantı adlandırıram. "Qocaman
demokratiya" ölkələrindən yalnız dördü
uzun dövr ərzində bu seçimə sadiq
qalmışdır; heç də təəccüblü
deyildir ki, bu ölkələr - Böyük Britaniya, Kanada,
Avstraliya və Yeni Zellandiyadır (lakin, Yeni Zellandiya 1993-cü
ildə bu sistemdən imtina etmişdir). Amerika
variantı: HQÇ sistemi üzrə keçirildiyi prezident
idarəetməsi, ABŞ "qocaman demokratiya" ölkələri
arasında yeganə dövlətdir ki, bu kombinasiyadan istifadə
edir, ona görə bu sistemi Amerika variantı
adlandıracağıq. Beş -altı "
yeni demokratiya" ölkəsi də bu sistemə
üstünlük vermişdir. Latın Amerikası
variantı: seçkilərin PN sistemi üzrə
keçirildiyi prezident respublikası. Prezident
idarəetmə sisteminə açıq - aşkar
üstünlük verən Latın Amerikası ölkələri
ABŞ -ın təklif etdiyi konstitusiya yolu ilə getmişdir.
Lakin XX əsrdə seçki sistemində
onların çoxu Avropa variantı üzərində
dayanmağı üstün tutmuşdur. Nəticədə,
90-cı illərin əvvəllərində az
- çox "saz işləyən" demokratik institutları
olan 15 Latın Amerikası dövləti başlıca
konstitusiya modeli qismində prezident idarəetmə sistemi ilə
PN sisteminin kombinasiyasını qəbul etmişdir. Bu modeli biz Latın Amerikası variantı
adlandırırıq. Konstitusiya quruluşunun bu az və ya çox dərəcədə "xalis"
növündən əlavə, "qocaman demokratiyalar"a
aid olan bir neçə ölkə bir sıra mühüm
xüsusiyyətləri ilə fərqlənən sistemləri
yaratmışdır. Onlar bu yolu "xalis
növlərin" bütün üstünlüklərindən
bəhrələnmək və eyni zamanda xoşagəlməz
nəticələri minimuma endirmək üçün
seçmişlər. Bu cür "
konstitusiya ixtiraçılığına"
qabarıq nümunə kimi Fransa, Almaniya və İsveçrəni
göstərmək olar. Beşinci Fransa
Respublikasının konstitusiyası eyni zamanda həm
bütün xalq tərəfindən seçilən və
böyük səlahiyyətləri olan prezident, həm də
parlament qarşısında məsuliyyət daşıyan
baş nazir variantını nəzərdə tutur. Bundan əlavə, Fransa HQÇ sistemini modifikasiya
etmişdir.
Parlamentə
seçkilər zamanı namizədlərdən heç
birinin səs çoxluğuna 50 faiz (50 faiz üstəgəl
bir səs) nail olmadığı seçki dairələrində
təkrar seçkilər keçirilir. İkinci
turda qeydə alınmış bütün seçicilərin
səslərinin 12 faizdən çoxunu toplamış namizədlər
iştirak edirlər. Bu sistem zamanı,
birinci turda mandata yiyələnmək üçün yetərincə
səs toplamış kiçik partiyalar adətən iki əsas
rəqibdən birinə qoşularaq tərəfdarlarını
ona səs verməyə çağırır. Almaniyada Bundestaq deputatlarının bir yarısı
HQÇ sistemi üzrə, digər yarısı isə PN
sistemi üzrə seçilir. Bu variant
cüzi dəyişikliklərlə İtaliyada və Yeni
Zellandiyada da tətbiq edilir.
İsveçrə, öz siyasi sistemini çoxmillətli
əhalisi olan ölkənin xüsusiyyətlərinə
uyğunlaşdırmaq üçün icra hakimiyyətinin
kollektiv orqanını yaradıb. Bu təşkilat parlament tərəfindən
dörd il müddətinə seçilən
müşavirədən ibarətdir. "Qocaman
demokratiya" ölkələri arasında bu variant
özünə görə yeganə olaraq qalmaqdadır.
(ardı var)
İlqar CƏFƏROV,
AMEA Fəlsəfə, Sosiologiya və
Hüquq İnstitutunun əməkdaşı
Xalq qəzeti.- 2010.- 27 oktyabr.- S. 3.