Binəqədi rayonunda bu ilin
9 ayının yekunları müzakirə olunmuşdur
Ölkə Prezidenti İlham Əliyevin
sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin 9
ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş geniş iclasındakı nitqindən irəli gələn
vəzifələr Binəqədi Rayon İcra Hakimiyyəti
başçısı yanında Şuranın iclasında
geniş müzakirə olunmuşdur.
İclası
giriş sözü ilə açan rayon icra hakimiyyətinin
başçısı Alı Qocayev Nazirlər Kabinetinin
sözügedən iclası barədə məlumat verərək
qeyd etmişdir ki, ilin 9 ayı ərzində ölkədə
iqtisadi artım 4,1 faiz, qeyri-neft sektoru üzrə isə 5,2
faiz olmuşdur. Əhalinin pul gəlirləri 11 faiz
artmış və inflyasiyanı 2 dəfədən çox
üstələmişdir. Azərbaycanın valyuta
ehtiyatları 20 milyard dollardan 28 milyard dollara
çatmışdır. Bunlar dövlət
başçısı İlham Əliyevin apardığı
uğurlu daxili və xarici siyasətin nəticəsidir.
Rayon
icra hakimiyyəti başçısının müavini
Vüsal İsmayılov rayonda görülən işlərdən
bəhs edərək diqqətə
çatdırmışdır ki, Bakıelektrikşəbəkə
ASC-nin xətti ilə rayonun 7, 8, 9-cu mikrorayonlarında,
Azadlıq prospekti 158, Biləcəri və Rəsulzadə qəsəbələrində,
Dərnəgül və Xutor yaşayış massivlərində
nəzərdə tutulmuş 15 ədəd mövcud
transformatorun hamısı yenisi ilə əvəz
olunmuşdur. M.Ə.Rəsulzadə qəsəbəsi,
Naxçıvani küçəsi, 7,8,9-cu mikrorayonlarda nəzərdə
tutulmuş 20 kilometr elektrik kabel xətlərinin demək olar
ki, 80 faizi yenisi ilə əvəz olunmuşdur.Yuxarıda qeyd
olunan ünvanlarda nəzərdə tutulmuş 16 ədəd
yeni transformator quraşdırılmış, Biləcəri,
Binəqədi, Xocəsən, 28 May, Sulutəpə qəsəbələrində
nəzərdə tutulmuş mövcud 125 kilometr uzunluğunda
hava elektrik xətlərinin SİP kabellərlə təxminən
37 kilometri artıq yenisi ilə əvəz olunmuşdur. Eyni
zamanda, 1800-dən çox abonentin sayğacı və elektrik
xətti dəyişdirilmişdir.
Natiq
vurğulamışdır ki, əhalinin içməli su ilə
təminatı və çirkab sularının
axıdılması üçün Baksol yaşayış
massivində kanalizasiya kollektorunun quraşdırılması
"Azərsu" ASC tərəfindən aparılır. Əhali
üçün zəruri olan çox böyük həcmli
bu iş yüksək templə yerinə yetirilir. Hal-hazırda
Biləcəri qəsəbəsində tutumu 1000 kubmetr olan su
ambarının tikintisi davam etdirilir.
Böyük
-Şor gölü ətrafında mövcud yaşayış
massivlərinin və sənaye obyektlərinin kanalizasiya sistemi
quraşdırılır. Məhsuldarlığı sutkada
10.000 kubmetr olan kanalizasiya nasos stansiyasının tikintisi davam
etdirilir. Binəqədi kəndində isə gücü saatda
800 kubmetr olan su nasos stansiyasının tikintisi başa
çatdırılmışdır.
Rayonda
tikinti-quruculuq işləri geniş vüsət
almışdır. Azadlıq prospektində metronun
"Azadlıq prospekti" stansiyasının
çıxışındakı yerüstü piyada
keçidi 2010-cu il may ayının 20-də istifadəyə
verilmişdir. Azadlıq prospekti ilə Ziya Bünyadov
prospektinin kəsişməsində inşa olunan yol
qovşağının üçüncü mərhələsinin,
Xırdalan dairəsi yaxınlığında Şimal istiqamətində
dəmiryol xəttinin altından keçən tunelin əvəzinə
yenisinin tikintisinin davam etdirilməsi nəzərdə tutulur.
Natiq
göstərmişdir ki, Binəqədi rayonu üzrə
2010-cu il yanvar-sentyabr aylarında rayon üzrə 90 milyon 16 min
manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər
göstərilmişdir. Qeyd olunanlarla yanaşı,
yanvar-sentyabr aylarında istehlakçılara 96 milyon 804 min 900
manatlıq və ya bütün sənaye istehsalından 7,5
faiz çox sənaye məhsulu göndərilmişdir. Əlbəttə,
bu göstərici yaxşıdır, lakin sənaye məhsulunun
istehsalının artırılması sahəsində
lazımi tədbirlərin həyata keçirilməsinə
nail olunmalıdır.
Son
illərdə rayonun istehlak bazarında müsbət irəliləyişlər
əldə edilmişdir. 2010-cu ilin yanvar-sentyabr aylarında
istehlak bazarı dinamik inkişaf etmiş və əhaliyə
824 milyon 737 min manatlıq və ya əvvəlki ilin müvafiq
dövrü ilə müqayisədə 10,9 faiz çox
geniş çeşidli istehlak malları
satılmışdır. Istehlak bazarında pərakəndə
əmtəə dövriyyəsinin və əhaliyə
göstərilən xidmətlərin xüsusi çəkisi
müvafiq olaraq 81,4 və 18,6 faiz təşkil etmişdir.
Ölkə
Prezidenti tərəfindən 2010-cu il "Ekologiya ili" elan
olunmuşdur. Artıq Balaxanı poliqonunun yerində yeni
müasir məişət tullantıları zavodu tikilir.
Bakı və Abşeronda 800 min ağac, o cümlədən
rayonda yol kənarlarına, parklara və boş sahələrə
10 mindən çox ağac və gül kolları əkilmişdir.
Bu iş hazırda da davam etdirilir.
Mənzil
Fondunun saxlanması istiqamətində də xeyli iş
görülmüşdür. Konkret olaraq, 2010-cu ilin 9 ayı ərzində
Biləcəri qəsəbəsi Teymur Yaqubov küçəsi
20 saylı evin damının əsaslı təmiri,3
ünvanda 70 metr su xətti və 45 metr kanalizasiya xətti cari
təmir edilmişdir. Azadlıq prospekti 11 ünvanda ümumiyyətlə
rayon ərazisində 84 ünvanda ümumi uzunluğu 154 metr
olan su xəttində cari təmir işləri
aparılmışdır. Eyni zamanda, cari ilin 9 ayı ərzində
Biləcəri qəsəbəsində Fizuli küçəsi
53 saylı binanın həyətində yarasız hala
düşmüş istirahət yeri
abadlaşdırılmış, yeni oturacaqlar və yelləncəklər
quraşdırılmışdır. Eyni zamanda, 50/35-ci məhəllə
2 saylı, Natəvan 17 saylı, A.Zeynallı küçələrində
4 saylı evlərin həyətləri abad hala
salınmışdır.
Hesabat
dövründə Rayon Mənzil Kommunal Təsərrüfat
Birliyi tərəfindən 25625 kvadratmetr yeni asfalt
örtüyü salınmış, parklar təmizlənmiş,
ümumilikdə 1118 ədəd ağaç və gül
kolları əkilmişdir. Azadlıq prospekti
bütövlükdə abad hala salınmışdır.
Bundan başqa, 7058 kvadratmetr yumuşaq dam örtüyü cari
təmir edilmiş, ümumi istifadə yerində 75 kvadratmetr
şüşə salınmış, 92 ədəd giriş
qapısı, 75 ədəd pəncərə cari təmir
edilmişdir.
İclasda
rayonun bir sıra xidmətlərinin rəhbərləri
çıxış etmiş, təklif və mülahizələrini
bildirmişlər. Toplantıda əldə olunmuş
uğurlarla yanaşı, həllini gözləyən problemlər,
çatışmazlıqlar və onların aradan
qaldırılması yolları da diqqət mərkəzində
olmuşdur.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2010.- 28 oktyabr.- S. 5.