Nizami rayonunda cari ilin doqquz ayına
yekun vurulmuşdur
Dünən Bakı şəhəri
Nizami Rayon İcra Hakimiyyətində 2010-cu ilin doqquz ayında
rayonun sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş
hesabat yığıncağı keçirildi. Rayonun sənaye,
təhsil, səhiyyə, mədəniyyət, xidmət sahələrinin,
hüquq-mühafizə orqanlarının, eləcə də
ictimaiyyət nümayəndələrinin iştirak etdikləri
yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin
başçısı Tahir Budaqov açdı. Natiq
oktyabrın 20-də Prezident İlham Əliyevin sədrliyi ilə
keçirilən Nazirlər Kabinetinin 2010-cu ilin birinci
yarısının sosial-iqtisadi inkişafının
yekunları və qarşıda duran vəzifələrə həsr
olunmuş iclasında dövlət
başçısının proqram xarakterli nitqinin bəzi məqamlarına
toxundu.
Nizami
Rayon İcra Hakimiyyəti başçısının
müavini İldırım Mehdiyev 2010-cu ilin yanvar-sentyabr
ayları ərzində rayonun sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş geniş hesabat məruzəsi ilə
çıxış etdi. Natiq ulu öndər Heydər Əliyev
tərəfindən əsası qoyulmuş sosial-iqtisadi
islahatların Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi nəticəsində cari ilin doqquz
ayında ölkəmizdə ümumi inkişafın davam
etdiyini diqqətə çatdırdı. 2010-cu ilin doqquz
ayının Azərbaycan Respublikası üçün kifayət
qədər uğurlu və yüksək nailiyyətlərlə
zəngin bir dövr olduğunu qeyd edən natiq dedi ki, oktyabr
ayının 20-də Prezident Sarayında dövlət
başçısı cənab İlham Əliyevin sədrliyi
ilə keçirilən Nazirlər Kabinetinin cari ilin
yanvar-sentyabr aylarının sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş iclasında son illər ərzində
ölkə iqtisadiyyatında müşahidə olunan iqtisadi
artımın hazırda da davam etməsi müsbət hal kimi
qiymətləndirlimişdir. Belə ki, Prezident İlham Əliyev
statistik göstəricilər əsasında Azərbaycanda
sosial vəziyyətin, sənaye istehsalının, özəl
bölmənin, neft-qaz sektorunun, qeyri-neft bölməsinin və
digər bütün sahələr üzrə istehsalın
yüksəlməsini və inkişafını təhlil edərək
dünyada davam edən maliyyə böhranına baxmayaraq, cari
ilin 9 ayında ölkədə ümumi daxili məhsulun 4,1
faiz, qeyri-neft sektorunun 5,2 faiz, sənaye məhsulu
istehsalının 3,1 faiz artdığını,ölkənin
valyuta ehtiyatlarının isə 28 milyard dolları
ötdüyünü diqqətə
çatdırmışdır . Dövlət
başçısı sosial proqramların uğurla icra
olunduğunu vurğulayaraq ölkədə 600 min insanın
ünvanlı sosial yardım almasını, minimum əmək
haqqı və pensiyanın artmasını bildirmiş, Azərbaycanda
2003-cü ildən bəri 900 min yeni iş yerinin
açıldığını bəyan etmişdir.
Son illər
ölkəmizin sosial-iqtisadi həyatında baş verən tərəqqi
paytaxtın Nizami rayonunda da aydın hiss olunur. Bu barədə
məlumat verən rayon icra hakimiyyəti
başçısının müavini İ.Mehdiyev bildirdi ki,
ölkə iqtisadiyyatında baş vermiş sürətli
inkişaf Nizami rayonunun sosial-iqtisadi həyatını daha da
canlandırmış, rayon sakinlərinin
qarşılaşdığı sosial problemlərin həlli
istiqamətində konkret addımlar atılmış, xidmət
sahələrinin fəaliyyəti yüksəlmiş,
çoxsaylı yeni iş yerləri
açılmışdır.
Natiq
bildirdi ki, 2010-cu ilin 9 ayında Nizami rayonunda sənaye sahəsi
üzrə istehsalın həcmi 238 milyon manat təşkil
etmişdir ki, bunun da 33,7 faizi qeyri-dövlət sektorunun
payına düşmüşdür. Məhsul istehsalında
artım, əsasən, ət və ət məhsulları,
saflaşdırılmış günəbaxan yağı,
şərabçılıq, hidrogenləşdirilmiş bitki
piyləri və yağları, marqarin, kağız və
karton polietilen kisələr, plastmas məmulatları, ağ
portlandsement, betondan yığma tikinti konstruksiyaları məhsullarının
istehsalı sahələrində qeydə
alınmışdır. Həmin dövrdə istehsal
olunmuş məhsulun 100,4 faizi istehlakçılara göndərilmişdir.
İ.Mehdiyev
2010-cu ilin doqquz ayında rayon iqtisadiyyatının və sosial
sahələrin inkişafı üçün bütün
maliyyə mənbələri hesabına əsas kapitala 51,7
milyon manat həcmində investisiya yönəldildiyini, bunun da
25 milyon manatının dövlət, 32,7 milyon manatının
isə qeyri-dövlət müəssisələrinin payına
düşdüyünü diqqətə çatdırdı.
Qeyd olundu ki, hesabat dövründə əsas kapitala yönəldilmiş
investisiyanın 18,9 milyon manatı, yəni 92,2 faizi istehsal təyinatlıdır.
Cari ilin doqquz ayında rayon üzrə pərakəndə əmtəə
dövriyyəsi və pullu xidmətlərin həcmi 27,9 faiz
artaraq 685,5 milyon manat olmuş, özəl müəssisələr
tərəfindən əhaliyə 667,3 milyon manatlıq istehlak
malları satılaraq pullu xidmətlər göstərilmişdir.
Həmçinin bildirildi ki, 9 ayın yekununa görə, rayon
üzrə işçilərin orta aylıq əmək
haqları 16,3 faiz artaraq 331,8 manat olmuşdur.
2010-cu
ilin yanvar-sentyabr aylarında Nizami rayonunda 933 yeni iş yerinin
açıldığını diqqətə
çatdıran məruzəçi bildirdi ki, iş yerlərinin
218-i hüquqi şəxslərin, 715-i isə fiziki şəxslərin
payına düşmüşdür. Bütövlükdə
isə 2003-cü ilin oktyabr ayından 2010-cu ilin müvafiq
ayının 1-dək rayonda 16071-i daimi olmaqla 16168 yeni iş
yeri yaradılmışdır. Cari ilin ötən
dövründə rayon əhalisinin sosial müdafiəsinin
gücləndirilməsi sahəsində görülmüş
işlər barədə məlumat verən natiq onu da dedi ki,
ölkə başçısı tərəfindən
imzalanmış fərman və sərəncamların məhz
əhalinin sosial rifahının yüksəldilməsinə
yönəldilməsinin nəticəsidir ki, əvvəlki
dövrlərlə müqayisədə vətəndaşların
maddi rifah halı getdikcə yaxşılaşır.
Məruzəçi
sakinlərin işıq, qaz, istilik və içməli su ilə
təminatının yaxşılaşdırılması ilə
bağlı görülən işlər, eləcə də
abadlıq-quruculuq sahəsində həyata keçirilmiş tədbirlər
barədə geniş məlumat verdi. Bundan əlavə, qeyd
olundu ki, rayonun səhiyyə və təhsil müəssisələrinin
işinin əsaslı şəkildə
yaxşılaşdırılması məqsədiilə həyata
keçirilən tədbirlər cari ilin ötən
dövründə də davam etmişdir.
İ.Mehdiyev
qarşıdan gələn parlament seçkilərinə hazırlıqla
bağlı görülmüş işlərdən geniş
bəhs etdi, bu mühüm siyasi kampaniyanın Nizami rayonunda
yüksək səviyyədə keçirilməsi
üçün hər cür şərait
yaradıldığını diqqətə
çatdırdı. Natiq həmçinin qarşıda duran
mühüm vəzifələrə toxundu, həlli vacib
işləri sadaladı.
Məruzə
ətrafında çıxış edən digər natiqlər
rəhbərlik etdikləri sahələrin cari ilin doqquz
ayı ərzindəki fəaliyyəti ilə bağlı
hesabat verdilər, ölkənin sosial-iqştisadi
inkişafı yolunda bundan sonra da səylə
çalışacaqlarını bildirdilər.
Hesabat
yığıncağına yekun vuran Nizami Rayon İcra
Hakimiyyətinin başçısı Tahir Budaqov Nazirlər
Kabinetinin 2010-cu ilin doqquz ayının yekunlarına həsr
olunmuş iclasında ölkə prezidenti İlham Əliyevin
proqram xarakterli yekun nitqindən irəli gələn vəzifələrin
icrası ilə bağlı görüləcək işlərdən
söhbət açdı, bununla bağlı müvafiq
qurumların rəhbərlərinə konkret
tapşırıqlar verdi.
Tədbirdə
iştirak edən respublika Ağsaqqallar Şurasının sədri,
akademik Budaq Budaqov Nizami rayonunda cari ilin 9 ayında
görülmüş işləri yüksək dəyərləndirərək
ağsaqqalların rayonun ictimai-siyasi, və sosial-iqtisadi həyatındakı
rolundan söhbət açdı. Sonra rayonun bir qrup
yaşlı sakininə Ağsaqqallar Şurasının
üzvlük vəsiqələri təqdim olundu.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2010.- 28 oktyabr.- S. 5.