Qaraqoyunlu dövlətinin hərb tariximizdə yeri böyükdür

 

Qaraqoyunlu dövlətinin Azərbaycan dövlətçilik tarixində rolu böyükdür və onun fəaliyyəti ilə bağlı geniş araşdırmalara ehtiyac var. Bu fikirlər Azərbaycan Hərb Tarixi Muzeyində Qaraqoyunlu dövlətinin yaradılmasının 600 illik yubileyi ilə bağlı keçirilmiş elmi-praktik konfransda səsləndirilib.

 

Tədbiri giriş sözü ilə açan Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Rüfət Əmirov Qaraqoyunlu dövlətinin Azərbaycan hərb tarixindəki rolundan və bu dövlətə rəhbərlik etmiş qüdrətli sərkərdə Qara Yusifin fəaliyyətindən söz açmışdır. Daha sonra Qaraqoyunlu dövlətinin fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirildi. Müdafiə Nazirliyinin, Silahlı Qüvvələrin Baş İnspeksiyasının, Ali Hərbi və Hərbi Dəniz məktəblərinin, Tarix, Arxeologiya və Etnoqrafiya institutlarının, şəhər muzeylərinin nümayəndələrinin iştirak etdiyi tədbir ziyalıların məruzə və çıxışları ilə davam etdi. Muzeyin baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Əsgər Əliyev "Qaraqoyunlu dövlətində hərbi iş" mövzusunda çıxış etdi. O, Qaraqoyunlu dövləti dövründə ordunun strukturu, istifadə edilən silah növlərindən ətraflı bəhs etdi. Onun sözlərinə görə, arxeoloji qazıntılar zamanı həmin silahların, müxtəlif maddi-mədəniyyət əşyalarının aşkar edilməsi, eləcə də qədim məzarların üzərində qoç şəkillərinin olması oğuz boyuna mənsub qaraqoyunlu tayfalarının tarixinin əyani sübutudur.

A.Bakıxanov adına Tarix İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Tahir Cəfiyev isə Qaraqoyunlu dövlətinin müharibə taktikası barədə məlumat verdi. O, Qara Yusifin qələbə ilə sona çatdırdığı döyüşləri təhlil etdi və müharibədə istifadə edilən hərbi manevr imkanlarına toxundu. Bakı Dövlət Universitetinin "Azərbaycan tarixi" kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Bəymirzə Şəbiyev Qaraqoyunlu dövlətinin beynəlxalq əlaqələrindən danışdı.

Hərbi Akademiyanın baş müəllimi Mübariz Əmirov orta və ali məktəb dərslərində dövlətçilik tarixinə daha çox yer verilməsinin vacibliyinə toxundu və qeyd etdi ki, Qaraqoyunlu dövlətinin öyrənilməsi və bu cür tədbirlərin keçirilməsi hərb tariximizi gələcək nəslə çatdırmaq baxımından mühüm əhəmiyyət daşıyır. Məhəmməd Baharlı isə Qaraqoyunlu hökmdarı Cahanşahın poeziyasından və qaraqoyunluların əsasını təşkil edən tayfalardan biri Baharlı tayfasının rolundan bəhs etdi.

Sonda paytaxtı Təbriz olmuş Qaraqoyunlu dövlətinin Azərbaycan və türk dünyası tarixində rolu və əhəmiyyəti vurğulandı.

 

 

Əfsanə BAYRAMQIZI

 

Xalq qəzeti.- 2010.-29 oktyabr.- S. 8.