Təsviri və xalq dekorativ-tətbiqi sənəti yeni inkişaf mərhələsində
Bu bir həqiqətdir ki, Azərbaycan
təsviri və dekorativ-tətbiqi sənəti Yaxın və
Orta Şərq xalqları incəsənəti tarixinin ən
parlaq səhifələrindən birini təşkil edir.
Ustad
sənətkarların rəhbərliyi altında işləyib
yaradan təsviri və tətbiqi sənət həvəskarları
milli və regional bədii ənənələri davam etdirərək
onları daim Şərq incəsənətindəki başqa
məktəblərin görkəmli nailiyyətləri ilə
daha da zənginləşdirirlər. Onlar öz sehrli
fırçaları və digər sənət alətləri
ilə şux, təntənəli təsviri və dekorativ
forma, əsasını rəng simfoniyası təşkil edən
dərin emosional təsir qüvvəsinə malik ifadə vasitələri
axtarıb tapırlar. Beləliklə, zaman-zaman xalq sənətinin
milli xüsusiyyətlərinə uyğun olaraq müxtəlif
janrlarda işləyən həvəskar sənətçilərdən
görkəmli sənət ustaları meydana gəlir. Xalq
dekorativ-tətbiqi sənət ustalarının
yaratdıqları əl işləri qədim tariximizin
yaddaşından silinməyən bədii nümunələr
kimi hələ də yaşamaqdadır.
Ulu
öndərimiz Heydər Əliyev Azərbaycana rəhbərlik
etdiyi dövrdə daim mədəniyyət və incəsənətimizin
yüksəlişinə, tərəqqisinə xüsusi
qayğı göstərmişdir. Bu dövrdə respublikada
milli mədəniyyət və incəsənətə, o
cümlədən təsviri və xalq dekorativ-tətbiqi sənətinə
verilən xüsusi diqqətin nəticəsində müntəzəm
olaraq müxtəlif tədbirlər, həmçinin sərgilər
keçirilirdi. Xalqımızın təsviri və dekorativ-tətbiqi
sənətinə yönələn belə bir diqqət və
qayğı həvəskarlıqdan peşəkarlığa
doğru gedən təkmilləşməni sürətləndirir,
habelə sərgilərin iştirakçıları
arasında adlı-sanlı sənətkarların yetişməsi
ilə nəticələnirdi.
Heydər
Əliyev siyasi kursunun layiqli davamçısı olan Azərbaycan
Respublikasının Prezidenti möhtərəm İlham Əliyev
mədəniyyət və incəsənətimizə dövlət
qayğısını yüksələn xətlə
artırmaqdadır. Bu qayğını konkret şəkildə
gerçəkləşdirən Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyeva bilavasitə mədəniyyət məsələlərini,
o cümlədən təsviri incəsənət və
dekorativ-tətbiqi sənətin inkişafını öz diqqət
mərkəzində saxlayır.
Son
vaxtlar respublikamızda keçirilmiş bir sıra sərgilər
paytaxtda və regionlarda yaşayıb yaradan həvəskar sənətçilərin
fəaliyyətini stimullaşdırıb canlandırmaq,
onların əl işlərindən ən dəyərli
olanlarını lazımınca qiymətləndirib ölkə
xaricində, habelə qlobal miqyasda təbliğ etmək məqsədinə
xidmət edir. Birmənalı olaraq göstərmək
lazımdır ki, xalqın içərisindən bədii
istedadlı insanların, xüsusən gənc sənətçilərin
üzə çıxarılmasına xidmət edən belə
sərgi-seminarların uğurlu nəticələrinə əvvəllər
də şahidlik etmişik. Elə 2008-ci ildə
keçirilmiş I Respublika sərgisini xatırlamaq kifayətdir.
Bu il Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı
ilə regionlarda keçirilmiş "Həvəskar rəssamların
və tətbiqi sənət ustalarının əsərləri"
mövzusunda sərgi-seminarlar və bu günlərdə
Bakı şəhərində onların yekunu olan möhtəşəm
II Respublika sərgisi öz geniş miqyası və yüksək
səviyyəsi ilə fərqlənirdi.
Hələ
sovet dönəmində vaxtilə Mədəniyyət
Nazirliyinin təşkil etdiyi bu növ kütləvi tədbirlərin
sayəsində ixtisas təhsili almamış, ancaq bədii
yaradıcılığa meyilli olan istedadlı şəxslərin,
həvəskar sənətçilərin üzə
çıxarılması, onlara metodiki tövsiyələrin
verilməsi, axtarışlarının və fəaliyyətlərinin
düzgün istiqamətləndirilməklə obyektiv şəkildə
qiymətləndirilməsi həmişə dövlət tərəfindən
mədəniyyət və incəsənətimizin
inkişafına göstərilən qayğının təzahürü
kimi qiymətləndirilmişdir. Bu mənada xalq arasında həvəskar
təsviri və dekorativ-tətbiqi sənətin inkişaf edib
zənginləşməsi naminə Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodiki Mərkəzin göstərdiyi təşəbbüs
və təşkilatçılıq həmişə
mühüm rol oynamışdır. Mərkəzin
keçirdiyi tədbirlərdə üzə
çıxarılmış çoxlu sayda sənətçi
və xalq tətbiqi sənət ustalarının arasından
sonralar professional sənətə gələrək öz əsərləri
ilə ölkədə və xaricdə tanınmağa
başlayan sənətkarlar da olmuşdur. Həmin
uğurları doğuran ənənəni müstəqillik
dövründə də yaşatmaq zərurətini nəzərə
alan mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev respublika xalq yaradıcılığının
mühüm tərkib hissəsi kimi həvəskar rəssamların
və tətbiqi sənət ustalarının layiqli əsərlərinin
üzə çıxarılması, təbliğ olunması
və müəlliflərin peşəkarlıq səviyyələrinin
yüksəldilməsinə kömək göstərilməsi
məqsədilə Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodiki Mərkəzin iş planına uyğun
olaraq 2010-cu ildə regionlarda və yekun olraq paytaxda "Həvəskar
rəssamların və tətbiqi sənət
ustalarının əsərlərindən ibarət sərgi-seminarlar"ın
keçirilməsinin vacib olduğunu bildirmişdir.
Ənənəyə
sadiq qalaraq daim axtarışlarda olan, zamanla ayaqlaşaraq
yeniliyə can atan, həmçinin öz fəaliyyətini sənətçiləri,
həvəskar rəssamları, gəncləri
yaradıcılığa yönəltmək istiqamətində
quran və getdikjə gücləndirən Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodiki Mərkəzin kollektivi cənab nazirin
tapşırığını əsas tutaraq həvəskar
sənətçilərin, xalq tətbiqi sənət
ustalarının yaratdıqları əsərlərdən ən
yaxşılarını regionlarda keçirilən sərgi-seminarlarda
üzə çıxarıb, Bakıda yekun sərgidə
layiqincə nümayiş etdirilməsini təşkil etdi.
Beləliklə, sərgi-seminarın Əsasnaməsinə uyğun olaraq əsərlərin nümayişi və seçimi əvvəlcə regionlarda keçirildi. 2010-cu il iyunun 16-dan 18-dək Cəlilabadda Lənkəran, Yardımlı, Masallı, Astara, Lerik, Neftçala, Biləsuvar rayonlarından müəlliflərin iştirakı ilə sərgilərin keçirilməsinə start verildi. Sərginin yüksək səviyyədə keçirilməsində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Ə.Əzizovun və rayon mədəniyyət və turizm şöbəsinin böyük rolu olmuşdur. Doqquz rayondan 65 müəllifin müxtəlif janrlar üzrə 170-ə qədər əsəri nümayiş etdirildi. Sərgidə fərqlənən həvəskar sənətçilər Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin "Fəxri fərman"ı ilə təltif olundu. Daha layiqli əsərlər Bakıda Respublika sərgisində nümayiş olunmaq üçün münsiflər tərəfindən seçildi. İyulun 6-dan 8-dək Balakən rayonunda sərgi-seminar davam etdi. Şəki, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Zaqatala rayonlarından olan müəlliflərin iştirakı ilə ümumiyyətlə, 85 sənətçinin 309-a qədər əsəri nümayiş etdirildi.
Sərgi-seminarın davamı iyulun 12-dən 14-dək Şabran şəhərində Xaçmaz, Xızı, Siyəzən, Qusar, Quba, Şabran rayonlarından olan sənətçilərin iştirakı ilə keçirildi. Ümumiyyətlə, sərgidə 27 sənətçinin 180-ə qədər əsəri nümayiş etdirildi. Müxtəlif janrlarda ən yaxşı əsərlərin müəllifləri Bakı şəhərində keçiriləcək yekun sərgisinə dəvət aldı. İyulun 26-dan 28-dək Gəncə şəhərində Mingəçevir, Göyçay, Ağdaş, Yevlax, Bərdə, Daşkəsən, Gədəbəy, Şəmkir, Xanlar, Tovuz, Ağstafa, Qazax, Kəlbəcər rayonlarından olan sənətçilərin iştirakı ilə sərgi-seminar keçirildi.
Sərgi-seminarda on dörd rayondan 37 sənətçinin 100-dən artıq əsəri nümayiş etdirilirdi. Gözəl sənət nümunələrinin respublika sərgisinə göndərilməsi təşkil olundu. Nəhayət, avqustun 4-6-da Sumqayıt şəhərində keçirilmiş regional sərgi-seminarda Bakı, Abşeron və Şuşanı təmsil edən tətbiqi və təsviri sənət əsərlərinin müəllifləri iştirak etdilər. Dörd bölgənin otuza qədər sənətçisindən 100-ə yaxın əsər yığılmışdı. Seçilmiş əsərlər müəllifləri ilə birlikdə respublika sərgisinə dəvət aldı. Ümumiyyətlə, 5 regionda keçirilmiş sərgi-seminarda müxtəlif janrlarda işləyən 350-yə yaxın sənətçi iştirak etmişdir ki, onların da təxminən 2000 əsəri nümayiş olunmuşdur. Bu regional sərgilərdən Bakıdakı Respublika sərgisində nümayiş etdirilmək üçün 700-dən artıq sənət nümunəsi seçilmişdir. Qədim milli yaradıcılıq adət-ənənələrimizdən bizə gəlib çatmış təsviri və xalq dekorativ-tətbiqi sənət nümunələri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanaraq yüksək qiymətləndirilmişdir. Tətbiqi və təsviri sənət həvəskarlarının yaratdıqları sənət əsərləri onların müəlliflərinin xalqımıza, elimizə olan məhəbbətinin bariz nümunəsidir.
15 oktyabrda paytaxtın Muzey Mərkəzində "Həvəskar rəssamların və xalq tətbiqi - sənət ustalarının əsərlərindən ibarət Respublika sərgisi"nin açılışına həsr olunmuş təntənəli mərasim keçirildi. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva sərgini açaraq bütün iştirakçıları və qonaqları salamlayıb mərasim münasibətilə təbrik etdi. O, çıxışında xüsusilə vurğuladı ki, regionlarda həvəskar rəssamların və tətbiqi sənət ustalarının sərgi-seminarları və bugünkü yekun sərgisi Azərbaycanda təsviri və xalq dekorativ - tətbiqi sənətinin yeni inkişaf mərhələsinə yüksəldiyini göstərir. Nazir müavini xalq yaradıcılığı sənətinə, həvəskar rəssamların və tətbiqi sənət ustalarının fəaliyyətinə daim xüsusi diqqət ayrılmasının zəruriyliyni qeyd etdi. Sevda xanımın sözlərnə görə, xalq yaradıcılığının şah əsəri hesab edilən xalçaçılıq sənətinin YUNESKO tərəfindən dünyanın qeyri-maddi irs siyahısına daxil edilməsi istiqamətində işlər aparılır və bu məsələ noyabr ayında YUNESKO-nun baş konfransında müzakirə ediləcək.
Açılış mərasimində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, fəlsəfə elmləri doktoru Vilayət İsmayılov çıxış edərək bildirdi ki, görkəmli incəsənət ustalarından ibarət mötəbər münsiflər heyətinin qiymətləndirib seçdiyi ən layiqli əsərlərin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində Moskvada keçiriləcək sərgidə nümayiş etdirilməsi planlaşdırılır.
Bütün bunlar isə təsviri və xalq dekorativ-tətbiqi sənətimizə dövlət qayğısının yeni bir təzahürüdür. Mərasimdə sərgi-müsabiqənin qaliblərinin adları da açıqlandı. Münsiflər heyətinin qərarına əsasən müəyyənləşən qaliblərə 5 nominasiya üzrə 1-ci, 2-ci, 3-cü dərəcəli diplomlar, pul mükafatları verildi. Rəngkarlıq üzrə Sürayyə Muğanlı, Raul Sadıqov və Aysel Əmirova, heykəltəraşlıq üzrə Nəriman Tağıyev, Elman Ədalət və Sabir Məmmədov, dekorativ-tətbiqi sənət üzrə Tofiq Rəsulov və Sevil Mahmudova, xalçaçılıq üzrə Fatimə Ağamirzəyeva və Həmidə İbrahimova ilk yerlərə layiq görüldülər.
Bunlardan əlavə, daha 5 nəfərə həvəsləndirici diplom və qiymətli hədiyyə, 30 nəfərə isə fəxri fərman verildi. Mədəniyyətimizin hamisi Mehriban xanım Əliyevanın dediyi kimi, kökünü qədim əsrlərdən, Qobustanın qayaüstü rəsmlərindən götürən Azərbaycan təsviri və tətbiqi sənəti bu gün öz professional dəyəri və bədii tutumu baxımından müasir dünyada ən yüksək yerə layiqdir. Respublika ictimaiyyətinin və mütəxəssislərin yekdilliklə təsdiq etdiyi kimi, Muzey Mərkəzində keçirilmiş yekun sərgi ölkəmizdə təsviri və xalq dekorativ- tətbiqi sənətinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərdi.
Rafiq QULİYEV,
Mədəniyyət və Turizm Nazirliyi
Mədəniyyətşünaslıq üzrə Elmi
-Metodiki
Mərkəzin İncəsənət bilikləri şöbəsinin
müdiri,
rəssam
Xalq qəzeti.- 2010.-
29 oktyabr.- S. 6.