Azərbaycan dünya idman mərkəzlərindən
birinə çevrilmişdir
Bunu təkcə biz
özümüz demirik, Azərbaycanda idmanın sürətlə
inkişaf etməsi, respublikamızın əsl idman ölkəsinə
çevrilməsi beynəlxalq aləmdə də yekdilliklə
etiraf olunur. Özü də təkcə idman dairələrində
yox, həm də məşhur siyasətçilər tərəfindən.
Tarixdə
XXVIII Yay Olimpiya Oyunları ili kimi qalacaq 2004-cü ildən bizi
altı ilə bərabər bir məsafə ayırır. Bu,
o qədər də uzun məsafə deyil ki, həmin müddət
ərzində baş verən əlamətdar hadisələri
unudasan. İdman ictimaiyyətimizin yadında olar, 2004-cü
ilin iyun ayında Yunanıstan Prezidenti Konstantinos Stefanopulos
ölkəmizə rəsmi səfərə gəlmiş və
səfər proqramı çərçivəsində Azərbaycan
Milli Olimpiya Komitəsinin inzibati binasında "Olimpiya
ruhu" sərgisinin açılış mərasimində də
iştirak etmişdi. Mərasimdə həmkarlarımdan birinin
"Cənab Prezident, Azərbaycandakı Olimpiya hərəkatını
necə qiymətləndirirsiniz" sualına ali
qonağın cavabı hər birimizdə ölkəmiz
üçün, idmanımız üçün qürur
hissi doğurmuşdu.
Bu
gün həmin cavabı böyük məmnuniyyətlə
bir daha xatırlayaq: "Çox yüksək. Sizin ölkə
artıq dünya idman mərkəzlərindən birinə
çevrilmişdir. Elə burada, Olimpiya Komitəsinin inzibati
binasının ətrafında çoxlu sayda idman kompleksləri,
stadionlar var. Bu da onu göstərir ki, Azərbaycanda
idmanın, Olimpiya hərəkatının inkişafına
dövlət səviyyəsində diqqət və
qayğı göstərilir".
Həqiqətən, ildən-ilə Azərbaycan idmanı daha da möhkəmlənir, mətinləşir, uğurları artır, mükafatlar xəzinəsi zənginləşir. Dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında, "Qran-Pri"lərdə, digər mötəbər beynəlxalq yarışlarda idmanımızın ən yaxşı nümayəndələri tez-tez fəxri kürsüyə dəvət olunur, nəhəng idman saraylarında onların böyük qələbələri şərəfinə dövlət himnimiz səsləndirilir, milli bayrağımızın yüksəyə qaldırılmasına ürəkdən sevinir, qazanılmış medallarla fəxr edirik.
İndi belə anları, zəfər saatlarını yaşamaq idman həvəskarlarımız üçün adi hala çevrilmişdir. Güləş ustalarımız, cüdoçular, bədii gimnastlar, avarçəkənlər, şahmatçılar, boksçular, samboçular və idmanın bir sıra başqa növlərinin nümayəndələri beynəlxalq meydanda qələbə və medal qazanmağın yollarını yaxşı bilirlər.
Başqa
cür ola
da bilməz. Çünki indi uşaqdan
tutmuş böyüyə
qədər hamıya
məlumdur ki, Azərbaycanda idman dövlət tərəfindən
daimi qayğı və diqqətlə əhatə olunmuşdur.
Təsadüfi deyil ki, bu gün ölkəmizdə
idman sürətlə
inkişaf edir və bu sahədə
Azərbaycan qabaqcıl
yerlərdədir. Respublikada idmanın
inkişafı üçün
yaradılan şərait
yüksək nəticələrin
əldə olunmasında
mühüm rol oynayır. Dövlətimizin
və idmanımızın
lideri cənab İlham Əliyev Milli Olimpiya Komitəsinə rəhbərlik
etdiyi 13 il ərzində Azərbaycan
idmanının inkişafı
ilə bağlı öz siyasətini inamla davam etdirmiş
və bu gün də həmin istiqamətdə müntəzəm surətdə
müxtəlif tədbirlər
həyata keçirilir.
Dövlət başçımız
idmanın insan həyatında oynadığı
böyük rola son dərəcə mühüm
əhəmiyyət verir:
"İdman təkcə
uğurlar və nailiyyətlərdən ibarət
deyil, həm də millətin gələcəyidir".
İnsanlarımızın, xüsusən də gənc nəslin sağlam və gümrah böyüməsi, bədən
tərbiyəsi və
idmanla müntəzəm
surətdə və yaxından dostluq etməsi, onların əsl vətənpərvərlik
ruhunda tərbiyə olunması üçün
sayı durmadan artan müasir olimpiya idman kompleksləri təkcə
beynəlxalq meydanda yüksək nəticələrin
qazanılmasına imkan
verən ustalıq səviyyəsinin yüksəldilməsinə
deyil, ilk növbədə,
bütün nəcib keyfiyyətləri özündə
birləşdirən fiziki
cəhətdən kamil
insanlar yetişdirilməsi
işinə xidmət
edir.
Beynəlxalq standartlara cavab verən yaraşıqlı
idman kompleksləri təkcə paytaxt Bakıda deyil, demək olar, respublikanın bütün
bölgələrində öz
qapılarını idmansevərlərin
üzünə taybatay
açır. Bu isə
gənclərə asudə
vaxtlarını səmərəli
keçirmək, fiziki
hazırlıqlarını artırmaq, böyük idmanda böyük nailiyyətlər qazanmağı
arzulayanlara isə nəticələrini getdikcə
yaxşılaşdırmaq və beynəlxalq meydanda öz kəsərli sözlərini
demək üçün
gözəl zəmin yaradır. Təsadüfi
deyil ki, bu il Sinqapurda
keçirilmiş Yeniyetmələrin
Yay Olimpiya Oyunlarında respublikamızın
şərəfini layiqincə
qoruyub ilk dəfə təşkil olunan bu mötəbər yarışlardan vətənə
12 nəfərə 5 qızıl
və 3 gümüş
medal gətirən həmvətənlərimiz
arasında idmanda ilk addımlarını Balakən,
Goranboy, Sumqayıtda atmış gənclər
də var idi.
Xüsusilə fərəhlidir ki, Azərbaycanda yalnız bizim üçün ənənəvi və olimpiya hüququ qazanmış idman növləri deyil, qeyri-olimpiya növləri də diqqət mərkəzindədir və
onların yüksək
səviyyədə inkişaf
etdirilməsi mühüm
vəzifə hesab olunur. Bu vəzifələrin
yerinə yetirilməsi
isə tarixi qələbələrə yol
açır.
Bir il əvvəl
Ermənistanda keçirilmiş
gənclər arasında
cüdo üzrə Avropa çempionatı yaxşı yadımızdadır.
Həmin yarışa
təmsilçilərimiz beş idmançı
ilə getmişdilər
və onların hamısına fəxri kürsüdə medal təqdim
olundu. İlqar Muşkiyev (55 kq)
gümüş, Rasim
Əsədullayev (60 kq),
Fəqan Eminoğlu
(66 kq) və Ramin Qurbanov (81 kq) bürünc medalların sevincini yaşadılar, turnirin sonuncu günü isə Elmar Qasımov (100 kq) Avropa çempionu oldu və gənc
tatami ustalarımız
Ermənistanı əzəmətli
Azərbaycan himninin sədaları altında tərk etdilər.
Azərbaycan idmanı nümayəndələrinin
beynəlxalq meydanda çox uğurlarını
yada salmaq olar. Bütün əvvəlki
illər kimi, artıq finişə yaxınlaşmaqda olan
2011-ci il də ölkəmizin idman salnaməsində özünə layiqli yer tutacaq. Ardıcıl qələbələr, ideal şərait,
bir-birindən gözəl
olimpiya idman kompleksləri hamının
diqqətini cəlb edir və hər
yerdə ölkəmiz
haqqında xoş təsəvvür yaradır.
Beynəlxalq Olimpiya Komitəsinin
Prezidenti Jak Poqq hələ yeddi-səkkiz il
əvvəl Azərbaycan
Milli Olimpiya Komitəsinin fəaliyyətinin
keçmiş sovet məkanında bütün
milli olimpiya komitələri üçün
bir nümunə olduğunu söyləmişdi.
Cənab Roqq 2008-ci ildə Bakıya növbəti səfəri
zamanı isə Azərbaycanda bütün
sahələrdə dinamik
inkişafın şahidi
olduğunu məmnunluqla
qeyd edərək, ölkəmizdə idman sahəsində görülən
işlərin, olimpiya
hərəkatının geniş
vüsət aldığını
xüsusi vurğulayıb,
Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi
diqqətin BOK tərəfindən
yüksək qiymətləndirildiyini
bildirmişdi.
Dünya idmanının bir sıra başqa rəhbərləri, tanınmış
mütəxəssislər, görkəmli məşqçilər,
rəsmi şəxslər
də həmişə
şəhərimizdə keçirilən
mötəbər tədbir
və yarışlardan
öz vətənlərinə
zəngin təəssüratla
qayıtmışlar. Çünki onlar Azərbaycanda idmana necə böyük məhəbbət
göstərildiyini, yarışların
yüksək səviyyədə
təşkil olunduğunu,
qonaqlara hər cür şərait yaradıldığını öz
gözləri ilə görür, uğurlarımızı
və idman rəhbərlərimizin təşkilatçılıq
bacarığını yüksək
qiymətləndirirlər. Uzağa getməyək, bu yaxınlarda Bakının qonağı
olmuş Beynəlxalq Həvəskar Güləş
Federasiyasının (FİLA) prezidenti Rafael Martinettinin söylədiyi bu fikri xatırlayaq: - Azərbaycana gəlməyimə
şadam. Mən buraya güləşdə
baş vermiş qeyri-adi hadisə ilə bağlı gəlmişəm. Ardıcıl ikinci ildir ki,
dünyanın ən yaxşı güləşçiləri
Azərbaycan idmançıları
hesab olunur. Bunun naminə Bakıya gəlməyə dəyərdi.
Tez-tez məndən soruşurlar: - Nə üçün Azərbaycanı
bu qədər sevirəm. Əgər sizin federasiya bizim idman növündə
tarixi inkişafa nail olubsa, başqa cür ola
bilərmi?!
Avropa Cüdo
Federasiyasının nümayəndəsi
Maslo Toqat da oktyabrda Bakıya
gəlmişdi. Onun da dedikləri heç də gəlişi xoş sözlər deyildi: - Azərbaycan idmançıları
iştirak etdikləri
mötəbr yarışlarda
öz ölkələrini
yüksək səviyyədə
təmsil edirlər. Azərbaycanda digər idman
növlərində olduğu
kimi, cüdonun da inkişafı bizi çox sevindirir. Bu idman
növünün inkişafı
istiqamətində görülən
işlər Avropa Cüdo Federasiyası tərəfindən rəğbətlə
qarşılanır.
Bütün bunlar bir daha
sübut edir ki, Azərbaycanda idmanın inkişafına
gündəlik qayğı
və diqqət göstərilir. Dövlət başçımız, Milli
Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev bu yaxınlarda Mingəçevirdə "Kür"
Olimpiya Tədris-İdman
Mərkəzinin açılışı
mərasimində bu barədə belə demişdir: "Bütövlükdə
Azərbaycanda idman çox sürətlə
inkişaf edir. Biz bu sahədə böyük uğurlara
nail ola bilmişik.
İdmançılarımız Olimpiya oyunlarıda,
dünya, Avropa çempionatlarında dövlət
bayrağımızı göylərə
qaldırırlar. Bu, bizdə böyük qürur hissi yaradır. Mən istəyirəm ki,
Azərbaycanda bütün
idman növləri inkişaf etsin və biz görürük
ki, bu nailiyyətlər
vardır".
Oqtay BAYRAMOV
Xalq qəzeti.- 2010.- 30 oktyabr.- S. 5.