Ucarın təhsil müəssisələri öz fəaliyyətini müasir tələblər səviyyəsində qurur

 

Azərbaycanda təhsilə ayrılan vəsait büdcə xərclərində ikinci yeri tutur. Biz təbii resurslarımızı insan kapitalına çeviririk. Yeni orta, ali məktəblərin yaradılmasının əsas məqsədi Azərbaycanda təhsilin səviyyəsini bizi qane edən səviyyəyə qaldırmaqdır.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Mən bu yazıda Ucar rayonunun təhsil işçilərinin son bir ildə əldə etdiyi nailiyyətlər, məktəblərimizin və müəllimlərimizin bəzi uğurları barədə söz açmaq istəyirəm. Bunu, ulu öndər Heydər Əliyevin idarəçilik kursu tələb edir. Belə ki, ümummilli liderimiz həmişə iş görən insanın zəhmətinin məhz olduğu kimi qiymətləndirilməsini tələb edirdi.

 

Ona görə də bu qəbildən olan yazılara daim ehtiyac vardır. Ancaq bir rayon miqyasında əldə edilmiş nailiyyətlər barədə söz açırıqsa, öncə respublikamızdakı sosial-iqtisadi inkişaf, tərəqqi barədə mütləq müəyyən məqamları yada salmalıyıq. Bu zərurət bir də ona görə yaranır ki, cəmi bir neçə gün əvvəl dövlət başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin geniş toplantısı keçirilmiş, ölkənin 2010-cu ilin 9 ayındakı sosial-iqtisadi inkişafı müzakirə edilmişdir. Fikrimizcə, bu ərəfədə qələmə alınan istənilən yazıda həmin iclasın materialları yada salınmalı, nümunə kimi göstərilməlidir.

Nazirlər Kabinetinin iclasında həm Prezident İlham Əliyev, həm də digər natiqlər müstəqil Azərbaycanın bu ilin geridə qalan aylarında əldə etdiyi çoxsaylı uğurlardan, özükonkret faktlarla söz açdılar. Qeyd edildi ki, ölkədə iqtisadisosial məsələlərin həllində düşünülmüş proqram, strategiya, hər il üçün ayrıca layihələr paketi mövcuddur. Məhz həmin proqramların icrası nəticəsində regionlarda abadlıq-quruculuq işləri geniş vüsət almış, sənayeləşmə, kənd təsərrüfatının, emal sənayesinin inkişafı istiqamətində mühüm addımlar atılmışdır. 2010-cu ilin doqquz ayında iqtisadiyyat 4,1 faiz, qeyri-neft sektoru 5,2 faiz, sənaye istehsalı 3,1 faiz artmışdır. Əhalinin pul gəlirləri 11 faiz artaraq inflyasiyanı 2 dəfədən çox üstələyir. Cəmi doqquz ayda 23 səhiyyə müəssisəsi təmir olunmuş, 59 məktəb və əlavə korpus, 3 regional olimpiya idman mərkəzi tikilmişdir. Bu müddətdə ölkədə 56 min yeni yeri açılmışdır. Yəni, ölkədə aparılan hərtərəfli islahatlar bütün sahələrdə müsbət nəticələrini verir.

Biz - Ucarın təhsil ictimaiyyəti məmnunuq ki, dövlət başçımızın qayğı və diqqətini iki istiqamətdən görürhiss edirik. Belə ki, Azərbaycan Prezidentinin gündəlik qrafikində olan əsas məsələlərdən biri də regionların sosial-iqtisadi inkişafının təmin edilməsi, bilavasitə həmin məqsədlə təsdiq olunmuş Dövlət Proqramlarının icrasının sürətləndirilməsidir. Məhz həmin proqramların icrası nəticəsində 71 il rayon kimi fəaliyyət göstərən Ucarda heç zaman görünməyən bir inkişaf tendensiyası yaranmışdır. Ucar şəhərinin sakinləri on illərdən bəri idi ki, kanalizasiya şəbəkəsinin qurulmasını gözləyirdi. Bu problem öz həllini tapmırdı ki, tapmırdı. Regionların sosial-iqtisadi inkişafını təmin edən Dövlət Proqramının ikinci mərhələsinin icrası çərçivəsində bizim həmin problemimiz öz həllini tapmış oldu. Yeni qazsu xətlərinin çəkilməsi Ucarın yenidən qurulması kimi bir ab-hava yaratdı. Heydər Əliyev Fondunun vəsaiti hesabına Qazıqumlaq və Alpı kəndlərində ən müasir məktəb binalarının tikilməsi, rayon uşaq xəstəxanasının yenidən qurulması və digər məsələlər Ucarın 2010-cu ildəki uğurlarındandır.

"Dövlət başçımızın qayğı və diqqətini iki istiqamətdən görürük" - deyəndə, nəzərdə tutduğumuz digər məsələ isə Prezident İlham Əliyevin ölkənin təhsil sisteminin tamamilə müasirləşdirilməsini təmin edəcək 16 Dövlət Proqramını təsdiq etməsidir. Məktəb tikintisini, təhsil müəssisələrinin maddi-texniki təchizatının yaxşılaşdırılmasını, dünya təhsil təcrübəsinin ən mütərəqqi nümunələrinin ölkəmizə gətirilməsini, dərslik siyasətinin milli-mənəvi dəyərlərimizə, milli tariximizə və bəşəri dəyərlərə uyğun şəkildə yenidən qurulmasını, təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarından ən geniş şəkildə istifadə olunmasını, şagird fəaliyyətinin obyektiv qiymətləndirilməsini və digər bu kimi məsələləri özündə əks etdirən Dövlət Proqramlarının hamısı son nəticədə Azərbaycan təhsil sistemini təkmilləşdirir. Bu isə cənab dövlət başçısının qarşıya qoyduğu ən mühüm vəzifəni - neft sektorundan əldə edilən vəsaitin bir hissəsinin insan kapitalına - intellektual kapitala çevrilməsi tövsiyəsinin reallaşdırılması üçün zəmin yaradır. Ölkənin təhsil ictimaiyyətinin çoxdan bəri gözlədiyi "Təhsil haqqında" Qanunun qəbul edilməsi, eləcə də respublika üzrə "Ən yaxşı məktəb" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi də dövlət başçımızın milli təhsilimizə qayğısının təzahürüdür. Bizöz fəaliyyətimizi məhz həmin qayğı və diqqətə cavab ola biləcək səviyyədə qururuq.

Ölkə miqyasında əldə edilən göstəricilər təqvim ilinin başlanmasından ötən dövr əsasında götürülürsə, təhsil sistemində həmin rəqəmlər tədris ilinin başlanmasından sonrakı dövrü əhatə edir. Ona görə də indi ötən ilin sentyabrından sonrakı müddəti əhatə edən faktlardan və rəqəmlərdən söz açacağıq. 2009-2010-cu tədris ilinin başlanğıcında rayon təhsil şöbəsinin fəaliyyət planı tərtib edilmiş və dərs ilinin sonunadək bütün fəaliyyətimiz həmin plan əsasında qurulmuşdur. İl boyu müxtəlif məktəblərdə müxtəlif fənlərin tədrisinin və kurrikulumun tətbiqinin vəziyyətini öyrənmək üçün bir sıra monitorinqlər keçirilmişdir. Bu monitorinqlər bütün ixtisasları əhatə edən komissiyaların üzvləri tərəfindən keçirilmişdir. İlk baxışda adi məsələ kimi görünən bu monitorinqlər çox böyük əhəmiyyət kəsb edir. Çünki bu gün Təhsil Nazirliyinin qarşımızda qoyduğu əsas vəzifələrdən biri də təhsilin keyfiyyətinin yaxşılaşdırılmasıdır. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün isə şagirdlərin dərsə davamiyyəti, ayrı-ayrı fənlər üzrə təlimin keyfiyyəti, şagirdlərin gündəlik dərslərə hazırlığının vəziyyəti, şagirdlərə verilmiş qiymətlərin onların faktiki bilik səviyyələrinə uyğunluğu, müəllimlərin gündəlik dərslərə hazırlığı, yeni təlim metodlarından istifadə, sinif jurnallarının təlimata uyğun aparılması, yazı işlərinin vaxtında aparılıb, yoxlanılıb qiymətləndirilməsi, sinif otaqları və kabinetlərin tərtibatı, seçmə fənlərin təşkili, fakultativ və dərnək məşğələlərinin aparılması məsələləri daim diqqət mərkəzində saxlanılmalıdır. Rayon təhsil ictimaiyyəti adından qətiyyətlə deyə bilərəm ki, biz bütün bu məsələləri təkcə il boyu deyil, daim diqqət mərkəzində saxlayırıq.

Keçirilmiş monitorinqlər nəticəsində məlum olmuşdur ki, şəhər 1, 2, 4, Qazyan kənd 1 və 2 nömrəli, Ləki kənd 1 və 2 nömrəli, Qazıqumlaq kənd 2 nömrəli, Quləbənd kənd orta məktəblərində təlim-tərbiyə işlərinin həyata keçirilməsi, yeni təlim metodlarının tətbiqi, şagirdlərə dərin və əsaslı biliklərin verilməsi ilə əlaqədar daha çox işlər görülmüşdür. Xeybər Hacıyev (şəhər 4 nömrəli məktəb), Aydın Həsənov (Lək kənd 1 nömrəli məktəb), Lətafət Əliyeva (şəhər 1 nömrəli məktəb), Rafiq Rəhimov (Qazıqumlaq kənd 2 nömrəli məktəb), Hamlet Əliyev (şəhər 2 nömrəli orta məktəb), Elison Məmmədov (Qaracallı kənd 1 nömrəli məktəb) və başqa müəllimlərimiz müasir təlim metodlarından səmərəli istifadə etməklə fərdi müəllim nümunəsi yaradırlar. Məhz həmin müəllimlərin və onların digər həmkarlarının səmərəli fəaliyyəti nəticəsində ucarlı şagirdlər həm rayon, həm də respublika miqyaslı əksər olimpiadalarda məktəblərimizə üzağlığı gətirirlər.

Yuxarıda qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə artıq 3 ildir ki, "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri keçirilir. Bu qısa müddətdə üç məktəbimiz (şəhər 4 və 5 nömrəli orta məktəblər, bu il isə şəhər 1 nömrəli texniki-humanitar fənlər təmayüllü lisey) və 2 müəllimimiz (Xeybər Hacıyev və Hamlet Əliyev) həmin müsabiqənin qalibi olmuşdur. Bu il məktəblərimizin informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması prosesi də sürətlənmişdir. Hazırda 34 məktəbimizdə 362 kompyuter dəsti şagird və müəllimlərin istifadəsindədir. Bu ilin yanvarında Təhsil Nazirliyi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında əldə edilmiş razılığa əsasən müvafiq qurumların köməyi ilə artıq bir neçə orta məktəbimizin sürətli internetə qoşulması üçün lokal şəbəkə yaradılmışdır.

Təbii ki, orta məktəblərin əsas göstəricilərindən biri də məzunların ali məktəbə qəbul zamanı əldə etdiyi nəticələrdir. 5 nəfər məzunumuzun ali məktəbə qəbul imtahanı zamanı 600-dən çox, 16 nəfərin isə 500-dən çox bal topladığını qeyd etməklə yanaşı, bir məktəbimizin göstəricisini xüsusilə yada salmaq istəyirəm. Belə ki, Quləbənd kənd orta məktəbini bitirmiş 15 məzundan 8 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Məzunlarımızdan 6 nəfərin Tibb Universitetinə qəbul olunması da fəxrlə yada salınmalı məqamlardandır.

Əlbəttə, fəaliyyətimiz təkcə orta məktəblərin gündəlik işini təmin etmək və ya təhsilin dövlətin tələb etdiyi səviyyədə qurulması üçün çalışmaqla qurtarmır. Biz şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsini, istedadlı uşaqların üzə çıxarılaraq qayğı ilə əhatə olunmasını, məktəbəqədər və məktəbdənkənar tərbiyənin təşkilini, şagirdlərin ictimai-siyasi həyatdakı fəallığının təmin olunmasını, valideynlərin məktəblə əlaqələrinin müntəzəm xarakter almasını və bir çox bu kimi məsələləri daim diqqət mərkəzində saxlayırıq. Bu işlərin yüksək səviyyədə təşkil edilməsi üçün demək olar ki, rayonun bütün təşkilatları ilə əlaqədar işləyirik.

Bu məqamda təhsilə ictimaiyyətin qayğısını özündə əks etdirən xüsusi bir faktı da qeyd etmək, daha doğrusu bir həmyerlimizin Ucar təhsilinə göstərdiyi təmənnasız qayğıdan da danışmaq istəyirəm. Belə ki, Akif Sarıyev adlı adamı şəhər 4 nömrəli orta məktəbə yeni bina tikilməsi üçün 30 sot torpaq sahəsi hədiyyə etmişdir. Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinə qoşulan Akif müəllim bu xeyirxahlığı ilə yanaşı özünün doğulduğu Qaracallı kənd orta məktəbi üçün də 5 sinif otağı tikdirmişdir. Təhsilin inkişafına qayğı göstərən məşhur xeyriyyəçilərimizin əməllərini yaşadan Akif Sarıyev bu gün bütün ucarlıların sevimlisinə çevrilmişdir. Elə buradaca qeyd edim ki, Təhsil Nazirliyindən və Ucar Rayon İcra Hakimiyyətindən də daim diqqət və qayğı görürük. Bu ilin aprelindən bəri elə bir problemimiz olmayıb ki, onu rayon rəhbərliyinin köməyi olmadan həll edək. İcra hakimiyyətinin başçısı Yaşar Məmmədovun məktəbəqədər tərbiyə müəssisələrinin istedadlı uşaqlarının təşkil etdiyi ümumrayon tədbirində iştirakı isə nəinki bağça uşaqlarının, eləcə də onların müəllimlərinin və valideynlərinin yadından çıxmır. Ona görə də biz bu gün təkcə Təhsil Nazirliyini deyil, eləcə də rayonumuzun rəhbərliyini əmin edirik ki, Ucar müəllimləri dövlətin qayğısına cavab olaraq öz vəzifələrini bundan sonra da məsuliyyətlə yerinə yetirəcəklər.

 

 

Fuad İSRƏFİLOV,

Ucar Rayon Təhsil Şöbəsinin müdiri

 

Xalq qəzeti.- 2010.- 30 oktyabr.- S. 5.