Sənətdə
öz yolu olan insan
Görkəmli teatrşünas K.Stanislavski
yazırdı ki, rejissoru yaratmaq olmaz, o anadan rejissor olaraq doğulur. Onun yetişməsi üçün
lazımı şərait
yaratmaq, düzgün istiqamət vermək lazımdır. Bu, istedadlı
rejissorun yetişməsi
üçün mühüm
şərtdir. Buna görə
də rejissor olmağı arzulamaqla, əməli fəaliyyət
arasında böyük
bir məsafə vardır.
Sənət
yolu daim qəribəliklərlə, sərgüzəştlərlə
dolu olur. Teatr, səhnə tarixləri ilə maraqlananlar
yaxşı bilirlər ki, bir çox istedadlar sırf təsadüf
nəticəsində bu sənətə gəliblər. Amma
Ağakişi Kazımov elə anadan rejissor doğulmuşdu-
desək, yanılmarıq. O, hələ 1956-cı ildə M.A.
Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun
aktyorluq fakültəsində oxuduğu vaxtlarda respublikanın
qocaman sənət ocağı olan M.Əzizbəyov adına
Azərbaycan Dövlət Akademik Dram Teatrında aktyor kimi fəaliyyətə
başlamışdı. Səhnədə ilk
addımlarını atanda M.A.Əliyev, S.Ruhulla, Ə.Ələkbərov,
M.Davudova, Ə.Qurbanov, A.Qurbanov, A.Gəraybəyli,
İ.Osmanlı, H.Qurbanova kimi böyük sənətkarların
oyunlarına baxmış, onların zəngin təcrübəsindən
faydalanmışdır.
Roldan-rola
qabiliyyətinin yeni keyfiyyətlərini,
bacarığının təzə məziyyətlərini
biruzə verib, təkrarçılığa, ştampa
uymayıb. Dublyor olduğu rollarda belə obraza öz
münasibəti, hansı mövqedən və necə
yanaşmaq meyli olub. Ancaq aktyor kimi püxtələşdiyi o
illərdə də ürəyinin lap dərinliklərində
təzə bir arzu cücərirdi: rejissor olmaq. Aktyor olduğu
müddətdə daim biliklərini zənginləşdirir, bu
istəyini həyata keçirmək üçün dünya
mədəniyyətinin nümunələrini mütaliə
edir, rejissorluq istəyinin gerçəkləşməsi
üçün bir zəmin hazırlayırdı. Eyni zamanda,
bütün istəklərinə nail olmaq üçün
narahatlıq doğuran daxili enerjinin axarını tapmağa
çalışırdı. Bu hisslərlə o, fəaliyyətinin
ilk illərində "Gənclik" teatrı da
yaratmış və bir çox ökələrdə qastrol
səfərlərində olmuşdu.
Onun qəlbi
daha böyük zirvələrə çatmaq ehtirası ilə
yanırdı. Bu yanğı onu Leninqrad Dövlət Teatr,
Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə
gətirdi. Ən böyük xoşbəxtliyi onda idi ki, təhsil
aldığı və çalışdığı sənət
ocaqlarında SSRİ-nin, eləcə də
respublikamızın bir çox nəhəng, görkəmli
teatr, səhnə xadimlərindən dərs alıb, onlarla bir
yerdə çalışıb onlardan öyrənmişdi. O,
məşhur rejissorlar V. Pluçik, A. Efros, M. Zaxarov, aktyorlar
A. Frendlix, Y.Lebedev, L. Durov, H. Qurbanova, N. Zeynalova, N. Məlikova,
A.Gəraybəyli, özünə ustad bildiyi K.A.Tovstnoqov, A.
İsgəndərov, M. Məmmədova böyük rəğbət
bəsləyirdi. A. Kazımov aktyorluq sənətinin mahiyyətinə
daha çox bələd olduqdan sonra rejissorluğa gəldi və
özünü tapdı.
Onun
böyük uğurlarından- tamaşaya qoyduğu əsərlərun
taleyindən uzun-uzadı danışmaq olar. Amma mənə elə
gəlir ki təkcə teatrsevərlər deyil, bütün Azərbaycan
xalqı onu mədəni, ziyalı insan, bacarıqlı
rejissor kimi yaxşı tanıyır. Çünki müxtəlif
teatrlarda və televiziyada tamaşaya qoyulmuş
"Aydın"(C.Cabbarlı), "Müsibəti - Fəxrəddin"(N.B.Vəzirov),
"Darıxma, ana!"(N. Dumbadze), "Qəribə
oğlan"(İ. Əfəndiyev), "Od gəlini"(C.
Cabbarlı), "Özümüzü kəsən
qılınc"(B. Vahabzadə), "Gəlin
qayası"(Ş. Axundova), "Hacı Qəmbər"(N.B.Vəzirov),
"Büllur sarayda" (İ.Əfəndiyev) və digər
tamaşalar onun bacarıq və istedadını dəfələrlə
sübut etmişdir.
1998-ci ildə
"Özümüzü kəsən
qılınc"("Göytürklər")
tamaşasına baxdıqdan sonra səhnə arxasında
yaradıcı kollektivlə görüşən ulu öndər
Heydər Əliyev demişdi: "Bəxtiyar Vahabzadə bu əsəri
milli hisslə, böyük istedadla, fədakarlıq və vətənpərvərliklə
yazdığı kimi, siz də tamaşanı sevə-sevə
yaratmısınız. Ona görə də mən rejissorun,
quruluşçu rəssamın, tamaşanın bütün
iştirakçılarının yaradıcılıq fəaliyyətini
çox yüksək dəyərləndirirəm."
Teatrın
realist-psixoloji rejissor ənənələrini bacarıqla
inkişaf etdirən Ağakişi Kazımov əsərlərin
mənəvi-etik özülünü düzgün mənalandıraraq
onların ifadəli səhnə təcəssümünə,
tamaşaların dərin emosional təsir gücünə
nail ola bilir. O, dekorasiyalarda hər bir təfərrüatın
zəruri funksiyasına diqqət cəlb etməyi bacararaq, əsərin
tragik və ya lirik pafosunu, bu gün üçün zəruri
olan ittiham kəsərini və ya başqa hissləri dəqiq
və qabarıq nəzərə çatdırmağı
bacarır.
Rejissor
işi də dramaturq əməyi kimi ciddi axtarışlarda
orijinallıq hüququ qazana bilər. Rejissorluq işi, bəlkə,
daha çətindir- desək, səhv olmaz. Rejissor dramaturqun
fikrini dərindən mənimsəməsə və bilməsə
ona səhnə həyatı verə bilməz. A. Kazımov bu
mənada özünə tələbkar rejissordur, həmişə
öyrənməyə, axtarmağa can atır. Üzərində
çalışdığı obrazları tam
dolğunluğu ilə səhnədə görməyəndə
rahat ola bilmir.
A.
Kazımovun bir keyfiyyətindən danışmamaq olmazdı.
Bir rejissor olaraq gənclərin aktyor kimi yetişməsində
və formalaşmasında onun böyük əməyi var. O,
belə aktyorlara professional bilik verilməsi, sərbəst
düşünməyə alışdırılması, bədii
axtarışlar aparmağa sövq edilməsi
üçün əlindən gələni əsirgəmir.
Bu gün teatrlarımızda çalışan, müxtəlif
fəxri adlara layiq görülmüş bir çox
aktyorlarımız məhz onun "əlindən su içiblər".
A.Kazımov
orijinal ifadəli, əlvan, cazibədar, məna və məzmun
yükü ilə seçilən əsərlərə
quruluş vermişdir. Yaradıcı kimi onu insanların mənəvi
təmizliyini, ləyaqət və vicdan
saflığını, məhəbbət ülviliyini təsdiqləyən
pyeslər daha çox özünə cəlb edir.
Ağakişi Kazımovun rejissorluğu ilə səhnəyə
vəsiqə alan çoxsaylı tamaşalar həmişə
yüksək dəyərləndirilmişdir. Azərbaycan
SSR-in xalq artisti , professor Rza Təhmasib yazırdı: "Mənim
tamaşanın quruluşçu rejissoru Ağakişi
Kazımovun əsl professional yaradıcılıq qabiliyyətinə.
sənətkarlığına, məhz bu tamaşadan sonra
ümid və rəğbətim daha da artdı." Bəxtiyar
Vahabzadə onu "hadisələrə yeni yanaşma
xüsusiyyəti olan rejissor" adlandır, "A.Kazımov
müəllifi sevən, ona kömək edən, onun fikirlərini
müəllifin öz üslubunda açıb səhnədə
canlandırmağı bacaran rejissordur,-" deyirdi. İslam Səfərli
isə onun sənəti barədə fikirlərini belə
bildirmişdi: "Tamaşanın rejissor işi məni valeh
etdi. Bu orijinal quruluş, milli koloritin qabarıq bir şəkildə
göstərilməsi, hər şəklin bitmiş bir əsər
təsiri bağışlayıb alqışlarla
qarşılanması, lakin düyün nöqtəsinə gedən
hadisələrin daha da gərginləşdirilməsi və nə
qədər bəlli, məhz nə qədər rejissor
tapıntıları, bunların hamısı rejissorun
istedadını bacarığını və
böyüklüyünü parlaq bir şəkildə
göstərir."
Dramaturq
Hidayət Orucovun fikrincə,"O çox işgüzar,
yorulmaz, zəhmətkeş bir rejissordur, akademik məktəb
görmüş bir peşəkardır, özünəməxsus
dəsti-xətti olan, aktyorla işləmək
bacarığı güclü olan rejissordur." A. Kazımov
haqqında yazılanları gözdən keçirən hər
kəs onun rejissor kimi bacarığına, insan kimi səmimiyyətinə,
dost kimi etibarına, vətəndaş kimi yurd sevgisinə və
can yanğısına qəlbən valeh olur. Quruluş verdiyi
tamaşalarda rejissorun psixoloji dəqiqliyi, lirik ahəngi
saxlamaq bacarığı daha bitkin görünür.
Tanınmış teatrşünas, professor İ. Rəhimli A.
Kazımovun iş üslubunu belə dəyərləndirir:
"A. Kazımovun yaradıcılığında bir diqqətəlayiq
cəhət var ki, onu xüsusi qeyd etmək istəyirəm.
Dediyim xüsusiyyət onun tamaşaya hazırladığı
hər əsərə geniş rejissor təhlili
yazmasıdır. Onun onlarla belə dəftər-albomları
var. Orada süjetdən kompozisiyadan, konfliktdən tutmuş
tamaşanın ən ali məqsədinə, ayrı-ayrı
personajların tamaşadakı yerinə aid qənaətləri,
son dərəcə maraqlı və peşəkar qeydləri
var. Onlar əsərlə tamaşa arasında rejissor
"körpüsünün" ən bitkin bədii təsviri,
rejissorun məqsəd və məramının
aynasıdır."
Xalq
artisti, ADMİU-nun dram teatrı və kino aktyorluğu
kafedrasının müdiri, professor Ağakişi Kazımov
ömrünün 75-ci payızını yaşayır. Talenin
ona bəxş etdiyi bu ömür yolunda Quba, Sumqayıt,
Naxçıvan, Lənkəran Dövlət Dram
teatrlarında, Tatarıstan, Almaniya teatrlarında, Musiqili
Komediya, Opera və Balet, Gənc Tamaşaçılar
teatrlarında və Milli Dram Teatrında, Azərbaycan Dövlət
Televiziyasında nə qədər əsərə səhnə
və ekran həyatı verib. Milli teatr ənənələrini
ləyaqətlə yaşadan kamil sənətkara yeni
yaradıcılıq uğurları, cansağlığı
arzulamaqla bərabər bir istəyimizi də bildirək: Milli
mədəniyyətimizin görkəmli nümayəndəsi
kimi həmişə belə olun - təmkinli, son dərəcə
mədəni, ruhən təmiz və ziyalı.
Yazımızı yubilyarın öz sözləri ilə
bitirmək istədik: "Hər bir insanın öz yolu var. Bu
yol enişli də, yoxuşlu da, hamar da
ola bilər. Amma bu yolda
hər kəsin öz işi, öz sözü olur. Mən də bu sənət
yolunda izimin qalmasına çalışmışam.
Nəyə nail olmuşam,
o, vaxt və zamanın işidir."
Zərifə Bəşirqızı
Xalq qəzeti.- 2010.- 31 oktyabr.- S. 8.