Nərimanov rayonunda cari ilin doqquz ayının yekunları müzakirə olunmuşdur

 

Dünən Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın növbəti şura iclasında ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında irəli sürülmüş vəzifələrlə bağlı rayonun sosial-iqtisadi inkişafının cari ilin doqquz ayının yekunları və qarşıda duran vəhifələr müzakirə olundu.

Hesabat məruzəsi ilə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısının nitqində ölkənin sosial-iqtisadi inkişafın bütün sahələrində əldə edilmiş nailyiyətlərlə bağlı söylənilən fikirlərin bəzi məqamlarına toxundu.

Nazirlər Kabinetinin iclasında müzakirə edilən hər bir məsələnin Bakı şəhərinin aparıcı rayonlardan biri olan Nərimanov rayonunun sosial-iqtisadi həyatı üçün müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayan natiq diqqəti rayonun sosial-iqtisadi inkişafı istiqamətində cari ilin doqquz ayı ərzində görülmüş işlərə yönəltdi.

Qeyd olundu ki, 2010-cu ilin doqquz ayının yekunlarına görə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilmiş və bu müddət ərzində xidmətlər də daxil olmaqla 224,3 milyon manatlıq məhsul istehsal olunmuş və keçən ilin müvafiq dövrünə nisbətən 93,2 faiz artım sürəti qeydə alınmışdır. Sənaye məhsulunun ümumi həcmində qeyri dövlət sektorunun xüsusi çəkisi 53,1 faiz təşkil etmişdir. Sənaye müəssisələrində işləyən 10381 nəfərin orta nominal əmək haqları 16,8 faiz artaraq 317,8 manata çatmışdır. Ötən müddətdə rayon üzrə 1490 daimi iş yeri yaradılmışdır.Müvafiq dövr ərzində əsas kapitala ümumi investisiya qoyuluşu 32,3 milyon manat təşkil etmiş və keçən ilin müvafiq dövrünə nisbətən 60,5 faiz artmışdır.

Rayonun inşaat sektorunda da yüksək göstəricilər əldə edildiyini bildirən rayon icra hakimiyyətinin başçısı bildirdi ki, cari ilin doqquz ayında tikinti təşkilatları tərəfindən yerinə yetirilmiş podrat işlərinin həcmi 235,1 milyon manat təşkil etmiş, bu sahədə 99,5 faiz artım müşahidə olunmuşdur. Tikinti təşkilatlarında çalışan işçilərin sayı 7415 nəfər olmuş, onların orta aylıq əmək haqları 433,1 manat olmaqla, əvvəlki dövrə nisbətən 4,1 faiz artmışdır.

İqtisadiyyatın başqa sahələrində olduğu kimi, əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəricilərdən biri olan pullu xidmətlərin həcmi də bu müddət ərzində xeyli artaraq 125,7 milyon manat təşkil etmişdir.Yanvar-sentyabr ayları ərzində rayon ərazisində fəaliyyət göstərən ticarət müəssisələri üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 542,2 milyon manat olmuş, ictimai iaşənin əmtəə dövriyyəsinin həcmi 17,8 milyon manata çatmaqla artım sürəti 165,1 faiz təşkil etmişdir.

Rayonda mühüm iri sosial və digər infrastruktur layihələrin həyata keçirildiyini diqqətə çatdıran natiq ölkə prezidentinin tapşırığı və bilavasitə nəzarəti altında tikilib istifadəyə verilmiş obyektlərin rəsmi açılışlarında şəxsən iştirak etməsini əlamətdar hadisə kimi dəyərləndirdi. Məruzəçi qeyd etdi ki, hazırda Nərimanov rayonunda nəqliyyat sisteminin təkmilləşdirilməsi və yol infrastrukturlarının yenidən qurulması ilə bağlı böyük layihələrin icrası davam etdirilir. Həmiin layihələrdən Koroğlu Rəhimov küçəsinin genişləndirilməsi, adı çəkilən küçə ilə Fətəlixan Xoyski prospektinin kəsişməsində metronun "Gənclik" stansiyası ərazisində yeraltı yol ötürücülərinin inşa olunması, Vaqif prospektinin genişləndirilməsi və s. xüsusi əhəmiyyət kəsb edir.

Başçı həmçinin rayonun abadlaşdırılması, mənzil-kommunal obyektlərinin istismarı vəziyyətinin yaxşılaşdırılması sahəsində 2010-cu ilin 9 ayı ərzində görülmüş işləri konkret faktlarla əsaslandıraraq növbəti payız-qış mövsümünə hazırlıqla bağlı görülmüş işləri diqqətə çatdırdı. Qeyd olundu ki, ötən müddətdə Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən ayrı-ayrı ünvanlarda 4 ədəd transformator məntəqəsi quraşdırılmış, 6 yeni məntəqə tikilmiş, 197 binada və 72 həyət evində sayğaclaşma işi həyata keçirilmiş, 9 min 300 ədəd abunəçinin sayğacları elektron tipli sayğaclarla əvəz olunmuşdur.

Yanvar-sentyabr ayları ərzində rayon su kəməri istehsalat zonası tərəfindən müxtəlif ünvanlarda 2292 paqonometr uzunluğunda metalplastmas borular dəyişdirilmiş, 12 ədəd mühərrik və nasos təmir olunmuşdur. Nərimanov Rayon Qaz İstismar İdarəsi tərəfindən isə yeni magistral qaz kəmərləri çəkilmiş, qaz tənzimləyici şkafqurğular təftiş edilmiş, yeniləri quraşdırılmışdır.

Məruzəçi rayonun təhsil və səhiyyə sahələrinin fəaliyyətindən söhbət açdı, əldə olunmuş uğurlardan bəhs etdi. Bununla yanaşı başçı rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş tədbirləri diqqətə çatdırdı.

Vətəndaşların müraciət və şikayətlərinə baxılması, eləcə də yerlərdə keçirilən səyyar görüşlərdə səsləndirilmiş problemlərin aradan qaldırılması üçün müvafiq işlərin görüldüyü diqqətə çatdırıldı.

Məruzə ətrafında çıxış edən "Bakıelektrikşəbəkə" ASC-nin Nərimanov rayon idarəsinin rəisi Həsən Həsənov, rayon Qaz İstismarı İdarəsinin rəisi Hacı Şahmazov və Dövlət Sosisal Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin müdiri Hüseyn Kərimov çıxış edərək cari ilin doqquz ayında görülmüş işlərlə bağlı hesabat verdilər.

Şura iclasına yekun vuran Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı A.Fərzəliyev qeyd etdi ki, rayonun daha da abadlaşdırılması, quruculuq işlərinin davam etdirilməsi, sakinlərin daha rahatfiravan yaşamaları, çalışmaları və istirahətlərinin təşkili üçün qarşıda çox mühümciddi vəzifələr qoymuşdur. Bu vəzifələrin yerinə yetirilməsi, dövlət başçısı İlham Əliyevin müəyyən etdiyi kursun inamla davam etdirilməsi, Nərimanov rayonuunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün lazımi bütün tədbirlər həyata keçiriləcək. Şura iclasında qarşıda duran vəzifələrdən söhbət açıldı, onların həlli ilə bağlı əlaqədar təşkilatların rəhbərlərinə konkret tapşırıqlar verildi.

 

 

Mirbağır Yaqubzadə

 

Xalq qəzeti.- 2010.- 31 oktyabr.- S. 7.