Azərbaycanı
yeni inkişaf mərhələsinə
çıxaran lider
Möhtərəm
dövlət başçımız İlham Əliyev hələ
Prezident seçilənə qədər klassik siyasətdən
XXI yüzilliyin modern siyasətinə keçid formulunu
uğurla sınaqdan çıxaran qətiyyətli siyasətçi,
həqiqət naminə sərt mövqe nümayiş etdirən
diplomat kimi tanınırdı. Siyasətdə, diplomatiyada
mühafizəkar, ənənəçi və yenilikçi,
liberal və mötədil dəyərləri sintez etməyi,
qovuşdurmağı bacaran dövlət xadimi kimi
seçilirdi. Məhz bu keyfiyyətlərinə görə o,
Azərbaycanın sadə vətəndaşlarından
tutmuş ziyalılarına, elm xadimlərindən siyasətçilərinə
qədər bütün geniş xalq kütləsinin
inamını, etimadını, etibarını
qazanmışdı. Ona görə də 2003-cü ilin 15
oktyabr prezident seçkiləri ərəfəsində
ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan vətəndaşlarına
ünvanladığı 1 oktyabr 2003-cü il tarixli müraciət
də təkcə ulu öndərimizin deyil,
bütövlükdə, Azərbaycan xalqının İlham Əliyevə
olan böyük inamının təcəssümü kimi
qarşılandı.
Həmin
tarixi müraciətin əvvəlində Azərbaycana rəhbərliyinin
34, müstəqil Azərbaycan Respublikasına rəhbərliyinin
10 ilinin tamam olduğunu vətəndaşların diqqətinə
çatdıran ümummilli liderimiz həyatının mənasının
bütün varlığı qədər sevdiyi xalqına,
dövlətinə, ölkəmizin iqtisadi, siyasi və mənəvi
inkişafına xidmətdən ibarət olduğunu
vurğulayırdı: "Bu yolda bütün
gücümü və iradəmi yalnız müdrik və qədirbilən
xalqımdan almışam. Ən çətin anlarda, ən
mürəkkəb vəziyyətlərdə yalnız və
yalnız xalqıma arxalanmışam. Bu da mənə
dözüm, iradə verib və bütün
uğurlarımı təmin edib".
Müraciətdə
ötən illərdə görülmüş işlərin
xalqımıza yaxşı məlum olduğunu bildirən
böyük öndərimiz hələ tamamlanmamış
perspektivli planlarının qaldığını, son vaxtlar səhhətində
yaranan bəzi problemlərin artıq başladığı, nəticələrini
aydın gördüyü işləri sona çatdırmağa
imkan vermədiyini göstərirdi. Və tezliklə Vətənə
dönəcəyinə, yenidən xalqla birlikdə
olacağına əmin olduğunu bildirməklə, öz
namizədliyini cənab İlham Əliyevin xeyrinə geri
götürdüyünü elan edirdi: "Üzümü
sizə - həmvətənlərimə tutaraq, qarşıdan
gələn prezident seçkilərində prezidentliyə
namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin
I müavini İlham Əliyevi dəstəkləməyə
çağırıram. O, yüksək intellektli, praqmatik
düşüncəli, müasir dünya siyasətini və
iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar
bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm
İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası
bundan sonra da xalqımızın ən layiqli
övladlarını öz ətrafında sıx birləşdirərək
Azərbaycan dövlətinin inkişafı və
xalqımızın firavanlığı yolunda çox
işlər görəcəklər. İnanıram ki, mənim
axıra çatdıra bilmədiyim taleyüklü məsələləri,
planları, işləri sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa çatdıra biləcək. Mən
ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm".
Ümummilli
liderimiz həmin müraciətilə xalqa onun alternativsiz siyasi
kursunu davam etdirə biləcək dəqiq ünvanı
göstərdi. Respublikamızın gələcək
inkişafının, vətəndaşlarımızın
firavan həyatının məhz Heydər Əliyevin həyata
keçirdiyi siyasətin varisliyindən, dövlət hakimiyyətinin
həmin siyasətin həyata keçirilməsini təmin edə
biləcək etibarlı əllərə
tapşırılmasından asılı olduğunu dərindən
anlayan Azərbaycan xalqı yeni minilliyin ilk prezident seçkilərində
müdrik qərar verdi: Heydər Əliyev siyasi xəttinin
layiqli davamçısı olan cənab İlham Əliyev
2003-cü ilin 15 oktyabr seçkilərində xalqın
mütləq əksəriyyətinin etimadını qazanaraq Azərbaycan
Respublikasının Prezidenti seçildi. Azərbaycan vətəndaşları
Heydər Əliyev siyasi kursuna alternativ görmədikləri
kimi, bu strategiyanı uğurla davam etdirəcək siyasi xadimi
də düzgün olaraq ümummilli liderin komandasında
müəyyənləşdirdilər. Xalqına, dövlətinə
qəlbən bağlı olan cənab İlham Əliyevin
respublikamıza rəhbər seçilməsi dünyanın tərəqqipərvər,
sabitlik, demokratiya, sülh, rifah və inteqrasiya şəraitində
yaşamağa üstünlük verən bütün mütərəqqi
qüvvələri tərəfindən həm Azərbaycanda,
həm də regiondakı ictimai-siyasi proseslərin məntiqindən
doğan labüd hadisə kimi qarşılandı.
Azərbaycanın
çağdaş tarixində Heydər Əliyev siyasi kursunun
təntənəsi kimi xatırlanacaq 15 oktyabr seçkiləri
dünya birliyinə sürətlə inteqrasiya olunan, demokratik
inkişaf yolunda atdığı ardıcıl addımlarla
böyük nüfuz sahibinə çevrilən müstəqil
dövlətimizin həyatında yeni bir tarixi mərhələnin
əsasını qoymuşdur. Bu müddətdə
respublikanın bütün həyati əhəmiyyətli sahələrdə
qazandığı böyük nailiyyətləri gündəlik
həyatında hiss edən, möhkəm təməllərə
söykənən iqtisadi-siyasi sabitlik, əmin-amanlıq və
sülh şəraitində yaşayan hər bir azərbaycanlının
tarixi 15 oktyabr seçiminin son dərəcə düzgün və
dəyişməz olduğu təsdiqlənmişdir.
Möhtərəm
İlham Əliyevin prezident kimi fəaliyyət göstərdiyi
yeddi il ərzində inamla davam etdirdiyi sosial-iqtisadi inkişaf
strategiyası, böyük uğurla həyata keçirdiyi
islahatlar həm də onun yüksək idarəçilik
qabiliyyətinin və mükəmməl iş təcrübəsinin
əyani təzahürü kimi dəyərləndirilə bilər.
Ölkənin bütün problemlərinə milli dövlətçilik
prinsipləri kontekstindən yanaşan, cəmiyyətin
ümumi inkişaf qanunauyğunluqlarını dəqiq şəkildə
qiymətləndirməyi bacaran, eyni zamanda, ictimai həyatın
müxtəlif sahələrindəki çətinliklər və
nöqsanlar haqqında aydın təsəvvürə malik
olan Prezident İlham Əliyev məhz bu keyfiyyətləri sayəsində
yeni bir dövr üçün qarşıda duran prioritet vəzifələri
dəqiq şəkildə müəyyənləşdirməyə
müvəffəq olmuşdur.
Ölkə
başçısının 2003-cü ilin 31 oktyabrında
keçirilən andiçmə mərasimində "Azərbaycanı
qüdrətli dövlətə çevirmək
üçün ən başlıcası ölkədə
Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün
yüksək kürsüdən çıxış edərkən
mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə
sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm"
- deməsi onun ulu öndərimiz Heydər Əliyevin dövlətçilik
irsinə sadiq olduğunu bir daha nümayiş etdirmişdir. Bu
möhtəşəm mərasimdə ölkə
başçısı İlham Əliyev Azərbaycanın
mövcud vəziyyətini və gələcək inkişaf
perspektivlərini dəqiq xarakterizə etməklə
yanaşı, növbəti beş il üçün
özünün əsas fəaliyyət prioritetlərini
açıqlamışdır: güclü dövlət,
sabitliyə təminat, hər kəs üçün sosial
rifah!
Güclü,
mobil və yüksək iş qabiliyyətli komandaya malik olan
dövlət başçısı hökumət
qarşısında duran prioritet vəzifələri
düzgün müəyyənləşdirməklə, yeni
dövrün ən səciyyəvi cəhəti kimi, ilk
növbədə, milli iqtisadiyyatda struktur dəyişikliklərinə
nail olmağın, kəmiyyət dəyişikliklərini
keyfiyyət müstəvisinə keçirməyin zəruriliyini
önə çəkmişdir: "Bizim hamımızın
vəzifəmizdir ki, ölkədə bu siyasəti davam etdirək,
əldə olunan uğurları artıraq və hərtərəfli
inkişaf üçün böyük imkanlardan istifadə edərək,
qoyulmuş bu gözəl təməl üzərində
müasir Azərbaycan yaradaq", - deyən Prezident İlham Əliyev
yeddi ildə imzaladığı məqsədyönlü fərman
və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla,
habelə obyektiv reallıqdan irəli gələn
addımları ilə ölkəmizin dinamik yüksəlişini
təmin etmiş, həyata keçirdiyi islahatlarla inkişaf
mexanizminin daha da çevikliyinə, işləkliyinə nail
olmuşdur.
İlham
Əliyevin fəaliyyətinin ən mühüm göstəricisi
odur ki, Prezident olaraq o, Heydər Əliyev tərəfindən əsası
qoyulmuş tərəqqini, əldə edilən nailiyyətləri
təkcə qoruyub saxlamadı, həm də onların
miqyasını genişləndirdi, inkişaf
dinamikasını qat-qat artırdı. Böyük çətinliklə
qazanılan ictimai sabitlik toxunulmaz qaldı, sosial-iqtisadi
yüksəliş, mütərəqqi siyasi dəyişikliklər,
hüquqi və demokratik yönümlü islahatlar uğurla
davam etdirildi, demokratik prinsiplər və insan
hüquqlarının prioritetliyi təmin olundu, xalqın sabaha
inamı, dövlətinə və rəhbərinə
etimadı daha da artdı.
Ölkədə
siyasi münasibətlərin
sağlamlaşdırılması yönümündə
atılan konkret addımlar öz bəhrəsini verdi, milli
birlik, vətəndaş həmrəyliyi möhkəmləndi,
yüzlərlə insan rəhbərin ali mərhəməti nəticəsində
əfv olunub cəmiyyətdə yenidən özünü təsdiq
etmək imkanı əldə etdi. Milli-mədəni intibah yeni
yüksəliş dövrünə qədəm qoydu, azərbaycançılıq
ideologiyası ətrafında mənəvi səfərbərlik
təmin olundu.
Azərbaycan
iqtisadiyyatının, xüsusilə də qeyri-neft sektorunun
inkişafı bu gün Prezident İlham Əliyevin siyasətinin
əsas prioritetlərindən biridir. Ümummilli liderimiz Heydər
Əliyev tərəfindən müəyyən edilmiş və
elmi əsaslara söykənən iqtisadi siyasət
strategiyasının həyata keçirilməsi bütün
sahələrdə davamlı inkişafı təmin etmiş,
qısa müddət ərzində Azərbaycanda çox
böyük nailiyyətlər əldə edilməsinə
imkan vermişdir.
Azərbaycan Prezidenti regionların inkişafına nail olmaq üçün qarşıya kənd təsərrüfatı məhsulları istehsalının artırılması, qeyri-neft sənayesi sahələrinin, o cümlədən emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərinin yaradılması, turizmin inkişafının təmin edilməsi, məşğulluğun səviyyəsinin yüksəldilməsi, əhalinin güzəranının yaxşılaşdırılması, bölgələrdə müasir tipli elektrik stansiyalarının tikilməsi, yolların və kommunikasiya xətlərinin qurulması, sahibkarlığın inkişaf etdirilməsi istiqamətində kompleks tədbirlərin görlməsi, sahibkarlığın inkişafına maliyyə yardımının artırılması, regionlarda təhsil, səhiyyə sahələrində mühüm işlərin görülməsi kimi strateji vəzifələr qoydu. Bu vəzifələr Prezident İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında öz əksini tapdı. Dövlət proqramları olduqca əhəmiyyətli və regionların inkişafı üçün bütün zəruri məqamları əks etdirən mühüm sənədlər kimi qəbul edilib və hazırda da həyata keçirilir.
Müstəqil Azərbaycan Respublikasının tarixində ilk dəfə olaraq, həmin sənədlərdə işlərin görüləcəyi regionun, rayonun, hətta kəndin ünvanı, nəzərdə tutulan layihənin, həyata keçiriləcək tədbirin adı, konkret vaxtı, icrasına məsul olan təşkilatlar göstərilmişdir. Birinci regional dövlət proqramının icrasında olduğu kimi, ikincinin də reallaşmasına Prezident İlham Əliyev şəxsən nəzarət edir. Bu məqsədlə mütəmadi olaraq, respublikanın regionlarına səfər edir, problemlərin yerindəcə həll olunması üçün tapşırıqlar verir. Proqramın həyata keçirilməsini sürətləndirmək üçün Azərbaycan Prezidenti regionlar üzrə əlavə tədbirlər planları imzalayır.
2003-2010-cu illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar cənab İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu göstərmişdir.
Azərbaycan xalqının 2008-ci il 15 oktyabr tarixli növbəti müdrik və uzaqgörən seçimi də məhz bu reallıqla şərtlənmişdir. Belə ki, ölkə vətəndaşları ötən beş ildə hər vədini əməli işilə doğruldan, əzmkar fəaliyyətilə ölkə həyatının ən müxtəlif sahələrində inkişaf və tərəqqini təmin edən, bütün məsələlərdə insan və şəxsiyyət amilini uca tutan layiqli siyasi liderə səs vermişlər.
Xalqına və dövlətinə bağlı lider İlham Əliyevin ikinci müddətə Azərbaycan prezidenti seçilməsi dünyanın sabitlik, demokratiya, sülh, rifah və inteqrasiya şəraitində yaşamağa üstünlük verən bütün mütərəqqi qüvvələri tərəfindən həm Azərbaycanda, həm də regiondakı ictimai-siyasi proseslərin məntiqindən doğan labüd və qanunauyğun hadisə kimi qarşılanmışdır.
2008-ci il oktyabrın 24-də növbəti dəfə Vətənə, xalqa və dövlətə sədaqət andı içərək ikinci müddətə prezidentlik səlahiyyətlərinin icrasına başlayan dövlət başçısı İlham Əliyev təntənəli mərasimdəki çıxışında növbəti beş ildə də Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsinə səylə çalışacağını vurğulamışdır: "Beş il bundan əvvəl andiçmə mərasimində Azərbaycan xalqına söz vermişdim ki, Azərbaycanın hərtərəfli inkişafı üçün fəal çalışacağam. Söz vermişdim ki, Azərbaycanda Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Çünki bu, Azərbaycanın bugünü və sabahı üçün, gələcəyi üçün yeganə siyasətdir. Bu siyasət Azərbaycanı böyük bəlalardan qurtardı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etmişdir. Azərbaycan xaosdan, böhrandan, anarxiyadan inkişafa, sabitliyə doğru böyük addımlar atmışdır. Məhz onun rəhbərliyi altında Azərbaycanda dövlətçilik ənənələri qurulmuşdur, Azərbaycan öz dövlət müstəqilliyini möhkəmləndirmiş, ölkədə sabitlik yaradılmış və inkişaf başlamışdır. Bu gün bir daha demək istəyirəm ki, növbəti beş il ərzində mən bu siyasətə sadiq qalacağam və bu yoldan dönməyəcəyəm".
Bu gün regionda ikinci elə bir dövlət tapmaq çətindir ki, son 7 ildə ümumi daxili məhsulun artım tempinə görə dünyada lider mövqelərini qoruyub saxlasın, qısa müddətdə dövlət büdcəsinin vəsaitlərini 10 dəfədən çox artırsın. Ötən dövrdə dövlət büdcəsinin 1,5 milyard ABŞ dollarından 15 milyard dollara yüksəlməsi, yalnız hərbi xərclərin - dövlət başçısının müəyyənləşdirdiyi vəzifə kimi - təcavüzkar Ermənistanın bütövlükdə dövlət büdcəsinə çatması həyata keçirilən siyasətin uğurları barədə dolğun təsəvvür yaradır.
Ölkədə bazar münasibətlərinə söykənən liberal iqtisadi sistemin qurulmasının, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına geniş meydan verilməsınin, Azərbaycanın zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsınin, respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsinin və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq 2010-cu ilin yanvar-avqust aylarında da ölkədə dinamik inkişaf müşahidə edilmişdir. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanda ümumi daxili məhsul istehsalı 3,8, sənaye istehsalı 3,8 faiz, əhalinin banklardakı əmanətləri isə 35,8 faiz artmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev ölkənin valyuta ehtiyatlarının yüksək templə artımını haqlı olaraq ciddi uğur kimi dəyərləndirmişdir: "Ölkədə böyük maliyyə resursları yaradılmışdır. Bizim uğurlu neft siyasətimiz nəticəsində bu gün Azərbaycan öz maliyyə imkanlarını genişləndirir. İlin əvvəlindən Azərbaycanın valyuta ehtiyatları artmış - 20 milyard dollardan 24,7 milyard dollara çatmışdır və bu, bizim strateji ehtiyatlarımızdır. Bu ehtiyatlar imkan verir ki, biz iqtisadi sahədə istənilən məsələni, istənilən infrastruktur layihəsini özümüz öz gücümüzə arxalanaraq icra edə bılək. Bu, bir daha onu göstərir ki, Azərbaycanda neft-qaz sektorunda islahatların aparılması, şəffaflığın təmin olunması və şəffaflıqla bağlı bütün mütərəqqi təşəbbüslərə qoşulmağımız, bax, bu böyük ehtıyatın yaranmasına gətirib çıxarmışdır".
Bütün bunlar bir daha təsdiqləyir ki, 2008-ci il oktyabrın 24-də keçirilmiş andiçmə mərasimində "Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da Vətənimizin uğurlu inkişafı üçün, Azərbaycanın çiçəklənməsi üçün mən əlimdən gələni əsirgəməyəcəyəm, Azərbaycan xalqına bundan sonra da xidmət edəcəyəm" - deyən dövlət başçısı İlham Əliyev xalq qarşısında verdiyi bütün vədlərə sadiqdir. Azərbaycan Prezidentinin verdiyi bütün vədlər əməli fəaliyyətə, real siyasətə əsaslanmış, milli maraq və mənafeləri maksimum dərəcədə özündə ehtiva etmişdir. İnanırıq ki, elmi əsaslara söykənən bu siyasətin qarşıdakı illərdə də uğurla davam etdirilməsi vətəndaşları qayğılandıran bütün problemlərin aradan qalxmasına, xalqın yaşayış səviyyəsinin daha da yüksəlməsinə real imkanlar yaradacaqdır.
Qüdrət Kərimov,
iqtisad elmləri doktoru,
"Xəzər"
Səhmdar Cəmiyyətinin sədri
Xalq qəzeti.- 2010.- 31 oktyabr.- S. 5.