Əsas məqsəd
Azərbaycanı müasir güclü
dövlətə çevirməkdir
Azərbaycanın
qarşısında çox geniş üfüqlər
açılır, çox gözəl perspektivlər var. Biz
bilirik ki, haraya gedirik, məqsədimiz nədir. Məqsədimiz
müasir güclü dövlət yaratmaqdır. İqtisadi cəhətdən
güclü dövlət yaratmaq, sosial rifah cəmiyyəti
qurmaqdır. İnsanları narahat edən bütün məsələləri
həll etmək, azad cəmiyyət yaratmaqdır ki, insanlar
rahat, gözəl, rifah içində yaşasınlar. Mənim
məqsədim budur və bu məqsədə doğru biz
uğurla gedirik.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Azərbaycan
Respublikasının sosial-iqtisadi inkişafılnın və
müstəqilliyinin siyasi proqramını ümummilli liderimiz
Heydər Əliyev böyük inamla
formalaşdırmış və reallaşdırmış,
iqtisadi müstəqillik uğrunda mübarizənin möhkəm
təməlini qoymuşdur. Siyasi müstəqilliyin və onun
iqtisadiyyat cəbhəsinin daha da möhkəmləndirilməsinin
sükanı artıq yeddi ildir ki, Prezidentimiz cənab İlham
Əliyevin əlindədir. Əminliklə demək olar ki, Azərbaycanın
iqtisadi müstəqilliyinin reallaşdırılması
İlham Əliyev siyasətinin tarixi naliyyətidir.
Layiqli
varis olan İlham Əliyev öz üzərinə düşən
tarixi missiyanı böyük həssaslıqla dərk edərək,
ölkənin strateji kursunu bütün sahələr üzrə
qəbul edilən və elmi cəhətdən əsaslandırılmış
proqram sənədləri ilə müəyyən etdi. Əslində,
MDB məkanında ilk dəfə olaraq sosial-iqtisadi
inkişafı müasir prinsiplər əsasında tərtib
edilmiş Dövlət Proqramları ilə tənzimləyərək,
ölkəni yeni üfüqlərə, iqtisadi müstəqilliyin
təmin olunmasına doğru istiqamətləndirdi. İqtisadi
potensialın ildən- ilə güclənməsi, əhalinin
maddi həyat şəraitinin yaxşılaşması,
iqtisadi-siyasi islahatların aparılması Azərbaycanın gələcəyinə
hesablanan məqsədyönlü dövlət
proqramlarının ana xəttini təşkil edir.
17
noyabr 2003-cü ildə Nazirlər Kabinetinin ilk iclasında o,
proqram xarakterli bəyanatla çıxış etdi: "Azərbaycanda
son illər ərzində aparılan iqtisadi siyasət çox
uğurlu olubdur və Azərbaycanın gələcək
inkişafı üçün də gözəl təməl
yaradıbdır. Bizim hamımızın vəzifəsidir ki,
bu siyasəti davam etdirək, əldə olunan bu
uğurları artıraq və Azərbaycanın hərtərəfli
inkişafı üçün böyük imkanlardan istifadə
edərək, qoyulmuş bu gözəl təməlin üzərində
müasir Azərbaycanı yaradaq. "
İlham
Əliyevin ardıcıl olaraq yeritdiyi qlobal və milli dəyərlərə
əsaslanan strateji kurs, məqsədyönlü və
çevik islahatlar ölkənin qısa müddət ərzində
keyfiyyətcə yeni və daha sürətli inkişaf mərhələsinə
qədəm qoymasına səbəb olmuşdur. İnkişaf
sürətinə görə ölkə regionda və
bütün dünyada lider dövlətə
çevrilmişdir. İqtisadi artım sürətinin, yəni
ümumi daxili məhsul istehsalının artım sürətinin
yüksək olması buna bariz nümünədir.
İqtisadiyyat inkişafın təməl daşıdır.
Bu gün regionun lider dövləti olan Azərbaycan beynəlxalq
aləmdə etibarlı tərəfdaş, dinamik inkişaf edən
ölkə kimi tanınır. Yüksək iqtisadi göstəricilərə
malik olan Azərbaycanın son illər müxtəlif sferalarda əldə
etdiyi nailiyyətlər ardıcıl şəkildə
bir-birini tamamlayır, coğrafiyasını genişləndirir.
Ötən
7 ildə Azərbaycanın dinamik inkişafını təmin
edən əsas amillərdən biri də neftdən əldə
olunan vəsaitin regionların davamlı və tarazlı
inkişafına yönəldilməsi, qeyri-neft sektorunun
inkişafı istiqamətində görülən işlərdir.
Ölkə regionlarının inkişafına xüsusi önəm
verən İlham Əliyevin fərmanı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın
(2004-2008-ci illər) həyata keçirilməsi ölkə
regionlarının kompleks inkişafına, o cümlədən,
infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə,
yeni istehsal və emal müəssisələrinin, sosial-mədəni
obyektlərin yaradılmasına, yeni iş yerlərinin
açılmasına, əhalinin həyat səviyyəsinin
daha da yüksəldilməsinə, qeyri-neft sektorunun
inkişafına səbəb olmuşdur.
İnformasiya
cəmiyyəti adlanan müasir cəmiyyətdə elmi-texniki
tərəqqinin nailiyyətləri əsasında istehsal
prosesinin bütün həlqələrində texnoloji istehsal
üsulunun transformasiyası baş verir, ölkələrdə
iqtisadiyyatın strukturu, iqtisadi inkişafın xarakteri, həyat
tərzi, dəyərlər sistemi və motivasiya keyfiyyətcə
yeniləşir, "ictimai tərəqqi"
anlayışı və onun meyarları haqqında təsəvvürlər
dəyişir. Təcrübə göstərir ki, yeni modernləşmə
müasir iqtisadi sistemlərin dayanıqlı
inkişafının həlledici amilidir. Tanınmış
ingilis iqtisadçısı Braynan Tvissin qeyd etdiyi kimi,
müasir dövrdə "mütəxəssislər öz səylərini
gələcəkdə meydana çıxacaq ehtiyacların
ödənilməsinə yönəltməlidirlər. Diqqət
yeni vəzifələrin həlli üçün yeni
texnologiyanın tətbiqi yollarının tapılmasına
yönəldilməlidir".
"Sənaye
potensialının artımı bizim prioritet məsələmiz
olmalıdır", - deyən İlham Əliyev ən
qabaqcıl texnologiyaların Azərbaycana gətirilməsi məsələsini
bütün kəskinliyi ilə qarşıya qoymuşdur. Bu
resurs amillərinə əsaslanan iqtisadiyyatdan, qlobal proseslərin
tələb etdiyi innovasiya yolu ilə inkişaf edən iqtisadiyyata
keçilməsi üçün olduqca vacibdir. Prezidentin təkidlə
tələb etdiyi bir mühüm məsələnin -
iqtisadiyyatın neft amillərindən
asılılığının azaldılması, qeyri-neft
sektorunun inkişaf etdirilməsi probleminin həlli də modernləşmə
və innovasiyaların intensiv tətbiqi ilə əlaqədardır.
Prezident
İlham Əliyev qətiyyətlə vurgulayır:"Biz
öz təbii sərvətlərimizdən çox
böyük səmərə ilə istifadə edərək təbii
resurslarımızı insan kapitalına çeviririk. Bu
gün əsas prioritetlərdən biri Azərbaycan
xalqının və gələcək nəslin bilikli
olmasıdır, eyni zamanda, bizim milli adət-ənənələrimizin
təmin olunması şərti ilə dünyada gedən
proseslərə qoşulmasıdır, dünya birliyinə
inteqrasiya etməsidir".
Azərbaycan
bu əsrdə inkişaf etmək üçün
bütün təbii imkanlara malikdir. Ölkə
başçısı və Azərbaycan hökuməti
ölkənin dinamik və sürətli inkişafı
üçün yaradıcı, məqsədli və sistemli
siyasət aparır. Problemləri ardıcıl olaraq aradan
qaldırmaq, yaxşı ənənələri inkişaf
etdirməyə imkan verən və hesablanmış risklərin
əvəzində stimullaşdırıcı bir mühit
yaratmaq qarşıya məqsəd olaraq qoyulmuşdur. Bununla
belə, bu gələcək uğurun əsas elementləri -
yeni ideyalar yaratmaq və bu ideyaları ölkənin innovativ və
uğurlu məhsulları, xidmətləri və yeni tipli
şirkətləri timsalında həyata keçirmək
bacarığından asılıdır.
Bu,
öz gücünə əmin olan, yeni imkanları tədqiq
etmək və uğurla həyata keçirmək istəyən
yeni azərbaycanlı nəslini yetişdirmək
üçün Azərbaycan dövlətinin qarşıya
qoyduğu məqsədin bilavasitə təsdiqidir. Bu strategiya
alimlərimizin, tədqiqatçılarımızın və
sahibkarlarımızın birgə səyləri nəticəsində
elm və texnologiyalarda mükəmməlliyə nail olmaq, daha
yüksək keyfiyyətli işçi qüvvəsi yaratmaq və
yeni ideyalardan istehsal kommersiya məqsədləri
üçün istifadə olunduqda tam həcmdə yerinə
yetiriləcəkdir.
İnnovasiya
təkcə yeni və yüksək
texnologiyalaşdırılmış sənaye sahələrindən
ibarət deyil, o, həm də bizim kənd təsərrüfatı,
yüngül sənaye və hasilat sənayesi kimi ənənəvi
sahələrimizin də inkişafı üçün əsasdır.
Burada vacib məsələlərdən biri də özəl
sektorun elm, təhsil və tədqiqat institutlarının
innovasiya sahəsində öhdəliklər qəbul etmələri
və hökumətin bu sahədə nəzərdə
tutduğu proqramların həyata keçirilməsində və
qarşıya qoyduğu məqsədlərə
çatmasında ona yardımçı olmasıdır.
Prezident
İlham Əliyev keçid dövrünün başa
çatdığını elan etməklə inkişafda yeni
mərhələnin başlandığını və
keçən onilliklərdə problemlərin həlli
üçün istifadə edilən üsul və
yanaşmaların bu yeni, bilik və imkanlar mərhələsi
üçün kifayət olmadığını göstərdi.
Artıq qloballaşma erasında özünü qabarıq
büruzə verən fakt insan və intellektual resursların,
inkişafın ənənəvi dəyərləri - torpaq, əmək
və kapital ehtiyatlarından önə keçməsidir. Ona
görə də müasir inkişaf mərhələsində
yaradıcılıq, işgüzarlıq, sahibkarlıq və
digər innovativ amillər əsas götürülməlidir.
Akademik
Ramiz Mehdiyevin qeyd etdiyi kimi, "təhsil və elm zəruri səviyyədə
olmasa, milli inkişafın perspektivləri və Azərbaycan
dövlətçiliyinin davamlı inkişafı barədə
düşünməyimiz çətin olacaqdır. Bu gün
aşkar görünür ki, Prezident İlham Əliyev
qarşıdakı illərdə məhz millətin intellektual
bazasının yeniləndirilməsi və genişləndirilməsi
üçün inkişaf strategiyasını müəyyən
edir".
Azərbaycan
Respublikası Prezidentinin 2010-cu il 19 fevral tarixli fərmanı
ilə yaradılmış "Azərbaycan Respublikasının
Prezidenti yanında Elmin İnkişafı Fondu" innovativ fəaliyyətləri
daha da stimullaşdıracaq. Azərbaycanda təmin edilən
yüksək iqtisadi artım, işsizliyin və yoxsulluğun
azalması, islahatların yüksək sürətlə
aparılması təbii olaraq əlverişli sahibkarlıq
mühiti ilə müşayiət olunur ki, bu da düzgün
makroiqtisadi siyasətin həyata keçirilməsinin nəticəsidir.
2008-ci
ildə Dünya Bankı Azərbaycanı bir nömrəli
islahatçı ölkə kimi tanıdı və təqdim
etdi. Dünya İqtisadi Forumu tərəfindən
açıqlanan "Qlobal Rəqabət Hesabatı
2009-2010" adlı sənədlə Azərbaycan
iqtisadiyyatının rəqabət qabiliyyətinin qənaətbəxş
olduğu qeyd edilir. Dünyanın 133 ölkəsini, o cümlədən
postsovet dövlətlərini əhatə edən hesabatdan
aydın olur ki, azad rəqabət şəraitinin
yaradılması baxımından Azərbaycan yenə də
seçilənlər sırasında yer alıb. Elə bunun nəticəsidir
ki, qlobal rəqabətlik indeksinə əsasən, ölkəmiz
2008-ci illə müqayisədə 18 pillə irəliləyib.
İlham
Əliyevin siyasətinin ən mühüm istiqamətlərindən
biri də Azərbaycanın dünya iqtisadi sisteminə
inteqrasiyasının sürətləndirilməsi, ticarət əlaqələrinin
genişləndirilməsi sahəsində görülən
genişmiqyaslı tədbirlərdir. Hazırda Azərbaycan
dünyanın 140-a yaxın ölkəsi ilə
qarşılıqlı ticarət əməliyyatları
aparır. Xarici ticarət dövriyyəsi, ixrac və idxal əməliyyatlarının
həcmi ildən-ilə artır. Azərbaycan mövcud təbii
sərvətlərindən istifadə etməklə iqtisadi
infrastrukturunu dünya standartları səviyyəsində
quraraq qloballaşan dünyanın enerji təchizatının
ödənməsi prosesində xüsusi əhəmiyyət kəsb
edir. Qlobal əhəmiyyətli iqtisadi layihələr olan
TRASECA, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və
qaz boru kəmərlərinin reallaşması və
Bakı-Tbilisi-Qars dəmir yol xəttinin tikilməyə
başlaması, "Şahdəniz" qaz
yatağının işə düşməsi ölkəmizin
nüfuzunu bütün dünyada artırır.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev demişdir:
"Biz bölgədə aparıcı dövlətə
çevrilmişik. Bu, artıq reallıqdır. Reallıq
hamı tərəfindən qəbul olunub. Bizim qərarlarımız,
bizim işlərimiz bütün bölgəyə öz təsirini
göstərir. Biz də istəyirik ki, Azərbaycan daha da
qüdrətli dövlətə çevrilsin. Bizim
imkanlarımız daha da artsın, siyasi çəkimiz
artsın, beynəlxalq müstəvidə istədiyimizə
nail ola bilək, öz doğma torpaqlarımızı
işğalçılardan azad edə bilək və Azərbaycan
xalqının normal, yaxşı yaşamasını təmin
edə bilək. Bunu etmək üçün Azərbaycan
güclənməlidir. Bu proses artıq baş verir".
Hörmətli
Prezidentimizin önə çəkdiyi "İndi bizim məqsədimiz
inkişaf etmiş ölkəyə çevrilməkdir"
ideası əslində, Azərbaycanın uzunmüddətli inkişaf
strategiyasıdır və bütün dövlət-təşkilatçılıq
tədbirləri həmin strategiyanın həyata keçirilməsinə
yönəldilmişdir. İlham Əliyevin
başçılığı ilə həyata keçirilən
tarazlaşdırıcı siyasət nəticəsində daim
artan iqtisadi potensial Azərbaycana həm regional, həm də
beynəlxalq aləmdə özünün milli
maraqlarını, ümümxalq mənafeyini qorumağa imkan
verir. Reallaşdırılan strateji kursa uyğun olaraq yeni təcrübələrin,
demokratik, texnoloji, elmi dəyərlərin Azərbaycana
transformasiyası üçün görülən tədbirlər
novatorluğa, modernləşməyə geniş meydan
açır.
Azərbaycan
Prezidentinin fəaliyyətinin başlıca xətti olduqca
mürəkkəb olan qlobal dünyada ölkənin iqtisadi təhlükəsizliyinin,
ərzaq və enerji təhlükəsizliyinin təmin
olunmasıdır. Məhz bunun nəticəsidir ki, Azərbaycan
Respublikası bütün dünyada və xüsusən
regionda heç bir qüvvədən asılı olmayan
müstəqil siyasət yeridir, heç bir xarici təsirlərə
boyun əymir.
Bu
illərdə Azərbaycan xüsusən karbohidrogen
ehtiyatlarının dünya bazarlarına
çıxarılması məsələsində,
Bakı-Tbilisi-Qars dəmir yol xəttinin çəkilməyə
başlamasında, Naxçıvan-Qars dəmiryolunun
inşasına qərar verilməsində tam müstəqil
siyasi kurs yürüdüb. Dövlət
başçısı İlham Əliyev ölkəmizin
Avrasiya məkanının mərkəzi nəqliyyat dəhlizinə
çevrilməsi, rabitə sisteminin, informasiya
texnologiyalarının sürətli inkişafı
üçün də nəhəng işlər görür.
İlham
Əliyevin prezidentlik fəaliyyətinin ali qayəsi informasiya
cəmiyyətinin tələblərinə uyğun olaraq
"neft kapitalının insan kapitalına" çevrilməsini
təmin etmək, ölkədə mövcud olan zəngin insan
potensialını inkişaf etdirməkdir. "Biz
çalışırıq səhiyyə, xüsusilə, təhsillə
bağlı məsələlərə böyük diqqət
yetirək ki, bizim gənclərimiz bilikli olsunlar, həyatda
öz yerini tuta bilsinlər, sağlam böyüsünlər
və ölkənin inkişafında fəal iştirak etsinlər".
Bu məqsədin
həyata keçirilməsi üçün elm və
bütövlükdə, sosial sahənin inkişafına,
ölkəmizdə təhsil və səhiyyə
ocaqlarının tikintisinə, onların maddi-texniki
bazasının müasir tələblərə uyğun
qurulmasına xüsusi diqqət yetirilir. Onun prezidentliyi
dövründə yüzlərlə yeni məktəb
binası tikilib istifadəyə verilmişdir. Bu sahədə
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın
rolunu xüsusilə qeyd etmək lazımdır. Fond tərəfindən
"Yeniləşən Azərbaycana - yeni məktəb"
proqramı çərçivəsində bütün
ölkədə yeni məktəblərin tikintisi uğurla
davam etdirilir.
Ölkədə
rəqabətqabiliyyətli iqtisadi sistemin
formalaşdırılması və davamlı inkişafın
təmin edilməsi baxımından müasir tələblərə
cavab verən kadrlara tələbatın ödənilməsi,
Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər
əsasında layiqli təhsil almaları üçün
lazımi şəraitin yaradılması, istedadlı gənclərin
dünyanın aparıcı ölkələrində təhsil
almaq imkanlarının genişləndirilməsi prosesinin
mütəşəkkilliyi və səmərəliliyinin
artırılmasını təmin etmək məqsədilə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
2007-ci il aprelin 16-da xüsusi sərəncam
imzalamışdır. Bu sərəncama əsasən 2015-ci ilədək
5 minə yaxın gənc xarici ölkələrdə təhsil
almaq imkanı əldə edəcəkdir.
İlham
Əliyevin prezidentliyi dövründə dövlətin
müdafiə qüdrətinin gücləndirilməsi, ordunun
müdafiə qabiliyyətinin müasir standartlar səviyyəsinə
çatdırılması istiqamətində də radikal
addımlar atılmış, bu sahəyə ayrılan
dövlət investisiya xərcləri ildən-ilə
artırılmışdır.
Dövlət
başçısı respublikanın sosial-iqtisadi
inkişafı ilə paralel aparılan demokratikləşmə
proseslərini də Azərbaycanın gələcək
yüksəlişinin əsası hesab edir və onun təkmilləşdirilməsinə
mühüm əhəmiyyət verir. Prezident İlham Əliyevin
qeyd etdiyi kimi,"Azərbaycanın daxili və xarici siyasəti
yalnız regional deyil, qlobal miqyasda situasiyaya əhəmiyyətli
təsir göstərir və gələcəkdə də
göstərəcəkdir".
Akif Musayev,
AMEA-nın müxbir üzvü,
Azərbaycan Universitetinin rektoru,
Dünyamalı VƏLİYEV, Azərbaycan
Universitetinin ümumi iqtisadiyyat
kafedrasının
müdiri, iqtisad elmləri namizədi,
dosent
Xalq qəzeti.- 2010.- 31 oktyabr.- S. 4.