Prezident İlham Əliyev xalqın etimadını şərəflə doğruldur

 

İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən enerjili və təşəbbüskar bir şəxsiyyətdir.

 

Heydər ƏLİYEV,

Azərabycan xalqının ümummilli lideri

 

 

Müasir Azərbaycan Heydər Əliyevin əsəridir. Biz hamımız, bütün Azərbaycan xalqı gərək bundan sonra onun gördüyü işləri davam etdirək, genişləndirək, onun yolu ilə Azərbaycanı gələcəyə aparaq.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Müasir tariximizin son yeddi ildəki inkişaf mərhələsinin başlanğıcı barədə qələmə aldığımız bu məqalədə 2003-cü ilin oktyabrında söylənilmiş iki ifadədən sitat gətirdik. Çünki həmin ilin payızı Azərbaycan üçün, sözün əsl mənasında, çox həssas bir dövr idi. Hətta bəzi ekspertlər 2003-cü ilin oktyabrı haqqında danışarkən, həmin ayın 15-də keçirilmiş prezident seçkisini bizim üçün taleyüklü bir məsələ olduğuna görə 1993-cü ilin seçkisi ilə müqayisə etməyə çalışırlar. Öz fikirlərini bu şəkildə əsaslandırırlar ki, 93-cü ilin oktyabrında Heydər Əliyev prezident seçilməsəydi milli dövlətçilik əldən gedəcəkdisə, 2003-cü ilin oktyabrında İlham Əliyevin seçilməyəcəyi təqdirdə Heydər Əliyevin Azərbaycan xalqı ilə birlikdə son 10 ildə əldə etdiyi bütün nailiyyətlər heçə dönəcək, xalq öz müstəqilliyinin inkişaf yolunu yenidən, sıfırdan başlamalı olacaqdı.

Hər halda 1993-cü ilin oktyabrı bizim üçün taleyüklü bir seçkinin reallaşması ilə yadda qalmışdısa, 2003-cü ilin oktyabrında xalqımız həssas bir məqamı yaşadı, başı minbir bəla çəkmiş millət yol ayrıcında qalan istiqlaliyyətini düzgün istiqamətə yönəldə bildi. Azərbaycan xalqının 2003-cü ilin oktyabrında etdiyi seçim müstəqilliyimizin əbədiləşdirilməsi üçün 10 il gecə-gündüz çəkdiyimiz zəhmətin nəticələrini qorumuş oldu.

Bəlkə də, möhtəşəm bir tarixi inkişaf mərhələsinin başlandığı günlə xalqın vətəndaş müharibəsi və dövlətçiliyin əldən getməsi ilə üz-üzə qaldığı günlər arasında paralellər axtarmaq o qədər də məntiqli görünmür. Ancaq milli mənafe baxımından 1993-cü ilin və 2003-cü ilin oktyabr aylarında keçirilmiş prezident seçkilərinin əhəmiyyətini eyniləşdirənlərin qənaətində bir məntiq var. Daha doğrusu, bu məntiqi zaman sübut etmişdir. Ölkə əhalisinin 1993-cü ilin oktyabrında inam və etimad göstərdiyi Heydər Əliyev 30 ildən çox öz xalqına və dövlətinə canı, qanı ilə xidmət etmiş görkəmli dövlət xadimi, dünyanın ən üzdə olan, görkəmli türk siyasətçisi idi. 2003-cü ildə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Heydər Əliyevin keçdiyi həyat yolunu "postsovet məkanının siyasətçiləri üçün məktəb", Türkiyə Cümhuriyyətinin Prezidenti Əhməd Nejdət Sezər isə "türk dünyasının ən təəssübkeş siyasətçisi" adlandırmışdı. Yəni Heydər Əliyevin siyasi dühasi təkcə Azərbaycan və Qafqaz reallığı deyil, bütün postsovet məkanının və Türk dünyasının reallığı idi. Cənab Vladimir Putinin məktəb adlandırdığı Heydər Əliyev təcrübəsinə ən yaxından bələd olan, bir çox məqamlarda isə onun ən etibarlı silahdaşı kimi xüsusi xidmətləri ilə yadda qalan ("Əsrin müqaviləsi"nin imzalanmasında və 40-50 il üçün nəzərdə tutulmuş yeni neft strategiyasının hazırlanmasında Heydər Əliyevin ən etibarlı silahdaşı məhz İlham Əliyev idi) İlham Əliyevə etibar göstərilməsi, onun dövlət başçısı seçilməsi tamamilə gözlənilən idi. Xalq bu seçimi etdi və özünün uzunömürlü inkişafının təməlini qoydu.

İlham Əliyevin keçdiyi həyat yolu, ictimai-siyasi proseslərdə fəal iştirakı, idarəetmədə qazandığı təcrübə və şəxsi imkanları, xüsusən intellektual səviyyəsi və müasir siyasət adamları üçün zəruri olan bütün keyfiyyətləri mənimsəməsi onun qələbəsini şəksiz edirdi. Xalq onu şəriksiz lideri kimi görürdü. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu və müəllimi olması, Rusiya paytaxtında fəaliyyət göstərən böyük bir şirkətin baş direktoru kimi iqtisadi idarəçilikdə təcrübə qazanması İlham Əliyevə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti kimi fəaliyyət göstərməsində kifayət qədər kömək etmişdi.

Azərbaycan seçiciləri İlham Əliyevin diplomatik uğurlarını onun Milli Məclisin deputatı kimi Avropa Şurasının Parlament Assambleyasındakı daimi nümayəndə heyətimizin başçısı olarkən əldə etdiyi uğurlardan tanıyırdı. Məhz İlham Əliyevin prinsipiallığı, təşəbbüskarlığı və Avropa qurumlarında aparıcı dil olan ingilis və fransız dillərini dərindən bilməsi nəticəsində AŞPA münaqişə tarixində ilk dəfə olaraq Ermənistanı işğalçı dövlət kimi tanıyan rəsmi sənəd qəbul etmişdi. Bilavasitə həmin peşəkarlığın nəticəsi idi ki, 2003-cü ilin yanvarında azərbaycanlı deputat İlham Əliyev AŞPA sədrinin müavini və qurumun büro üzvü seçilmişdi.

Azərbaycan seçiciləri yaxşı bilirdilər ki, İlham Əliyev həm Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti kimi (1997-ci ildən bəri), həm də Azərbaycan Respublikasının Baş naziri kimi vəzifələrdə (2003-cü ilin avqustundan sonra) mükəmməl bir idarəçilik təcrübəsi qazanmışdır. İlham Əliyevin 1999-cu ildə Yeni Azərbaycan Partiyasının sədr müavini, 2001-ci ildə isə sədrin 1-ci müavini seçilməsindən sonra siyasi həyatda nümayiş etdirdiyi fəallıq onun liderlik keyfiyyətlərini də ortaya qoymuşdu. Beləliklə, öz diplomatik uğurları, liderlik keyfiyyətləri, idarəetmə məharəti və iqtisadi proseslərə dərindən bələd olması ilə xalqın həqiqi seçiminə çevrilmiş İlham Əliyevin 2003-cü ilin oktyabrındakı qələbəsi şəksiz idi. Necə ki, xalq bu gözləntini reallaşdırdı. Baş nazirin qeyd edilən bütün şəxsi keyfiyyətləri ilə yanaşı, Azərbaycan əhalisinin əlində ulu öndər Heydər Əliyevin söylədiyi bir fikir də var idi: "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Bu gün Azərbaycanın dünya miqyaslı uğurlar qazanması ulu öndərimizin həmin ümidlərinin doğrulması deməkdir.

Prezident İlham Əliyev 2003-cü il oktyabrın 31-də dövlət başçısı kimi ilk dəfə and içdi və həmin günlə də ölkədə mükəmməl bir sosial-iqtisadi inkişafa start verildi. "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" - deyən İlham Əliyev ilk növbədə həmin tezisin reallaşmasına nail oldu. Qısa müddət ərzində ölkənin yeni rəhbəri ümumxalq etimadı qazandı. Əfv fərmanları və amnistiya aktları, insan hüquqlarının daha geniş şəkildə qorunub saxlanılması, seçki təcrübəsinin təkmilləşdirilməsi və digər addımlar İlham Əliyevin reytinqini o qədər yüksəltdi ki, nəticədə ikinci dəfə prezident seçilməsindən dərhal sonra bütün rəqibləri səmimi bir etirafla onu təbrik etdilər. Türk ekspertlər yazırdılar ki, prezidentliyə hər bir namizədin öz platforması və qarşıya qoyduğu vəzifələr olur. 2008-ci ildə Azərbaycanda prezidentliyə namizəd olan şəxslər ölkədə həyata keçirəcəkləri tədbirlərin hamısının məhz İlham Əliyev tərəfindən reallaşdırıldığını görəndə onu qələbə münasibətiylə təbrik etməkdən başqa bir yol görmədilər.

Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafını təmin edən məlum dövlət proqramı ilə start verdiyi hərtərəfli inkişafa məhz çoxsaylı dövlət proqramlarının icrası ilə nail ola bildi. Qeyri-neft sektorunun inkişafı, neft sektorundan əldə edilən gəlirlərin bir hissəsinin insan kapitalına - intellektual kapitala çevrilməsi, dünyanın ən mütərəqqi təcrübələrinin Azərbaycana gətirilməsi, ən mükəmməl vətəndaş cəmiyyətinin yaradılması, insanların sosial-rifah halının yaxşılaşdırılması üçün maksimum layihələrin reallaşdırılması və çox başqa faktlar ölkə daxilində İlham Əliyevin uğurları kimi qəbul edilir. Ancaq beynəlxalq təşkilatlar onun ölkədəki bütün çadır düşərgələrini müasir qaçqın şəhərciklərii ilə əvəz etməsini, 7 ildə 2 minə qədər məktəb binası tikilməsinə nail olmasını, yoxsulluq həddinin 49 faizdən 11 faizə endirilməsini, işsizlik probleminin həlli üçün 800 min yeni iş yeri yaradılmasını, adambaşına düşən ümumi daxili məhsul istehsalının artım tempinə görə bütün dünyada lider dövlətə çevrilməyimizi, dünyanın ən yaxşı biznes mühütünə malik ölkəsinə çevrilməyimizi və bir çox məqamları Azərbaycan Prezidentinin ən böyük uğurları kimi tanıyırlar.

Xalqımız isə başqa bir məqamı önə çəkir: Munaqişə tarixində ilk dəfə - 2010-cu ilin oktyabrında Rusiyanın Həştərxan şəhərində Ermənistan Prezidentinin Azərbaycanın humanitar tələbləri ilə razılaşması Prezilent İlham Əliyevin başa çatmaqda olan ildəki siyasi-diplomatik uğurlarındandır. İnanırıq ki, bu tendensiya ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasına qədər davam edəcəkdir.

 

 

İttifaq Mirzəbəyli

 

Xalq qəzeti.- 2010.- 31 oktyabr.- S. 5.