Azərbaycan modernləşmə yolunda

 

Prezident İlham Əliyevin böyük uğurla həyata keçirdiyi modernləşdirmə xətti Azərbaycanı davamlı siyasi sistemi, demokratik təsisatları və bazar sisteminə xas iqtisadi strukturu olan məkana çevirməyə imkan vermişdir

 

Biz belə hesab edirik ki, regionumuzun gələcəyi cəmiyyətimizin nə dərəcədə uğurla modernləşdirilməsindən asılı olacaqdır.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Liderlik fenomeni

 

Azərbaycan dövlətçiliyi modelinin baza əsaslarının, eləcə də milli inkişaf konseptinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Heydər Əliyevin xalqın çağırışı ilə hakimiyyətə qayıdışı ərəfəsində müstəqilliyini yenicə əldə etmiş Azərbaycan daxildən siyasi böhranın məngənəsində çırpınırdı ki, bu da ölkənin real surətdə parçalanması ilə nəticələnə bilərdi. Son dərəcə əlverişli geosiyasi mövqeyə və nəhəng enerji resurslarına malik olan Azərbaycan dünya dövlətləri, o cümlədən regional dövlətlər arasında nüfuz dairəsinin bölünməsi uğrunda mübarizədə geosiyasi oyunlar meydanına çevrilmişdi. Üstəlik, bütün bunlar Ermənistanın Azərbaycana qarşı davam etməkdə olan təcavüzü, Azərbaycan ərazisinin 20 faizinin xarici qüvvələrin dəstəyi ilə erməni silahlı birləşmələri tərəfindən işğalı, münaqişə zonasından bir milyon qaçqının və məcburi köçkünün qovulması, iqtisadiyyatın tamamilə çökməsi, işsizliyin və kütləvi yoxsulluğun görünməmiş vüsət alması fonunda baş verirdi. Ölkənin siyasi və iqtisadi kollaps vəziyyətinə düşməsi labüd görünürdü. Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ölkənin sürətlə uçuruma yuvarlanmasının qarşısını aldı.

Azərbaycan siyasətinin patriarxı çox ağır bir şəraitdə, millətin bütün resurslarını qətiyyətlə səfərbər etmək yolu ilə güclü daxili potensiala malik yeni milli dövlət hakimiyyəti sxemini qura, Azərbaycanda ictimai həmrəyliyə və siyasi sabitliyə nail ola bildi. Heydər Əliyevin titanik səyləri nəticəsində ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında ciddi dönüş mərhələsinin başlanğıcı qoyuldu. Dövlətin əsası olan suverenlik, dövlətçilik, ədalət, demokratiya, milli yüksəliş, dünyəvi dövlət və liberal iqtisadiyyat kimi ümumbəşəri dəyərlərin sintezini təmin edən milli ideologiya formalaşdırıldı. Dövlət institutları təkmilləşdirildi, çox ehtiyac duyulan xarici əlaqələrimiz genişləndirildi, hərtərəfli enerji strategiyası reallaşdırıldı və ölkənin uzunmüddətli inkişafının təməli qoyuldu.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə yönəlmiş strategiyası yeni mərhələdə siyasi varisi Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Heydər Əliyev siyasi xəttinə, demokratiya və müstəqillik ideyalarına sadiq qalan İlham Əliyev milli, azərbaycançılıq maraqlarını ən yüksək səviyyədə təbliğ və müdafiə edir, xalqımızı və ölkəmizi tərəqqiyə, inkişafa və firavanlığa doğru aparır. Hərtərəfli biliyə, güclü iradəyə və milli ruha, dərin fəlsəfi düşüncə tərzinə və yüksək peşəkarlığa malik olan bu nadir insanın bütün fəaliyyəti doğma xalqına sədaqətlə xidmətin parlaq nümunəsidir.

ABŞ-ın nüfuzlu Con Hopkins Universiteti nəzdindəki Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunun rəhbəri professor Frederik Starr qeyd edir ki, "Prezident İlham Əliyevin ən güclü cəhətlərindən biri odur ki, onun üçün daim diqqət mərkəzində olmaq əhəmiyyətli deyildir. O, bacarıqlı, tarazlı, düşünülməmiş qərarlara yol verməyən, rəyi ilə razılaşmadığı insanlara ehtiramla yanaşan bir şəxsiyyətdir. Mən onun Azərbaycandakı müxalifət nümayəndələri barədə hörmətlə danışdığını dəfələrlə eşitmişəm. O, şəxsi hissləri siyasətdən ayıra bilən adamdır. Bunların hamısı çox məsuliyyətli insana xas olan xüsusiyyətlərdir. Məncə, o, indiyə qədər ölkəsinə çox gözəl xidmət edib".

İlham Əliyev, sözün əsl mənasında, bütün parametrlərinə görə bütöv, fenomen şəxsiyyət, xarizmatik liderdir. Qeyri-adi təsir və nüfuz gücünə malik olmaq, insanlarla izah edilməsi mümkün olmayan səmimiyyət və anlayışlı münasibətlər yarada bilmək və digər mühüm cəhətlər Azərbaycanın dövlət başçısının simasında cəmləşmişdir.Siyasi lideri səciyyələndirən keyfiyyətlərin zənginliyi İlham Əliyev şəxsiyyətində ahəngdar şəkildə bir-birini tamamlayır. Onun liderlik qabiliyyəti ilə həm ölkədaxili, həm də beynəlxalq nüfuzunun optimal nisbətinin bir-birini tamamlaması heyrət doğurmaya bilmir.

İlham Əliyevin siyasi idarəçilik təcrübəsi, dövlətçiliyin təməl prinsiplərinə dərindən bələd olması və siyasi fəaliyyətində bu prinsiplərə istinad etməsi onun uzaqgörənliyini, müdrikliyini, ən ekstremal vəziyyətlərdə yeganə doğru qərar qəbul etmək bacarığını və uğurlarını şərtləndirən amillərdəndir. İlham Əliyevin siyasi obrazı millətimizin dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin təcəssümüdür. Xalqımızın tarix boyu qərarlaşmış milli dəyərlərinin qorunması, Azərbaycan dilinin inkişafı, milli mədəniyyətimizin, əxlaq normalarımızın, dinimizin, mənəviyyatımızın yüksəldilməsi, gənclərin milli ruhda tərbiyə edilməsi İlham Əliyevin liderlik qayəsini müəyyən edən cəhətlərdəndir.

Bir dövlət başçısı kimi İlham Əliyevin ən böyük üstünlüklərindən biri müəyyən etdiyi inkişaf yolunu düşünülmüş, əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə doğru, aydın istiqamətdə aparmasındadır. Konkret məqamda dövlətin imkanları ilə yanaşı, dünyada gedən proseslərin təhlil olunaraq nəzərə alınması, uzlaşdırılması baş verən inkişafın uzunömürlülüyü ilə yanaşı, məqsədə daha tez çatmağı da təmin edir.

İlham Əliyevin etiraf etdiyi və müasirlərinin də şahidi olduğu kimi, onun fəaliyyətində praqmatizm, realizm həmişə gərəkli olmuşdur. Səbəb olduqca sadədir - İlham Əliyev dünyagörüşünə xas olan ən mühüm cəhət mövcud vəziyyəti düzgün və dəqiq müəyyənləşdirməkdir, çünki məhz realizmə, praqmatizmə söykənən intellekt real məqsədə çata bilər. İlham Əliyev ideoloji təmayülünə və siyasi əqidəsinə görə realist siyasətçidir, onun düşüncə tərzi bəşəri və milli dəyərlərə söykənir, o, yaşadığı cəmiyyətin inkişafı və onun dövlətinin dünya reallıqlarında tutduğu mövqeyindən, məntiqindən çıxış edir. İlham Əliyev öz köklərindən və həyatın real axarından ayrı düşməyən, dünyaya açıq olan, qınına qapılmayan (Oljas Süleymenov) yetkin və müasir duyumlu siyasi xadim kimi şöhrət tapmışdır.

İlham Əliyevin fikrincə, siyasət boş sözlərə, şüarlara deyil, məhz real, əməli işlərə əsaslanmalıdır. Azərbaycan Prezidentinin fəaliyyəti onun bir siyasi xadim kimi yetkinliyinə, vəziyyətin mümkün inkişafını təkcə ölkə miqyasında deyil, həm də bütün geosiyasi proses çərçivəsində qabaqcadan görmək qabiliyyətinə dəlalət edir. Demək lazımdır ki, hakimiyyətdə olduğu müddətdə o, seçkiqabağı kampaniyanın gedişində xalqa verdiyi bütün vədlərinə əməl etmişdir. İlham Əliyevin prezidentliyinin ilk beş ilində ölkə öz iqtisadi əhəmiyyətini artırmış, siyasi mühit sağlamlaşdırılmış, müstəqil dövlətin vətəndaşlarının mənəvi-əxlaqi simasının formalaşmasında yeni mərhələnin əsası qoyulmuşdur. "Bu illər dünya birliyi tərəfindən qəbul edilən yeni, suveren inkişaf modelinə doğru təkamül dövrü, Azərbaycan torpağının liderlər yetişdirmək potensialının davamlı ənənəyə çevrilməsinin sübutu olmuşdur.

Həmin illər tariximizin ən yeni mərhələsində İlham Əliyev dövrünün başlanğıcı və uğurlu nəticələrin həkk olunduğu illər kimi yadda qalmışdır. Nə "qərbləşmə", nə də Şərq və Asiya modelinin təqlidi olmayan, yalnız Azərbaycana xas olan və onun "dövlət identikliyi" kimi milli köklərdən qaynaqlanan nadir xüsusiyyətini ifadə edən, beynəlxalq aləmdə təkzibedilməz amilə çevrilən milli inkişaf modelinin formalaşdığı illər olmuşdur"(Ramiz Mehdiyev). Bu illərin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkənin modernləşdirmə yolu ilə inkişafına, daha mükəmməl strukturlu səmərəli dövlətçiliyin bərqərar olmasına təkan vermiş, Azərbaycanın regional proseslərdə rəqabətə davamlılığını və buna müvafiq olaraq Cənubi Qafqazda qeyd-şərtsiz liderliyini təmin etmiş, respublikamız beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirmişdir.

Prezident İlham Əliyev xalqa gələcək inkişafın cəlbedici mənzərəsini təklif etməklə yanaşı, iqtisadi və siyasi tərəqqinin perspektivlərini aydın göstərmiş, xalqımızda siyasi və sosial-iqtisadi uğurların davamlı xarakter alacağına əminlik yarada bilmişdir. Onun modernləşmə strategiyası millətin potensialının dərin qatlarını üzə çıxarmışdır.Uzaqgörən və bəsirətli siyasətçi olan İlham Əliyev postindustrial informasiya cəmiyyətinə keçid məsələlərinin həlli üçün cəmiyyətin yüksək intellektual-mənəvi ehtiyatlarını səfərbər etməyi qarşısına məqsəd qoymuşdur. Beynəlxalq ictimai rəydə Azərbaycanın yeni statusunun möhkəmlənməsinə kömək edən yüksək inkişaf sürətinə davamlı təkan verməklə İlham Əliyev innovasiya texnologiyaları dövrünün siyasi lideri kimi tanınmışdır.

Yeri gəlmişkən, bir məqamı dəqiqləşdirməyə dəyər. Analitiklər siyasi nəzəriyyədə liderliyin bir neçə tipini fərqləndirir: monarxik, avtarkiya tipli liderlik, inzibati liderlik və peşəkar avtoritetin liderliyi. Xüsusi vurğulamaq istərdik ki, indiki halda lider siyasi nəzəriyyədə izah olunduğu kimi, fərdin şəxsi xüsusiyyəti, keyfiyyəti deyil, cəmiyyət ilə siyasi xadim arasında münasibətlərin müəyyən sistemidir. Bu münasibət situativ və konkret (bu və ya digər mövzular və prioritetlər barədə insanlar birliyi arasında münasibət) olmaqla bərabər, həm də müəyyən kommunikasiya sisteminin mövcudluğunu nəzərdə tutur. Bu sistemin səmərəliliyi isə nəticə etibarilə liderin rəhbərliyi altında ictimai inkişafın keyfiyyəti və sürəti ilə müəyyən edilir.

Siyasi lider insan birliklərinin, kütlələrin xalq kimi təşkilatlanmasında, dövlət statusunda varlığının təmin olunmasında, cəmiyyətin quruculuq potensialının səfərbər edilməsində, hədəf və məqsədlərə nail olmaqda, mürəkkəb durumlardan çıxış yolunun tapılmasında həlledici amil kimi çıxış edir. Siyasi liderin dahiliyi, yaşadığı zamana və gələcəyə təsiri, idarəetmə, nizam və qərar qəbuletmə tərzlərində novatorluq keyfiyyətləri önəmli sayılır. İlham Əliyev müasir, səmərəli, demokratik, ümummilli liderlik tipinə sadiqdir. Bu liderlik, ilk növbədə, mütərəqqi ictimai inkişafın optimallaşdırılmasına və vətəndaşların rifah səviyyəsinin artırılmasına yönəldilmişdir, çünki nəticə etibarilə məhz rifah səviyyəsi bu və ya digər ümummilli liderin uğurlarının əsas meyarıdır.

İlham Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gerçəkləşdirdiyi planlar artıq bugünkü Azərbaycanın reallığına çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Sübut etməyə ehtiyac yoxdur ki, qısa zaman kəsiyində İlham Əliyevin rəhbərliyi altında əldə etdiklərimizin dəyəri gələcəkdə nailiyyətlərimizin üfüqlərədək genişlənəcəyi fonda daha aşkar görünəcəkdir.

 

Gələcəyə istiqamətlənmiş strategiya: sabitləşmədən modernləşməyə doğru

 

Azərbaycanın siyasi və iqtisadi yüksəlişinin əsas oriyentiri demokratik təsisatların və ənənələrin möhkəm sisteminin formalaşmasına yönəlmişdir. Müasir Azərbaycan cəmiyyəti demokratikləşməni milli inkişafın ən mühüm sosial amili kimi qəbul edir. Son illərdə ölkədə milli demokratikləşmənin aydın bazisi formalaşmışdır. Geniş səpkidə yanaşdıqda, cəmiyyətin demokratikləşməsi sosial, siyasi və iqtisadi prosesdir və hər bir konkret sosium üçün onun özünəməxsus fərqləndirici cəhətləri vardır. Demokratikləşmənin təkamül və suveren xarakteri siyasi sistemin səmərəli inkişafını, rəqabətədavamlı bazar iqtisadiyyatının formalaşdırılmasını və vətəndaş cəmiyyətinin sabit inkişafını təmin etməyə imkan verir, insanların sosiomədəni həyatına yeni seqmentlər daxil edir, yeni davranış normaları və stereotipləri aşılayır.

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, təmsilçi demokratiyanın əsasını sərbəst bazarın təşəkkülündə ifadə olunmuş iqtisadi demokratiya təşkil edir. Məhz bu səbəblərə görə Prezident İlham Əliyev belə bir məntiqi əsas götürür ki, demokratiyanı möhkəmlətməyin ən yaxşı üsulu sərbəst bazar münasibətlərinin təşviq edilməsidir. Yalnız sərbəst bazar fəaliyyət qabiliyyətli demokratik rejim, ictimai inkişafın bəhsləşməyə və alternativliyə əsaslanmasını şərtləndirən açıq vətəndaş cəmiyyəti və ənənələr formalaşdırmağa imkan verə bilər. Akademik Ramiz Mehdiyev haqlı olaraq yazır ki, sabit iqtisadiyyatı olmayan məkanda demokratiya da olmaz, bu, aksiomdur. Görkəmli alim-filosof qeyd edir ki, hazırda ölkəmiz "Azərbaycan cəmiyyətinin total transformasiyası" şəraitindədir. Sabitlik modernləşmənin, dövlətin və cəmiyyətin transformasiyasının əsas şərtidir. Bu baxımdan, Prezident İlham Əliyevin əsas məqsədi Azərbaycanı sabit və güclü iqtisadiyyatı olan, demokratik təsisatları səmərəli şəkildə fəaliyyət göstərən, hər bir vətəndaşının sabahına inamı olan bir dövlətə çevirməkdir. Bu, Azərbaycan Prezidentinin ali amalı və məqsədidir. Bu ideoloji və inkişaf xətti Azərbaycanın bu gününü və sabahını müəyyənləşdirmiş dühanın - Heydər Əliyev şəxsiyyətinin bizə qoyduğu irsdir.

İlham Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən Azərbaycana sədaqətlə xidmət edərək, dövlət təsisatlarını möhkəmlətmiş, hakimiyyət strukturlarında islahatlar aparmış, təbii sərvətlərdən əldə edilən gəlirlərin idarə olunması üçün səmərəli vasitələr yaratmışdır. O, gəlirlərin həcminə görə cəmiyyətin qütbləşməsinin qarşısını almaq üçün tədbirlər görmüş, ölkənin gəlirlərinin əhali arasında ədalətli bölüşdürülməsi üçün əlindən gələni etmişdir və edir.

Bu baxımdan, dövlətimizin başçısının regionların inkişafına yönəlmiş fəaliyyəti çox böyük, bəlkə də, öncül əhəmiyyət kəsb edir. Prezident daim bölgələrdə olur, ictimaiyyətlə görüşür, hər kəsi diqqətlə dinləyir. Regionlarımız sürətlə və intensiv inkişaf edir, yeni iş yerləri ilə yanaşı, müalicə-sağlamlıq ocaqları, idman və mədəniyyət kompleksləri açılır, yeni parklar, meydanlar salınır, məktəblər tikilir.

Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, yeni qəsəbələrin salınması daim diqqətdə saxlanılır. Dövlət proqramına uyğun olaraq, bütün çadır düşərgələri ləğv edilmişdir. İndi qaçqınlar dövlətin onlara verdiyi rahat mənzil və evlərdə yaşayırlar. İlham Əliyev bu məsələdə də öz sözünə sadiq qalmışdır.

Prezident İlham Əliyev sosial məsələlərin həllinə, əhalinin gəlirlərinin və alıcılıq qabiliyyətinin artırılmasına böyük diqqət göstərir. Xatırlatmaq yerinə düşər ki, ötən altı ildə Azərbaycanın dövlət büdcəsinin xərcləri 12 dəfədən çox artmışdır. Əhalinin minimum əmək haqqı 8,3 dəfə, minimum pensiyanın məbləği 4 dəfə yüksəlmişdir. Ölkəmiz 2003-cü ildən bəri yoxsulluğun səviyyəsini 49 faizdən 13 faizə endirməyə nail olmuşdur. Bütün bunlar vətəndaşların rifah halının yaxşılaşdırılmasına yönəlmiş kompleks tədbirlərin nəticəsidir.

Azərbaycan keçid dövrünü arxada qoymuş və ictimai həyatın bütün sahələrini əhatə edən ümumi tərəqqinin keyfiyyətcə yeni mərhələsinə daxil olmuşdur. Təsadüfi deyil ki, mötəbər beynəlxalq qurumlardan sayılan Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyini yüksək qiymətləndirmiş və dünyada 51-ci sıraya qoymuşdur ki, bu da Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ən yüksək göstəricidir. Artıq bir neçə ildir ki, Azərbaycan iqtisadi artım göstəricilərinə görə dünyada ən qabaqcıl ölkələrdən biridir.

Son altı ildə Azərbaycan iqtisadiyyatı 3 dəfə, adambaşına düşən gəlir 5 dəfə artmışdır. Respublikamızda sənaye istehsalının həcmi 3 dəfə yüksəlmiş, sənayeləşmə prosesi geniş vüsət almış, 900 min yeni iş yeri açılmışdır. Bundan əlavə, son on ildə ölkəyə təqribən 25 milyard dollar xarici investisiya qoyulmuşdur. Özəlləşdirmə prosesi ÜDM-in strukturunda özəl sektorun xüsusi çəkisinin artmasına gətirib çıxarmışdır. Azərbaycanın ÜDM-ində özəl sektorun payı 85 faizə çatır. Bu, keçmiş SSRİ məkanında ən yüksək göstəricilərdən biridir.

Azərbaycan öz iqtisadiyyatında qlobal böhranın təsirini minimuma endirməyə və hətta iqtisadi artıma nail ola bilmişdir. 2010-cu ilin ötən dövründə milli iqtisadiyyat dinamikasını saxlamış və hazırda ÜDM-in artımı 4 faiz olmuşdur. Azərbaycan hökuməti xüsusilə qeyri-neft sektorunda özəl sektorun inkişafına stimul yaradılması və ölkənin beynəlxalq bazarlarda rəqabət imkanlarının möhkəmləndirilməsi istiqamətində ticarət və investisiya mühitini davamlı inkişaf etdirmişdir. Qeyri-neft sektoru son illərdə 16 faiz artmışdır. Düşünülmüş iqtisadi siyasət və real nəticələrə yönəlmiş islahatlar Azərbaycanın dünyanın dinamik inkişaf edən dövlətlərindən biri kimi qəbul edilməsinə səbəb olmuşdur.

Bugünkü Azərbaycanın iqtisadiyyatı ölçülərinə görə Qafqazda birinci yeri tutur. O, həm də əvvəllər sosializmin yayılmış olduğu bütün məkanda ən sürətlə inkişaf edən iqtisadiyyatdır. Dünyanın nüfuzlu maliyyə və reytinq təşkilatları, ekspertlər Azərbaycanın sürətli iqtisadi inkişafını, ölkədə bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olduğunu, liberal iqtisadiyyat yaradıldığını xüsusi olaraq qeyd edirlər. Məhz bu göstəricilərin nəticəsidir ki, Azərbaycan həmin təşkilatların hesabatlarında öncül yerlərdən birini tutur. Yada salaq ki, Dünya Bankı ilə onun struktur vahidi olan Beynəlxalq Maliyyə Korporasiyasının dünyada biznes mühitinə dair "Doing Business - 2009" hesabatında Azərbaycan 181 ölkə arasında bir nömrəli islahatçı ölkə elan olunmuşdur. Azərbaycan işgüzar mühitin əlverişliliyi baxımından dünya ölkələri arasında və hesabatın tərtibatı tarixində ilk ölkədir ki, ötənilki göstəricisini (97-ci yer) 64 pillə yaxşılaşdıraraq, MDB ölkələrini və Avropanın bir neçə inkişaf etmiş ölkəsini geridə qoymuş və 33-cü yerə yüksəlmişdir. Bununla da hesabatın hazırlanması tarixində ən böyük sıçrayış rekordu müəyyən edilmişdir. Hesabat müəlliflərinin qiymətləndirmə prinsipinə görə, Azərbaycan əsas parametrlər üzrə ciddi irəliləyiş nümayiş etdirmişdir.

Mütəxəssislərin qənaətinə görə, işgüzar göstəricilərin belə əhəmiyyətli dərəcədə yaxşılaşmasına biznes mühitinin liberallaşdırılması istiqamətində həyata keçirilmiş əməli tədbirlər və paralel olaraq işgüzar və əmək qanunvericiliyinə edilmiş dəyişikliklər təsir göstərmişdir. Bu uğurlarda Azərbaycan Prezidentinin 2007-ci il 30 aprel tarixli "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" fərmanının icrası ilə əlaqədar bəzi sahələrin tənzimlənməsi prosesinin asanlaşdırılması, o cümlədən biznesin başlanması və "bir pəncərə" prinsipinin tətbiqi kimi əməli tədbirlər xüsusi vurğulanmalıdır. Dövlət başçısının qarşıya qoyduğu vəzifələr uğurla həyata keçirildikcə və iri infrastruktur layihələri reallaşdıqca ölkəmizin iqtisadi qüdrəti artır, beynəlxalq aləmdəki reytinqi yüksəlir. Yalnız enerji istehsalçısı və ixracçısı kimi deyil, eyni zamanda, vacib tranzit ölkəsi kimi Azərbaycanın regionun mərkəzi oyunçusu və beynəlxalq arenada əhəmiyyətli aktor olaraq imkanları getdikcə artır. Bunların hamısı bir daha ölkəmizin sürətli inkişafının və modernləşməsinin bariz nümunəsidir.

Azərbaycan sülhsevər xarici siyasət yürüdür. Bütün dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə qarışmamaq Azərbaycanın başqa ölkələrlə qarşılıqlı əlaqələrində əsas prinsiplərdir. Şəffaflıq və öncədən müəyyənləşdirmə Azərbaycanın xarici siyasətini səciyyələndirən əsas xüsusiyyətlərdir. Ölkəmizin xarici siyasəti, ilk növbədə, onun ərazi bütövlüyünün və suverenliyinin tezliklə bərpa edilməsinə, qonşu dövlətlərlə mehriban və qarşılıqlı surətdə faydalı münasibətlərin inkişaf etdirilməsinə, regionda sabitliyin və təhlükəsizliyin gücləndirilməsinə, Xəzər dənizi hövzəsinin demilitarizasiyasına, Avropa və Transatlantik strukturlarına inteqrasiyanın genişləndirilməsi işinə xidmət edir. Bu istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın həyata keçirdiyi tarazlaşdırılmış xarici siyasət xətti nəinki ölkəmizin beynəlxalq aləmdə mövqeyini möhkəmləndirmiş, eyni zamanda, milli təhlükəsizliyini gücləndirmişdir. Bununla yanaşı, Azərbaycanın geosiyasi rəqabət meydanına çevrilməsinin qarşısı alınmışdır. Strateji baxımdan əlaqələri genişlənən Azərbaycanın dünya geosiyasi məkanına siyasi, iqtisadi inteqrasiyası üçün də geniş imkanlar açılmışdır.

Zəngin təbii ehtiyatlara malik olan və Cənubi Qafqazda ən əlverişli geosiyasi mövqedə yerləşən bir ölkə kimi Azərbaycan həm Avropa, həm də Asiya üçün maraq doğurur.Avropaya inteqrasiyanı genişləndirmək siyasəti yürüdən rəsmi Bakının Avratlantik məkanı ilə sıx əməkdaşlığı milli xarici siyasətin özəyi olaraq qalır. Bununla bərabər, Avropa İttifaqının "Yeni qonşuluq siyasəti" və "Şərq tərəfdaşlığı" proqramları Aİ çərçivəsində strateji qarşılıqlı münasibətlər yaradılmasının mühüm elementi kimi çıxış edir.

ABŞ ilə qarşılıqlı münasibətlər Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan demokratik inkişaf, seçki prosesləri, vətəndaş cəmiyyətinin formalaşdırılması, silahlı qüvvələrin təkmilləşdirilməsi məsələlərində ABŞ-la sıx əməkdaşlıq edir. Həmin məsələlərin bütün kompleksi xarici siyasətin çoxvektorluluğunu qoruyub saxlamaqla ölkəmizin Avratlantik məkana inteqrasiya xəttinin ifadəsidir.

Azərbaycan regional əməkdaşlığı regionda sülhün və sabitliyin qorunub saxlanılması üçün mühüm amil hesab edir. Qonşu dövlətlərlə əlaqələrin daha da inkişafı kontekstində Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli strateji tərəfdaşlıq və dərinləşən əməkdaşlıq regionda sabitliyin göstəricisinə çevrilmişdir. Rusiya dünya siyasətinin mühüm aktoru olmaqla bərabər, həm də Azərbaycanın çox mühüm geosiyasi və geoiqtisadi qonşusudur, Azərbaycanla onu möhkəm tarixi və mədəni tellər bağlayır. İki ölkənin dostluq və qarşılıqlı səmərəli ikitərəfli və çoxtərəfli əlaqələri zamanın sınağından çıxmışdır və tarazlaşdırılmış, çoxvektorlu siyasətin əsaslılığının əyani təsdiqidir. Ölkəmiz İranla mütərəqqi və gələcəyə istiqamətlənmiş dialoq aparır, habelə Xəzər dənizi ilə Avropa regionu arasında körpü yaratmaq məqsədi ilə Mərkəzi Asiya dövlətləri ilə münasibətlərini inkişaf etdirir.

Orta Şərq və Asiya ölkələri ilə əlaqələr Azərbaycanın xarici siyasətində vacib yer tutur. Yaranmaqda olan siyasi güc mərkəzləri və sürətlə artan iqtisadiyyatlara malik bu regionlar iqtisadi, telekommunikasiya və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün perspektivlər açır. Azərbaycan yürütdüyü uğurlu xarici siyasət nəticəsində artıq dünya dövlətləri və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanımış və ölkəmizin bu məsələdəki birmənalı mövqeyi təsdiqləmişdir ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur.

Ölkəmizin Prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində böyük səy və əzmkarlıq göstərir. Xarici müşahidəçilər dəfələrlə qeyd etmişlər ki, İlham Əliyev danışıqlar prosesinin təmkinli məcraya düşməsində mühüm rol oynamışdır. Dağlıq Qarabağ probleminin dinc yolla həllinin tərəfdarı olan Prezident, eyni zamanda, açıq-aşkar bəyan edir ki, Azərbaycanın öz torpaqlarını istənilən şəkildə, o cümlədən hərbi yolla işğalçılardan təmizləmək, ərazi bütövlüyünü bərpa etmək üçün bütün imkanları vardır.

Son illər Azərbaycan yeni dövlət neft strategiyasını, - onun yaradılması Prezident Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır, - həyata keçirərək, XXI əsrin reallıqlarını və ilk növbədə, milli mənafeləri nəzərə alaraq, öz coğrafi strategiyasını və coğrafi siyasətini onun əsasında qurur. Hazırda bu amil xarici siyasətin, milli təhlükəsizliyin, iqtisadi rifahın və sabitliyin mühüm tərkib hissəsinə çevrilmişdir.

Qərb və Şərq mədəniyyətlərini birləşdirən körpü kimi Azərbaycan sivilizasiyalar və dinlər arasındakı dialoqda fəal iştirak edərək bu məsələyə öz töhfəsini verir. Enerji təhlükəsizliyi baxımından Azərbaycan çox önəmli ölkədir. Qlobal enerji layihələri, boru kəmərləri şəbəkəsinin yaradılması, habelə potensial enerji ehtiyatları sayəsində Azərbaycan tranzit ölkədən neft və qaz ixrac edən, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə çevrilmiş, bu amil beynəlxalq birliyin respublikamıza diqqətini daha da gücləndirmişdir.

Azərbaycan sabitlik və modernləşmə yolunu seçmişdir. Azərbaycanın inkişafının məqsədi təkcə dövlətin daxili çərçivələri ilə məhdudlaşmır, ölkəmiz həm də sülh və tərəqqi naminə çalışır. Azərbaycan cəmiyyəti üçün modernləşmə müasir inkişafın əsas amili olmaqla, özündə milli ənənələri, qaynaqları və kökləri, əsrlər boyu keçdiyimiz tarixi yolu təcəssüm etdirir. Modernləşmənin mahiyyəti Azərbaycan cəmiyyətinin total demokratik transformasiyasından ibarətdir. Azərbaycanın apardığı siyasət milli və bəşəri maraqların tarazlığı üzərində qurulmuşdur. Məhz buna görədir ki, Azərbaycan dövlətinin problemlərin siyasi həlli modeli bütün dövlətlərlə qarşılıqlı surətdə faydalı əməkdaşlıq perspektivləri açır.

 

Hakimiyyətin əsası - xalqın etimadı

 

Bir daha qeyd edək ki, Prezident İlham Əliyev ölkəmizin müstəqilliyinin təminatçısıdır. Cənab İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir.Azərbaycan Prezidentinin uğurları ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir, xalqın öz liderinə olan inamını, etimadını daha da artırır. Ölkəmizdə əhalinin böyük əksəriyyəti Prezidentin fəaliyyətini dəstəkləyir. İstər yerli, istərsə də əcnəbi təhlilçilərin fikrincə, hələ uzun illər gələcək prezident seçkilərinin şəksiz favoriti də məhz İlham Əliyev olacaq, çünki onun xalqa deməyə sözü vardır, o, xalqa nə təklif edəcəyini bilir.

Böyük Britaniyada çıxan nüfuzlu "Financial Times" qəzetində ölkəmiz haqqında dərc edilən silsilə məqalələrin müəllifləri də bu fikirdədirlər. Onlar İlham Əliyevin prezident olduğu 2003-2008-ci illərdə Azərbaycanın qazandığı uğurları sadalayıb qiymətləndirmişdilər. 2008-ci ildə keçirilmiş seçkilərdə isə onun qalib gəldiyi barədə məlumat verən qəzetdə seçkidən əvvəl yazılmış məqalədən sitat gətirilmişdir: "Moskvada təhsil almış, ingilis dilində sərbəst danışan, qərbyönümlü islahatlara sadiq olan Azərbaycan Prezidenti İlham Əliyevin qarşıdan gələn prezident seçkilərində qələbə qazanacağına şübhə edənlərin sayı çox azdır. Zəif vəziyyətdə olan müxalifətin isə onun prezident seçilməsi yolunda hər hansı problem yaradacağı gözlənilmir. Azərbaycan cəmiyyətində dəstəyi olmayan müxalifət təcrid edilmiş vəziyyətdə qalmışdır".

ABŞ-ın Beynəlxalq Seçki Sistemləri Fondunun (İFES) Azərbaycan vətəndaşları arasında keçirdiyi sorğunun nəticələri göstərmişdir ki, Prezident İlham Əliyevin əhali arasında nüfuzu ildən-ilə artmaqda, vətəndaşların dövlətimizin başçısına olan inam və etimadları yüksəlməkdə davam edir. Sorğuda rəyi soruşulanların 85 faizi Azərbaycan Prezidentini dəstəklədiyini bildirmişdir. İFES və sosioloji sorğular üzrə ixtisaslaşmış digər təşkilatlar əvvəllər də ölkəmizdə ictimai rəyi öyrənmək üçün bir neçə dəfə sorğular keçirmiş və nəticələrə əsasən əhalinin böyük əksəriyyətinin İlham Əliyevə etimad göstərdiyi məlum olmuşdu.

ABŞ-da yerləşən və dünya üzrə insan resurslarını öyrənən, statistik araşdırma xidmətləri göstərən "Gallup" təşkilatının keçmiş sovet respublikaları üzrə sorğusunun nəticələrindən də məlum olmuşdur ki, ölkəmizdə rəyi soruşulanların 77 faizi hakimiyyətin fəaliyyətini dəstəkləyir. Nüfuzlu beynəlxalq təşkilatın keçirdiyi rəy sorğusunda Azərbaycan MDB ölkələri içərisində birinci olmuşdur. Ukraynada rəyi soruşulanların cəmi 4 faizi hakimiyyətin işindən razıdır. Litvada respondentlərin 13 faizi, Gürcüstanda 21 faizi, Moldovada 25 faizi hakimiyyətin fəaliyyətini bəyənmişdir. Şübhəsiz ki, bu uğur təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasını Prezident İlham Əliyevin daha əzmlə, müasir dövrün tələblərinə uyğun davam etdirməsinin nəticəsidir.

İlham Əliyevin rəqiblərinin fikrincə, ona etimadın səviyyəsi o qədər yüksəkdir ki, ona qarşı çıxmaq insanın özünü siyasətdən uzaqlaşdırması deməkdir. Həqiqətən də, İlham Əliyev cəmiyyətin bütün təbəqələri ilə sıx əlaqə yaratmaqla sübuta yetirmişdir ki, onun hakimiyyəti Azərbaycan xalqının əsl hakimiyyətidir. Dövlət başçısının müxtəlif illərdə yerli və ayrı-ayrı dövlətləri təmsil edən qurumlar tərəfindən Azərbaycanda ilin adamı elan edilməsi onun dünyada ölkəmizin mövqelərinin möhkəmləndirilməsi, Azərbaycan vətəndaşlarının rifahının yaxşılaşdırılması, döyüş qabiliyyətli ordu quruculuğu istiqamətində fəaliyyətinə, mükəmməl və tarazlaşdırılmış xarici siyasətinə verilən qiymətdir. Əslində, Azərbaycan Prezidentinin indi bütövlükdə dünya siyasətində bütün siyasi qütblərin hesablaşdığı və rəğbət bəslədiyi fenomen siyasi liderə çevrilməsi də məhz bu reallıqlarla şərtlənmişdir.

Sözsüz ki, bütün bunlar ümummilli lider Heydər Əliyevin əbədiyaşar ideyalarına əsaslanan siyasi xəttin çox böyük uğurla həyata keçirildiyini nümayiş etdirir və ulu öndərin xalqın firavanlığı və ölkənin davamlı inkişafı üçün ilkin şərt olan Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi ideyasına xalqın böyük dəstəyini ifadə edir. Prezident İlham Əliyevin xalqdan aldığı dəstəyin təməlində də onun Heydər Əliyev siyasətinə sadiqliyi dayanır. İlham Əliyev çıxışlarının birində demişdir: "... İnsan tarixə öz əməlləri ilə düşür. Heydər Əliyev tarixin böyük bir hissəsidir. Onun əməlləri, bütün təşəbbüsləri bir məqsəd daşıyırdı - Azərbaycan xalqına xidmət etmək, ölkəmizi gücləndirmək, müstəqilliyimizi möhkəmləndirmək, ölkəmizdə demokratik cəmiyyət qurmaq. Hamımız, Azərbaycan xalqı bu siyasətə sadiqdir. Biz bu siyasəti davam etdirəcəyik. Azərbaycanda bu siyasətin alternativi yoxdur. Xalqımız da, beynəlxalq ictimaiyyət də bunu çox yaxşı bilir. Azərbaycan xalqına vəd etmişəm ki, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm, çünki o, yeganə düzgün siyasətdir. Bu siyasət ona gətirib çıxardı ki, Azərbaycan xaos, hərc-mərclik, vətəndaş müharibəsi vəziyyətindən quruculuq və tərəqqi, sülh və sabitlik mərhələsinə keçdi. Mən ondan çox şeyi öyrənmişəm və onun təcrübəsini, məsələlərə baxışını öyrənməklə hələ çox şeyi əxz edəcəyəm. Hər hansı bir qərar qəbul etməzdən əvvəl düşünürəm ki, bu vəziyyətdə Heydər Əliyev necə hərəkət edərdi. Çalışıram ki, mənə inanan, mənə səs verən adamlar məndən razı qalsınlar. Prezident üçün ən yüksək mükafat onun ideyalarına inamdır, bunsuz işləmək çox çətindir. Ona görə də mən çalışacağam ki, Heydər Əliyevin bütün prinsipləri həyatda öz təcəssümünü tapmaqda davam etsin..."

İndi İlham Əliyevin ikinci müddətə Prezident seçilməsindən iki il keçir. Hazırda dövlət başçısı Heydər Əliyev siyasi xəttini uğurla davam etdirir, millətimizin və dövlətimizin parlaq gələcəyi naminə mətin və qəti addımları, düşünülmüş, tarazlı daxili və xarici siyasət xətti ilə Azərbaycanı layiqincə təmsil edir. Prezident İlham Əliyevin çoxşaxəli siyasi fəaliyyəti, Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsi istiqamətində həyata keçirdiyi mühüm tədbirlər, qəbul etdiyi strateji proqramlar, Heydər Əliyev siyasətinin və ideyalarının ardıcıl və dönməz şəkildə gerçəkləşdirilməsi xətti Azərbaycan xalqının xoşbəxt, firavan sabahına, müstəqilliyimizin əbədiliyinə inamı qat-qat artırmışdır.

 

 

Kamal Adıgözəlov,

Bakı Dövlət Universiteti diplomatiya

müasir inteqrasiya prosesləri kafedrasının

dissertantı

 

Xalq qəzeti.- 2010.- 31 oktyabr.- S. 3.