Azərbaycanla Ukrayna arasında bütün sahələr üzrə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər var

 

Xalqlarımız arasında dostluq, qardaşlıq münasibətləri mövcuddur. Əsrlər boyu biz fəal qarşılıqlı fəaliyyət göstərmişik, dostluq etmişik, birlikdə işləmişik. Dövlətimiz müstəqillik əldə etdiyi andan biz həmişə tərəfdaş, dost olmuşuq. Bu gün bu tərəfdaşlıq strateji səviyyəyə yüksəlmiş, gələcək inkişafımızı və əməkdaşlığımızı şərtləndirir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Biz başa düşürük ki, bu gün Azərbaycan Xəzər regionunda və bütövlükdə Asiya bölgəsində çox ciddi mövqe tutur. Biz Azərbaycanı çox yaxşı, köhnə, yaxın tərəfdaş və dost hesab edirik. Bizim münasibətlərimiz həmişə sabit və səmimi olmuşdur. Ən başlıcası isə Azərbaycan və Ukrayna xalqlarının qədim ənənələri vardır. Bu xoş münasibətlərin kökləri yüzilliklərə gedib çıxır.

 

Viktor Yanukoviç,

Ukrayna Prezidenti

 

Azərbaycanın xarici siyasət sahəsindəki uğurları ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırır, əlaqələrini genişləndirir. Ötən illərlə müqayisədə hazırda Azərbaycanla hərtərəfli əməkdaşlığa meyl göstərən dövlətlərin, sərmayə qoymaq istəyən şirkətlərin sayı getdikcə çoxalır. Bu, ilk növbədə ölkədə yaradılmış davamlı ictimai-siyasi sabitliyin, iqtisadisiyasi strategiyanın düzgün müəyyənləşdirilməsinin və dövlət başçımızın məntiqli diplomatik fəaliyyətinin nəticəsidir. Bu bir faktdır ki, Azərbaycanın iştirakı olmadan regionda hər hansı iri infrastruktur layihələrinin reallaşdırılması qeyri-mümkündür. Məhz bu baxımdan ölkəmizə maraq göstərən dövlətlərin sayı getdikcə çoxalmaqdadır.

Ötən illər dünyanı silkələyən maliyyə və iqtisadi böhranın Azərbaycana bir o qədər də ciddi təsir göstərməməsi də ölkəmizin iqtisadi qüdrətinin artmasından xəbər verir. Artıq Azərbaycan dünyada dinamik iqtisadi inkişafa malik dövlət kimi tanınır. Ona görə də Azərbaycan Prezidentinin xarici ölkələrə səfərləri böyük maraqla izlənilir və bu səfərlər qarşılıqlı əməkdaşlığı daha da möhkəmləndirən çoxsaylı sənədlərin imzalanması ilə yadda qalır.

Azərbaycan Prezidentinin bu günlərdə Rusiya Federasiyasına, ardınca Ukraynaya işgüzar və rəsmi səfərləri də böyük əhəmiyyət kəsb etmişdir. Qeyd edək ki, Azərbaycan ilə Ukrayna xalqları arasındakı münasibətlərin qədim tarixi vardır. Bu iki dövlət arasında bütün sahələr üzrə daim xoş münasibətlər, sıx əməkdaşlıq olmuşdur. Ölkələrimiz müstəqillik əldə etdikdən sonra bu münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş və hazırda strateji tərəfdaşların münasibətləri kimi səciyyələndirilir. Azərbaycanın Xəzər regionunda və bütövlükdə Asiya bölgəsində çox ciddi mövqe tutması Ukraynanın diqqət mərkəzində olmuşdur.

Bununla yanaşı, Azərbaycanın regionda lider dövlətə çevrilməsi də Ukraynanın maraq dairəsində olmuşdur. Bu, Ukrayna - Azərbaycan münasibətlərini xeyli yaxınlaşdırmış, iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə öz müsbət təsirini göstərmişdir. Ölkələr arasında ticarət-iqtisadi əməkdaşlıq, beynəlxalq təşkilatlarda birgə məsələləri sahəsində qarşılıqlı yardım son illər özünü daha qabarıq şəkildə büruzə vermişdir. Dost ölkələr bir-birinin mədəniyyətinə, dilinə çox böyük hörmət və qayğı ilə yanaşırlar. Məsələn, Azərbaycanda Ukrayna dili öyrənilir. Bu da, dost ölkənin mədəniyyət və incəsənəti ilə daha yaxından tanış olmağa imkan yaradır. Ukraynanın dahi oğlu Taras ŞevçenkonunLesya Ukrainkanın ölkəmizdə abidələrinin ucaldılması da Azərbaycanda Ukraynaya xoş münasibət olmasından xəbər verir. Ukraynada da xalqımıza böyük hüsn-rəğbət göstərilir. Ümummilli liderimiz Heydər Əliyevin bu ölkədə abidəsinin ucaldılması və Kiyev şəhər sovetinin qərarı ilə həmin abidənin yerləşdiyi parka Heydər Əliyevin adının verilməsi iki ölkə arasında dostluq münasibətlərinin yüksələn xətt üzrə inkişafından xəbər verir.

Azərbaycan-Ukrayna iqtisadi münasibətlərinin getdikcə möhkəmləndirilməsi iki ölkə arasında qarşılıqlı sərmayə resurslarının yatırılmasında da özünü göstərir. Bu barədə gələcəkdə xüsusi bir qərarın qəbul ediləcəyi planlaşdırılır. Ancaq buna baxmayaraq, Azərbaycanla Ukrayna arasında energetika sahəsində əməkdaşlıq məsələləri yüksək səviyyədədir. 2010-cu ilin bu gününə qədər Azərbaycan Ukrayna bazarlarına bir milyon tondan çox neft göndərmişdir.

Gələcəkdə neft satışının həcminin daha da çoxaldılması planlaşdırılır. Bununla bərabər, energetika sahəsində əməkdaşlığı daha da gücləndirmək üçün çox əhəmiyyətli bir layihə barəsində də düşünülür. Bu, Xəzər dənizini UkraynaAvropa bazarları ilə əlaqələndirəcək etibarlı enerji dəhlizinin yaradılmasıdır. Xəzər dənizinin zəngin enerji resurslarına malik olması baxımından bu, çox böyük əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti jurnalistlərin bu barədə verdikləri sualı cavablandırarkən dedi: "Bu energetika sahəsində hamıya fayda gətirəcək genişmiqyaslı əməkdaşlıq olacaqdır. Mən hesab edirəm ki, neft təchizatı ilə bağlı bu əməkdaşlıq ölkələrimiz arasında yanacaq-energetika sahəsində münasibətlərin bütün kompleksinin inkişafında lokomotiv rolunu oynamalıdır. Enerji blokunun digər istiqamətləri ilə əlaqədar olan, layihələr də, - biz bu gün onların barəsində də ətraflı diskussiyalar aparmışıq, - müəyyən dərəcədə bu əməkdaşlığın nə qədər uğurlu olmasından asılı olacaqdır. Başqa sözlə desək, mən belə hesab edirəm ki, 2010-cu il bu baxımdan da dönüş ili olmuşdurbiz bunu uzunmüddətli əməkdaşlığın yalnız yaxşı başlanğıcı hesab edirik".

Ukrayna Prezidenti Viktor Yanukoviçöz növbəsində bunu yüksək qiymətləndirərək deyib ki, neft emalı zavodları üçün neft alınmasında, onların işləməsinin təmin olunmasında, əlavə dəyər əldə edilməsində və yeni yerlərinin açılmasında böyük əhəmiyyət kəsb edəcək. Qısa vaxt ərzində Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynaya təxminən 80 milyon dollar həcmində sərmayə qoyması xüsusi qeyd olunmalıdır.

Azərbaycan Prezidentinin Ukraynaya rəsmi səfəri zamanı nümayəndə heyətinin tərkibində sənaye, iqtisadiyyat, informasiya-kommunikasiya texnologiyaları nazirliklərinin təmsil olunması əlaqələrin bütün sahələr üzrə möhkəmləndirilməsindən xəbər verir. İki ölkə prezidentlərinin jurnalistlər qarşısında bəyanatlarla çıxış etməsindən sonra bu səfərin böyük əhəmiyyət kəsb etməsi bir daha öz təsdiqini tapdı. Məlum oldu ki, həm iki ölkə prezidentlərinin təkbətək görüşündə, həm də Azərbaycan və Ukrayna Prezidentləri Şurasının ikinci iclasında konstruktiv, ətraflı müzakirələr aparılmış, hər iki ölkənin qarşılıqlı fəaliyyətə, siyasi məsləhətləşmələrə, beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməyə, regional məsələlərdə fəal əməkdaşlığı genişləndirməyə tərəfdar olduğu bir daha təsdiqlənmişdir. Rəsmi səfər zamanı iki ölkə arasında bir sıra sənədlər də imzalanmışdır. Sənədləri Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yanukoviç imzalamışlar. Bununla yanaşı, hər iki ölkənin xarici işlər nazirləri də arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında saziş imzalamışlar.

Azərbaycan Prezidentinin Ukraynaya səfəri çox zəngin və iki ölkə arasında münasibətlərin daha da yaxşılaşdırılması baxımından əhəmiyyətli olmuşdur. Dövlət başçımızın bu səfəri ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun getdikcə artdığını bir daha təsdiqlədi. Möhtərəm Prezidentimizin hər bir xarici səfəri ölkələr arasında əməkdaşlığın inkişafı istiqamətində atılan qətiyyətli addım kimi yüksək dəyərləndirilir. Bu baxımdan Ukrayna səfəri də iki ölkə arasında münasibətlərin tarixində inteqrasiya və əməkdaşlığın inkişafı baxımından çox əhəmiyyətlidir.

Ukrayna bizə dost, qardaş ölkədir. İki ölkə arasında münasibətlər yeni mərhələyə qədəm qoyduqca müzakirə olunacaq məsələlərin əhatə dairəsi daha da genişlənəcək, əməkdaşlığımız məhz bu müstəvidə inkişaf edəcəkdir.

 

 

Əliqismət Bədəlov

 

Xalq qəzeti.- 2010.- 31 oktyabr.- S. 1.