Ucar: uğurlar üz ağardır

 

İki-üç həftə qabaq bir dostumuzun hekayəsini oxudum. Çoxsaylı dialoqlarla, düşündürücü məqamlarla zəngin olan hekayənin qəhrəmanı - kimsəsiz uşaq ona himayədarlıq edən nurani bir qoca ilə söhbətdə bir neçə sualı ipə-sapa düzür:

- Baba, deyirsən dağları Allah yaradıb?

- Elədir, oğlum elədir, Allah yaradıb.

- Bəs, dağları nə üçün yaradıb, baba?

- İnsanlara enişin, yoxuşun mahiyyətini başa salmaq üçün. Kimsə öz həyatında zirvəni fəth edərsə, başa düşməlidir ki, bu sonsuz deyil, hər zirvədən sonra mütləq bir eniş başlanır.

- Bəs, onda Allah düzənləri nə üçün yaradıb?

- Yəni, həyat ancaq enişdən, yoxuşdan da ibarət deyil, oğlum. Yolun daha böyük hissəsi hamardır, rahat getmək mümkündür. Sən də nə zamansa bu yolu rahat gedəcəksən.

- Bəs bunları?

... Maşının qabaq şüşəsində yağış damlaları göründü. Ucarın ucsuz-bucaqsız çöllərini, düzənlərini görəndə yadıma düşən hekayənin yaratdığı təəssüratın üstünə nur çilənirdi. Bu çöllərin, bu torpağın çoxdan bəri arzuladığı nur-yağış. Özümü hekayədəki uşağın yerinə qoyub növbəti sualı vermək istədim ki, bu sonu görünməyən arandakı insan dağın eniş-yoxuşu barədə deyilənləri necə öz həyatı ilə əlaqələndirən bilər? Soruşmadım. Çünki bu sualı ünvanlamaq üçün yanımda dünyanın hər üzünü görmüş baba yox idi. Üstəlik, oradakı dağ məcazi məna daşıyırdı. Kamil insan, yəqin ki, yada saldığım dialoqda söhbətin nədən getdiyini yaxşı bilir. Bir də ki, elə ucarlılar həmin eniş-yoxuşu çox görüblər. Bu rayonun zəfərlərlə dolu, çal-çağırlı, növraqlı günləri çox olub. Həmişə əmək qələbələri dildə ağızda, əmək qəhrəmanları məclislərin başında olub. Ötən əsrin 70-ci illərində isə ucarlılar rayon ərazisində onlarla dağ yaradıblar. Qarlı dağ yox, pambıq dağı. O vaxtlar adı dillər əzbəri olan Sosialist Əməyi Qəhrəmanı Vəsilə Zahidovanı bu gün yaşlı nəsil yaxşı xatırlayır. Elə əsl zirvələr də onda fəth edilirdi. Sonralar enişlər başlandı, geriləmələr, tənəzzül insanlara böyük sıxıntılar gətirdi. Bu gün isə, əvvəlki şöhrət özünə qayıdır. Bu gün Ucarın özgə növrağı var.

Rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədovla söhbətimiz də elə zəngin təəssürat yaradacaq bir məcrada davam etdi. Yaşar müəllim qurub-yaratmağı, tikinti-abadlıq işlərini təkcə vəzifə borcu hesab etmir. Onun fikrincə, Ucarın inkişaf etdirilməsi, rayon əhalisinin rifah halının yaxşılaşdırılması dövlət başçısının qarşıya qoyduğu vəzifələrdir və həmin vəzifələr ən incə detallarına qədər yerinə yetirilir. Ayrı cür ola da bilməz. Ancaq...

- Bilirsinizmi, bizim üzərimizə Tanrının qoyduğu bir missiya da var. Bu, doğulduğun yerin tarixində qalmaq, yaddaşlarda yaşamaq üçün əməli fəaliyyət göstərməkdir. Doğulub, boya-başa çatdığın yerin yaddaşında qalmaqdan qiymətli nə ola bilər? Mən bundan qiymətli heç nə tanımıram. Bunun üçün isə hər bir kəsdən bircə məsələ tələb olunur: əsl vətəndaş olmaq. Mən çox şadam ki, bu gün Ucarda həmin tələbi uğurla yerinə yetirən insanlar - yəni əsl vətəndaşlar çoxdur və məhz onların birgə fəaliyyəti nəticəsində çoxsaylı uğurların təməli qoyulur. Bəzən gördüyümüz işlər barədə danışanda ayrı-ayrı məsələlərdən, konkret tədbirlərdən söz açırıq. Bu öz-özlüyündə o qədər də qeyri-adi görünməyə bilər. Ancaq həyata keçirilmiş tədbirlərin ümumi nəticəsinə nəzər salanda məlum olur ki, ucarlıların Vətən sevgisi sözün həqiqi mənasında böyükdür. Bu yurdu, bu torpağı biz abad etməliyik, bu insanların həyat şəraitini biz yaxşılaşdırmalıyıq, əhalinin rifah halını biz yüksəltməliyik. "Biz" deyəndə isə mən rayonda hansısa vəzifə daşıyan insanları nəzərdə tutmuram, sadə vətəndaşlardan tutmuş ta icra başçısınadək bütün ucarlıları deyirəm.

Ulu öndərimiz Heydər Əliyev bir dəfə jurnalistlərlə söhbətində dedi ki, öz kəndini sevməyən insanın rayonunu sevməsi qətiyyən inandırıcı deyil. Eləcə də öz rayonuna ürəkdən bağlı olmayan şəxsin həqiqi vətənpərvər olması, Azərbaycanı sidq-ürəkdən sevməsi də mümkün deyil. Çox müdrikanə şəkildə deyilmiş fikirdir. Ona görə də mən hər dəfə ucarlılarla - yəni öz həmyerlilərimlə söhbət edəndə o böyük dövlət qurucusunun Vətən sevgisi haqqında söylədiklərini sitat gətirirəm. Bundan başqa Heydər Əliyevin başqa bir ifadəsi də var idi ki, hər kəs öz fikirlərini şəxsi nümunəsi ilə təsdiq etməlidir. Yəni "mən Ucarı sevirəm" - deməklə Ucara sevgini əməli işlə sübut etmək tamamilə başqa-başqa məsələlərdir.

Yaşar müəllim doğulub boya-başa çatdığı və bu gün rəhbərlik etdiyi rayonun tərəqqisi üçün gördüyü işlərdən söz açmadı. Biz isə onun rəhbərliyi ilə həyata keçirilən tədbirlərin bir neçəsi barədə əhatəli şəkildə öyrənə bildik.

Öyrəndik ki, ucarlılar dövlət başçımızın tövsiyə və tapşırıqlarına uyğun olaraq rayonun sosial-iqtisadi inkişafının təmin olunması, abadlıq və quruculuq işlərinin davam etdirilməsi, insanların həyat və iş şəraitinin yaxşılaşdırılması, mövcud problemlərin həll edilməsi, qəbul olunan sosial-iqtisadi inkişaf proqramının uğurla yerinə yetirilməsi üçün ardıcıl olaraq səy göstəriblər. 2010-cu ilin geridə qalan dövründə rayonda ümumi daxili məhsul istehsalı 3,5, kənd təsərrüfatı məhsulları istehsalının həcmi 2,5, sənaye məhsulları istehsalı 13,1, pərakəndə əmtəə dövriyyəsi 6,4, orta aylıq əmək haqqı 16,4, əhalinin pul gəlirləri isə 10,6 faiz artıb. 2010-cu ilin beynəlxalq iqtisadi böhran ilindən sonrakı ilk il olduğunu, eyni zamanda, yaz aylarının daim yağışla, yayın ilk dövrünün isə daşqın və sellərlə müşayiət olunduğunu nəzərə alsaq, bu göstəricilər kifayət qədər müsbət qiymətləndirilməlidir.

Son illər Ucarda, xüsusilə, diqqət mərkəzində saxlanılan məsələlərdən biri də abadlıq və quruculuq işləridir. 2010-cu ildə rayonda Xüsusi Dövlət Mühafizə Xidməti İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsinin hərbi qulluqçuları üçün 16 mənzilli yataqxana binası istifadəyə verilib, Heydər Əliyev Sarayının, Rayon Baytarlıq İdarəsi və Diaqnostika Kabineti üçün inzibati binanın, Alpout Baytarlıq Məntəqəsinin, Heydər Əliyev Fondunun vəsaiti hesabına Alpı kənd orta məktəbi üçün 240 şagird yerlik məktəb binasının tikintisi davam etdirilib. Qazıqumlaq kəndində 1 saylı orta məktəb üçün 380 şagird yerlik binanın, Qaradağlı kəndində sutəmizləyici qurğunun tikintisinə başlanılıb, rayon mərkəzində və kənd inzibati ərazi dairələrində abadlıq və quruculuq işləri davam etdirilib, ərazilərdə və magistral yolların kənarında müxtəlif ağac və gül kolları əkilib, dövri olaraq təmizlik işləri davam etdirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən ilin aprel ayında təsdiq etdiyi "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın Ucara aid bəndlərinin icrası daim diqqət mərkəzində saxlanılıb. Həmin proqrama uyğun olaraq şəhərin Məmməd Əmin Rəsulzadə küçəsində yeni konserv zavodu tikilir. Bakı-Gürcüstan dövlət sərhədi avtomobil yolunun rayon ərazisindən keçən Ucar-Yevlax yolunun 16,5 kilometrində işlər artıq başa çatdırılıb. Yolun Ucar-Kürdəmir hissəsinin 31,5 kilometrlik hissəsində isə tikinti uğurla davam etdirilir.

Bir neçə il ardıcıl olaraq rayonların əksəriyyətinə böyük ziyan vuran sel və daşqınlara qarşı mübarizə Ucarda da daim diqqət mərkəzindədir. Rayon ərazisindən keçən Türyançay və Göyçay çaylarının sağ və sol sahilləri boyunca Lək, Qəzyan, Şahlıq və digər kəndlərdə təxminən 78 min kubmetr həcmində bənd təmir edilib, 105 min kubmetr beton sahilbərkitmə işləri həyata keçirilib. Bu işlər nəticəsində 8 kilometrdən çox çay sahilində daşqın təhlükəsizliyi təmin edilib. Elə buradaca bu gün bütün ucarlıları sevindirən bir məsələni xüsusilə qeyd etmək istəyirəm. Böyük layihədir. Belə ki, Ucarın kanalizasiya sistemi yenidən qurulacaq.

Təbii ki, Ucardan söz açanda əkinçilikdən, xüsusən müasir dünyanı daha çox narahat edən ərzaq təhlükəsizliyinin təmin edilməsində xüsusi əhəmiyyət kəsb edən taxılçılıqdan danışmamaq mümkün deyil. İndi Ucarda kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər görülür. Bu tədbirlərin dövlət tərəfindən dəstəklənməsi isə ümumi nəticələrə öz töhfəsini verir. 1212 nəfər ucarlı buğda istehsalçısına 178 min 300 manat yardım verilib. Bu stimullaşdırmanın nəticəsidir ki, həm taxıl əkilən sahələrin, həm də məhsuldarlığın artması artıq müşahidə edilir. Buğda məhsulunun artırılmasında rayonda fəaliyyət göstərən toxumçuluq təsərrüfatlarının da özünəməxsus xidmətləri vardır.

Ucarın təbii şəraitini əsas götürən yerli mütəxəssislər kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçün meliorasiya və suvarma işlərinə xüsusi önəm verirlər. Təkcə bu il yaz əkin kampaniyasına hazırlıqla əlaqədar Təzə Şilyan kəndinə suvarma suyu verilməsi üçün 3,4 kilometr məsafədə lildən təmizləmə işləri aparılıb, Şahlıq, Qazıqumlaq, Məlikballı, Ramal, Xələc, Bağman, ümumiyyətlə, 20-yə yaxın kənddə suvarma arxları bərpa edilib.

Bu il ucarlılar üçün rayondaxili və kəndlərarası yolların təmiri, rayon əhalisinə elektrik enerjisi, təbii qaz, istilik, içməli su verilməsi digər sahələrdəki problemlərin aradan qaldırılması üçün vacib addımlar atılması ili kimi də yadda qalacaq. Belə ki, - Dövlət Proqramının icrası çərçivəsində həmin problemlərin aradan qaldırılması bu ildən başlayaraq nəzərdə tutulur. Yeni məktəb binaları tikilir, mövcud məktəblərin avadanlıq və texniki vasitələrlə təchizatı yaxşılaşdırılır. Səhiyyə ocaqlarında aparılan təmir və bərpa işləri bu müəssisələrin müasirləşdirilməsini təmin edir. İdman, gənclik, mədəniyyət, məşğulluq və digər sahələrdə fəaliyyət göstərən qurumlar öz işlərini Dövlət Proqramının və dövlətin qarşıya qoyduğu tələblər çərçivəsində qururlar.

Bir sözlə, bu gün Ucarda doğulub boya-başa çatdığı yerin tarixində qalmaq kimi müqəddəs bir işin qulpundan tutanlar öz istəklərinə nail olurlar. Səbəb birdir. Çünki onlar əsl vətəndaşdırlar...

 

 

İlqar HƏSƏNOV,

"Xalq qəzeti"nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2010.- 1 sentyabr.- S. 4.