Azərbaycanda xidmət sahələri təkmilləşir və inkişaf edir

 

Tarixi proseslərdən və beynəlxalq təcrübədən məlumdur ki, əgər dövlətin, xalqın strateji, perspektiv mənafeyi baxımından onun daxili və xarici siyasətinin ümumiləşmiş konsepsiyasını müəyyən edə bilən şəxsiyyət yoxdursa, həmin dövlətin mənafeyi təhlükədədir. Bu mənafeyi beynəlxalq forumlarda müdafiə edə bilən, dövlətin strateji xəttini xalqa sadə şəkildə bəyan edən və dövlətçiliyi ümumxalq işinə çevirməyi, xalqı öz arxasınca aparmağı bacaran şəxsiyyət, dövlətçiliyi qorumağı, onun müdafiəsini təşkil etməyi əməli surətdə həyata keçirən praktik siyasətçi-diplomat, sərkərdə və komandan, ölkənin iqtisadi inkişafını təmin etməyi üzərınə götürə bilən qurucu, yaradıcı təsərrüfat rəhbəri yoxdursa, həmin ölkənin nikbin gələcəyindən danışmaq çətindir.

 

Xarizma, yüksək nüfuz, təşkilatçılıq bacarığı, müdriklik, yüksək intellektuallıq, milli-mənəvi dəyərlərin daim uca tutulması, novatorluq, hadisələrə pozitiv təsir, qətiyyətlilik, prinsipiallıq və bu qəbildən olan digər keyfiyyətlər həm də liderin xalqının inkişafında oynadığı rolu müəyyən edən əsas cəhətlər kimi çıxış edir. Bu baxımdan ulu öndərin yenidən hakimiyyətə qayıdışı, xalqının səsinə səs verməsi Azərbaycan dövlətinin və xalqının xoşbəxt gələcəyinin başlanğıcı idi.

Uğurlu fəaliyyətləri ilə tarix yaradan belə liderlər hər zaman beynəlxalq siyasətdə də heyranlıq duyulan şəxsiyyətlər sırasında yer alır, daim böyük hörmət və ehtiramla anılır. Bu mənada Azərbaycan xalqı da özünü xoşbəxt saya bilər ki, kifayət qədər mürəkkəb və ziddiyyətlərlə dolu dövr kimi xarakterizə edilən XX əsrdə 30 ilə yaxın bir müddətdə, xüsusilə əsrin sonlarında Heydər Əliyev kimi xarizmatik lider ölkəmizə rəhbərlik etmiş, məhz bu dahi insanın yorulmaz fəaliyyəti, gərgin zəhməti sayəsində Azərbaycanda baş verən tənəzzül tərəqqi ilə əvəzlənmiş, milli iqtisadiyyatın sürətli və davamlı inkişafı təmin olunmuşdur.

1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsini təmsil edən 11 transmilli neft şirkəti ilə "Əsrin müqaviləsi"nin imzalanması və icrasına başlanması Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməlini qoydu. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin imzalanmasına, beləliklə də ixrac marşrutlarının diversifikasiyasına nail olundu.

Beləliklə, neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Ümummilli lider Heydər Əliyevin 1999-cu ildə imzaladığı fərmanla neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə olunması, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. Bütün sahələrdə olduğu kimi, fondun vəsaitlərindən də istifadə ilə bağlı düşünülmüş iqtisadi siyasət nəticəsində davamlı iqtisadi artımın əsası qoyuldu, milli iqtisadiyyatın bütün sahələrində islahatlara başlandı və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı.

Ulu öndərin təşəbbüsü və rəhbərliyi altında 1995-ci ildən başlayaraq aqrar sektorun bazar prinsipləri əsasında yenidən qurulması, sovxoz və kolxozların ləğv olunması, onlara məxsus torpağın, mal-qaranın və əmlakın kəndlilərə paylanması kimi tədbirlər nəticəsində kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri baş verdi, keyfiyyətcə fərqli münasibətlər formalaşdı. Məhz dahi Heydər Əliyevin memarı olduğu və uğurla həyata keçirdiyi torpaq islahatı Azərbaycan kəndlisinin çoxəsrlik arzusunu reallaşdırdı, kəndlini torpağın həqiqi sahibinə çevirdi. Bu tədbirlərin həyata keçirilməsi nəticəsində isə bu gün artıq aqrar bölmədə özəl sektorun xüsusi çəkisi, demək olar ki, 100 faizə çatmışdır.

Eyni zamanda, ölkədə sahibkarlığın inkişafı üçün zəruri tədbirlər görüldü. Sosial sahədə mövcud problemlərin kompleks şəkildə həlli məqsədilə əhaliyə göstərilən xidmətlərin, xüsusilə, təhsil və səhiyyə xidmətlərinin həcminin, keyfiyyətinin və ünvanlılığının artırılması istiqamətində köklü islahatlara başlandı. Beləliklə, yuxarıda qeyd edildiyi kimi, Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində müstəqilliyin ilk illərində baş vermiş tənəzzülün qarşısı uğurla alındı və 1995-ci ildən Azərbaycanda inkişafın yeni mərhələsi - bərpa və dinamik inkişaf dövrü başlandı. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2 faiz, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq real əmək haqqı 5,1 dəfə artdı, inflyasiya səviyyəsi 2-3 faizə qədər endirildi, bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını keçdi.

Təbii ki, bütün bunlar milli iqtisadiyyatın digər sahələri ilə yanaşı, turizm, nəqliyyat və s. kimi xidmət sahələrinə də təsirsiz ötüşə bilməzdi. Xüsusilə, dinamik artan yerli istehsal, sürətlə genişlənən xarici əlaqələr, ölkəmizin əlverişli coğrafi-strateji mövqeyi və s. səbəblərdən daşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, daşımaların operativ, təhlükəsiz və qısa zamanda təşkili artıq zərurətə çevrilmişdir. Eyni zamanda, ölkəmizin qoşulduğu beynəlxalq və regional layihələr Azərbaycanı zəngin tranzit potensialına malik bir ölkəyə çevirmişdir. Transmilli nəqliyyat proqramları və layihələri çərçivəsində, o cümlədən TRASEKA və Şimal-Cənub beynəlxalq dəhlizlərinin Azərbaycan seqmentində avtomobil magistrallarının tikintisi və yenidən qurulması, regionlarda, xüsusən dağ rayonlarında yol şəbəkəsinin bərpası və təkmilləşdirilməsi işləri həyata keçirilmişdir ki, bütün bunlar da daşıma xidmətlərinin kəmiyyət və keyfiyyət göstəricilərinin artmasına təsir göstərmişdir.

Əldə edilən nailiyyətlər yalnız avtomobil daşımaları xidmətinə deyil, bütün nəqliyyat xidmətlərinə təsir edirdi. Məsələn, Azərbaycanda hasil edilmiş karbohidrogenin dünya bazarlarına nəql edilməsi məqsədilə illik layihə gücü 50 milyon ton olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəməri, eləcə də Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verilmişdir ki, bu da boru kəməri daşımalarını inkişaf etdirməklə yanaşı, həm də ölkəmizi Avropanın enerji təhlükəsizliyində aparıcı bir dövlətə çevirmişdir.

Bütün bunlar isə ölkəmizin dünya iqtisadi sisteminə inteqrasiyasını şərtləndirən Heydər Əliyevin ideyalarının reallaşmasının bariz nümunələridir. Prezident İlham Əliyevin uğurla davam etdirdiyi çevik və ardıcıl siyasət Azərbaycanı Xəzər regionunda əsas multimodal nəqliyyat qovşağına və beynəlxalq aləmdə əhəmiyyət kəsb edən neft və qaz tranziti ölkəsinə çevirmişdir. Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanmış "Bakı-Tbilisi-Qars yeni dəmiryol xətti haqqında" sazişə müvafiq olaraq Türkiyə və Gürcüstanın ərazilərində dəmir yolu xətlərinin inşası və yenidən qurulması işlərinin aparılması nəticəsində Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu əlaqəsinin yaradılması, eləcə də Qara dəniz və Xəzəryanı ölkələrin Avropanın dəmir yolu şəbəkəsinə qoşulması mümkün olacaqdır.

Ümumiyyətlə, bütün sahələrdə gedən proseslər düşünülmüş daxili və xarici iqtisadi siyasət nəticəsində uzlaşdırılır, hər hansı bir sahədə baş verən iqtisadi tərəqqi digər sahənin də inkişafında təkanverici amil rolunu oynayırdı. Başqa sözlə desək, Azərbaycan Respublikasının bir sıra beynəlxalq layihələrə qoşulması, nəqliyyat xidmətlərinin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl addımlar atması, bütövlükdə milli iqtisadiyyatın tərəqqisini daha da sürətləndirdi. Belə ki, 2004-2009-cu illər ərzində ümumi daxili məhsulun həcmi 2,8 dəfə artaraq, onun adambaşına düşən həcmi 2009-cu ildə 4874,1 ABŞ dollarına çatmışdır. Eyni zamanda, ölkənin iqtisadi təhlükəsizliyini təmin edə biləcək həcmdə valyuta ehtiyatları formalaşdırılmışdır. 2010-cu ilin ilk yarısının statistik məlumatlarına görə Azərbaycanın valyuta ehtiyatları 24,7 milyard ABŞ dollarına çatmışdır ki, bu da ölkənin xarici dövlət borcunu 6 dəfə üstələyir.

Məhz düşünülmüş siyasətin və ardıcıl addımların nəticəsidir ki, 2004-2009-cu illərdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün büdcə vəsaitlərinin həcmi 4,8, ölkə üzrə orta aylıq əməkhaqqı 3, əhalinin gəlirləri 3,4, onun adambaşına düşən həcmi isə 3,2, minimum pensiyanın məbləği 3,8, minimum əmək haqqı 6,3 dəfə artırılmışdır. Göstərilmiş məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində yoxsulluq səviyyəsi son 5 ildə 4,1 dəfə azalaraq 44,7 faizdən 11 faizədək enmiş, son 6 ildə 840 min yeni iş yeri yaradılmışdır. Eləcə də, 2009-cu ildə əhalinin banklardakı əmanətləri 23 faiz, iqtisadiyyata banklar və kredit təşkilatları tərəfindən kredit qoyuluşunun həcmi isə 17 faiz artmışdır. 2009-cu ildə əvvəlki illə müqayisədə 12,5 faiz çox pullu xidmətlər göstərilmiş, 8,9 faiz çox istehlak malları satılmışdır. Adambaşına düşən nominal gəlirlər 2008-ci ilə nisbətən 6,7 faiz, ölkə iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 8,6 faiz artmışdır.

Statistik araşdırmalar göstərir ki, bütün bu uğurlar 2010-cu ildə də davam etdirilmişdir. İlin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə ÜDM 3,7 faiz, yaxud müqayisəli qiymətlərlə 561,4 milyon manat artaraq 19,7 milyard manata çatmışdır. ÜDM-in 67,5 faizi məhsul istehsalı sahələrində, o cümlədən 57,2 faizi sənayedə, 6,9 faizi inşaat kompleksində, 3,4 faizi kənd təsərrüfatında yaradılmışdır. Xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi 26,2 faiz, o cümlədən nəqliyyatda 6,3 faiz, ticarət və pullu xidmətdə 7,8 faiz, rabitədə 1,6 faiz, sosial və qeyri-formal xidmətlərdə 10,5 faiz təşkil etmişdir. ÜDM-in 6,3 faizi məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Keçən ilin birinci yarısına nisbətən adambaşına ümumi daxili məhsul istehsalı 2,5 faiz artaraq 2210,6 manat (2751,5 ABŞ dolları) olmuşdur.

Əlavə dəyər istehsalı neft sektorunda ötən illə müqayisədə 2,4 faiz, qeyri-neft sektorunda isə 4,7 faiz artmışdır. Milli iqtisadiyyatın inkişafında xüsusi rol oynayan və ÜDM-in tərkibində ən böyük xüsusi çəkiyə malik olan sənaye sahələrində fiziki şəxslərin fəaliyyəti də nəzərə alınmaqla keçən ilin birinci yarısı ilə müqayisədə 3,5 faiz çox və ya 14,2 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. Məhsulun 77,5 faizi mədənçıxarma bölməsində, 17,2 faizi emal bölməsində, 4,8 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 0,5 faizi su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunmuşdur. 2009-cu ilin birinci yarısı ilə müqayisədə məhsul istehsalı mədənçıxarma bölməsində 2,1 faiz, emal bölməsində 5,2 faiz, elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində 2,9 faiz, su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində 3,1 faiz artmışdır.

Emal sektorunda qida məhsulları istehsalı 2,5 faiz, içki istehsalı 9,2 faiz, poliqrafiya fəaliyyəti və yazılmış məlumatların çoxaldılması 3,0 faiz, neft məhsulları istehsalı 9,7 faiz, kimya sənayesi məhsulları istehsalı 55,2 faiz, rezin və plastik məmulatlar istehsalı 15,5 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 39,4 faiz, hazır metal məmulatları istehsalı 1 faiz, elektrik avadanlıqları istehsalı 36,4 faiz, maşın və avadanlıqların istehsalı 98,1 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 42,4 dəfə artmışdır.

Hesabat dövründə nəqliyyat xidmətlərində də müvafiq irəliləyişlər nəzərə çarpmışdır. Belə ki, son altı ay ərzində nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 94,2 milyon ton, yaxud keçən ilin müvafiq dövrünə nisbətən 2,4 faiz çox yük, 656,6 milyon nəfər və ya 3,5 faiz çox sərnişin daşınmışdır. Yüklərin 11,4 faizi dəmir yolu nəqliyyatı, 50,5 faizi avtomobil nəqliyyatı, 5,8 faizi dəniz nəqliyyatı, 32,3 faizi boru kəmərləri ilə, sərnişinlərin 85,3 faizi avtomobil, 14,2 faizi metropolitenlə daşınmışdır.

Digər bir xidmət sahəsi olan rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 514,0 milyon manat dəyərində və ya ötən ildə olduğundan 28,2 faiz çox rabitə xidməti göstərmişlər. Xidmətlərin 74,3 faizi bilavasitə əhaliyə xidmətlə bağlı olmuş və əldə edilmiş gəlirin 79 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Eləcə də mobil telefon abonentlərinin sayı son bir il ərzində 1,4 milyon nömrə və ya 19,0 faiz artaraq 8,5 milyona çatmışdır.

Göründüyü kimi, nəqliyyat, rabitə və s. kimi xidmət sahələri sürətlə inkişaf edir ki, bu da təbii ki, digər sahələrin təkmilləşməsinə təkan verir. Bu baxımdan, reallaşmaqda olan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri, eləcə də ölkəmizin əlverişli coğrafi mövqeyi onu Avropa və Asiya dövlətləri arasında obyektiv olaraq iqtisadi, geosiyasi körpü rolunu oynamağa vadar edir və respublikamızın beynəlxalq tranzitdə yaxından iştirakına şərait yaradır. Eyni zamanda, bütün bunlar Azərbaycanın mühüm qeyri-neft sahəsi olan turizm sektorunun da sürətlə inkişaf etdirilməsi, ölkənin turizm potensialından daha səmərəli istifadə olunması istiqamətində ciddi tədbirlər görməyə imkan verir.

Ümumiyyətlə, müasir dünya təcrübəsi qloballaşma prosesinin turizmi milli iqtisadiyyatın vacib və perspektiv sektorlarından birinə çevirdiyini sübut edir. Artıq əksər dünya dövlətləri turizm sektorunun potensialından istifadə edərək əhalinin məşğulluq və həyat səviyyəsinin yaxşılaşdırılması, regionların sosial-iqtisadi inkişafı kimi problemlərlə yanaşı, onunla birbaşa əlaqədar olan sahələrin, o cümlədən, ticarət, kənd təsərrüfatı, nəqliyyat və digər infrastruktur sahələrinin də inkişafına nail olmaqdadır. Turizmin inkişaf etdirilməsi həm də mədəniyyət, idman, səhiyyə və digər sosial sahələrin rentabelliyinin artırılmasına geniş imkanlar yaradır. Bu baxımdan, turizmin inkişaf etdirilməsi əksər dövlətlərdə sosial-iqtisadi, qanunvericilik, təhlükəsizlik və s. sahələrdə dövlət siyasətinin prioritet istiqamətinə çevrilmişdir.

Azərbaycan Respublikasında da turizm sektorunun inkişaf etdirilməsi, turizm xidmətlərinin beynəlxalq səviyyəyə çatdırılması, bu potensialdan tam və səmərəli istifadə edilməsi daim dövlətin iqtisadi siyasətinin aparıcı istiqamətlərindən biri olmuşdur. Bu günlərdə Azərbaycanın füsunkar təbiəti, zəngin turizm potensialı ilə fərqlənən qədim Qəbələ rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə keçirilən ikinci Beynəlxalq musiqi festivalı da qeyd edilənləri bir daha təsdiq edir. Nəzərə alsaq ki, məqsədindən asılı olmayaraq hər bir səfər edən şəxs, həm də canlı reklamçıdır, onda dünyanın inkişaf etmiş bir çox ölkələrindən olan insanların (musiqiçilərin) regionda cəmlənməsini təmin edən belə tədbirlərin əhəmiyyəti məlum olar.

Təbii ki, belə bir möhtəşəm tədbirin keçirilməsi üçün Qəbələnin seçilməsi də təsadüfi deyildir. İlk növbədə, bu region olduqca gözəl, rəngarəng və füsunkar təbiətə malikdir. Digər tərəfdən isə, ölkə həyatında özünü qabarıq büruzə verən bütün bu müsbət göstəriciləri Qəbələ rayonunun timsalında da aydın və daha qabarıq görmək mümkündür. Ölkə başçısı cənab İlham Əliyevin fikirləri ilə desək, Qəbələ Azərbaycanda gedən sürətli iqtisadi inkişaf prosesinin fəal iştirakçılarından biri kimi ölkəmizin qazandığı uğurlarda ciddi paya malikdir.

Bu baxımdan Qəbələ rayonunda yeni müəssisələrin fəaliyyətə başlaması, mövcud olanlarda yenidənqurma işlərınin aparılması nəticəsində rayonda 2003-cü illə müqayisədə 2010-cu ildə ümumi məhsul buraxılışının həcmi dəfələrlə artmışdır ki, bu da regionun iqtisadi kompleksinin inkişafında xüsusi əhəmiyyət kəsb edir. Belə ki, təkcə 2003-2009-cu illərdə Qəbələdə 450-dən çox müəssisədə 8500-ə yaxın yeni iş yeri açılmış, eləcə də kənd təsərrüfatı məhsullarının istehsalı 2 dəfədən çox artmışdır. Bütün bunlarla yanaşı, Qəbələnin zəngin turizm potensialının reallaşdırılması istiqamətində də dövlət başçısının tapşırığına müvafiq olaraq, kompleks tədbirlər həyata keçirilməkdədir. Qeyd olunduğu kimi, II Beynəlxalq musiqi festivalı da həyata keçirilən tədbirlərin davamı, bir mərhələsi kimi qəbul edilə bilər və Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın sözləri ilə desək, Qəbələ Beynəlxalq musiqi festivalı Azərbaycan və dünya musiqisinin, mədəni dəyərlərin qorunub saxlanmasında Heydər Əliyev Fondu tərəfindən atılan növbəti bir addımdır.

Məhz həyata keçirilən belə tədbirlərin nəticəsidir ki, artıq turizm milli iqtisadiyyatın xüsusi fəal bir istiqamətinə çevrilmişdir. Aşağıdakı cədvəldən də göründüyü kimi, son altı ildə, yəni 2004-2009-cu illərdə turizm fəaliyyəti ilə məşğul olan işçilərin sayı 710 nəfər və ya 62,5 faiz artmışdır. Eyni zamanda, müşahidələr göstərir ki, turistlərə göstərilən xidmətlərin təşkilində də müsbətə doğru ciddi irəliləyişlərə nail olunmuşdur.

 

İqtisadi rayonlar üzrə turizm müəssisələrində işçilərin sayı (nəfərlə)

İqtisadi rayonlar Turizm fəaliyyəti ilə məşğul olan işçilər

2004 2005 2006 2007 2008 2009

Ölkə üzrə - c ə m i          426   564   612   745   749   1136

Bakı şəhəri                      392   492   534   704   713   1111

Abşeron iqtisadi rayonu 3        9       11      7       6         8

 

Gəncə-Qazax iqtisadi rayonu -   1       1      -        -          -

 

Şəki-Zaqatala iqtisadi rayonu 6  6      -       4       4           -

Quba-Xaçmaz iqtisadi rayonu 11   51  54   20    20      10

Aran iqtisadi rayonu      -          -         2        2      2           2

Dağlıq Şirvan iqtisadi rayonu    -       -     2    -       -          -

Naxçıvan iqtisadi rayonu          14     5   8     8      4         5

 

 

 

Təbii ki, turizm fəaliyyəti ilə məşğul olanların sayının çoxalmasına uyğun olaraq müvafiq artım müəssisələrin sayında, eləcə də bu sahədən əldə edilən gəlirlərin həcmində də müşahidə edilmişdir. Cədvəldən də göründüyü kimi, ayrı-ayrı iqtisadi rayonlar üzrə nəticələr arzu edilən səviyyədə olmasa da, ümumi ölkə üzrə göstəricilərdə dinamik artım təmin edilmişdir.

 

İqtisadi rayonlar üzrə turizm fəaliyyətindən əldə edilən gəlir (min manat)

İqtisadi rayonlar Turizm fəaliyyətindən əldə edilən gəlir

2004 2005 2006 2007 2008 2009

Ölkə üzrə - c ə m i   1371.5    4035.3    4788.1   11646.1 12987.6   14013.6

Bakı şəhəri 1320.5   3685.7   4309.4   11303.3   11566.8 13664.6

Abşeron iqtisadi rayonu 7.0   5.5   59.6   78.8   54.2  51.6

Gəncə-Qazax iqtisadi rayonu -   0.5   -   58.7   55.6   -

Şəki-Zaqatala iqtisadi rayonu  33.7    15.0   -    66.3   -   -

Quba-Xaçmaz iqtisadi rayonu  5.6   326.5   392.8   101.0 1270.6    255.1

Aran iqtisadi rayonu    -    -    6.3    7.6    8.3    14.1

Dağlıq Şirvan iqtisadi rayonu   -     -     6.1    -    -     -

Naxçıvan iqtisadi rayonu   4.6   2.2    14.0    30.4    32.1  28.3

 

Ümumiyyətlə, beynəlxalq turizmin inkişaf dinamikası da sübut edir ki, artıq dünyada xidmət sferasının inkişafı istehsal sferasının inkişaf tempini qabaqlayır. Hətta bir çox (Fransa,Böyük Britaniya, Türkiyə, Almaniya, Yunanıstan və s.) ölkələrdə ÜDM-in 70 faizə yaxını, məhz xidmət sektorunun payına düşür. Dünya Turizm Təşkilatının (WTO) məlumatlarına əsasən dünyada turizmin illik xərcləri təqribən 2000 milyard dollar təşkil edir ki, bunun da 324 milyard dolları beynəlxalq turizm təşkilatının payına düşür. Qalan vəsaitlər isə ayrı-ayrı dövlətlər və turizm təşkilatları tərəfindən ayrılır ki, bu da dünyada turizm sektoruna verilən önəmi sübut edir. Araşdırmalar göstərir ki, yalnız 2004-cü ildə turizm xidmətləri dünya səviyyəsində ümumi istehsalın 12 faizini təşkil etmiş, eyni zamanda, bu müddətdə bütün dünya üzrə turistlərin sayı 73 milyon nəfərə çatmışdır.

Hazırda dünyanın əksər dövlətlərində müasir turizm hərəkatı XX əsrin fenomeni adlandırılır. Bu, həqiqətən də belədir, bu gün şahidi olduğumuz turizm - texnikanın, insanlar arasındakı humanitar münasibətlərin, təhlükəsizlik prinsiplərinə riayət etməklə, dünyanın hər yerinə səyahət etmək imkanının yaranmasının, yəni dünyada əhali hərəkətliliyinin artmasının nəticəsidir. XX əsrin fenomeni sayılan turizm hazırda dünyanın bir sıra ölkələrində 240 milyondan çox insanın məşğuliyyətini təmin edən və demək olar ki, bütün sənaye sahələri (38 sənaye sahəsi) ilə əlaqəli fəaliyyət göstərən, geniş maddi bazaya malik və sürətlə inkişaf edən sahəyə çevrilmişdir. Əlbəttə, bütün bunlar dünyaya sürətlə inteqrasiya edən Azərbaycanda da turizmin inkişafı istiqamətində ciddi addımlar atılmasını tələb edir.

Ümumiyyətlə, turizm xidmətlərinin inkişafına dair müxtəlif nəzəri yanaşmalar və beynəlxalq təcrübə, eləcə də Azərbaycan Respublikasında turizm potensialından istifadə səviyyəsi ilə tanışlıqdan sonra belə bir nəticəyə gəlinir ki, ölkəmizdə də turizm və ətraf mühit amillərinin uzlaşdırılması zəruridir. Belə ki, Azərbaycan çox nadir təbii, mədəni, etnoqrafik obyektlər kompleksinə, zəngin təbii-iqtisadi sərvətlərə, eləcə də əlverişli coğrafi mövqeyə malikdir. Ölkədə müxtəlif iqlim qurşaqlarının mövcudluğu, təbii şəraiti, flora və faunasının müxtəlifliyi və zənginliyi, Xəzər dənizi sahilində yerləşməsi, qədim mədəni-tarixi irsə malik olması, ləziz və geniş çeşidli mətbəxi, yüksək qonaqpərvərlik ənənələri, xalqımızın dərin və tarixi kökə söykənən tolerantlığı və s. ölkədə turizmin inkişafı üçün böyük perspektivlər vəd edir.

Məlumdur ki, bütün yuxarıda sadalananların ölkəmizdə mövcud olmasına baxmayaraq, Azərbaycan dünyada neft ölkəsi kimi tanınır. Ölkəmizin qədim tarixə malik olan yüksək mədəniyyəti, incəsənəti, tarixi abidələri və s. turizmin inkişafı üçün hər cür münbit şəraitə malik olması Azərbaycan Respublikasının həm də turizm ölkəsi kimi tanınmasını da şərtləndirir. Bu baxımdan turizmin inkişafı üçün mükəmməl infrastruktur sisteminin yaradılması, ölkənin turizm potensialının dəqiq müəyyənləşdirilməsi, bu potensialdan tam və səmərəli istifadənin təmin edilməsi məqsədilə genişmiqyaslı tədqiqatların aparılması, ölkəmizdə turizm xidmətlərinin inkişafı istiqamətində elmi cəhətdən əsaslandırılmış təklif və tövsiyələrin işlənib hazırlanması və beləliklə, Azərbaycan Respublikasının həm də turizm ölkəsi kimi tanıdılması qarşıda duran başlıca vəzifələrdən biri olmalıdır.

 

 

Aqil ƏSƏDOV,

AMEA İqtisadiyyat İnstitutunun

şöbə müdiri, iqtisad elmləri üzrə

fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2010.- 1 sentyabr.- S. 3.