Ömər Eldarovun əsərlərinin fotoşəkilləri
Torontoda nümayiş
etdirilib
Kanadanın Toronto və Niaqara
şəhərlərində keçirilən Azərbaycan Mədəniyyəti
Günləri çərçivəsində məşhur
heykəltəraş, akademik Ömər Eldarovun əsərlərinin
fotoşəkillərindən ibarət sərgi açılıb.
Sərgi Heydər Əliyev Fondu, Beynəlxalq Niaqara musiqi
festivalı və Kanada Türk Dostluq Cəmiyyətinin dəstəyi
ilə təşkil edilib.
Torontoda
"Ümumi sülh naminə mədəniyyətlərin
dialoqu" beynəlxalq layihəsi çərçivəsində
təşkil edilmiş sərgi böyük maraqla qarşılanıb.
Sərgidə türk dünyasının iki böyük
lideri - Heydər Əliyevin və Mustafa Kamal Atatürkün,
musiqi sənətimizin korifeyləri - Üzeyir Hacıbəyli
və Fikrət Əmirovun, mütəfəkkir şairlərimiz
Füzuli və Hüseyn Cavidin, rəssam Səttar Bəhlulzadənin
heykəllərinin fotoşəkilləri də nümayiş
olunub.
Sərgi
Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilib.
Bu təşəbbüsə minnətdarlıq əlaməti
olaraq, sərgidə Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da portreti yer
alıb.
Dünyanın
bir çox görkəmli şəxsiyyətlərinin
obrazlarını öz sənət əsərlərində əks
etdirən Ömər Eldarov Toronto Beynəlxalq Mədəniyyətlərarası
Dialoq İnstitutunun fəxri üzvü adına layiq
görülüb. Qeyd edək ki, Kanadada Azərbaycan Mədəniyyəti
Günləri həftənin sonunadək davam edəcək.
Əfsanə BAYRAMQIZI
Xalq qəzeti.- 2010.- 1 sentyabr.- S. 2.