Naxçıvan MR Mərkəzi Seçki Komissiyasında seçki hüququ üzrə ixtisaslaşdırılmış tədris kursları keçirilmişdir

 

Naxçıvan MR Mərkəzi Seçki Komissiyasının iclas zalında Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı dairə seçki komissiyaları üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün ixtisaslaşdırılmış kurslar başlamışdır.

 

Naxçıvan MR Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov qeyd etmişdir ki, belə seminar-müşavirələrin keçirilməsi komissiya üzvlərinin maarifləndirilməsi məqsədi daşımaqla yanaşı, həm də onların siyasi biliklərini artırır, seçkilərin demokratik və şəffaf təşkilində, qanunvericilik bazasını mənimsəməkdə, xarici müşahidəçilərlə qanunda nəzərdə tutulmuş qaydada rəftar etməkdə yardım göstərir.

Natiq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilmiş Seçki Məcəlləsi, təlimatlar, izah və qaydalar, namizədliyin irəli sürülməsi və qeydə alınması üçün tələb olunan sənədlər artıq aşağı seçki komissiyalarına paylanılmışdır. Azərbaycan Respublikası Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər eyni gündə və eyni məntəqələrdə keçiriləcəkdir. Seçki günü məntəqə seçki komissiyalarının üzvləri öz işlərini elə təşkil etməlidirlər ki, məntəqəyə gələn seçicilər səsvermə hüquqlarını rahat şəkildə həyata keçirə bilsinlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının şöbə müdiri Cəlil Rüstəmov "Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasında öz səlahiyyətləri daxilində şərait yaradılması və sair bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu" mövzusunda çıxış etmişdir. Demişdir ki, seçici siyahıları daimi və müvəqqəti formada tərtib olunur. Daimi seçici siyahısına müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, yerli icra hakimiyyəti orqanları) və bələdiyyə qurumları başçılarının, hərbi hissələrin komandirlərinin seçki hüququna malik olan seçicilər haqqında təqdim etdikləri məlumatlar daxil edilir. Seçicilərin daimi siyahısı hər bir seçki məntəqəsi üzrə məntəqə seçki komissiyası tərəfindən hər il mayın 30-dək təsdiq edilir və səsvermə gününə azı 25 gün qalmış dəqiqləşdirilir. Müvəqqəti seçici siyahısına konsul idarələri rəhbərlərinin və ya diplomatik nümayəndələrin, habelə seçicilərin müvəqqəti olduqları müəssisələrin rəhbərlərinin seçki hüququna malik olan seçicilər haqqında təqdim etdikləri məlumatlar daxil edilir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 35.4-cü və 35.6-cı maddələrinə əsasən Milli Məclisə seçkilər keçirilərkən müvəqqəti seçici siyahıları tərtib edilmir.

Natiq sözünə davam edərək bildirmişdir ki, seçki prosesində həyata keçirilən mühüm məsələlərdən biri də seçkiqabağı təşviqatın həyata keçirilməsidir. Seçkilər zamanı seçkiqabağı təşviqat aparmaq hüququna Milli Məclisə deputat seçkilərində iştirak etmək üçün qeydə alınmış namizədlər, Milli Məclisə deputat seçkilərində iştirak etmək üçün namizədi qeydə alınmış siyasi partiyalar və siyasi partiyaların blokları malikdirlər. Seçkiqabağı təşviqat kütləvi informasiya vasitələri, kütləvi tədbirlərin keçirilməsi, çap olunmuş, audiovizual və digər təşviqat materiallarının buraxılması və yayılması vasitəsilə, habelə qanunla qadağan edilməyən digər üsullarla aparıla bilər. Kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqat açıq müzakirələr, dəyirmi masalar, mətbuat konfransları, müsahibələr, çıxışlar, siyasi reklamlar, tele və radioverilişlər, videofilmlər formasında və qanunla qadağan edilməyən digər formalarda həyata keçirilir. Seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Seçki məntəqəsi otaqlarının daxilində və xaricində yerləşdirilmiş seçki qabağı təşviqat materialları səsvermə günü yığışdırılır.

"Seçki prosesində seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu" barədə danışan Naxçıvan MR Daxili İşlər Nazirinin müavini, polis general-mayoru Qaçay Quliyev bildirmişdir ki, 2010-cu ilin noyabrında keçiriləcək parlament seçkiləri ilə əlaqədar Naxçıvan MR DİN-in şəhər və rayon qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun əməkdaşları bələdiyyə, qəsəbə və kənd icra nümayəndəlikləri və dairə seçki komissiyaları ilə sıx əməkdaşlıq edirlər. İlk dəfə seçki hüququna malik olan, səs verəcək və eləcə də yaş hədlərinə görə etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələri ilə yaşayan vətəndaşları müəyyən etmək üçün Azərbaycan Respublikası DİN-in MAPS mərkəzindən siyahılar alınaraq şəhər və rayon polis şöbələrinin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun əməkdaşlarına verilmişdir. MAPS tərəfindən göndərilmiş siyahılar əsasında qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun əməkdaşları polis sahə inspektorları və yerli icra nümayəndəlikləri ilə reydlər keçirərək bir sıra işlər görmüşlər. 2010-cu ilin 8 ayı ərzində yaş hədlərinə görə etibarlılıq müddəti bitmiş 29024 nəfər vətəndaşın şəxsiyyət vəsiqələri yenisi ilə əvəz edilmişdir. İlk dəfə səs verəcək, lakin şəxsiyyət vəsiqəsi olmayan 984 nəfər müəyyən edilmişonlar şəxsiyyət vəsiqələri ilə təmin edilmişlər. Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun əməkdaşları şöbəyə gələ bilməyən əlillərə, xəstələrə və qocalara şəxsiyyət vəsiqələrinin verilməsi üçün evlərdə olmuş, sənədləri toplamış və hazır olan şəxsiyyət vəsiqələrini onlara evlərində təqdim etmişlər. Bundan əlavə, hər ay vəfat edən vətəndaşların siyahıları şəhər və rayon qeydiyyat şöbələrindən alınmış, adları seçki siyahlarından çıxarılmışdır. Müxtəlif səbəblərə görə yaşayış yerlərini dəyişən, qeydiyyatdan çıxan vətəndaşlar barəsində yerli Dairə Seçki Komissiyalarına mütəmadi olaraq yazılı surətdə məlumat verilir. Seçki gününədək Naxçıvan MR əhalisində olan vaxtı keçmiş şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi işi davam etdiriləcəkdir.

Naxçıvan MR Ali Məhkəməsinin kollegiya sədri Əli Allahverdiyev "Seçki hüququonun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri"ndən danışmışdır. O demişdir: Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində təsbit edilir ki, hər bir insan konstitusiyaya qanunla ona verilən əsas hüquqların pozulması hallarında səlahiyyətli məhkəmələr tərəfindən bu hüquqların səmərəli şəkildə bərpa edilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 290-cı maddəsinə əsasən, həm fiziki şəxslər, həm də hüquqi şəxslər seçki hüquqlarını pozan qərar və hərəkətlərlə bağlı Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən olunmuş qaydada ərizə ilə apelyasiya instansiyası məhkəmələrinə şikayət verə bilərlər. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin "Vətəndaşların seçki hüquqlarının pozulmasından şikayət verilməsi və vətəndaşların seçki hüquqlarının pozulmasına görə məsuliyyət" məsələlərini tənzimləyən 16-cı fəslinin qaydalarına əsasən, milli hüquqda seçki qanunvericiliyinin pozulmasına görə məsuliyyətin müxtəlif növləri nəzərdə tutulmuşdur. Bu məsuliyyət növlərini nəzərdə tutan müvafiq sahəvi qanunvericilik aktları birlikdə seçki hüququnun pozulması üzrə məsuliyyət məsələlərini tənzimləyən milli qanunvericilik sistemini təşkil edirlər. Seçki qanunvericiliyinin pozulmasına görə məsuliyyət məsələlərinin daha dürüst şəkildə tənzimlənməsini təmin etmək məqsədi ilə Seçki Məcəlləsinə 11-1-ci maddə əlavə edilmişdir. Bu hüquq normasının məqsədi seçkilərin (referendumun) gedişinə qanunsuz müdaxilələrin qarşısının daha etibarlı şəkildə alınmasını təmin etməkdən ibarətdir. Bu normada (maddə 11-1.2) seçki qanunvericiliyinin pozulmasının ən ciddi halları (vətəndaşların seçkidə iştirak hüquqlarının həyata keçirilməsinə mane olma, vətəndaşı namizədin lehinə imza atmağa məcbur etmə və ya onun səsverməsinə mane olma, seçki komissiyalarının işinə müdaxilə etmə və s.) sadalanır və həmin hüquq pozuntularına görə təqsirkar şəxslərin cinayət məsuliyyəti daşımaları təsbit edilir. Şübhə yox ki, sözügedən maddədə göstərilən hüquq pozuntularına görə hüquq məsuliyyətinin ən sərt növü üzrə məsuliyyətin nəzərdə tutulması şəxsləri hüquq pozuntularından çəkindirməklə seçkilərin ədalətli şəkildə - vətəndaşların həqiqi iradəsi əsasında keçirilməsini təmin edir. Seçki prosesində iştirak edən subyektlərin pozulmuş hüquqlarının vaxtında bərpa edilməsi nəticə etibarilə seçicilərə öz iradəsini sərbəst ifadə etməyə və ümumilikdə seçkilərin ədalətli şəkildə həyata keçirilməsinə şərait yaradır. Hüquq pozuntularının qarşısını almaq məqsədi daşıyan istənilən normativ aktda həmin pozuntuların müəyyən edilməsi, araşdırılması, onlara görə müvafiq tədbirlərin görülməsi prosedurunu müəyyən edən qaydaların, işlək hüquqi mexanizmlərin nəzərdə tutulması həmin aktın səmərəliliyini əhəmiyyətli dərəcədə artırmaqla qarşıya qoyulan məqsədlərə nail olunmasını təmin etmiş olur.

"Seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik sistemi və məsuliyyət növləri" mövzusunda çıxış edən Naxçıvan MR Prokurorluğunun şöbə rəisi Zəfər Mahmudov vurğulamışdır ki, ölkə vətəndaşlarının seçki hüquqlarının tam həyata keçirilməsinə əlavə təminatların yaradılması məqsədi ilə "Azərbaycan Respublikası Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında" 2008-ci il 2 iyun tarixli Qanun qəbul edilmiş, Məcəlləyə seçkilərin (referendumun) gedişinə qanunsuz müdaxiləyə yol verilməməsini nəzərdə tutan yeni norma daxil edilmiş, müxtəlif seçki münasibətləri ilə əlaqədar qanunla müəyyən edilən müddətlərə yenidən baxılmış, vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən və qərarlardan şikayət edilməsini nəzərdə tutan maddəsində əlavə və dəyişikliklər edilməklə, vətəndaşların seçki hüquqlarının pozulması haqqında şikayətlərin araşdırılmasını nəzərdə tutan yeni bir maddə əlavə edilmiş, seçki hüquqpozmaları ilə əlaqədar müraciətlərə baxılması institutu əhəmiyyətli dərəcədə təkmilləşdirilmişdir. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ hər bir vətəndaşın konstitusion hüququdur. Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqları və azadlıqlarını gözləmək və qorumaq isə qanunvericilik, icra və məhkəmə hakimiyyətinin vəzifəsidir. İnsan və vətəndaş hüquqları və azadlıqların həyata keçirilməsini Konstitusiyadaqanunlarda nəzərdə tutulmuş hallardan başqa heç kəs poza və məhdudlaşdıra bilməz. Bu kimi hərəkətlərə yol verilməsinə, o cümlədən, vətəndaşların seçkilərdə, referendumda iştirak etmək hüquqlarının pozulması və məhdudlaşdırılması, Azərbaycan Respublikası Konstitusiyasının və qanunların pozulması, Konstitusiyadaqanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.

Tədbirdə 6 saylı Culfa-Babək Dairə Seçki Komissiyasının sədri Əzim Əzimov "Azərbaycan Respublikası Milli Məclis seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili" ilə bağlı çıxış etmişdir.

Kurslar muxtar respublikanın bütün rayonlarında keçiriləcəkdir.

 

 

Xalq qəzeti.- 2010.- 2 sentyabr.- S. 3.