Sosial müdafiə
Əhalinin
rifahının yaxşılaşdırılması prioritet vəzifədir
Azərbaycan Respublikasının
sosial-iqtisadi inkişafı getdikcə sürətlənir.
Artıq keçid dövrünü uğurla başa
çatdıran Azərbaycanın başlıca hədəfi
dünyanın inkişaf etmiş ölkələrinin
sırasına daxil olmaqdır. Elə Azərbaycanın
möhkəm əsaslara söykənən uğurlu
inkişafı, iqtisadi cəhətdən özünü tam təmin
etməyə qadir olması bu inamı xeyli artırır. Azərbaycanın
dövlət siyasətinin əsas prioritetlərindən biri də
ölkədə rifahlı cəmiyyət quruculuğuna nail
olmaq, əhalinin həyat səviyyəsinin aybay, ilbəil
artırılmasından ibarətdir. Bu məqsədlə
mühüm dövlət proqramları qəbul olunur, dövlət
başçısı İlham Əliyev tərəfindən əhalinin
rifahının yaxşılaşdırılmasına yönəldilən
fərman və sərəncamlar imzalanır. Bir sözlə,
ölkə əhalisinin həyat səviyyəsinin getdikcə
yaxşılaşdırılması dövlətin və onun
başçısının daimi diqqət yetirdiyi məsələlərdəndir.
Təsadüfi
deyil ki, Nazirlər Kabinetinin 2010-cu ilin birinci
yarısının sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev
demişdir: "Biz həmişə olduğu kimi, sosial məsələlərə
xüsusi diqqət yetiririk və bu sahədə də nəzərdə
tutulmuş bütün proqramlar vaxtlı-vaxtında icra
olunur... Gələn aylarda, bu rübdə Azərbaycanda minimum
əmək haqqı və minimum pensiyanın
qaldırılması nəzərdə tutulur. Bildiyimiz kimi,
biz vaxtaşırı bu məsələlərə
baxırıq və pensiyaların, əməkhaqlarının
minimum məbləğini qaldırırıq. Hesab edirəm
ki, növbəti aylarda biz yenə də bu məsələyə
baxmalıyıq. Azərbaycanda minimum əmək haqqı və
pensiya qaldırılmalıdır. Azərbaycan dövlətinin
imkanları var və biz elə etməliyik ki, insanlar ildən-ilə
daha da yaxşı yaşasınlar".
Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi ötən yeddi ilə yaxın bir dövr ərzində verdiyi vədlərə sadiqlik nümuyiş etdirərək qətiyyəti və prinsipiallıq sayəsində nəzərdə tutulmuş bütün proqramların uğurla həyata keçməsinə nail olmuşdur. Elə dövlət başçısının 2010-cu il avqustun 31-də imzaladığı iki mühüm sərəncam da əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində dövlətin atdığı növbəti, çox mühüm bir addım kimi dəyərləndirilməlidir. Xatırladaq ki, adı çəkilən sənədə əsasən, yaşa görə əmək pensiyasının məbləği 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilmişdir. Əmək pensiyasının baza hissəsinin məbləğinin növbəti dəfə artırılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son illər uğurla həyata keçirilən sosial siyasətin parlaq təzahürüdür. Yeri gəlmişkən, son illər ölkəmizdə beynəlxalq standartlara uyğun həyata keçirilən yeni sosial müdafiə modelinin tərkib hissəsi olan sığorta-pensiya sistemində islahatların davam etdirilməsinin dövlətimizin başçısı tərəfindən xüsusi diqqət mərkəzində saxlanılması sosial sferada qazanılan bütün uğurların təminatçısıdır.
Prezident sərəncamına əsasən, qanunvericiliklə müəyyən olunmuş müvafiq hallarda Azərbaycanın milli qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin artırılaraq yenidən hesablanması Dövlət Sosial Müdafiə Fonduna tapşırılmışdır. Fondun sədri Səlim Müslümovun bildirdiyinə görə, hazırda Azərbaycanda pensiyaçıların sayı 1 milyon 291 min 139 nəfərdir. Ölkə Prezidentinin əmək pensiyalarının baza hissəsinin 13,6 faiz artırılmasına imkan verən məlum sərəncamı 1 milyon 254 min 200 pensiyaçıya şamil olunacaq. Dövlət qulluqçuları, hərbi qulluqçular və digər kateqoriyaya aid 54350 nəfərin sayı pensiyaları "Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq fərdi qaydada artırılır. Bütövlükdə isə Prezident sərəncamı ilə əmək pensiyalarının baza hissəsinin artımının maliyyələşdirilməsi üçün təxminən 50 milyon manat əlavə vəsait tələb olunur. Daha bir maraqlı fakt ondan ibarətdir ki, hazırda Azərbaycanda əmək pensiyalarının baza hissəsi 106 ABŞ dolları təmsil edir. Bu isə MDB üzrə Qazaxıstandan sonra ikinci nəticədir. Onu da deyək ki, son illər xarici ianələr hesabına yaşayan və korrupsiya girdabında çabalayan Ermənistanda bu göstərici 21,6 dollar təşkil edir.
Azərbaycanın büdcə imkanlarının ilbəil genişlənməsi, strateji valyuta ehtiyatlarının getdikcə artması da öz növbəsində uğurlu sosial siyasətin həyata keçirilməsinə geniş imkanlar yaradır. Təkcə onu demək kifayətdir ki, son illər ölkəmizdə sosial müavinətərin və təqaüdlərin məbləği mütəmadi olaraq artırılır. Bu da əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, bütövlükdə isə ölkədə rifahlı cəmiyyətin formalaşdırılmasına səbəb olur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə 2010-cu ilin ilk yarısında ölkə üzrə 294,7 min nəfərə 10,3 milyon manat məbləğində sosial müavinətlər təyin olunmuşdur. Əmək pensiyasını almaq hüququ olmayan 56,4 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlərin əvəzinə müavinət, 489 nəfərə əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə, yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların 902 nəfər qəyyumuna, eləcə də 11,1 min ailəyə 21,5 min uşaq üçün aylıq müavinət verilmişdir.
2010-cu ilin birinci yarısında Azərbaycan Respublikasının qarşısında xüsusi xidmətlər göstərmiş 33,5 min nəfər 3,1 milyon manat məbləğində aylıq təqaüd almışdır. Bundan əlavə, ölkədə ünvanlı dövlət sosial yardımlarının verilməsi də ilin əvvəlindən davam etdirilmişdir. Təkcə cari ilin aprel ayının 1-nə ölkədə 133 min ailənin 603,3 nəfər üzvü dövlət yardımı almışdır.
Ölkə iqtisadiyyatının dinamik inkişafı, müxtəlif dövlət proqramlarının uğurla reallaşdırılması, investisiya layihələrinin icrası əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına imkan yaradır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,3 faiz artaraq 316,3 manat təşkil etmişdir. Bundan əlavə, cari ilin birinci yarısı ərzində müəssisə və təşkilatlarda işçilərə əmək haqqı fonduna daxil edilməyən 7,4 milyon manatlıq sosial xüsusiyyətli ödəmələr verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 31-də "Minimum aylıq əmək haqqının artırılması haqqında" imzaladığı sərəncam da ölkə əhalisinin maddi güzəranının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılmış son dərəcə mühüm bir addımdır. Xatırladaq ki, adı çəkilən sərəncama əsasən, 2010-cu il sentyabrın 1-dən ölkədə minimum əmək haqqının məbləği 85 manat müəyyən edilmişdir.
Göründüyü kimi, son illər Azərbaycan dövlətinin imkanlarının getdikcə genişlənməsi sosial sferada bir sıra uğurlu addımların reallaşdırılmasına imkan yaradır. Məhz bunun nəticəsidir ki, son altı ildə Azərbaycanda yoxsulluq şəraitində yaşayanların sayı dörd dəfə azalaraq 11 faizə düşmüşdür.
Hazırda dövlət yoxsulluq şəraitində yaşayan sakinlərə xüsusi qayğı və həssaslıqla yanaşaraq onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirir. Elə Prezident sərəncamı ilə minimum əmək haqqı və pensiyaların artırılması da bu sahədə reallaşdırılan mühüm addımlardır.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2010.- 4 sentyabr.- S. 5.