Sədaqət rəmzi...
Qürur
qarışıq kədərin böyüklüyündən
boğazımıza yumruqla dirənən qəhəri uda
bilmirik. Qırx ilin tələbəlik dostlarının təsadüfi
görüşünə gələnlərdən biri deyir
ki, bizimlə oxuyan Flora xanım Milli Qəhrəman Şirin
Mirzəyevin həyat yoldaşıdır. Bu gecikmiş xəbərlə
öyündüyümüz qədər də, ondan kədərlənir,
sarsılırıq. Hisslərimizi bölüşməyə,
ürəyimizdə baş qaldıran duyğuları ifadə
etməyə söz tapmırıq.
Lal sükutun ağuşundayıq. Susuruq. Hər kəs özünə qapılır. Bütün ömrüm ağ-qara kino lenti kimi səssiz-səmirsiz gözlərimin önündən keçir. Xatirələrin sıxılmış xronikası yaddaşımın aynasında bir-birini əvəz edir. Hadisələrin tufan, qasırğa kimi müharibələrdən keçən uğultusunun sədalarını eşidirəm. Özümün, dostlarımın və bütün ölkənin Qarabağ müharibəsi ilə bağlı yaşadığı aramsız faciələr təkrarlanaraq keçmişdən gələcəyə baş alıb gedir. Qəhrəmanlığına bələd olduğum şəhid Şirini, onun haqqında oxuduqlarımı yada salmağa çalışıram. Nadir və rəşadətli döyüş komandiri, ordu qurucusu idi. Döyüşü qələbə ilə başa vurmaq kimi vərdişi vardı.
Qismətin nəsib etdiyi sarsıntıları düşünürəm. 40 il bundan əvvəl ayrıldıq, vidalaşdıq, hərəmiz bir istiqamətə pərvazlansaq da, eyni bir xalqın, eyni bir torpağın Qarabağ dərdini yaşadıq. Hadisələrin gərginliyi nəinki, tələbəlik dostlarını, hətta ən yaxın qohumları belə aralı saldı. Biz müharibənin məngənəsində sıxılaraq ətrafımızda baş verən hadisələrin əsirinə çevrildik, axtara bilmədik, aramadıq bir-birimizi. İndi ömrümün müdrik çağında fikirləşirəm ki, əgər 18 il bundan qabaq Şirin Mirzəyevin ömür-gün yoldaşının Flora xanım olduğunu bilsəydim hamıya xəbər verərdim, qapısına gedərdik. Biz, onu yaxından tanıyan tələbə yoldaşları itkisinə həyan durardıq, təsəlli verərdik və dünyanın ən ülvi, ən gözəl sözlərini elə həmin günlərdə igidin qadınına özümüz deyərdik. Bu qapıya axan insan selinin içində əriyib itən bir zərrə olmağımızda təsəlli tapardıq. Biz, Flora xanımla bir kursda oxuyanlar, onun mərdliyinə bələd olanlar, ləyaqətinə rəğbətlə yanaşanlar taleyin gərdişindən Şirin Mirzəyevin hüzn mərasimində iştirak edə bilmədik. Əslində, olsaydıq da belə nəyisə dəyişə bilən deyildik. Tanrı itkiləri geri qaytarmır, yalnız əvəzini verir. Ancaq ruhumuz rahatlıq tapacaqdı ki, həmin gün tələbəlik yoldaşımızın, qəhrəmanın qadınının kədərini bölüşdük, bu kədərin böyüklüyünün və itkisinin ağırlığının şahidi olduq. Eyni zamanda, biz əfsanəvi qəhrəman Şirin Mirzəyevin şəhidliyin son zirvəsinə qapısındakı izdihamın çiyinlərindən qanad çalıb əbədiyyətə qovuşan uçuşunun şahidi ola bilmədik.
Nə qədər istəsəm də qəhrəmanın qapısına getməyə, bu qapının arxasında yaşanılan ata itkisinə, ər yoxluğuna və bütün məhrumiyyətlərdən doğan çətinlikləri öz içlərində və gündəlik həyatın yeknəsəq ritmlərində illər boyu dəf edən insanlara rəğbətimi bildirməyə cəsarət etmədim. Lakin elə bu mənəvi qadağanın fəlsəfi dərki mənə sözlə də olsa, onun qapısını açmağa, Flora xanıma təsəlli verə biləcək düşüncələrimi yazmağa çatdırmağa və bir də xatirələrin qanadında keçmişə dönməyə imkan verir. Bu qayıdış, zənnimcə, gənclər üçün vacibdir. Keçmişimiz, yaşadığımız həyat, bugünkü reallıqlardan, çətinliklərdən ciddi dərəcədə fərqlidir. Ötən əsrin həyat universitetində bugünkü gənclik üçün örnək ola bilən nümunələr var. Həyat təlatümlü dəniz kimidir. XX əsrin 70-ci illərinin tələbəliyindən xeyli vaxt keçib. İnsan hafizəsi bütün hadisələri xroniki ardıcıllıqla yadda saxlamır. Unuda bilmədiklərin, qeyri-adi səhnələr, ən dözülməz və ən şirin xatirələr, özündən asılı olmayaraq, yaddaşına həkk olunur və zaman-zaman şüurunda canlanaraq səni düşünməyə vadar edir. Qeyri-ixtiyari keçmişi səyahətə çıxırsan, özünü, müxtəlif vaxtlarda ətrafında olan insanları, yaşadığın hadisələri bir daha yenidən araşdırırsan və sabahın üçün daha faydalı qənaətlərə gəlirsən.
Talelər kükrəyən çaylar kimi baş alıb son mənzilə axdıqca, ucsuz-bucaqsız dənizə dönüb bəşəriyyətin tarixinə çevrilirdi. Əslində, ən kiçik hadisə də o zamankı dünyanın ümumi mənzərəsindəki hadisələrdən bəhrələnirdi.
Flora təbiətli Azərbaycan qızlarını, bütünlükdə Azərbaycan qadınının surətini anlamaq, onun həyat yoldaşını, oğlunu və ya qardaşını qəhrəmanlığa ucaldan möhtəşəm qüvvənin sirrini açmaq üçün zamanın, planetin siyasi mənzərəsinə ümumi baxış vacibdir. 1964-ci ildə institutun ikinci kursundan hərbi xidmətə çağırıldım və 1967-ci ildə hərbi qulluğumu başa vurdum. Əsgərliyimin iki ilini Kubada xüsusi ezamiyyətdə keçirdim.
Azadlıq adası. Kuba. Havana. Tropik Günəşin məşəl kimi yanıb yandırdığı insanlar mis rəngindədir. İçlərində qapqara həbəşlər də var. Başa düşmədiyim dil, yad mühit, anlamadığım və heç zaman qəbul etməyəcəyim adət və ənənələr. Mənəviyyatı sınaqlara çəkilən zavallı bir dövlətin ərazisində xüsusi tapşırıqları yerinə yetiririk. Ölkə xilas olmaq, yaşamı üçün real təhlükələrdən və qarşıdurmalardan uzaqlaşmağa can atdıqca vətəndaş müharibəsi Kubanın müxtəlif bölgələrində gah səngiyir, gah da ki baş qaldırıb alovlanırdı.
Bu iki il çətinliklərinə görə həyatımda silinməz izlər buraxdı, bəzən elə anlar olurdu ki, ölümlə üzləşirdik, həyatın yaşımıza uyuşmayan sınaqlarından keçirdik. Elə məqamlar olurdu ki, bir günümüz, bir saatımız üzləşdiyimiz çətinliklərə görə ildən, əsrdən uzun olurdu. Yaşlaşırdıq, müdrikləşirdik və mərdləşirdik. Mən orada dünyanın necə ikiyə parçalandığını, qütbləşdiyini hiss etdim. İkinci Dünya müharibəsini qalib kimi başa vuran Sovet İttifaqı kapitalist dünyası üçün kommunizmin vahiməli kabusuna çevrilmişdi. Cahan savaşından sonra qütbləşmə dinamik gərginliklə artırdı. Biz bu artan və hər an müharibəyə çevrilə bilən gərginliyin həm müşahidəçiləri və həm də iştirakçıları idik.
Azadlıq adasına iki illik ezamiyyətdə ən çox eşitdiyim şey siyasi rəhbərlərimizin apardığı hərbi vətənpərvərlik təbliğatı idi. Biz nə edirdiksə SSRİ-nin bir dövlət kimi kapitalist dünyasından daha nüfuzlu və daha güclü olması üçün edirdik. Qüdrətli sovet dövlətinin bütün dünyaya azadlıq gətirəcəyinə bizi inandırırdılar, bizə Sovet İttifaqını sevdirməyə çalışırdılar. Lakin bu təbliğat nə qədər güclü olsa da, hər Vətən deyiləndə mən bütün Sovet İttifaqını yox, Azərbaycanı düşünürdüm. Mənim dilimdə danışanlara, mənim adət və ənənələrimi həyat tərzi seçənlərə içimdə tükənməyən məhəbbət baş qaldırırdı.
Havanada yatdığım yerdə, başımın üstündən Azərbaycanın xəritəsini asmışdım. Bal dadan Vətənimi, Bakını öpməmiş yatmazdım. Gözlərimi yumardım, yuxuda kəndimizi görərdim, ev-eşiyimizi, anamı, bacımı və qardaşlarımı görərdim. Qoxusunu alardım kəndin-kəsəyin, toxtayardım körpə uşaq anasının qoynunda kiriyən kimi.
Hər gecə yuxularımda Azərbaycana qayıdırdım, Naxçıvana dönərdim, doğulub boya-başa çatdığım Qarabağlar kəndinin küçələrini gəzərdim, yaşı əsrlərlə ölçülən Qudi Xatun türbəsini ziyarət edərdim.
Sən demə, Vətəni başa düşmək, onu anlamaq və sevmək, anaya, bacıya, ailəyə qəlbində əsl məhəbbət yaratmaq üçün Vətəndən aralı düşəsən, qardaşdan, atadan nisgilli qalasan gərək və getmək istədiyin yerlərə ancaq yuxularında səfər edəsən gərək. Yuxularınla reallıqlar, gördüklərinlə nisgilin arasındakı fərqlərin müqayisəsində içində ecazkar Vətən məhəbbəti baş qaldırır, ucalır. Məhz Kubada mən Azərbaycanı bir vətən kimi dərk etdim, Azərbaycan qadınının bütün dünyanın qadınlarından hansı üstünlüklərə malik olduğunu başa düşdüm. Şərq mentalitetinin, Şərq əxlaqının bütün dünyəvi və əxlaqi dəyərlərdən üstün cəhətlərini anladım.
Yenidən instituta təhsilimi davam etməyə qayıdanda qrupda, kursda məni heç kim tanımasa da, yad ölkədə çəkdiyim məşəqqətlərə görə onların hamısını, elə bil, beş barmağım kimi tanıyırdım, hamısının xətri mənim üçün əziz idi, əxlaqlarına, tərbiyələrinə görə ürəyimə bacım, qardaşım qədər yaxın idilər.
İkinci Dünya müharibəsindən sonra respublikada fərqli bir mühit var idi. Azərbaycan döyüşçüləri, Bakı neftçiləri Qələbənin sələfləri idilər. İnsanlar kasıb olsalar da, bəzən yeməyə çörək, geyməyə paltar tapmasalar da qürurlu idilər. Evdə oturub müharibədən qayıtmayan, itkin düşən və hətta həlak olanların yolunu gəzləyən qızlarımız, gəlinlərimiz də iztirablarına görə qəhrəman idilər.
Bir gecənin gəlini ərinin qara xəbəri gəlsə də belə əxlaqına, namusuna və təkliyinə söykənib ömrünün son gününədək yol gözləməkdən usanmadı, bezmədi. Övladı olmasa da qayınatasının yanında oturdu, onlarla bir yerdə illər boyu yol gözləyə-gəzləyə qalıb qarıdı. Qadınlar var idi müharibəyə ərlərini yola salıb 4-5 uşağa analıq da etdilər, atalıq da. Şərəflərini də uca tutdular.
Öz yerlərinə də işlədilər, davaya yola saldıqları əsgərlərin də yerinə. İsmətlərini uca tutdular. Kimsənin ağlına belə gəlmədi ki, onların sədaqətindən şübhələnsin, inanmasın onlara. Bizim tələbə qızlarımız belə qadınlara pərəstiş edər, onları özlərinə örnək sayardılar.
Bizim gəncliyimizdə indiki bolluğu və əxlaqın zəifliyi ilə bəhsə girən telekanallar yox idi, internet kəşf olunmamışdı, rəngli qəzet-jurnal nəşr olunmazdı. Və insanların şüurunu dağıdan, əxlaqını zəiflədən əcnəbi tərbiyə ölkənin sərhədlərindən içəri buraxılmazdı. Ot kökü üstündə bitə bilirdi. Biz muğamlarla, Şövkətin, Rübabənin, Saranın, Xanın, İslamın, Arifin nəğmələri ilə yaşayardıq. Bayağı, yad musiqiləri nə sevərdik, nə də ki dinləyərdik. Bu səslərin içində bizi qaldıran, ucaldan və bizə Vətəni sevdirən ən əsrarəngiz notlar vardı. Bir birimizə bacı-qardaş gözü ilə baxardıq, bir qızın namusu hamımızın namusu idi. Kimsə bizim qızların yanından yel olub ötə bilməzdi. Qızlarımız bizim üçün müqəddəs və toxunulmaz idilər. Onların namusu, onların şərəfi bizə öz namusumuzdan və ləyaqətimizdən irəli idi.
Biz kim idik ki? Həmin müharibəyə gedən kişilərin oğulları, qardaşları, nəvələri. Əmilərimiz, dayılarımız, babalarımız idi o savaşlarda həlak olan, vuruşan və qalib gələn. O illərin gənclərinin güvənc yeri, dayaq nöqtəsi böyüklərimizin müharibədəki qəhrəmanlıqları idi. Kimsə atasının və ya yaxın qohumunun vəzifəsi ilə öyünməzdi. Biz əsl kişiləri və kişiliyi ölümün üstünə dik yeriyən, gözünü qırpmadan Vətən yolunda canından keçə bilən əzəmətli qüvvə kimi başa düşürdük.
Bu baxımdan qadın bizim üçün bu böyüklüyü, bu gücü qollarına alıb qəhrəmanlıqlara ruhlandıran, qanadlandıran mələk kimi idi.
Aradan ötən bu 18 ildə Flora xanıma təskinlik verənlərin, onun qapısına gəlib ərinin - onun və bütün Vətənin güvəndiyi kişinin ucaldığı şəhidlik zirvəsinə layiq ürək sözlərimizi ona, övladlarına və yaxınlarına deyə bilmədik. Günahımı etiraf edirəm.
Sahilin payızına ləpələri ilə çırpılan Xəzərə baxıram, dalğalar sanki iki müharibənin birlikdə, bir ünvana atılan atəşlərinin gurultularını xatırladır.
Sonuncu Qarabağ müharibəsinə dərs dediyim partaların arxasından şagirdlərim gedib. Vuruşublar, yaralanıblar, şəhid olanlar da var.
Məni Şirin Mirzəyevi qəhrəmanlıq zirvəsinə ucaldan, onun ən ağır döyüşlərin qalibinə çevirən gücün mənbəyi - Azərbaycan qadınının ümumi surəti düşündürür. Burda qəhrəmanın xüsusi keyfiyyətləri qədər dəyərli və eyni zamanda məzmununa görə heç nəyə bənzəməyən qadın sevgisi var. İgidin qadını başqalarından fərqli olaraq həyat yoldaşının nüfuzu, onun qalibiyyət döyüşləri naminə həyatın ən ağır zərbələrinə hazır olur. Ərini döyüşlərdən çəkindirmir, onu qələbəyə ruhlandırır. Kişi içindəki məhəbbətin böyüklüyünü dərk edəndə, Vətənin də ailəsi, uşağı qədər müqəddəs və əziz olduğunu anlayanda ölüm onun gözündə adiləşir. Şirin Mirzəyevin kişi ürəyinin zamanın qarşısında əriyib itməyən böyüklüyü nədən güc alırdı? Təbii ki, öz kökündən gələn qüdrətdən və onun arxasınca bütün döyüşlərə su atan qadınından. Evinə, oğluna, qızına və qadınına arxayın olan kişi üçün ölüm qorxulu deyil. Əgər kişi bilirsə ki, o ölsə belə qadını sınmayacaq, əyilməyəcək, əqidəsindən dönməyəcək, ər ocağına sədaqətini qəbirə kimi əməllərində yaşadacaq, uşaqları da qaldıracaq, bu halda onun üçün Vətən yolunda son savaşa atılmaq və canından keçmək müqəddəs bir vəzifə olur. Bizim tələbə qızlarımızın hərəsi bir igidin dayağı, bir qəhrəmanın arxası idi. Flora xanım kimi.
Heç nəyi geri qaytarmaq mümkün deyil. Amma insan taleyini, Flora xanımın analıq hisslərini və Şirin Mirzəyevin qəhrəmanlıq salnaməsini müqəddəs bayraq kimi başımızın üstünə qaldırıb "Bu bizik!" deyərək hayqıra bilərik. Sərkərdə Şirin Mirzəyev qədər Flora xanım da igidin qadını, igidin uşaqlarının anası kimi qəhrəmandır. Vətən həm də Flora xanım kimi ərini döyüşlərə hünərləndirə bilən qadına görə Vətən olur. Vətənlə evi, qadını və uşaqları arasında fərq görmədən ölümə gedə bilən Şirin kimi insanlara görə Azərbaycan əzəmətlidir, qüdrətlidir.
Azərbaycan
Ordusunun savaş çətinliyi yoxdur. Şirin kimi oğullar
sübut etdilər ki, istənilən döyüşdə
düşmənin məğlubiyyəti labüddür.
Çətini odur ki, bəşəriyyət ermənilərin
faşizmə yoluxduğunu görmür, iki dövlət
arasındakı qanlı müharibəyə lokal
münaqişə kimi baxır. Biz bu mübarizədə tək
olduq. Dünya ictimaiyyəti erməni faşizminə dəstək
verdi. Güvənc yerimiz özümüz, milli qəhrəmanlarımız
və ordumuz oldu. Ana və bacılarımızın namusu
oldu.
Dünyasını dəyişən qəhrəmanları sağ qalanlar əməllərində yaşatmalıdır. Şirin kimi minlərlə oğlumuz şəhid oldular və onların qəhrəmanlığını dastan kimi əzbərləyib yaşatmaq bizim mənəvi borcumuzdur. Ötən əsrin gəncləri nağıllarla, əfsanələrlə yaşayardı. Hamımızın içində qaranlıqlardan işıqlara çapan Ağ atlı bir oğlan var idi. O vaxtın qadınları da nağıllara inanardılar.
Bizim tələbəlik illərinin qızları analarının, nənələrinin yaşantılarına rəğbətlə yanaşar, onları özlərinə nümunə seçərdilər. Buna görə də onlar 20 yaşında uşaq olsalar da təbiətən həyatın bütün çətinliklərinə sinə gərə biləcək qədər mərd, sədaqətli və yenilməz idilər. Onlar savadlı, yüksək intellektə və böyük əxlaqa malik kamil qızlar idi. Hərəsi bir qəhrəmanın arxası idi. Biz onda fikirləşməzdik və fikirləşə bilməzdik ki, onlar kimə qismət olacaqlar. Amma hamımız bir şeyi yaxşı anlayırdıq ki, bizim qızlar kiminlə ailə qursalar ona güc vermək, arxa durmağa qadirdilər. Onlarda qənirsiz Vətən sevgisi, evə, ailəyə müqəddəs bir sədaqət var idi. Cavanlıqdan, tələbəlikdən öz qızlarımızı belə sədaqətli, belə mərd gördüm. Onların dünyagörüşü, həyata münasibətləri elə idi ki, heç vaxt əqidələrini dəyişən deyildilər.
Şirin Mirzəyevin qəhrəmanlığını daha qətiyyətli edən, onu evindən, eşiyindən, balalarından arxayın salan həyat yoldaşı olub. O, döyüşə gedəndə də, düşmənin üstünə şığıyanda da qadınından yarıyıb, ondan arxayın olub, onun sədaqətinə, bütövlüyünə söykənib. Arxayın olub ki, ölsə belə qadını onun qeyrətinin yükünü çəkəcək, balalarını qaldıracaq və onun uşaqları tənhalıq nə olduğunu bilməyəcək. O zamandan bu yana mənim üçün Azərbaycan qadınının əsrlər boyu dəyişməyən surəti var. Bizim qızlar dünyanın bütün qadınlarından əyilməzliyi, qüruru ilə seçiliblər. Evə, ailəyə, ocağa sonsuz bir sədaqətlə bağlıdırlar. Azərbaycan qadını ötən əsrdə, ondan min il əvvəl də belə olub, min il bundan sonra da bizim qadınların ləyaqəti ən ali sədaqət rəmzi kimi dünyaya örnək olacaq.
Yapon durnaları haqqında danışırlar ki, onların bir-birinə qəribə sədaqəti olur. Biri öləndə digəri bacardığı yüksəkliyə qədər uçur və qanadlarını bədəninə sıxaraq, daş kimi yerə çırpılıb ölürlər, tək yaşaya bilmirlər. Ərini savaşa yola salan hər Azərbaycan qızının taleyi durna sədaqətindən qat-qat uca və daha kamil bir dastandır. Bizim üçün ailə müqəddəsdir. Və yapon durnalarından fərqli olaraq bizimkilər qanadlarını balalarının üstünə çəkirlər. Sevginin böyüklüyü qəhrəmanlığın hüdudlarını təyin edir. Mən Azərbaycan Dövlət Pedoqoji Universitinin 1970-ci il məzunları adından Flora xanımın sədaqəti, çətinlikləri qarşısında baş əyirəm. Onun yaşadığı ömürlə, həyat yoldaşı Şirinin qəhrəmanlığı ilə fəxr edirəm.
Salman ABBASOV
Xalq qəzeti.- 2010.- 5 sentyabr.- S. 8.