Türkdilli Ölkələrin Parlament Assambleyasının Beynəlxalq
Katibliyində görüş
Türkdilli Ölkələrin
Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsənov
TÜRKPA Katibliyinin ofisində Yunanıstanın ölkəmizdəki
fövqəladə və səlahiyyətli səfiri
İoannis Metaksas ilə görüşmüşdür.
Qonağı
salamlayan R.Həsənov O, TÜRKPA-nın quruluşu, fəaliyyəti
və əsas məqsədləri haqqında geniş məlumat
vermişdir. TÜRKPA Beynəlxalq Katibliyinın Azərbaycan
Respublikasındakı 57-ci diplomatik missiya olaraq fəaliyyətə
başladığı və türkdilli ölkələrin
siyasi, sosial-iqtisadi, mədəni, humanitar və digər sahələrdə
əlaqələrinin inkişafına xidmət etdiyi
vurğulamışdır. Qurumun Avropa ölkələri
üçün siyasi, iqtisadi cəhətdən çox
böyük əhəmiyyət kəsb etdiyi və parlamentlərarası
əməkdaşlığın keyfiyyətcə yeni mərhələsi
olan parlament diplomatiyası vasitələrinin köməyi ilə
dövlətlər arasında dialoqun daha da inkişaf etdirilməsində,
din, dil, irqə fərq qoymayan, beynəlxalq hüquq
normaları çərçivəsində fəaliyyət
göstərən bir tolerant təşkilat olduğu
qonağın diqqətinə
çatdırılmışdır. Gələcəkdə
enerji sahəsində region və Avropa ölkələrinin əməkdaşlığının
genişləndirilməsində və gücləndirilməsində
də Parlament Assambleyasının mühüm olacağı
qeyd edilmişdir.
Daha sonra beynəlxalq əməkdaşlıq çərçivəsində ATƏT PA, AŞPA, NATO PA, Avropa Parlamenti, Avropa Parlamentinin İnkişaf Ofisi, Cənubi Avropa Ölkələrinin Parlament Assambleyası, MDB PA, İKT PA, Beynəlxalq Parlamentlər Birliyi, Beynəlxalq Parlamentlərin Baş Katiblərinin Assosiasiyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının parlament assambleyası (QİƏT PA), Asiya Təhlükəsizlik və Əməkdaşlıq Şurası və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması, qarşılıqlı fəaliyyət, müşahidəçi statusunun alınması ilə bağlı fəaliyyətləri haqqında da səfirə məlumat verilmişdir.
Eyni zamanda, R. Həsənov Yunanıstan ilə bir çox istiqamətlərdə əməkdaşlığın müsbət şəkildə inkişaf etdirilməsində, genişləndirilməsində və davam etdirilməsində Parlament Assambleyasının maraqlı olduğunu bildirmişdir.
Səfir İoannis Metaksas TÜRKPA Baş katibinə geniş və ətraflı məlumat verdiyi üçün təşəkkür etmiş, assambleyanın yaranması, Beynəlxalq Katibliyin daimi əsasda fəaliyyət göstərməsi və qurumun Bakıdakı fəaliyyətinə önəm verdiyini qeyd etmişdir. TÜRKPA-nın quruluşunu, həmçinin beynəlxalq əməkdaşlıq çərçivəsində qısa zamanda ATƏT, NATO və Avropa Şurası Parlament Assambleyası kimi beynəlxalq təşkilatlarla fəaliyyətini yüksək qiymətləndirmişdir. Bu işlərdə Azərbaycan Respublikası Milli Məclisinin sədri, TÜRKPA-nın fəaliyyətdə olan sədri Oqtay Əsədovun fəaliyyətini yüksək qiymətləndirdiyini və onun TÜRKPA-nın sabitlik qarantı rolunda çıxış edəcəyinə əmin olduğunu söyləmişdir.
Səfir daha sonra Azərbaycan, Qazaxıstan, Türkiyə və Yunanıstan arasında mövcud parlamentlərarası əlaqələrin inkişafından və dostluq qruplarının yaxından fəaliyyət göstərməsindən məmnun olduğunu qeyd etmişdir. Qonaq enerji sahəsində ölkələrarası əməkdaşlığın inkişaf etdirilməsinin önəmli fakt olduğunu Baş katibin diqqətinə çatdırmışdır.
Yunanıstan Respublikasının Azərbaycandakı səfirliyi ilə TÜRKPA Beynəlxalq Katibliyi arasında əlaqələrin inkişaf edəcəyini bildirən səfir assambleyanın Beynəlxalq Katibliyinə gələcək işlərində uğurlar diləmiş və qurumun bir çox tədbirlərində məmnuniyyətlə iştirak edəcəyini qeyd etmişdir.
Görüşün sonunda TÜRKPA adından İoannis Metaksasa assambleyanın müvafiq sənədlər toplusu və xatirə hədiyyəsi təqdim olunmuşdur.
Görüşdə TÜRKPA Baş katibinin müavini, Qazaxıstan Respublikasının Parlament Assambleyasındakı nümayəndəsi Mels Semqaliyev iştirak etmişdir.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2010.- 5 sentyabr.- S. 7.