Cəlilabad - çiçək açan arzu, murad...
Bu il
inzibati rayon kimi yaradılmasından düz
səksən il ötən Cəlilabadın
bir tərəfi qocaman Muğan düzünə düşür,
bir tərəfi isə Burovar dağ silsiləsi ilə əhatələnib.
Qışda bu yerlərə dağların
soyuğu, yayda yaylaqların sərin mehi "əl" uzadır. Amma insan qəlbinin
hərarətini Cəlilabadda
ilin hər fəslində duymaq mümkündür. Xüsusilə də son illərdə.
Regional inkişaf üzrə dövlət proqramları ölkənin
hər yerində olduğu kimi, bu rayonda da
ardıcıl həyata
keçirilir. Təbiətin bəxş elədiyi gözəlliklərə yaradan-quran
insanların əli ilə yeni naxışlar
vurulur.
Cəlilabadı görmək, gəzmək
adama ayrı zövq verir. ...Cəlilabadlı
şair dostum Sabir Yusifoğlu Sumqayıtda yaşasa da, yarı canı
hey doğma yurd yerlərində, Adnalı
adlı bir kəndin əlçim-əlçim
buludlarındadır. Onun kitablarında
"Cəlilabad" adlı
şeirə rast gəlməmişəm, amma
hamısının üz
qabığında dağların
rəsmi əks olunub. Bir də bütün
şeirlərindən bu
yerlərin ab-havası
duyulur, bulaqları çağlayır. "Barmağının ucunda göyün yeddinci qatı" fırlanan günlərin xiffəti
boy göstərir. Şair dostum
bu dağların qayalarına qoşula bilməməsinə heyfsilənir.
Taledən küsməyə dəyərmi? Axı, harada
yaşamağından asılı
olmayaraq, hər kəs ömrü boyu dünyaya gəldiyi və ən azı on yeddi yaşınadək sakini olduğu yerləri təmsil eləyir. Təki bu təmsilçilik
layiqli olsun, təki ruhən yadlaşmayasan. "O yerləri
ruhumda yaşadıb bəsləyirəm". -Bu, qan
yaddaşıdır...
Cəlilabad, doğrudan da, gəzməli-görməli yerdir. Mişarçayın
sahilində qərar tutub vüqarlanan rayon mərkəzinin də, əlçatmaz ucalıqlara
sığınmış dağ
kəndlərinin də
öz gözəllikləri
var. Şəhərdəki Heydər Əliyev seyrəngahı, bu dilbər guşədəki
"Göl" oteli və ətrafı, bir qədər aşağıda, çayın
sahilində yaradılmış
"Tut bağı" istirahət
mərkəzi göz-könül
oxşayır. Qonaqları valeh
edir, əfsanəvi təsir bağışlayır.
Yardımlıya doğru uzanan
dağ yolunun bir dayanacağında - Sadatlı meşəsində
yaradılan müasir istirahət kompleksi də çox keçməz ki, turistlərin diqqətini cəlb eləyər.
Cəlilabadın adamları işgüzardır,
istiqanlıdır. Böyük əksəriyyət
halallığa tapınandır.
Bəlkə də elə
bu məziyyətə
görədir ki, bu yerlərdə bin-bərəkət var. Elin varı çoxalır.
Həyatı, günü-güzəranı ilbəil gözəlləşir.
İcra
hakimiyyətinin başçısı
Əziz Əzizov bizimlə görüşündə
dedi ki, cəlilabadlılar hələ
də möhtərəm
Prezidentimiz İlham Əliyevin aprelin 29-da rayona etdiyi növbəti
səfərin xoş təəssüratlarını yaşayır. Dövlətimizin başçısı rayonda bir sıra
sosial-mədəni obyektin
açılışında iştirak edib. Prezidentin qayğısı
ilə rayonun inkişafı üçün
nəzərdə tutulub
reallaşdırılan işlərlə
yaxından maraqlanıb
və vəziyyəti
təqdir eləyib:
"Mən çox şadam ki, Cəlilabadda bütün işlər yaxşı gedir. Rayonun inkişafı üçün
lazımi tədbirlər
görülür. Həm sənaye
imkanları artır, iqtisadi göstəricilər
yaxşılaşır, həm
də sosial infrastruktur yaradılır.
Cəlilabad Azərbaycanda inkişaf
baxımından ən
qabaqcıl yerlərdə
olan rayonlardan biridir".
Yüksək qiymət rayonun hər bir sakinində
qürur yaradıb. Quruculuq əzmini
gücləndirib. Tapşırılan işə görə məsuliyyət hissini daha da artırıb.
Əvvəllər də
qeyd eləmişəm:
Cəlilabadda işlərin
zövqlə, keyfiyyətlə
yerinə yetirilməsi
nümunə ola biləcək səviyyədədir. Bu, görülən
işlərin uzunömürlülüyünü
təmin etməkdir, dövlətin ayırdığı
vəsaitin qədrini bilməkdir, daha geniş mənada desək,vətənpərvərlikdir.
Xatırlayıram ki, görüşlərimizin
birində Əziz müəllim şəhərə
xüsusi yaraşıq
verən yeraltı keçidin divarında bir mərmər plitənin qopduğunu görərək cavabdeh adamları əməlli-başlı
tənbeh eləməsindən
danışmışdı. Bu, həm qüsurun aradan qaldırılması,
həm də yaradılanın qorunub-saxlanması,
elin malına özününkü kimi
yanaşılması baxımından
ibrətamizdir. İndiki zamanda
adamlarda məhz bu kimi keyfiyyətlərin
tərbiyə edilməsi
xüsusilə vacibdir.
Cəlilabadda abadlıq-quruculuq tədbirləri
sürətlə davam
edir. Yaşayış məntəqələrinin qaz, işıq, su ilə tam təchizatı üçün
əməli işlər
görülür. Rayonda yeni
park və xiyabanlar salınır, yollar təmir edilir, kənd yolları abadlaşdırılır. Bu il şəhərin
Füzuli, Tomris, M.Hadi, H.Məmmədov və "Azərbaycan"
küçələri, yeddi
kilometrlik Göytəpə-Privolnoye
yolu asfaltlaşdırılıb.
İlin sonunadək daha səkkiz küçənin
asfaltlaşdırılması nəzərdə tutulub.
Hazırda iki kəndə
təzə yol çəkilir.
"Azəriqaz" İstehsalat
Birliyi Regionlar üzrə qaz istismarı idarəsinin Cəlilabad sahəsi rayonun mavi yanacaqla
təchizatını sürətləndirib. Rayon mərkəzində 10 kilometrlik
daşıyıcı qaz
kəməri dəyişdirilərək
yeni polietilen borularla əvəz olunub. Rayon mərkəzinin
və Göytəpə
şəhərinin bir
çox küçələrində
xətlər təmir
olunub. Göytəpə
ərazisində yerləşən
Kazımabad kəndində
yüksək təmir-bərpa
işləri görülməklə
qaz verilişi
yaxşılaşdırılıb,180 mənzilə məişət
qaz sayğacları quraşdırılıb. Rayon üzrə indiyə kimi cəmi 1025 ədəd qaz sayğacı dəyişdirilərək
yenisi ilə əvəz olunub. Allar və Günəşli kəndlərinin də qazlaşdırılmasından ötrü
mühüm işlər
görülür. Əgər ilin
əvvəlində rayon üzrə
qaz istehlak edən işlək abonentlərin sayı 7540 idisə, hazırda artıq 8764-ə çatıb.
Cəlilabadın iqtisadiyyatında kənd təsərrüfatı aparıcı
sahədir. Bu il
on minlərlə ton taxıl,
kartof, minlərlə
ton tərəvəz istehsal
olunub. Prezidentin tapşırığına əsasən, kənd təsərrüfatı məhsulunun
qorunması üçün
Cəlilabadda da mühüm tədbirlər
həyata keçirilir.
Hazırda hər biri iki min tonluq soyuducu kameralar, hər biri on min tonluq taxıl anbarları, iyirmi min tonluq regional gübrə bazası inşa edilir. Bu obyektlərin
istifadəyə verilməsi
aqrar sahənin daha da inkişaf
etməsinə, məhsulun
qorunmasına şərait
yaradacaq.
Rayonda cari ildə istifadəyə verilən
ən böyük obyektlər müasir Müalicə-Diaqnostika Mərkəzi,
Qarabağ müharibəsi
və şəhid ailələri üçün
4 mərtəbəli, 36 mənzilli
yaşayış binası,
Cəlilabad Şahmat Məktəbi, Tarix və diyarşünaslıq
muzeyi, Göytəpə
su anbarı, Göytəpə-Privolnoye yoludur.
Təsəvvür edin
ki, son dövrlərdə
hər il
ən azı bir o qədər sosial-mədəni obyekt tikilərək istifadəyə
verilib. Rayonda 22 mindən artıq yeni iş yeri
yaradılıb. Məktəblər tikilib. Yollar salınıb, ağac
əkilib. Bütün bu
işlər səngimək
bilmir.
Təxminən iyirmi il
qabad cəlilabadlı
şair dostum bu rayon haqqında söhbətimiz zamanı bədahətən "Cəlilabad-deyil
abad" qafiyəsini işlətmişdi. Bu dəfəki söhbətimizdə
isə o, qafiyəsində
düzəliş eləməli
oldu. Sevinə-sevinə:
"Cəlilabad-hər il
abad!"-dedi. Mən də cavabında "Çiçək açır
arzu-murad"-deyərək
sözünə qüvvət
verdim. Bəlkə də Cəlilabadın
indisi barədə daha dəqiq və sərrast səslənə biləcək
başqa ifadələr
tapmaq mümkün deyil.
Əli NƏCƏFXANLI,
"Xalq qəzeti"nin bölgə
müxbiri
Xalq qəzeti.- 2010.- 5 sentyabr.- S. 6.