Meşələr xalqımızın milli sərvətidir

 

Son məlumatlara görə, dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektardır. Bunun 809 milyon hektarı Rusiya Federasiyasının, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-ın payına düşür. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalmışdır.

 

XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35 faizi meşə ilə örtülü olmuşdur. Hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 989,4 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,4 faizini təşkil edir. Bu rəqəm Rusiya Federasiyasında 44 faiz, Latviyada 41 faiz, Gürcüstanda 39 faiz təşkil edir.

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Ölkəmizin meşə ehtiyatının 49 faizi Böyük Qafqaz regionunun, 34 faizi Kiçik Qafqaz regionunun, 15 faizi Talış zonasının və 2 faizi Aran zonasının (Naxçıvan MR ilə birlikdə) payına düşür. Azərbaycanda adambaşına 0,12 ha meşə sahəsi düşür.

Hazırda 261 min hektar meşə fondu sahəsi Ermənistan tərəfindən işğal edilmiş ərazilərdədir. Münbit torpaqlarımızın yuyulub getməsinin qarşısının alınmasında, sel daşqınlarının minimuma endirilməsində, tarlaların küləkdən və quraqlıqdan qorunmasında meşələrin müstəsna əhəmiyyəti vardır.

Meşələr bir növ rütubət toplayıcısı rolunu oynayır və düzənliklərə suyun paylanmasını tənzimləyir, onu nisbətən tarazlaşdırır. Bununla yanaşı, meşələr dağlıq rayonlarda torpaq sürüşməsi və dağ uçqunlarının qarşısını alır. Eyni zamanda, meşələr fitonsit xüsusiyyətinə malikdir, onlar zərərli mikroorqanizmləri məhv edir. Meşələr bitkiləri, torpağı, su hövzələrini, yolları, yaşayış məntəqələrini, abidələri, təbii amillərin zərərli təsirindən qoruyur, mikroiqlimi dəyişir, quru, isti, güclü küləklərin təsirini azaldır. Meşələr dərə, yarğan və hərəkət edən qumları bərkidir, qar örtüyünün bərabər yayılması və tədricən əriməsinə imkan yaradır, buxarlanmanı zəiflədir, qrunt sularının səviyyəsini endirir.

Bütün bunlarla yanaşı, mütəxəssislərin fikrinə görə, meşələrin təbiətdə ən böyük rolu - hər hektarın il ərzində 10-20 ton karbon qazını udaraq əvəzində oksigen ixrac etməsidir. 1 ha meşə sahəsi 1 saatda 8 kq karbon qazını udur, bu da 1 saatda 200 nəfərin nəfəsi ilə havaya buraxılan karbon qazının həcminə bərabərdir.

Meşələr torpaqları eroziyadan qoruyur, su ehtiyatlarının tükənməsinin qarşısını alır və havanı sanitariya-gigiyena baxımından saflaşdırır, təbiətdə maddələr mübadiləsində və enerjinin bioloji dövriyyəsində əvəzsiz rol oynayır.

Azərbaycan meşələrinin geniş ərazisi Böyük Qafqaz sıra dağlarının cənub və şimal-şərq yamaclarındadır. Bu meşələr Azərbaycan ərazisindən başlamış, Dağıstan sərhəddinə kimi uzanır. Meşələr Azərbaycanın şimal-şərqində, əsasən Qusar, Quba, Şabran, Siyəzən və Xızı inzibati rayonlarından cənub-qərb istiqamətindəki ərazini əhatə edir. Xızı rayonundan cənub-qərb istiqamətində meşə massivi tədricən azalır və tam meşəsiz sahə ilə əvəz olunur. Böyük Qafqazın cənub makroyamacında Şamaxı rayonu ərazisində meşə massivi yenidən bərpa olunurdağ yamacları ilə fasilə vermədən başdan-başa örtük yaratmaqla Gürcüstan Respublikasının sərhəddinə kimi uzanır. Burada meşələr əsasən İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən inzibati rayonlarının dağlıq hissəsini əhatə edir. Meşə massivi ara vermədən cənub yamacı ilə qərb istiqamətində Gürcüstan ərazisinə doğru uzanır.

Meşələrin geniş ərazisindən biriKiçik Qafqaz sıra dağlarının yamaclarıdır. Burada meşələr ayrı-ayrı massivlər şəklində əsas dağ qollarının şimal, şimal-şərq və şərq yamaclarını örtür. Yalnız Cənubi Qarabağ ərazisində meşə massivi ara verirİran sərhədinə çatmır. Bundan əlavə, meşələrə adacıq şəklində Naxçıvan Muxtar Resublikasında Şahbuz rayonu ərazisində, Küküdağ yamaclarında təsadüf edilir. Digər meşə sahələri Talış dağ yamaclarını əhatə edir. Burada meşələr Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və qismən də Biləsuvar inzibati rayonlarının ərazisində yayılmışdır. Meşələrin az hissəsi KürAraz çayları sahili boyunca uzanır və Tuqay tipli massiv şəklində lentvari ərazini tutur.

Azərbaycan öz füsunkar gözəlliyi, zəngin təbii sərvətləri, al-əlvan florası və faunası ilə bütün dünyada şöhrət qazanmışdır. Burada 125 fəsiləyə və 930 cinsə daxil olan ali bitkilərin 4500 növü yayılmışdır. Bunlardan 48 fəsiləyə, 135 cinsə mənsub olan 450 növ ağackollar respublikamızın meşələrində bitir. Bu isə respublika florasındakı bitki növlərinin 11-ni təşkil edir. Azərbaycan dendroflorasının tərkibində 70 regional endem növə təsadüf edilir. Bu da ümumi ağackol bitki növlərinin 16 faizi deməkdir.

Azərbaycan dendroflorasının belə zəngin tərkibə malik olmasına baxmayaraq, əsas meşə əmələgətirən növlər azdır. Azərbaycan meşələri əsasən enliyarpaqlı cinslərdən ibarətdir.

İynəyarpaqlı meşələrdən Eldar oyuğu adlanan 400 ha-a yaxın sahədə kserofit şəraitdə Eldar şamı (Pinus Eldarica), əsasən təzə və rütubətli fıstıq meşələrində Qaraçöhrədən (Taxus Bacaata) ibarət enliyarpaqlı cinslərə qarışıq haldaya kiçik meşəciklər şəklində ağaclıqlarda təsadüf edilir. Belə meşəciklərə Böyük Qafqazda -Qəbələ rayonunda Həmzəli qəbiristanlığında, PirquluOğuz rayonu meşələrində, Xızı, Dahardibi adlanan meşələrdə, Kiçik Qafqazda - Göy-Göl, Gədəbəy meşələrində, Talış dağlarında - Lerik rayonu Hamazat kəndi ətrafı meşələrdə təsadüf edilir.

İynəyarpaqlı cinslərdən ən geniş ərazidə yayılmışı ardıc meşələridir. Azərbaycan meşələrində - Qazax ardıcı (Cuniperus Salina), Uzunsov ardıc (C. Oblonga), Cırtdan ardıc (C. Pugmaca), Alçaqboy ardıc (C. Depressa), Qırmızı ardıc (C.Polycarpos) və s. növləri bitir. Ardıc meşələrinin ən geniş sahəsi Bozdağda, Naxçıvan meşələrindədir. Ardıcın çox da geniş olmayan sahələrdə seyrək meşələri də vardır.

İynəyarpaqlı meşələr (ardıc və şam) respublika meşələrinin meşə ilə örtülü sahəsinin təqribən 1,6 faizini təşkil edir. Azərbaycan Respublikasında həmişəyaşıl enliyarpaqlı meşələr yoxdur. Belə cinslərə yalnız Bakı, Gəncə, Şəki, Sumqayıt və digər iri şəhər və qəsəbələrdə yaşayış məntəqələrinin yaşıllıqlarında təsadüf edilir. Respublika meşələrinin əsasını qışda yarpağını tökən enliyarpaqlı növlər təşkil edir.

Azərbaycanın əksər meşələri (85 faizi) dikliyi yüksək olan dağ yamaclarında yerləşməklə əvəzolunmaz torpaqqoruyucu, sutəmizləyici və iqlim saflaşdırıcı əhəmiyyətə malikdir.

Buradan belə qənaətə gəlmək olar ki, meşələrimizdə yüksək məhsuldar (I və II bonitet) ağaclıqlar (14,9 faiz) azdır. Orta məhsuldar (III bonitet) ağaclıqlar 42,3 faiz, az aşağı məhsuldar (IV və V bonitet) ağaclıqlar isə 42,8 faiz təşkil edir. Bu göstəricilər meşələrin qorunması, onun məhsuldarlığının artırılması sahəsində son illər görülmüş meşəçilik tədbirlərinin qeyri-qənaətbəxş aparıldığının bazis göstəricisidir.

Meşələrimizdə 1536 cinsə aid olan 150 növ yabanı meyvə bitkiləri mövcuddur. Bu bitkilərdə min tonlarla (adi qoz, alma, armud, zoğal, alıca, əzgil, fındıq, xurma, yemişan, şabalıd, böyürtkən və s.) yabanı meyvə məhsulu vardır. Bu meyvələrdən 30 faizi istismar əhəmiyyətli məhsullardır.

Meşələrimizdə arıçılığın inkişafı üçün də əlverişli şərait vardır. Hazırda meşə müəssisələrində 700-ə yaxın arı ailəsi saxlanılır. Arılar meşə bitkilərinin tozlanmasına köməklik edir, bol toxum məhsullarının alınmasına şərait yaradır və əlavə bal məhsulu alınmasını təmin edir.

Azərbaycan meşələrinin yüksəkliklərə görə paylanmasının da özünəməxsus qanunauyğunluqları vardır. Belə ki, əksərən şimal istiqamətli dağ yamaclarında palıd-vələs meşələri üstünlük təşkil edir. Aşağı dağ qurşağında az məhsuldar palıd, qarağac, dəmirağac meşələri, orta dağ qurşağında nisbətən məhsuldar palıd-vələs meşələri, yuxarı dağ meşə qurşağında isə daha yüksək məhsuldar palıd-vələs meşələri mövcuddur. Meşə qurşağının subalp qurşaqla qovuşduğu ərazidə az məhsuldar tozağacı və alçaq boylu əyri gövdəli fıstıq meşələrinə təsadüf edilir.

Belə qanunauyğunluqların Talış, BöyükKiçik Qafqaz dağlarında özünəməxsusluğu vardır. Bu gün ölkəmizdə yeni meşə zolaqlarının salınıması istiqamətində güclü aparılır. Ölkə Prezidenti cənab İlham Əliyev meşə zolaqlarının salınmasına diqqət yetirilməsinin vacibliyini dəfələrlə vurğulamışdır.

Çəngidə salınan meşə zolağı bu istiqamətdə görülən işlərə əsl nümunədir. Bakı və Abşeron ərazisində də bu sahədə əhəmiyyətli işlər görülür. Ümumiyyətlə, son illər Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşələrin bərpa olunması, artırılması üzrə nəzərdə tutulmuş tədbirləri aqrotexniki qaydalara uyğun texnoloji ardıcıllıqla həyata keçirir. Təkcə ötən il 10751 ha sahədə meşə bərpa işləri aparılmışdır. "Ekologiya ili" elan edilmiş 2010-cu ildə isə bu sahədə işlər əsaslı şəkildə davam etdirilir.

Son vaxtlar ölkəmizdə baş verən meşə yanğınları meşə fondumuza müəyyən zərər vursa da, yanğınların qarşısı vaxtında alınmışdır.

Meşələri qorumaq, onu artırmaq dövlətimizin daim diqqət mərkəzindədir və yaxın gələcəkdə bu sahədə əsaslı irəliləyişlərin əldə olunacağı şübhəsizdir.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Foto İ.RÜSTƏMOVUNDUR

 

Xalq qəzeti.- 2010.- 5 sentyabr.- S. 6.