Güclü dövlətin əsas dayağı - insan kapitalı

 

Qüdrətli dövlətlərin tarixini araşdırdıqda belə məlum olur ki, onların bu səviyyəyə yüksəlməsində ayrı-ayrı şəxsiyyətlərlə yanaşı, həmin şəxsiyyətlərin ətrafında sıx birləşən, xüsusi hazırlığa malik, öz işini bilən insanlar, kadrlar da böyük rol oynamışlar.

 

Dövlət idarəçilik sisteminin şaxələndiyi, müəyyən mənada mürəkkəbləşdiyi, bununla bərabər idarə olunan kütlənin tələblərinin kifayət qədər artdığı bir dövrdə kadr amili daha qabarıq şəkildə nəzərə çarpır. Ona görə də dünyada və regionda söz sahibi olmaq istəyən hər bir dövlət daxili imkanlarını səfərbər etmək naminə öncə insan kapitalına ciddi diqqət yetirir. Çünki bunsuz təbii sərvətlər, geostrateji mövqe və bu kimi digər önəmli məsələlər xalqlara, millətlərə, dövlətlərə o qədər də fayda vermir, əksinə, həmin ölkələr sərvətlərə sahib çıxmaq və bölgəni nəzarətdə saxlamağa can atan dövlətlərin, iqtisadi maraq qruplarının və gizli qlobal güclərin təsirinə düşür, sözün həqiqi mənasında, koloniyaya çevrilir və ancaq sözdə müstəqil olurlar. Bunu yaxşı bilən ulu öndərimiz Heydər Əliyev hələ Sovetlər Birliyi dönəmində azərbaycanlı kadrların hazırlanmasına və insan kapitalının formalaşmasına ciddi diqqət yetirir, bu istiqamətdə məqsədyönlü təhsil siyasəti həyata keçirirdi.

Təsadüfi deyil ki, ulu öndərin birinci dəfə hakimiyyətə gəldiyi 1969-cu ildən etibarən yüzlərlə azərbaycanlı tələbə Rusiyanın nüfuzlu elm - təhsil ocaqlarında təhsil almağa göndərilmiş, sanki bununla Azərbaycandakı kadr potensialı müstəqillik dövrünə hazırlanmışdı. Belə ki, 1969-1970-ci dərs ilində respublikadan kənarda 47 nəfər təhsil almağa göndərilmişdisə, 1975-ci ildə artıq 700 nəfərədək gənc Sovetlər Birliyinin tanınmış təhsil ocaqlarında oxumaq imkanı əldə etmişdi. Sonrakı illərdə bu artım yüksələn xətt üzrə davam etdirildi. Digər maraqlı bir fakt da ondan ibarətdir ki, 1970-ci ilədək respublikadan kənarda təhsil almağa göndərilənlərin yalnız 40 faizini azərbaycanlılar təşkil etdiyi halda, ümummilli liderimiz Heydər Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində bu göstərici 1976-cı ildə 85, 1977-ci ildə 92, 1980-ci ildə isə 97,6 faizə çatdı. Bütün bunlar bir daha göstərir ki, həqiqətən də həmin dövrdə Azərbaycanın kadr potensialı müstəqillik dövrünə hazırlanırdı.

... Və gözlənilən an gəlib çatdı. Azərbaycan Respublikası müstəqilliyini elan etdi. Təbii ki, bu zaman dövlət quruculuğu prosesində hazırlıqlı kadrların iştirakı da gündəmə gəldi. Müstəqilliyimizin ilk günlərində həmin kadrlar bu prosesdə iştirak etmək istəsələr də, pafoslu çıxışlarla, yalan vədlərlə insanları aldatmağa çalışan və bu yolla iqtidara gələn səriştəsiz, bacarıqsız "siyasətçilər" buna imkan vermədilər. Təcrübədən göründüyü kimi, güclü kadr potensialına söykənməyən iqtidarın uzun müddət hakimiyyətdə qalması mümkün deyildi. Çünki istər daxili, istərsə də xarici siyasəti müəyyənləşdirən və həyata keçirən kadrlar, necə deyərlər, dar düşüncəyə sahib, burnundan uzağı görə bilməyən insanlar idi. Sovet İttifaqı dönəmində təhsil alan hazırlıqlı kadrların dövlət quruculuğu prosesinə cəlb olunması isə yalnız ulu öndərimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra baş tutdu.

Burada çox mühüm bir məqama toxunmaq istəyirəm. 1990-cı illərin əvvəllərində Moskvadan doğulub boya-başa çatdığı Naxçıvana qayıdan Heydər Əliyev muxtar respublikanın Ali Məclisinin sədri seçildikdən sonra da həm qədim diyardakı, həm də ümumilikdə Azərbaycandakı gənclərin xaricdə təhsil alması məsələsini yenidən gündəmə gətirdi. Ulu öndər 1992-ci ilin martında Ankaraya səfəri zamanı qardaş ölkənin o dövrdəki Baş naziri Süleyman Dəmirəl ilə apardığı danışıqlarda bu məsələni ətraflı müzakirə etdi. Türk dünyasının böyük oğlu Heydər Əliyevin tövsiyələrini diqqətlə dinləyən Türkiyə rəhbərliyi "Böyük tələbə layihəsi"ni reallaşdırmaq barədə qərar qəbul etdi. Həmin layihəyə əsasən, Türkiyə Cümhuriyyəti yenicə müstəqilliyini əldə etmiş Azərbaycan və digər 6 türkdilli ölkənin kadr hazırlığına və yeni dünya düzəninin tələblərinə cavab verəcək kadr potensialının formalaşdırılmasına dəstək verəcək, minlərlə gəncin qardaş ölkənin nüfuzlu universitetlərində təhsil almasına şərait yaradacaqdı. Həmin gənclər təhsillərini başa vurduqdan sonra təcrübə keçəcək və öz ölkələrinə geri dönərək dövlət quruculuğu prosesində yaxından iştirak edəcəkdilər. Ulu öndərin təklifi əsasında meydana çıxan bu layihə ümumilikdə bütün türk dünyası üçün çox mühüm əhəmiyyətə malik olan hadisə və gələcəyə hesablanmış ciddi perspektivlər vəd edən sənəd idi. Bu, Heydər Əliyevin təkcə Azərbaycanın deyil, həm də bütün türk dünyasının əbədi lideri olduğunu təsdiq edən məsələ idi.

Ankarada aparılan danışıqlar nəticəsində qərara alındı ki, Naxçıvan Muxtar Respublikasından da 100 nəfər gənc qardaş ölkənin nüfuzlu universitetlərinə oxumağa göndərilsin. 1992-ci il martın 24-də imzalanan protokollarda həmin məsələ də öz əksini tapdı. Protokolların Azərbaycan üçün digər bir əhəmiyyəti də ondan ibarət idi ki, bununla 1921-ci il oktyabrın 13-də imzalanmış Qars müqaviləsi bir daha təsdiq edilirdi. Məlum olduğu kimi, Qars anlaşmasında Türkiyə Naxçıvan Muxtar Respublikasının yalnız Azərbaycanın tərkibində qalmasına razılığını bildirir və qədim diyarın təhlükəsizliyinə zəmanət verirdi. Ankaranın üzərinə götürdüyü öhdəliklərə sadiq qaldığını bir daha nümayiş etdirməsi isə həmin dövrdə havadarlarının köməyi ilə ana Vətəndən ayrı düşmüş Naxçıvanı işğal etməyə çalışan ermənilərə və onların "müttəfiqlərinə" görk oldu.

Hər kəsin həyatında baş verən hansısa əlamətdar hadisə onun taleyində, gələcəyində böyük rol oynayır, necə deyərlər, inkişaf trayektoriyasını təyin edir. Çox sevinirəm ki, mənim gələcəyimi müəyyənləşdirən xüsusi bir məqam böyük öndərlə bağlıdır. Belə ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1992-ci il iyulun 4-də Türkiyə universitetlərinə keçirilən imtahanda iştirak etdim və jurnalistika ixtisası üzrə nəzərdə tutulan 1 yer mənim qismətimə düşdü. Təbii ki, bunu öyrənəndə sevincimin həddi-hüdudu yox idi. Türk dünyasının böyük oğlu Heydər Əliyev ilə görüş keçirəcəyimizi öyrəndikdə isə sevincim daha da artdı. Görüş 1992-ci ilin oktyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclas zalında baş tutdu. Ümummilli lider hər bir tələbə ilə səmimi söhbət edir, bizə tövsiyələr verərək deyirdi:

-Mən istəyirəm ki, Azərbaycanın bütün gəncləri gələcəkdə xoşbəxt, firavan yaşasın, xalqımızın, Vətənimizin ləyaqətli övladları olsunlar. Ona görə də sizi Türkiyənin ən nüfuzlu universitetlərinə göndərirəm. Sizin üçün yaradılacaq şəraitdən maksimum faydalı, səmərəli istifadə edin. Bu fürsəti yaxşı qiymətləndirin, keçmişimizi, tariximizi daim dərindən öyrənin, yaxşı oxuyun və öz sahənizin kamil mütəxəssisləri kimi Vətənimizə qayıdın, xalqımıza şərəflə xidmət edin. Biz gənclər ulu öndəri maraqla dinləyir, onun sözlərindən, ata nəsihətindən qeyri-adi güc alırdıq. Hər birimizdə oxumağa, öyrənməyə olan həvəs birə on artırdı. Artıq zəif, kövrək duyğular bizi tərk etmiş, yerini gələcəyə olan qəti inam almışdı.

1992-ci il oktyabrın 29-da bir qrup tələbə avtobuslarla Naxçıvan ilə Türkiyəni birləşdirən "Ümid" körpüsünü keçərək qardaş ölkəyə gəldik. Burada bizi hörmətlə qarşılayıb, hər birimizi təhsil aldığımız şəhərlərə göndərdilər.

Türkiyədəki bəzi radikal qruplaşmalar 1992-ci ildə Azərbaycandan və Mərkəzi Asiya ölkələrindən gələn çoxsaylı tələbələri öz tərəflərinə çəkmək üçün bütün vasitələrdən istifadə edirdilər. Yaxşı xatırlayıram: həmin günlərdə Azərbaycandan gələn bəzi "siyasətçilər" bizimlə görüşür, guya həmin qruplaşmalar barədə bizi məlumatlandırır, ardınca isə özlərinin Azərbaycanda yaratdıqları "axmaqlar dəstəsi"nin sıralarına dəvət edirdilər. Biz isə açıq və kəskin şəkildə etirazımızı bildirirdik.

Qısa bir müddətdən sonra, bəlkə də "qürbətdə" olmağımızın təsiri ilə biz tələbələr bir-birimizə daha çox qaynayıb-qarışdıq, sıx birləşdik. Necə deyərlər, hamımız birimiz, birimiz hamımız - devizi münasibətlərimizin əsas prinsipinə çevrildi. Vəziyyət o həddə çatdı ki, artıq Türkiyədəki radikal qruplaşmalar öz üzvlərini bizdən qorumağa məcbur oldular. Səbəb isə çox sadə idi. Azərbaycanın siyasiləşmiş mühitində formalaşan biz gənclər qısa zaman ərzində Türkiyənin böyük şəhərlərində ölkə əleyhinə hansı oyunların getdiyini görür, bu oyunlara alət olan dostluq münasibəti qurduğumuz türk gənclərinə həqiqətləri çatdırır, onları bu səhv yoldan uzaqlaşdırırdıq. Bunun nəticəsində ətrafımızdakı tələbə yoldaşlarımız təxribatlara uymur, araqarışdıranlara əhəmiyyət vermirdilər. Bu bir həqiqətdir ki, 1993-cü ildən etibarən Türkiyənin, demək olar ki, əksər universitetlərində ən yaxşı oxuyan və sosial fəaliyyət baxımından ən fəal olan tələbələr azərbaycanlılar idi. Bu, Türkiyə rəhbərliyinin də diqqətini cəlb etmişdi. Təsadüfi deyil ki, hər bayramda Türkiyənin Baş naziri, siyasi partiya liderləri biz azərbaycanlı tələbələrə təbrik məktubları göndərir, təhsildə əldə etdiyimiz yüksək uğurlar barədə məlumatlandırıldıqlarını və bizimlə fəxr etdiklərini bildirirdilər.

Azərbaycan Respublikasının rəhbərliyi də bizimlə yaxından maraqlanırdı. 1993-cü il iyunun 15-də Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev fəlakətə sürüklənən ölkəni parçalanmaqdan, dövlətimizi məhv olmaqdan xilas etməklə yanaşı, Türkiyənin müxtəlif universitetlərində təhsil alan tələbələrin maddi vəziyyətinin yaxşılaşdırılmasına da diqqət göstərdi. Bunun üçün Təhsil Nazirliyinə xüsusi göstəriş verilmişdi. Qısa müddət sonra ulu öndər tələbələrin əsas problemi barədə məlumatlandırıldı. Bu, Vətənə gəlmək və geri dönmək məsələsi idi. Ulu öndər Heydər Əliyev dövlətin imkanı olan kimi bu məsələnin həll edilməsini əlaqədar qurumlara tapşırdı.

Türkiyədə təhsil aldığımız illərdə eşitdiyimizə görə, ümummilli liderimiz Heydər Əliyev 1994-cü ildə təkrar bu məsələyə qayıdanda əlaqədar məmurlar deyəcək sözləri olmadığı üçün vəziyyətdən çıxmağa çalışıblar. Sonra belə bir təklif irəli sürüblər ki, Türkiyədə təhsil alan tələbələr təyyarə biletlərini yarı qiymətinə alsınlar. Böyük öndər isə çox sərt bir şəkildə deyib ki, tələbənin bu qədər pulu haradandır? Və ardınca Türkiyədə təhsil alan yüzlərlə gəncin hər il bir dəfə heç bir məbləğ ödəmədən Vətənə gəlmələrinin təmin olunması barədə xüsusi tapşırıq verib.

Bu xoş xəbər Türkiyədə təhsil alan yüzlərlə tələbə tərəfindən hədsiz sevinclə qarşılandı. Ancaq dərindən düşünəndə bu xəbərin doğru ola biləcəyinə də şübhə edirdik. Çünki həmin vaxtlar Azərbaycanda həm siyasi, həm də iqtisadi vəziyyət çox gərgin idi. AXC-Müsavat iqtidarı ölkəni elə bərbad vəziyyətə salmışdı ki, ekspertlərin proqnozlarına görə, Azərbaycanın iqtisadiyyatı heç on ilə də düzələ bilməzdi. Düşünürdük ki, belə bir vəziyyətdə Türkiyədə təhsil alan gənclər heç yada düşməz. Görünür, biz qeyri-adi şəxsiyyət olan Heydər Əliyevin heç kəsi, heç nəyi yaddan çıxarmadığını və hər kəsə diqqətlə yanaşdığını unutmuşduq.

Gələcək kadrların yüksək səviyyədə təhsil almasına və dünyagörüşünün müasir tələblər səviyyəsində formalaşmasına diqqət yetirmək və bu mənada onların problemlərini həll etməyə çalışmaq yalnız onilliklərdən sonrakı gələcəyin strategiyasını müəyyənləşdirən və həyata keçirən böyük siyasi xadimlərə xas olan keyfiyyətdir. Bu keyfiyyətlər Heydər Əliyev timsalında daha əzəmətli görünür. Türkiyədə təhsil aldığımız illərdə biz bunun bir daha şahidi olduq. Böyük insan Türkiyəyə hər səfərində bizimlə görüşür, problemlərimizlə maraqlanırdı. Təsadüfi deyil ki, qardaş ölkədəki tələbələrin problemlərini araşdıran və həll etməyə çalışan rəsmi təmsilçilərin Türkiyəyə göndərilməsi də məhz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra baş tutmuşdu.

Bu gün Azərbaycanı uğurlu gələcəyə aparan nurlu yol ulu öndərin siyasi varisi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə və yeni meyarlarla zənginləşdirilərək davam etdirilir. Hazırda Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin Azərbaycan Respublikası tərəfindən lazımi maddi dəstəklə tam təmin olunması da bunun bariz nümunəsidir.

Sevindirici haldır ki, gənclərimizin dünyanın qabaqcıl ölkələrində təhsil alması məsələsi bu gün də birbaşa Azərbaycan dövlətinin nəzarətindədir və bu iş planlı şəkildə həyata keçirilir. Dövlət başçısının 2007-ci il aprelin 16-da "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq olunmasını nəzərdə tutan sərəncamı imzalaması da bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Dövlət Proqramında 2015-ci ilədək 5 min azərbaycanlı gəncin dünyanın nüfuzlu universitetlərində təhsil alması nəzərdə tutulub. Bu, Azərbaycan iqtidarının hazırlıqlı kadrların yetişdirilməsinə, insan kapitalına verdiyi önəmin növbəti təzahürüdür.

Bu gün təkcə Türkiyədə deyil, dünyanın bir sıra qabaqcıl ölkələrində yüzlərlə azərbaycanlı tələbə dövlət xətti ilə təhsil alır. 2009-cu ilin statistikasına əsasən hazırda onların ümumi sayı 811 nəfər təşkil edir. Sıralamada qardaş Türkiyə bu gün də birinci yerdədir. Bu ölkədə 513 azərbaycanlı gənc təhsil alır. İkinci sırada yer alan Rusiya Federasiyasında 234, Çin Xalq Respublikasında 25, Misir Ərəb Respublikasında 21 və s. tələbəmiz dövlətimizin dəstəyi ilə təhsillərini davam etdirirlər.

Vaxtilə Türkiyədə təhsil almış yüzlərlə tələbə isə artıq Vətənə qayıdaraq müxtəlif sahələrdə çalışır, əldə etdikləri bilikləri, öyrəndikləri qabaqcıl təcrübəni öz sahələrində tətbiq edirlər. Onlar arasında tanınmış həkimlər, müəllimlər, jurnalistlər, mühəndislər, dövlət məmurları və s. var. Hər biri türk xalqının öz millətinə, dövlətinə sədaqətini görərək və bundan dərs alaraq öz xalqına, millətinə, dövlətinə böyük məhəbbətlə xidmət edirlər.

Bu gün formalaşmış gözəl ənənələrdən biri də xaricdə təhsil almış azərbaycanlıları bir araya gətirən tədbirlərin müntəzəm olaraq keçirilməsidir. Növbəti belə tədbirlərdən biri də avqustun 20-21-də Bakıda baş tutdu. Bu, "Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin VIII Beynəlxalq Forumu" idi. Forumun məqsədi azərbaycanlı gənclərin xarici ölkələrdə əldə etdikləri təcrübələri bölüşmək, Azərbaycanın inkişafı üçün birlikdə çalışmaq əzmlərini möhkəmləndirmək, gənclər arasında canlı ünsiyyət, informasiya mübadiləsini təşkil etməkdir.

Sonda ümummilli liderin Türkiyəyə təhsil almağa gedən tələbələrlə 1994-cü il fevralın 7-də keçirdiyi görüşdə söylədiyi nitqin bir daha xatırlatmaq istəyirik. Heydər Əliyev demişdir: "Siz hələ gəncsiniz, qarşıda sizi uzun bir yol gözləyir. Arzum budur ki, bu yolu uğurla keçəsiniz. Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz Azərbaycanı Türkiyədə layiqincə təmsil edəcək, ali təhsil alacaq və qayıtdıqdan sonra Vətənimizə, xalqımıza sədaqətlə, yorulmadan xidmət edəcəksiniz".

Ulu öndərin bütün çıxışları kimi bu nitqi də biz xaricdə təhsil alan insanlar və ümumilikdə bütün gənclər üçün daim aktuallığını qoruyur, xoş xatirə kimi yaddaşımızda yaşayır. Onun müəyyənləşdirdiyi yolla getmək, bu yola sədaqətli olmaq isə bizim hər birimizin vətəndaşlıq borcudur. Türkiyədə böyük öndər Mustafa Kamal Atatürk üçün söylənilən sözü Azərbaycan dövlətinin qurucusu və memarı olan ulu öndərimiz Heydər Əliyev üçün təkrar demək istəyirəm: Atam, izindəyik!

 

 

Rauf ƏLİYEV,

"Xalq qəzeti"nin əməkdaşı,

"Türkiyə Universitetləri Məzunları"

İctimai Birliyinin baş katibi

 

Xalq qəzeti.- 2010.- 5 sentyabr.- S. 5.