Azərbaycan dövləti yeni tarix yaradır

 

Paytaxtımızın rəmzləri sırasına Dövlət Bayrağı Meydanı da əlavə edildi

 

Görkəmli hind yazıçısı Robendranat Taqor yazırdı ki, istənilən xalqın istənilən ənənəsi gözəldir və təqdir olunmalıdır. Ancaq öz keçmişinin uca tutulması üçün yaşadılan ənənələr daha böyük ehtirama layiqdir. Böyük ədibin həmin qənaətini öz xalqımızın həyatına tətbiq etsək, onda bizim ənənələrin daha böyük ehtirama layiq olduğunu görərik. Çünki dövlətimizin istənilən siyasəti sabaha hesablanır, dünənə ehtiram üzərində qurulur. Elə Bakıda Dövlət Bayrağı Meydanının yaradılması da respublikamızın 50-60 və hətta, 100 il sonrakı günləri üçün nəzərdə tutulmuş və böyük bir yaradıcılıq, quruculuq ənənəsinin davam etdirilməsi şəklində reallaşdırılmışdır.

 

Böyük şəhərlərin hamısının özünəməxsus, qeyri-rəsmi rəmzləri vardır. Moskvada Kremlin Spasski qülləsi, Parisdə Eyfel qülləsi, Londonda Saat meydanı və sairə. Bakının isə bir neçə qeyri-rəsmi rəmzi vardır: Suraxanı Atəşgahı, Qız Qalası, Qoşa Qala qapısı, Hökumət evi, Neft Daşları, Qafqazda ən uca hündürlüyə malik teleqüllə, Prezident Sarayı və sair. Təxminən 2500 il ərzində formalaşmış bu rəmzlərin son ikisi - yeni teleqüllə ilə Prezident Sarayı - ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələlik paytaxtımızın ən sonuncu rəmzinə çevrilən, bütün dünyada ən hündür bayraq dirəyi ilə məşhur olan Dövlət Bayrağı Meydanı isə ümummilli liderimizin siyasi kursunu böyük uğurlarla davam etdirən Prezident İlham Əliyevin adı ilə bağlı oldu. Dövlət Bayrağı Meydanının tikintisi, açılması və özünəməxsus parametrləri barədə söz açmazdan əvvəl bir məqamı yada salmaq istərdik. Çünki bu məqam həm Prezidentin özünün, həm də 50 milyonluq xalqımızın ən böyük arzusu və ümididir. Belə ki, ağsaqqal ziyalımız, görkəmli bəstəkar Tofiq Bakıxanov Bakıda Dövlət Bayrağı Meydanının açılacağı barədə xəbəri eşidəndə dedi ki, mən İlham Əliyevin qətiyyətinə əmin olaraq söyləyirəm ki, o, torpaqlarımızı işğaldan azad etdikdən sonra Bakıda "qələbə meydanı" da açacaqdır. Hələlik isə Azərbaycan paytaxtında region və dünya mətbuatının böyük maraqla yer ayırdığı Dövlət Bayrağı Meydanı açıldı.

Azərbaycan paytaxtında bu möhtəşəm meydanın istifadəyə verilməsindən bir neçə ay əvvəl Ginnes Dünya Rekordları təşkilatı Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir. Dövlətin kifayət qədər maddi vəsait və təxminən üç ilə yaxın vaxt sərf edərək belə möhtəşəm bir layihəni reallaşdırması bizim üçün bir neçə cəhətdən önəmlidir. ƏVVƏLA, bu fakt özü-özlüyündə sübut edir ki, Azərbaycan region ölkələri arasında istənilən layihəni reallaşdırmaq imkanına malik olan ən qüdrətli ölkədir. İKİNCİ, bu gün kosmosda rabitə peyki olan ölkələrin mütəxəssislərinin hamısı yerin müxtəlif regionlarının, daha çox isə Qafqazın şəkillərini çəkirlər. Kosmosdan adi minik maşınının da fotosunu aydın şəkildə çəkə bilən qurğuların obyektivində ümumi sahəsi 2450 kvadratmetr olan Azərbaycan bayrağının bütün gözəllikləri ilə dalğalanması bizə daim fəxr və iftixar gətirəcək. ÜÇÜNCÜ, Azərbaycan öz bayrağını yer səthindən ən uca hündürlüyə qaldırmaqla regionda hamıdan uca olduğunun rəmzini yaratdı. Qeyd etdiyimiz kimi, bu ucalıqda bayraq dirəyi nəinki region ölkələrində, ümumiyyətlə, dünyanın heç bir ölkəsində yox idi. DÖRDÜNCÜ, Prezident İlham Əliyev özünün timsalında bütün azərbaycanlıların dövlət bayrağına olan ehtiramının, bayrağın uca tutulması ənənəsinin yaşadılmasını sübut etdi. 2003-cü ildə "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" - deyən Prezident hər bir azərbaycanlının qürur mənbəyi olan dövlət bayrağımızı dünya bayraqları arasında ən uca məqama qaldırdı.

"Bayrağa ehtiram" ifadəsi ilə "dünənə ehtiram" ifadəsini yanaşı işlətdik. Bu da təsadüfi deyil. Bunun təsadüfi olmadığını Prezident İlham Əliyevin sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində söylədiyi fikirlərdə daha aydın şəkildə gördük: "Meydanın yaradılması haqqında sərəncam mənim tərəfimdən 2007-ci il noyabrın 17-də imzalanmışdır. Ondan dərhal sonra bütün işlər başlanmışdır. O gündən iki il sonra - 2009-cu il noyabrın 17-də Azərbaycan Dövlət Bayrağı Günü təsis edilmişdir. Bildiyiniz kimi Azərbaycan bayrağı - bizim üçrəngli bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə təsdiq olunmuşdur. Məhz noyabrın 9-da Azərbaycanda bundan sonra hər il Azərbaycan Dövlət Bayrağı günü kimi qeyd olunacaqdır. Hər iki sərəncamın noyabrın 17-də imzalanması səbəbi də çox məntiqli və aydındır. Məhz 1990-cı il noyabrın 17-də ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Azərbaycanda dövlət bayrağı kimi qaldırıldı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda dövlət bayrağı kimi təsdiq edildi. Eyni zamanda, o vaxtkı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı və tələb edildi ki, bu bayraq Azərbaycanın dövlət bayrağı kimi qəbul edilsin".

Qeyd edək ki, 2007-ci il dekabrın 30-da Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan, 2010-cu il sentyabrın 1-də isə bilavasitə dövlət başçısının və ölkə rəsmilərinin iştirakı ilə təntənəli açılış mərasimi keçirilən Dövlət Bayrağı Meydanı son illər ölkəmizdə reallaşdırılan çoxsaylı nəhəng layihələrdən biridir. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif yerlərindən görünməsini təmin edir. Əcnəbi şirkət tərəfindən hazırlanmış layihəni yerli şirkət həyata keçirmişdir. Meydanının ümumi sahəsi 60 hektardır. İnşa edilmiş dayağın (bayraq dirəyinin) hündürlüyü 162 metr, diametri 3,2 metrdir. Qurğunun ümumi çəkisi 220 ton, bayrağın çəkisi isə 350 kiloqramdır. Yuxarıda qeyd etdiyimiz kimi, bu il may ayının 29-da Azərbaycan Dövlət Bayrağı Meydanında ucaldılmış dirək Ginnessin Rekordlar kitabına düşmüşdür. Meydanda qızıl suyuna salınmış bürüncdən respublikamızın gerbi, dövlət himnimizin mətni və ölkəmizin xəritəsi də hazırlanmışdır.

Prezident İlham Əliyev Bayraq Meydanının açılış mərasimindəki nitqində bu tarixi hadisənin əhəmiyyətini nəzərə çatdıraraq dedi: - Bu gün ölkəmizin həyatında bir daha demək istəyirəm ki, tarixi, unudulmaz bir hadisə baş verir. Bu meydan nadir memarlıq abidəsidir. Bu bayraq bizim milli dəyərimizdir. Söhbət ondan getmir ki, bu gün bu bayraq dünyanın ən hündür bayrağıdır. Bəlkə nə vaxtsa, bir neçə ildən sonra başqa yerdə bundan da hündür bayraq qaldırıla bilər. Məsələ onda deyil, məsələ ondadır ki, bu Bayraq Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramını göstərir... Bizim bayrağımız qürur mənbəyimizdir".

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2010.- 5 sentyabr.- S. 1.