Azərbaycan -
Rusiya münasibətləri dinamik və səmərəli
inkişaf yolundadır
Münasibətlərimiz
çox möhkəmdir, onlar xalqlarımızın çoxəsrlik
dostluğuna əsaslanır. Bu, bizim üzərində dostluq,
bərabərhüquqlu qonşuluq münasibətlərimizi
qurduğumuz möhkəm təməldir... Çox ümid
edirik ki, münasibətlərimizdə mövcud olan müsbət
meyillər möhkəmlənəcək və inkişaf edəcəkdir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
... Bu, həqiqətən əlamətdar səfərdir.
Həm formal baxımdan əlamətdardır,
çünki ölkələrimiz arasında
qarşıdakı onilliklər üçün əməkdaşlığın
təməlini yaradan çox mühüm sənəd
imzalanmışdır. Həm də
qeyri-formal mənada, şəxsi ünsiyyət
baxımından əlamətdardır, çünki bu cür
ünsiyyət olmadan mehriban münasibətləri inkişaf
etdirmək mümkün deyildir. Biz
çox görüşürük, çox ünsiyyət
saxlayırıq. Bizim çox mehriban
yoldaşlıq münasibətlərimiz vardır və
ümid edirəm ki, bundan sonra da belə olacaqdır.
Dmitri MEDVEDEV,
Rusiya Federasiyasının Prezidenti
Azərbaycanın son illər sürətli
iqtisadi inkişaf yoluna qədəm qoyması, iri infrastruktur
layihələrinin reallaşdırılmasında
özünü təcrübəli dövlət kimi
tanıtması beynəlxalq aləmin ölkəmizə olan
marağını daha da artırmışdır.
Respublikamızın regionda lider dövlətə çevrilməsi,
həm güclü iqtisadi, həm də hərbi potensiala malik
olması diqqəti daha çox cəlb etmişdir. Digər tərəfdən 2008-2010-cu illərdə
dünyanı silkələyən qlobal maliyyə və
iqtisadi böhranın ölkəmizə bir o qədər də
güclü təsir göstərməməsi iqtisadi
strategiyanın düzgün istiqamətləndirilməsindən
xəbər verir.
Son iki ildə
dünyanın ən iri şirkətləri,
tanınmış bank strukturları, həmçinin bir
çox ölkələr iqtisadi cəhətdən iflasa
uğradıqları halda, Azərbaycanda bütün sahələr
üzrə inkişaf qeydə alınmış, ötən il bütün növ pensiyaların sosial hissəsi,
bu il isə baza hissəsi artırılmışdır. Bununla bərabər minimum əmək haqqı 75
manatdan 85 manata qaldırılmışdır. Üstəlik, regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramı çərçivəsində
nəzərdə tutulmuş layihələrin
reallaşdırılması istiqamətində də qətiyyətli
addımlar atılmışdır. Bütün
bunlar bir daha göstərir ki, Azərbaycan öz iqtisadi
qüdrətini artırmaq, möhkəmləndirmək və
daha da inkişaf etdirmək istiqamətində qarşıya
çıxan hər hansı bir maneəni dəf etmək
iqtidarındadır. Hazırda ölkəmiz
Avropaya və dünya birliyinə uğurlu inteqrasiyasını
davam etdirir.
Təbii ki, ölkəmizin regionda lider dövlətə
çevrilməsi, dünyanın ən islahatçı
dövləti imicini qazanması və indiki ağır,
çətin şəraitdə iqtisadi inkişaf tempini qoruyub
saxlaması dünyanın iri şirkətlərinin və
super dövlətlərinin diqqətindən yayına bilməzdi. Son vaxtlar
nüfuzlu beynəlxalq qurumların öz tədbirlərini məhz
Azərbaycanda keçirmələri və dövlət
başçılarının qarşılıqlı səfərləri
də bunu təsdiqləyir. Rusiya
Federasiyası kimi böyük bir dövlətin Prezidentinin son
üç ildə üç dəfə Azərbaycana rəsmi
səfər etməsi də təsadüfi deyildir. Bu fakt ölkəmizin beynəlxalq aləmdə daha
geniş miqyasda tanınmasından və nüfuz sahibi
olmasından xəbər verir. Nəzərə alsaq ki,
Rusiya həm də Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in
Minsk qrupunun həmsədr dövlətlərindən biridir, bu
baxımdan Prezident Dmitri Medvedevin mütəmadi səfərləri
ölkəmizə verilən yüksək qiymətin nəticəsidir.
Ümumiyyətlə, Rusiya ilə Azərbaycan münasibətlərinin
dinamik, səmərəli və yüksələn xətt
üzrə inkişafı diqqətçəkən məqamlardandır. İki ölkə
arasındakı münasibətlər çoxşaxəli,
çoxtərəflidir. Daha dəqiq desək,
bütün sahələri əhatə edir. Biz iki ölkə arasındakı əlaqələrə
diqqət yetirsək, görərik ki, bu münasibətlər
siyasi, iqtisadi kooperasiyanın və müştərək layihələrin
əhatə dairəsindədir. Rusiya ilə Azərbaycanın
regional və dünya miqyaslı layihələr üzərində
birgə fəaliyyəti, energetika, neft-qaz əməliyyatlarında,
elektrik enerjisi satışında və digər mühüm
sahələrdə böyük bir blok təşkil
etmələri Azərbaycanın dünyanın inkişaf
etmiş dövlətləri cərgəsinə
qoşulmasından xəbər verir. Bir faktı
da qeyd edək ki, iki ölkə arasında hərbi-texniki sahədə
də sıx əməkdaşlıq diqqəti cəlb edir.
Bütün bunlardan sonra Rusiya Prezidenti Dmitri
Medvedevin Azərbaycana səfəri təkcə regionda yox,
dünya ictimaiyyətində də böyük maraq
oyatmışdı. Bu səfər
dünya ictimaiyyəti tərəfindən ona görə
maraqla izlənilirdi ki, Azərbaycana səfərindən bir qədər
əvvəl Ermənistana rəsmi səfər edən Rusiya
Prezidenti Ermənistan ərazisində Rusiya hərbi
bazalarının saxlanılması müddətinin daha da
uzadılması barədə müqavilə
imzalamışdı. Bəzi siyasi ekspertlər bunu
Rusiyanın Ermənistana himayədarlığı kimi qiymətləndirir,
digərləri isə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin nizamlanmasında Minsk qrupunun həmsədrlərindən
biri kimi vasitəçilik missiyasını öz üzərinə
götürdüyündən, Rusiya tərəfinin müqavilənin
müddətinin artırılmasına razılıq verməsini
məqbul hesab etmirlər. Hər iki halda Azərbaycan
digər dövlətlərin daxili işlərinə qarışmır
və başqa dövlətlərin də Azərbaycanın
daxili işinə qarışmasını yolverilməz hesab
edir.
Rusiya
Prezidenti Bakı səfəri zamanı bu məsələyə
aydınlıq gətirərkən dedi ki, Ermənistanda
Rusiyanın hərbi bazasının olması haqqında
müvafiq sazişin müddətinin artırılması məsələsinə
Rusiyanın Qafqazda sabitliyin qorunub saxlanılması
mövqeyindən baxmaq lazımdır. D. Medvedev bildirdi ki, həmin
baza sülhü və asayişi təmin etməyə,
sabitliyi qoruyub saxlamağa, bu gün mövcud olan bütün
mürəkkəbliklərin azalmasına xidmət edir. Rusiya Prezidenti daha sonra qeyd etdi ki, bağlanmış
saziş çərçivəsində
imkanlarımızı və səlahiyyətlərimizi həyata
keçirərkən biz məhz bu mövqedən
çıxış edəcəyik. Sazişdə
heç bir prinsipial yeniliyin olmadığını diqqətə
çatdıran Rusiya Prezidenti dedi ki, yenilik ondan ibarətdir
ki, yalnız həmin bazanın orada olacağı illərin
sayı müəyyən qədər artırılır.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi
və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən
işğalının davam etməsi, bu amilin regionda
sülhün və təhlükəsizliyin bərqərar
olması üçün çox böyük əngəllər
yaratması Rusiya Prezidentinin səfəri zamanı əsas
müzakirə mövzusu olmuşdur. Azərbaycan Prezidenti bir
daha diqqətə çatdırmışdır ki, 1994-cü
ildən atəşkəs haqqında saziş bağlansa da,
bütün bu illər ərzində münaqişənin
tammiqyaslı tənzimlənməsinə təəssüf ki,
nail ola bilməmişik. Dövlətimizin
başçısı dedi: "Azərbaycanın əraziləri
işğal altındadır. Azərbaycanlılara
qarşı etnik təmizləmə siyasəti yeridilmiş, nəticədə
Dağlıq Qarabağdan və Dağlıq Qarabağın ətrafındakı
yeddi rayonun ərazisindən minlərlə azərbaycanlı
qovulmuşdur. Beynəlxalq təşkilatların
qətnamələri mövcuddur. BMT Təhlükəsizlik
Şurası dörd qətnamə qəbul etmişdir. Həmin sənədlərdə
işğalçı qüvvələrin Azərbaycan ərazisindən
çıxarılması haqqında tələblər irəli
sürülür. ATƏT-in Lissabon
sammitinin qərarları, digər beynəlxalq təşkilatların
qətnamələri mövcuddur. Münaqişə
həmin qərarlar və qətnamələr əsasında,
beynəlxalq hüququn normaları və prinsipləri əsasında
tənzimlənməlidir. Bu, Rusiya, Azərbaycan və Ermənistan
prezidentlərinin Moskvada imzalanmış Birgə Bəyannaməsində
də əks olunmuşdur".
Rusiya Prezidentinin münaqişənin nizamlanmasında fəal
iştirakı xüsusi vurğulanmışdır. Qeyd
olunmuşdur ki, Prezident Dmitri Medvedevin təşəbbüsü
ilə Rusiya, Azərbaycan və Ermənistan prezidentləri
arasında altı görüş keçirilmişdir. Bu fakt təsdiqləyir ki, Rusiya tərəfi
münaqişənin nizamlanmasında fəallıq
nümayiş etdirir. Rusiya Prezidenti münaqişənin
nizamlanmasında mövqeyini açıqlayaraq dedi: "Danışıqlar
davam edir və düşünürəm ki, əlaqələrin
intensivliyi azalmamalıdır. Rusiya Minsk qrupu
çərçivəsində vəzifələrini, həm
də bu mövzuda ünsiyyəti davam etdirən qonşu
ölkə kimi mənəvi vəzifələrini yerinə
yetirməyə hazırdır. Şəxsən
mən gündəlikdə qalan ən mürəkkəb məsələləri
müzakirə etməyə hazıram. Ümidvaram ki,
ölkələrimizin xarici siyasət idarələrinin
iştirakı və şəxsən bizim
iştirakımızla bu cür məsləhətləşmələr
davam etdiriləcəkdir... Rusiya öz vəzifələrini
hökmən yerinə yetirəcək və zəruri nəticələrin
əldə edilməsinə hərtərəfli kömək
göstərəcəkdir".
Rusiya Prezidenti Dmitri Medvedevin bu səfəri cənab
dövlət başçısının özü kimi
tanınmış siyasi xadimlər tərəfindən də
yüksək qiymətləndirilir. Bunu iki ölkə rəsmiləri
arasında imzalanmış sənədlər də təsdiqləyir.
Azərbaycan Prezidenti İlham Əliyev və
Rusiya Prezidenti Dmitri Medvedevin imzaladıqları "Azərbaycan
Respublikası ilə Rusiya Federasiyası arasında dövlət
sərhədi haqqında müqavilə" yüksək qiymətləndirilir.
Bu vaxta qədər iki ölkə arasında
bütün sahələr üzrə əlaqələrin
inkişaf etdirilməsini əks etdirən çoxlu sayda sənədlər
imzalanıb. Ancaq belə bir saziş ilk dəfədir
ki, imzalanır. Sərhədyanı Samur
çayının su ehtiyatlarının bölünməsi və
onlardan səmərəli istifadə edilməsi haqqında
müqavilələr, habelə qaz sahəsində əməkdaşlıq
sferasında imzalanmış sənədlər tərəflərin
hər ikisi üçün böyük əhəmiyyət kəsb
edir.
Rusiya Prezidentinin ölkəmizə növbəti səfəri
və bu səfər zamanı imzalanan sənədlər iki
ölkə arasında qarşılıqlı əməkdaşlığın
möhkəm təməllər üzərində
qurulmasından xəbər verir. Prezident Dmitri Medvedev də dövlət
sərhədi haqqında sazişə münasibət bildirərkən
dedi ki, bizim dostluq münasibətlərimizin möhkəm
normativ baza əsasında inkişaf etməsi, tərəfdaşlar
arasında beynəlxalq hüquq normalarına əsaslanan
münasibətlərə çevrilməsi üçün
belə saziş çox vacibdir. Bu sənəd
də beynəlxalq hüquqi aktdır.
Azərbaycanla Rusiya arasındakı
qarşılıqlı əlaqələr daha da möhkəmlənir,
münasibətlər yüksələn xətt üzrə
inkişaf edir.
Bu tendensiyanın təməlində ulu öndər
Heydər Əliyevin böyük uzaqgörənliklə
işləyib hazırladığı mükəmməl
xarici siyasət kursu dayanır. Prezident
İlham Əliyevin həmin siyasəti ustalıqla davam etdirməsi
isə ölkəmizin və xalqımızın etibarlı tərəfdaşlarını
gündən-günə artırır.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2010.- 5 sentyabr.- S. 1.