Tarixi nailiyyət
Prezident İlham Əliyev Azərbaycan
idmançılarının Yeniyetmələrin I Yay Olimpiya
Oyunlarında böyük müvəffəqiyyətini yüksək
qiymətləndirmişdir
Bu artıq xoş bir ənənə
halını almışdır. Azərbaycan
idmançıları hər dəfə məsul
yarışlarda - dünya və Avropa çempionatlarında,
Olimpiya oyunlarında yüksək nailiyyətlər qazanıb
sevimli vətənin şərəfini layiqincə qoruduqda,
beynəlxalq dairələrdə onun nüfuzunu daha da
artırdıqda, bütün yarış günlərində
onların çıxışlarını böyük maraq
və xoş bir həyəcanla izləyən on minlərlə
həmvətənimizə hədsiz sevinc bəxş etdikdə
ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab
İlham Əliyev qalibləri qəbul edir, göstərdikləri
idman hünərinə görə onları ürəkdən
təbrik edir və gələcək yarışlarda yeni-yeni
uğurlar arzulayır.
Bu dəfə
Prezidentdən təbrikləri qəbul etmək növbəsi
hələ çox gənc, cəmi 15-18 yaşlarında olan
idmançıların idi. Onlar Sinqapurda yenicə başa
çatmış Yeniyetmələrin I Yay Olimpiya
Oyunlarından Bakıya şənbə günü
qayıtmışdılar, artıq bazar ertəsi isə
dövlət başçımızın qəbulunda oldular.
Gənc
təmsilçilərimiz Olimpiadaya cəmi 12 nəfərlə
getmişdilər. Amma onların çətin olimpiya
sınaqlarında göstərdikləri nəticəyə
dünyanın hətta ən qüdrətli dövlətləri
də həsəd apara bilərlər.
Yığmamızın 204 ölkə arasında komanda
hesabında 11-ci yeri tutması bir daha inamla təsdiq edir ki, Azərbaycanda
idman dövlətin gündəlik qayğısı ilə əhatə
olunmuş və idmançıların səmərəli məşqləri,
böyük qələbələri üçün hər
cür şərait yaradılmışdır.
Azərbaycan
idmançılarının yeniyetmələrin elə ilk
Olimpiya oyunlarında rekord nəticə göstərərək
bütün dünyanı təəccübləndirmələri
isə ikiqat fərəhli hadisədir. Bununla əlaqədar
Prezident İlham Əliyev görüş zamanı qaliblərə
müraciətlə belə demişdir: "Bu oyunlar tarixdə
qalacaqdır. Hər bir Olimpiya oyunları idman sahəsində
tarixi bir mərhələdir. Bu oyunlar isə yeniyetmələrin
birinci oyunlarıdır. Siz artıq öz adlarınızı
bu şanlı tarixə yazdırmısınız. Siz birinci
oyunlarda qələbələr qazanmısınız.
Komandamız oyunlarda cəmi 12 idmançı ilə
iştirak edirdi. On iki idmançıdan səkkizi medal
qazanmışdır. Beş qızıl, üç
gümüş medal böyük və tarixi qələbədir.
Mən sizi bu böyük nailiyyət münasibətilə
ürəkdən təbrik edirəm. Əminəm ki, siz gələcəkdə
də, artıq böyüklər arasında keçiriləcək
Olimpiya oyunlarında ölkəmizi ləyaqətlə təmsil
edəcəksiniz".
Ən
mötəbər yarışlarda qazanılan ardıcıl qələbələr
Azərbaycanda idmanın əsl inkişaf yolunda olduğunu
göstərir. Bu uğurlar bütün idman təşkilatlarımızın
birgə səylə həyata keçirdikləri məqsədyönlü
işin bəhrəsidir. Dövlət də öz növbəsində
idmançıların qələbələrini, məşqçi
və mütəxəssislərin gərgin əməyini, bir
qayda olaraq, layiqincə qiymətləndirir. Sinqapurdan medallarla
qayıtmış idmançı və məşqçilərimizin
yüksək mükafatlara layiq görüldüyünü
siz artıq bilirsiniz. Dövlətin belə qayğı və
diqqəti isə idmançıları öz
ustalıqlarını daha da artırmağa,
xalqımızı yeni-yeni qələbələrlə
sevindirməyə ruhlandırır.
Prezidentin
qəbulunda olarkən olimpiya çempionu
ağırlıqqaldıran Nicat Rəhimov və yunan-Roma
güləşi üzrə məşqçi İlqar Abdulov
da öz çıxışlarında Sinqapurda əldə
olunmuş müvəffəqiyyətin ölkədə
idmanın inkişafına göstərilən böyük
qayğı və daimi diqqət sayəsində mümkün
olduğunu xüsusi vurğulayıb bildirmişlər ki, belə
qayğıya cavab olaraq yeni-yeni qələbələr
qazanmağa çalışacaqlar. Həqiqətən Azərbaycan
idmanının beynəlxalq nüfuzunu daha da artırmaq
üçün dövlətin qayğısına layiqli qələbələrlə
cavab vermək böyük şərəfdir.
İnsan
hər hansı bir tapşırığı yerinə
yetirdikdə, xüsusən də həlli çətin
işin öhdəsindən gəldikdə təbii ki, qanuni
iftixar hissi keçirir. Axı o, qarşıda duran vəzifəni
yüksək səviyyədə həyata keçirməklə
ümumi işimizə öz layiqli töhfəsini vermiş
olur. Bu mənada bizim olimpiya qəhrəmanlarımız da
öz idman hünərləri ilə haqlı olaraq fəxr edə
bilərlər.
Beləliklə,
Azərbaycan ilk dəfə keçirilən və buna görə
də ümumdünya idman tarixində xüsusi yer tutacaq
Yeniyetmələrin Olimpiya Oyunlarında idmanımızın pərəstişkarlarının
arzuladıqlarından da yaxşı təmsil olunmuş və
vətənin sərvəti olan medal xəzinəmiz 8 olimpiya
mükafatı - 5 qızıl və 3 gümüş medalla
daha da zənginləşmişdir. Ölkəmiz belə
böyük uğura bir də ona görə şaddır ki,
bütün medallar çox nüfuzlu idman növlərində
qazanılmışdır. Əgər güləş və
boksda böyüklərin Olimpiya oyunlarında fəxri
kürsüyə yüksəlmiş çempionlarımız
və mükafatçılarımız var idisə, buna qədər
olimpiadalarda elə bir yüksək nəticə göstərə
bilmədiyimiz ağırlıqqaldırmada da artıq yeniyetmələr
arasında olimpiya çempionumuzla qürur duya bilərik. Nicat
Rəhimovun və onun güləşçi, boksçu
dostlarının Sinqapur uğurları gündən-günə
yaxınlaşmaqda olan London Olimpiadası qarşısında
çox yaxşı əlamətdir.
Ən
güclü idmançılarımızın 2012-ci ildə
İngiltərə paytaxtında uğurla
çıxış edəcəkləri, olimpiya
meydanlarından daha "bol məhsul" götürəcəkləri
heç kimdə şübhə doğurmur. Xüsusən də
ona görə ki, Londonda startlar müstəqil Azərbaycan
olimpiyaçıları üçün sayca beşinci yay
Olimpiadası olacaq. 1996-cı ildə Atlantada (ABŞ) olimpiya
medallarımızın hesabını açan, bundan dörd
il sonra Sidneydə (Avstraliya), 2004-cü ildə müasir Olimpiya
oyunlarının vətəni Yunanıstanın baş şəhəri
Afinada və nəhayət, Pekin - 2008-də üst-üstə
daha 15 medal qazanan həmvətənlərimiz London
Olimpiadasını da tam hazırlıqla qarşılamaq, Azərbaycanın
ad-sanına layiq nəticələr göstərmək
üçün qüvvə və bacarıqlarını əsirgəmədən
gərgin hazırlıq prosesi keçirlər. Dövlətin
yaratdığı ideal şəraitdə, hər cür
avadanlıqla təchiz edilmiş müasir olimpiya komplekslərində
məqsədyönlü məşğələlərin
öz bəhrəsini verəcəyinə ölkəmizdə
inam böyükdür. Çünki Azərbaycanda idman
böyük sürətlə inkişaf edir.
Oqtay BAYRAMOV
Xalq qəzeti.- 2010.- 5 sentyabr.- S. 3.