Heydər Əliyev və Naxçıvanda mətbuatın inkişaf tarixi

 

Ötən əsrin 70-ci illərindən Azərbaycanın hər yerində olduğu kimi Naxçıvan Muxtar Respublikasında da mətbuatın inkişafında yeni mərhələ başlanıb. Bu dövrdən ölkəmizdə baş verən sosial-iqtisadi inkişafı, intibahı burada nəşr olunan qəzetlərin səhifələrində də aydın duymaq olur. Azad söz və sərbəst fikir, kütləvi informasiya vasitələrinə yeni baxış, mətbuat və ədəbi mühitdə yalan və qərəzdən uzaq tənqidin formalaşması da bu dövr üçün xarakterikdir. Təbii ki, mətbuatın yeni inkişaf mərhələsinə qədəm qoyması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi ümummilli lider Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlı olub. Bunlar respublikada böyük vüsətlə aparılan quruculuq siyasətinin tərkib hissəsinə çevrilib.

 

Həmişə qəzetçiliklə, mətbuatla nəfəs almışam. Elə olmasaydı ali təhsilli hüquqşünas, tarix elmləri namizədi kimi həyatın başqa sahələrində də öz gücümü, qabiliyyətimi göstərməyə çalışardım. Gənclik illərimdə işlə, vəzifə ilə bağlı muxtar respublikanın ayrı-ayrı icra strukturlarından aldığım təkliflər də az olmayıb. Amma heç bir halda yazı-pozu işlərimi yüksək məmur rütbəsi ilə əvəz etmək istəməmişəm. Buna peşman deyiləm. Son beş ildə iki dəfə yüksək hökumət mükafatına- Naxçıvan MR-in və Azərbaycan Respublikasının "Əməkdar jurnalisti" fəxri adlarına layiq görülməyimi əməyimə verilən ən yüksək qiymət hesab edirəm. Üstəlik də on ildir ki, Naxçıvan MR Ali Məclisində həmkarlarımı da təmsil edirəm.

Amma nə gizlədim, son illər yerli mətbuat tarixinə olan marağım da birə-beş qat artıb. Bəzən bu sahədə tədqiqat işləri də aparıram. Bu silsilədən Naxçıvan mətbuatının ulu öndər Heydər Əliyevin adı ilə bağlı inkişaf mərhələsindən bəhs edən yazını oxuculara təqdim edirəm.

70-ci illərin əvvəllərində Naxçıvan şəhərində redaksiya-nəşriyyat kompleksi inşa olunmuş, muxtar respublikanın söz tribunası olan "Şərq qapısı" qəzetinin gündəlik və böyük formatda nəşri təmin edilmişdir. Qəzet adamların mövcud ideologiya əsasında tərbiyə olunması ilə bərabər, muxtar respublikanın ictimai-siyasi, sosial həyatının işıqlandırılmasında, qabaqcıl əmək, yaradıcı və ziyalı adamların portretlərinin yaradılmasında, regionun iqtisadi dirçəlişində və bu prosesin salnaməsinin yaradılmasında mühüm rol oynayıb. O, öz müsbət ənənələrinə sadiq qalaraq insanları yaşamağa, qurub-yaratmağa sövq edib.

1972-ci ilin yanvar ayında o vaxtkı respublika rəhbəri Heydər Əliyevin himayəsi ilə qəzetin ilk nömrəsinin çapdan çıxmasının 50 illiyi münasibəti ilə yubiley tədbirləri keçirilmişdir. Qəzet redaksiyası sovet dövrünün ən yüksək dövlət mükafatlarından biri olan "Şərəf nişanı" ordeni ilə təltif olunmuş, qəzetin bir neçə əməkdaşına fəxri adlar verilmişdir. Bunlar yarım əsr ərzində qəzetə və onun əməkdaşlarına verilən ən yüksək qiymət olmuşdur.

1981-ci ilin dekabr ayında isə qəzetin 60 illik yubileyi keçirilmişdir. Bu münasibətlə qəzet Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir. Qəzetin redaktoru Sənubər Kərimovaya Azərbaycan SSR-in əməkdar mədəniyyət işçisi, üç əməkdaşa isə muxtar respublikanın fəxri adları verilmişdir.

Həmin illərdə qəzetdə tez-tez xalqımızın dil, ədəbiyyat, mədəniyyət və tarixinə həsr olunmuş, azərbaycançılıq ideologiyasına xidmət edən çoxlu yazılar dərc olunub. Bu baxımdan xalqımızın ən qədim tarixi abidələrindən biri olan Gəmiqaya haqqında dərc olunan "Xalqımızın mənlik heykəli" adlı yazı diqqəti daha çox cəlb edir. Az sonra həmin yazının sorağı Sov.İKP MK Siyasi Bürosuna qədər çatmış, sovet imperiyasının başçısı M.S.Qorbaçov qəzetin bu çıxışını millətçilik təzahürü adlandırmışdır. Buna səbəb isə həmin yazıda Nuh peyğəmbərlə bağlı toponimlərin Naxçıvanda mövcud olması, əcdadlarımızın bəşəriyyətin ilkin sakinlərindən olması barədə qocaman alim, filologiya elmləri namizədi Əbülfəz Hüseyninin mülahizələrinin erməni millətçilərini qıcıqlandırması olmuşdur.

Xalqımızın ümummilli lideri Heydər Əliyev sonralar Milli Elmlər Akedemiyasının Naxçıvan bölməsinin yaradılmasına həsr olunmuş müşavirədə bu məsələyə toxunarkən demişdir: "Xatirimdədir, mən Moskvada işləyəndə "Şərq qapısı" qəzetində Gəmiqaya haqqında məqalə çıxmışdı. Onu böyük bir problemə çevirdilər. Ermənilər qalxdılar ki, burada -Azərbaycanda millətçilik var... Qorbaçov məndən soruşdu ki, Azərbaycanda millətçilik çoxdur, yoxsa azdır? Mən dedim ki, ümumiyyətlə, millətçilik müttəfiq respublikalarda var, Azərbaycan ən beynəlmiləl bir respublikadır...

Onda bizim yanımızda oturan Siyasi Büronun üzvlərindən biri qayıtdı ki, "Yox, Heydər Əliyeviç, yəqin ki, siz düz demirsiniz. Bax, görürsünüzmü, Naxçıvanda "Şərq qapısı" qəzetində məqalə dərc ediblər, millətçilik haqqında...

Düzü, mənim bundan heç xəbərim yox idi ki, nə məqalədir. Bunu şişirdərək elə bir vəziyyətə gətirib çıxarmışdılar ki, SSRİ-nin rəhbərliyi, Siyasi Büro səviyyəsində söhbətlər gedirdi... Nə üçün? Çünki ermənilər deyirdilər ki, bu abidə Azərbaycanın deyil, ermənilərindir..."

Heç şübhəsiz ki, 80-ci illərin ortalarından məmləkətimizdə milli şüurun oyanmasında və özünüdərk prosesinin formalaşmasında vətənpərvərlik ruhunda dərc olunan belə yazılar ulu öndərin Azərbaycanda yaratdığı şəraitin nəticəsi idi. Heydər Əliyev böyük siyasətçi, xalqının maraqlarını qoruyan dövlət xadimi kimi milli ruhlu ziyalılarımızı yad təzyiq və təqiblərdən qoruya bilmişdir.

Səksəninci illərin sonlarından, 90-cı illərin əvvəlindən isə "Şərq qapısı"qəzeti ölkəmizdə müstəqillik ideyalarının həyata keçirilməsində fəal mübarizə aparmışdır. 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Ali Soveti torpaqlarımıza erməni təcavüzü ilə bağlı ədalətsizliklərə etiraz olaraq sovet imperiyasının tərkibindən çıxmaq haqqında qərar qəbul edərkən "Şərq qapısı" həmin qısamüddətli "müstəqillik" dövründə də əsas mətbu orqanı kimi çıxış etmişdi. O ağır və mürəkkəb zamanda müstəqil "Şərq qapısı" qəzetinin 7 nömrəsi işıq üzü görmüşdü.

Azərbaycanda, o cümlədən, Naxçıvanda xalq hərəkatı, genişlənməkdə olan demokratikləşmə prosesi MR-də mətbu orqanların fəaliyyətində də özünü göstərməyə bilməzdi. Ulu öndərin Naxçıvanda tarixi xilaskarlıq missiyasını həyata keçirdiyi dövrdə Naxçıvan Vilayət Həmkarlar Şurasının "Ağrıdağ", AXC Naxçıvan şöbəsinin "Varlıq" qəzetləri də nəşr olunmağa başlamışdır. Onlar qısa müddət ərzində fəaliyyət göstərmələrinə baxmayaraq milli şüurun oyanmasında əhəmiyyətli rol oynamışlar.

Müstəqillik dövrümüzdə Muxtar Respublikada rayon qəzetlərinin adları ilə yanaşı, fəaliyyət istiqamətləri də genişlənmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyətinin "Nuh yurdu" (1996), Sədərəkdə "Oğuz yurdu" (2000), Kəngərli rayonunda isə "Yeni həyat" (2005) qəzetləri və "Naxçıvan" ictimai-siyasi və elmi publisistik jurnalı fəaliyyətə başlamışdır.

Xalqımızın böyük oğlu, dahi siyasətçi Heydər Əliyevin Moskvadan Naxçıvana qayıdışından, Muxtar Respublikaya rəhbərlik etməyə başlamasından sonra bu qədim diyarın çoxəsrlik tarixində yeni bir mərhələnin təməli qoyuldu.

Ağır günlər keçirən Naxçıvan Muxtar Respublikasının bu dövrü olduqca gərgin, ziddiyyətli, eyni zamanda, tələbkar və maraqlı bir dövr idi. Qarabağ problemi ətrafında yayılan dalğanın zərbə qüvvəsinə məruz qalan, sərhədyanı kəndləri ermənilər tərəfindən işğal və qarət olunan, dincliyi əlindən alınan Naxçıvan "taleyin ümidinə buraxılmış bir ada"nı (Heydər Əliyev) xatırladırdı. Azərbaycanla nəqliyyat- kommunikasiya əlaqələri kəsiləndən, iqtisadi və siyasi böhran içərisində boğulan adamların son ümidləri olan ov tüfəngləri də yığılandan sonra erməni təcavüzü qarşısında əliyalın və köməksiz vəziyyətdə qoyulan Naxçıvan 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə düşdüyü vəziyyətə SSRİ-nin tərkibindən çıxması ilə etirazını bildirdi. Bundan narazı qalan iqtidar və ixtiyar sahiblərinin qəzəbinə düçar olmuş Naxçıvana qarşı təzyiqlər gücləndi.

Vətən torpağına qayıdışından sonra, 22 iyul 1990-cı ildə geniş xalq kütləsi qarşısında ilk tarixi çıxışını Naxçıvan şəhərindəki Azadlıq meydanında edən ümummilli lider Heydər Əliyev hadisələrin gərginliyi fonunda mətbuatı da unutmamışdı. İlk müsahibəni bölgəyə gəlişindən dörd gün sonra "Şərq qapısı" qəzeti"nin müxbirinə vermişdi. "Daha susa bilməzdim..." adlı həmin yazını bəzən tədqiqatçılar "Vətənə qayıtdıqdan sonra Heydər Əliyevdən alınıb Azərbaycan mətbuatında dərc olunmuş ilk müsahibə" kimi də dəyərləndirirlər. Ulu öndər müsahibədə qəzetə olan münasibətini belə açıqlamışdı: "Mən "Şərq qapısı" qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün "Şərq qapısı"ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb".

Qəzetin 2 avqust 1990-cı il tarixli nömrəsində dərc olunan, müdrik siyasətçinin Naxçıvan gəncləri ilə görüşündən bəhs edən yazının sonunda verilən fikirlər də diqqəti cəlb edir: "Hələlik Naxçıvandayam, əgər bütün naxçıvanlılar mənim burada yaşamağımı arzu edərsə, buna etiraz etmərəm. Mənim başlıca arzum Azərbaycanı siyasi və iqtisadi cəhətdən müstəqil, demokratik respublika kimi görməkdir".

Dahi rəhbər Ali Məclisin sədri kimi fəaliyyəti dövründə regionda kütləvi informasiya vasitələrinin roluna böyük əhəmiyyət vermiş, jurnalistlərin peşə fəaliyyətləri üçün geniş imkanlar yaratmışdır. Bununla bərabər o, vaxtaşırı yerli mətbuat nümayəndələri ilə görüşmüş, nəyi və necə yazmağı, ümummilli maraqlara qulluq etməyin nədən ibarət olduğunu onlara anlatmağa vaxt tapa bilmişdi. Yaxşı xatirimdədir ki, 1992-ci ilin may ayında muxtar respublikanın sərhəd bölgələrində erməni təcavüzkarları ilə döyüşlərin qızğın çağında müdrik siyasətçi kütləvi informasiya vasitələrinin Naxçıvandakı müxbirlərini otağına toplayaraq (onda bu sətirlərin müəllifi "Sovet kəndi" qəzetinin müxbiri idi) "sərhəd bölgələrində qızğın döyüşlər gedir, o yerlərdən niyə yazılar yazmırsınız" - deyə təəccüblə soruşmuşdu.

O vaxt hamımız təəccüblə bir-birimizin üzünə baxmışdıq. Məgər bunu bizlərə demək lazım imiş?! Elə həmin günlərdə mənim mətbuatda "Müharibə görməmişdim" adlı publisistik qeydlərim dərc olundu.

Azərbaycanın suverenliyi, xalqın sosial-iqtisadi vəziyyətinin yaxşılaşması, siyasi sabitlik, ictimai gərginliyin aradan qaldırılması və digər ümummilli məsələlər o dövrdə "Şərq qapısı" qəzetinin əsas mövzu dairəsini əhatə etmişdi. Böyük öndərin rəhbərliyi altında milli dövlətçiliyimizin bərpası ilə bağlı Naxçıvan parlamentində qəbul edilən tarixi qərarlar da məhz ilk dəfə bu qəzetin səhifələrində dərc olunmuşdu. Sovet rejiminin hökmranlıq etdiyi bir dövrdə məmləkətimizin müstəqil, demokratik və dünyəvi dövlət kimi fəaliyyət göstərməsi üçün mühüm siyasi və ideoloji əhəmiyyət kəsb edən tarixi qərarların qəbul edilməsi, həqiqətən, böyük uzaqgörənlik və cəsarət tələb edirdi.

Azərbaycanın ayrı-ayrı bölgələrindən daxil olan məktublar da ulu öndərin Naxçıvana rəhbərlik etməsi ilə bağlı qəzetin yayım dairəsinin muxtar respublika sərhədlərini xeyli aşdığını göstərirdi. Blokada şəraitində olan Naxçıvanın problemləri, muxtar respublikada baş verən ictimai-siyasi proseslər, o dövrkü hakimiyyət tərəfindən Heydər Əliyevə yönəldilən təzyiqlər və digər hadisələr obyektiv şəkildə qəzetin aparıcı mövzularını təşkil edirdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevə qarşı siyasi təqiblərin davam etdiyi illərdə qəzet, həqiqi mənada, demokratik fikrin, azad sözün tribunası kimi seçilmişdi.

Müstəqillik dövründə "Şərq qapısı" fikir plüralizmini, əqidə, söz azadlığını, dövlətçilik amalını özünün başlıca meyarları hesab edərək ictimai-siyasi prosesləri operativ və tərəfsiz əks etdirməyə çalışan, milli maraqları hakimiyyət maraqlarından üstün tutan mətbu orqanlardan biri kimi fəaliyyət göstərmişdir. Geniş oxucu kütləsinin qəzetə böyük maraq göstərməsinin əsas səbəbi isə heç şübhəsiz ki, bu qəzetin Azərbaycanı bəlalardan xilas edəcək liderin məhz ulu öndər Heydər Əliyev olduğunu öz səhifələrində qətiyyətlə və cəsarətlə ifadə etməsi idi. Laçın rayon sakini, ziyalı Səfa Rzayevin məktubu (21 fevral 1991-ci il) bu baxımdan maraqlıdır. Məktubun bir yerində deyilirdi: "Bizə parçalanma lazım deyil. Axı, cəbhələşmə erməni daşnaklarının dəyirmanına su tökməkdən daha dəhşətlidir. Biz Heydər Əliyev kimi görkəmli siyasi və ictimai xadimdən, onun təcrübəsindən, nüfuzundan, potensial imkanlarından nə üçün istifadə etməyək?".

Qəzetin 9 may 1992-ci il tarixli nömrəsində dərc olunan "Şəxsiyyət" adlı məqalənin müəllifi prezident seçkiləri ərəfəsində vəzifə hərisləri və hakimiyyətdən öz şəxsi mənafeləri üçün istifadə etməyə çalışanlara üz tutaraq atdıqları hər addımı yüz dəfə ölçüb-biçməyə və qəflət yuxusundan ayılıb Heydər Əliyev şəxsiyyətinin varlığını dərk etməyə çağırırdı. Müəllif indiki ağır bir durumda kimi prezident seçmək gərəkdir sualına birmənalı belə cavab verirdi: "Əgər o şəxs faciələrimizi doğuran səbəbləri aşkarlayıb bizi batdığımız böhran bataqlığından çəkib çıxara biləcəksə, bakirəliyi tapdalanmış qızlarımızın, başları kəsilmiş ağsaqqallarımızın, tonqallarda yandırılmış körpələrimizin intiqamını almaq üçün bayquşlar yuvası olan daşnakstanın baş kəndini ikinci Xocalıya döndərə biləcəksə, öz polad yumruğunu günahsız xalqımızı qızıl xəzinələri üstə dilənçi kökünə salmış acgöz Azərbaycan mafiyasının təpəsində Koroğlu gürzünə çevirə biləcəksə buyursun... Bunun üçün qüdrətli şəxsiyyət olmaq gərəkdir. Belə bir şəxsiyyət isə 7 milyonluq xalqın içərisində hələlik bir nəfərdir, təkcə bir nəfər: Heydər Əliyev. Qurtardıq!".

Muxtar respublika Ali Məclisinə rəhbərlik etdiyi dövrdə - 1991-ci ilin sentyabrından 1993-cü ilin iyun ayınadək ümummilli lider regionun yeganə mətbu orqanı olan "Şərq qapısı" qəzetinin maliyyə fəaliyyəti ilə yaxından maraqlanmış, keçid dövrünün ağır günlərində onun müntəzəm nəşri üçün lazımi kömək göstərmişdir. Bu səbəbdən həmin dövrdə qəzetin tirajı xeyli artmış, o, Bakıda və digər bölgələrimizdə də maraqla oxunmuşdu.

Qəzetin ən çox yaddaqalan və tədqiqatçıların marağını özünə çəkən dövrü, heç şübhəsiz ki, ümummilli lider Heydər Əliyevin çətin günlərdə həmyerliləri ilə birgə keçirdiyi görüşlər olacaq. Böyük dövlət xadimi Heydər Əliyevin həyat və siyasi fəaliyyətinin Naxçıvan dövrünə müraciət edən tədqiqatçılar üçün də qəzetin bu dövrkü çıxışları ən yaxşı bələdçi rolunu oynayır. Dahi siyasətçi o dövrdə həm də ağır iqtisadi blokada şəraitində yaşamasına baxmayaraq, dünyanın nəzər-diqqətini də mətbuatın gücü ilə bu qədim diyara yönəltməyi bacarmışdı. Buna konkret və canlı bir misal göstərmək istəyirəm.

1992-ci ilin mayı Azərbaycanın, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın müasir tarixinin ən mürəkkəb və gərgin dövrünü təşkil edir. Həmin ayda Bakıda siyasi qüvvələrin başı hakimiyyət mübarizəsinə qarışdığından və Qarabağı yaddan çıxarmalarından istifadə edən Ermənistan ölkəmizə qarşı hücumlarını genişləndirərək Şuşa və Laçın şəhərlərini tutmuş, bununla Dağlıq Qarabağın işğalını başa çatdırmışdı. Ermənilər yaranmış şəraitdən istifadə edərək Naxçıvanı da ələ keçirmək üçün mayın 1-də muxtar respublikaya qarşı hərbi təcavüzə başlamışdı. Bu təcavüz bir neçə gün davam etmiş, yalnız ulu öndərin gərgin siyasi və diplomatik səyləri nəticəsində onun qarşısını müvəqqəti almaq mümkün olmuşdu. Lakin mayın 18-də ermənilər yenidən hücuma keçərək bir sıra sərhəd məntəqələrini ələ keçirməyə çalışmışdılar. Düşmənin hücumu nəticəsində hərbçilər və dinc əhali arasında çoxlu şəhid və yaralanan olmuş, on min nəfərdən artıq əhalinin yaşadığı Sədərək kəndi dağıdılmışdı. Bir neçə sərhəd kəndinin əhalisi isə təhlükəsiz yerə köçürülmüşdü. Təbii ki, belə mürəkkəb şəraitdə Heydər Əliyevin foneomenal siyasətçi dühası, onun beynəlxalq aləmdəki nüfuzu regionu real işğal təhlükəsindən xilas etmişdi.

Həmin günlərdə Ali Məclisin sədri kimi Heydər Əliyev xarici dövlətlərin başçılarına, beynəlxalq qurumlara, dünya ictimaiyyətinə müraciət edərək Ermənistanın Azərbaycan torpaqlarına, o cümlədən Naxçıvana hərbi təcavüzü barədə məlumat vermiş, bu təcavüzü dayandırmaq üçün əməli tədbirlər görülməsini tələb etmişdi. Məhz dahi siyasətçinin müraciətindən sonra bir çox ölkələrin, o cümlədən Rusiyanın informasiya agentliklərinin, mətbuat orqanlarının nümayəndələri Naxçıvana gələrək buradakı vəziyyət haqqında dünya ictimaiyyətini məlumatlandırmışdılar. Ulu öndərin sonralar qeyd etdiyi kimi, bu, o zaman ölkəmiz üçün böyük nailiyyət idi. Çünki Dağlıq Qarabağ münaqişəsi başlanandan ölkəmiz günahlandırılmış, mətbuat orqanları, dünya ictimaiyyəti həmişə ermənilərin xeyirinə, birtərəfli məlumatlar almışlar. Heydər Əliyevin səyləri nəticəsində dünya ictimaiyyətində ilk dəfə olaraq ölkəmiz haqqında düzgün, obyektiv təsəvvür yaradılmışdı və Ermənistanın təcavüzkar mövqeyi ifşa edilmişdi.

Bu yerdə "İnterfaks" agentliyinin baş direktorunun xatirələrindən bir iqtibas gətirmək istəyirəm: "...1992-ci ilin baharında mənə dedilər ki, bizə feldyeger gəlib. Mən hətta bunun nə demək olduğunu anlamadım. İndiyədək bizim bu xidmətlə əlaqəmiz olmamışdı. Mənim kabinetimə bir zabit daxil oldu, çantasından üzərində iri qırmızı hərflərlə "hökumət" sözləri yazılmış teleqram çıxardı, mən beləsini heç vaxt görməmişdim və o, məndən teleqramı aldığıma görə qol çəkməyi xahiş etdi. Teleqramın Naxçıvandakı vəziyyətlə bağlı informasiyadan ibarət olması məni çox təəccübləndirdi. Aşağıda imza var idi: "Heydər Əliyev ".

Biz, əlbəttə, məlumatı həvəslə hazırladıq və buraxdıq. Bu gündən etibarən bizim Naxçıvandakı yeni "ştatdankənar müxbirlə" sıx işimiz başladı. Bu qeyri-adi əməkdaşlıq onun Azərbaycan prezidenti seçilməsinədək davam etdi. Az qala hər gün bizə feldyegerlər gəlir və onun imzası ilə bizə "hökumət" teleqramları gətirirdilər".

Ümummilli lider Heydər Əliyevin Tbilisidəki "Gürcüstan" qəzeti ilə də yaxından əməkdaşlığı olub. Sonralar ulu öndər bu barədə belə demişdi: "O vaxt Naxçıvanda idim. Naxçıvan blokada şəraitində idi. Gediş-gəliş yox idi. Mənim üçün gözlənilməyən bir hal idi ki, gürcü müxbir Tbilisidən Naxçıvana gəldi. Tamamilə qəflətən. Məni arayıb tapdılar. Orada bacımın kiçik bir evində yaşayırdım. Məndən bir çox məsələlər barəsində müsahibə götürdülər. Mən azad və müstəqil bir adam idim. Hansı bir qəzetçi, jurnalist mənə müraciət edirdisə, suallarına cavab verirdim... Sonra həmin müsahibəni indi "Gürcüstan" adını daşıyan qəzet Azərbaycan dilində dərc etdi və onu mənə göndərdilər. O vaxt mənim üçün bu, böyük mənəvi dayaq idi."

Naxçıvan mətbuatının lideri hesab edilən "Şərq qapısı" qəzetinin müstəqillik dövrümüzdə ilk yubileyi 1996-cı ilin dekabr ayında keçirilmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyev qəzetin 75 illik yubileyi münasibətilə redaksiya kollektivinə ünvanladığı təbrik məktubunda kollektivin əməyini yüksək qiymətləndirmişdi: "Azərbaycan müstəqillik əldə etdikdən sonra "Şərq qapısı" qəzetinin kollektivi öz fəaliyyətində canlı dönüş yaratmış, ölkəmizdə gedən yeni cəmiyyət quruculuğu və demokratik dəyişikliklərin həyata keçirilməsi prosesinə fəal qoşulmuşdur".

Qəzetin fəaliyyətində növbəti canlanma 2000-ci ilin əvvəllərində başlanılıb. Həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun "Naxçıvan Muxtar Respublikasında dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması tədbirləri haqqında" imzaladığı sənəd ümummilli liderimizin "Azərbaycan milli mətbuatının 125 illiyi haqqında" sərəncamından qaynaqlanmışdır. Məhz bu sərəncamlardan sonra yerli qəzetlərin maddi-texniki bazası xeyli gücləndirilmiş, onların problemləri həllini tapmışdır. Mətbu sözün dəyər və kəsərinə verilən qiymət jurnalistlərin fəaliyyətini xeyli canlandırmışdır. Artıq üç ildir ki, muxtar respublikada rayon (şəhər) qəzetlərinin həftədə bir dəfə nəşri təmin olunur.

Region mətbuatında müsbət ənənələr bu gün də yaşadılır. Cari ildə ölkəmizdə analoqu olmayan nəşriyyat-redaksiya kompleksi milli mətbuatımızın 135 illik yubileyi günündə Naxçıvan şəhərində istifadəyə verildi. 4 mərtəbədən ibarət olan müasir tipli obyekt inşa olunub, Almaniya çap avadanlıqları quraşdırılıb. Yeni qəzet sexində məhsuldarlığı saatda 15 min nüsxə olan "KBA Rapida-75" markalı ofset maşını, cild sexində kitab və jurnal vərəqlərini avtomatik yığıb-bükərək hazır məhsula çevirən poliqrafiya avadanlıqları - kağız doğrayıcı, kəsici, qatlayıcı, cildləyici qurğular quraşdırılıb. Yeni poliqrafiya müəssisəsində qəzetlərin böyük formatda və rəngli çapı ilə yanaşı, müxtəlif çeşiddə kitabların, jurnalların, dəftərxana məhsullarının, sadə və ciddi hesabat blanklarının nəşri üçün də imkanlar yaranıb. İndiyədək bu cür məhsullar kənarda çap olunurdu.

Rayon (şəhər) qəzetlərinin burada böyük formatda və rəngli çapı isə ümumən ölkəmizin mətbuat həyatında mühüm hadisəyə çevrildi.

Obyektin açılış mərasimində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov "Azərbaycan" nəşriyyatından sonra Naxçıvanda belə bir müəssisənin quraşdırılmasını dövlətimizin mətbuatın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirdi. Bu, həm də mətbuata Heydər Əliyev qayğısının uğurla davam etdirilməsidir.

 

 

Məmməd MƏMMƏDOV,

Naxçıvan MR Ali Məclisinin deputatı,

tarix elmləri namizədi, əməkdar jurnalist

 

Xalq qəzeti.- 2010.- 5 sentyabr.- S. 4.