Sənət olan yerdə yaş bəhanədir
İstedadlı
aktyor, şair və dramaturq, C.Cabbarlı adına İrəvan
Dövlət Azərbaycan Teatrının direktoru,
əməkdar mədəniyyət işçisi
İftixar Piriyevin bu günlərdə 50 yaşı tamam olur. Ömrünün
30 ildən çoxunu teatr
sənətinin təbliği və tərəqqisinə həsr
etmiş İftixar Piriyev bu illər ərzində böyük
yaradıcılıq yolu keçmiş,
irili-xırdalı saysız-hesabsız yadda
qalan obrazlar
qalereyasını yaratmaqla geniş
tamaşaçı auditoriyasının rəğbətini
qazanmışdır. Heç də təsadüfi
deyil ki, onun sənətindən söz
açan hər kəs öncə
oynadığı rolların adını çəkir. Bu, bir daha
onu göstərir ki,
istedadlı aktyor səhnədə ilk addımlarının atdığı
gündən tanınmış, geniş
tamaşaçı kütləsinin rəğbətini
qazanmışdır.
İftixar
Fərhad oğlu Piriyev 1960-cı ildə, Gürcüstanın
Saqareco rayonunun Düzəyrəm kəndində
(Qaraçöp mahalı) anadan olmuşdur. Uşaqlıqdan
teatra, aktyor sənətinə maraq göstərən
İftixar Piriyev elə bu istəklə orta məktəbi
bitirdikdən sonra 1977-ci ildə sənədlərini M.Əliyev
adına Azərbaycan Dövlət İncəsənət
İnstitutuna verir "Dram, kino aktyorluğu" fakültəsinə
daxil olur. Respublikanın tanınmış səhnə
ustaları Rza Təhmasib, İsmayıl Dağıstanlı, Əliabbas
Qədirov kimi səhnə ustalarından aktyorluq sənətinin
incəliklərini həvəslə öyrənir.
İnstitutu fərqlənmə diplomu ilə bitirən gənc
aktyor 1981-ci ildə Akademik Milli Dram Teatrına işə qəbul
edilir.
Teatrın
aparıcı rejissorları Ağakişi Kazımov, Mərahim
Fərzəlibəyov, Bəhram Osmanov ilk gündən gənc
aktyorla yaradıcılıq əlaqələri saxlayıb
epizodik də olsa xırda rollar tapşırırlar. İ.Əfəndiyevin
"Xurşud-banu Natəvan"da I şəxs, Kan Anyunun
"Media" əsərində oğlan, Anarın "Sizi
deyib gəlmişəm"ində Vəliqulu kimi ilk yadda qalan
surətlər yaradır. Qısa bir vaxtda İftixar Piriyev
istedadı və bacarığı sayəsində obrazlar
qalereyasını daha da genişləndirir. S.Vurğunun
"Vaqif" pyesində Əlibəy, Vaqif Səmədoğlunun
"Yayda qartopu oyunu"nda Niftalı, Anarın "Şəhərin
isti yay günləri"ndə Namiq, İ.Əfəndiyevin
"Büllur sarayda" Bayandur, Şeyx Xiyabanidə Ayaz,
Şekspirin "Kral Lir"ində Edqar, Ç.Aytmatovun
"Sokratı anma gecəsi"ndə Talob və bir çox
digər baş və aparıcı rollar oynayır. Əlbəttə,
İftixar Piriyevin çoxşaxəli
yaradıcılığı onun təkcə böyük səhnədə
sevərək yaratdığı rollarla tamamlanmır. Bədii
film, teleseriallar və televiziya tamaşalarında əlliyə
yaxın rollar oynamış, Azərbaycan Televiziyasında
"Ozan" folklor toplusunun aparıcısı, bir çox ədəbi
bədii verilişlərin iştirakçısı
olmuşdur. Az bir zamanda respublikada kifayət qədər
tanınan İftixar Piriyev teatr və sənətdən
söz düşəndə - "Mən sənətə
şöhrət naminə gəlməmişəm. Bu səbəbdən
sənəti ucuz tutub şöhrətə üstünlük
verənlər çox uzağa gedə bilmirlər" -
deyir. Bu şöhrət ona başucalığı gətirsə
də sənətində arxayınçılığa yol
vermir. Gərgin məşqlər, mütaliələr, rejissor
tövsiyələri onu usandırmır və getdikcə
öz sənəti, iş bacarığı ilə
özünü peşəkar aktyor kimi tanıdır.
1999-2000-ci illərdə Mədəniyyət Nazirliyi tərəfindən
Tiflis Azərbaycan Dövlət Dram Teatrının bərpa
prosesinə rəhbərlik etmək üçün
İftixar Piriyev iki illik Tiflis şəhərinə ezam olunur.
Teatrın bərpasında peşəkarlıqla
apardığı işin nəticəsinə görə o,
2000-ci ildə C.Cabbarlı adına İrəvan Dövlət
Dram Teatrına rəhbər təyir olunur. Aktyor sənəti,
inzibati işlə əvəz olunur. İftixar Piriyev
istedadlı aktyor, bacarıqlı teatr təşkilatçısı
olmaqla yanaşı, bu illər ərzində özünü
həm də bir şair, dramaturq və publisist kimi də təsdiqləyir.
O, "Yaşadığım bu ömür" və "Nə
qəribə yuxuymuş" şeirlər toplusunun,
ümummilli liderə həsr olunmuş "Böyük
Turanın himni" və "Müstəqil vətənin
memarı" poemalarının, eləcə də "Dan
yeri söküləndə", "Körpü", "Məngənə
və kor aşığın işığı",
"Eşqin Tikan dairəsi", "Qarışqalar
yuvanı dəyişmir", "Arı yuvası",
"İşıqlı, nurlu sabah" və digər pyeslərin
müəllifidir. "Müstəqil vətənin
memarı" poeması səkkiz dilə tərcümə
olunmuşdur.
Azərbaycan
Milli Elmlər Akademiyasının dissertantı, Teatt Xadimləri
İttifaqı, Yazıçılar Birliyi və Yeni Azərbaycan
Partiyasının üzvü olan İftixar Piriyevə daha
çox populyarlıq gətirən on illik səhnə fəaliyyətindəki
fasilədən sonra 2009-cu ildə yazıçı-dramaturq
Aqşin Babayevin ulu öndər Heydər Əliyevin əziz
xatirəsinə həsr olunmuş "Xilaskar"
taşamasında ustalıqla yaratdığı Heydər Əliyev
obrazı oldu. Əsl sənət nümunəsini o,
tamaşaçılara təqdim etdi. Ulu öndərin bədii
obrazının, olduqca inandırıcı təqdimatı
tamaşaçıları sözün əsl mənasında,
heyrətləndirdi. Respublikanın əksər bölgələrində,
o cümlədən qonşu Gürcüstan və
Dağıstanda bu əsər dəfələrlə
oynanılmış, fəxri fərman və diplomlarla təltif
olunmuşdur. Gürcüstanda müvəffəqiyyətlə
oynanılan bu tamaşada ulu öndərin yaxın dostu
E.Şevardnadze də iştirak edib məmnun
qaldığını deyir. İftixar Piriyevin Qafqaz
xalqları arasında dostluq və mehribanlıq mövzusunda
yazdığı digər uğurlu əsərlər
"Körpü" və "Dan yeri söküləndə"
pyesləridir. Müəllif beynəlxalq layihə kimi bu
tamaşaya Azərbaycan aktyorları ilə yanaşı
Gürcüstanın və Dağıstanın
tanınmış aktyor, rəssam və rejissorları dəvət
etdi. Bu pyeslər Bütöv Bakı Teatr şəbəkəsinin
məhsulu kimi tamaşaçılara təqdim olundu və
geniş tamaşaçı auditoriyasının rəğbətini
qazandı.
İftixar
Piriyev bu gün yaradıcılığının ən
parlaq dövrünü yaşayır. İnanırıq ki,
İftixar Piriyev bundan sonra da öz yaradıcılıq
potensialından istifadə edib tamaşaçıların
yeni-yeni sənət uğurlarıyla sevindirəcəkdir.
Rafiq SALMANOV,
"Xalq qəzeti" foto müəllifindir
Xalq qəzeti.- 2010.- 7 sentyabr.- S. 8.