Təhsil
işçilərinin əməkhaqlarının
artırılması diqqət mərkəzindədir
Azərbaycanda sosial-iqtisadi
proqramların uğurla reallaşdırılması, yeni
iş yerlərinin açılması, aztəminatlı ailələrə
ünvanlı yardımların göstərilməsi və digər
tədbirlər öz mühüm nəticələrini
göstərməkdədir. Ölkə Prezidenti İlham Əliyev
tərəfindən ardıcıllıqla həyata
keçirilən sosial-iqtisadi inkişaf kursu bu ilin əvvəlindən
başlayaraq iqtisadiyyatın, sosial sahənin tərəqqisini
təmin edərək müsbət nəticələrin əldə
edilməsini şərtləndirib.
Xatırladaq
ki, bu gün Azərbaycanda milli gəlirlərin əsas hissəsi
sosial xərclərə yönəldilir. Məhz bunun nəticəsidir
ki, ölkədə əmək haqları və pensiyalarda
mütəmadi artım müşahidə edilir. Son 6 ildə
bu bölmədə artım dinamikası 4 dəfədən
çox olub. Ümumiyyətlə, sosial siyasətin təkmilləşdirilməsi
məqsədilə islahatlar ilbəil sürətlənir və
bundan sonrakı illərdə daha da intensiv xarakter alacaq. Bu ilin
büdcə layihəsində sosialyönümlü xərclərin
həcminin daha da artırılması nəzərdə
tutulur. Bu isə o deməkdir ki, minimum əmək
haqqının, pensiyaların, müavinətlərin
artırılması gələn il də reallaşacaq. Bir
sözlə, büdcə layihələri hazırlanarkən,
strateji inkişaf xəttinə və ölkədə
yaranmış makroiqtisadi mühitə uyğun olaraq dövlət
büdcəsi gəlirlərinin stabilləşdirilməsinə,
qeyri-neft sektorundan və digər real mənbələrdən
büdcəyə əlavə daxilolmaların müəyyən
edilməsinə, əhalinin sosial rifahının
yaxşılaşdırılmasına, aztəminatlı
insanların sosial müdafiəsinin gücləndirilməsinə
xüsusi diqqət yetirilir.
İqtisadiyyatın
dinamik inkişafı və artan maliyyə imkanları sosial sahəyə
təsirsiz ötüşməyib. Fərəhli haldır ki,
həyata keçirilən düşünülmüş
iqtisadi islahatlar respublikamızda makroiqtisadi sabitliyi tam təmin
edib. 2008-2009-cu illərin beynəlxalq iqtisadi və maliyyə
böhranının ölkəmizə təsirinin minimal səviyyədə
olması da Azərbaycan hakimiyyətinin həyata keçirdiyi
iqtisadi siyasətin, davamlı inkişafa xidmət edən
islahatların düzgünlüyünü, dərin elmi-nəzəri
əsaslarının olduğunu sübuta yetirdi. Qlobal
böhran bir çox ölkələrdə iqtisadiyyata zərbə
vurmaqla, həm də əhalinin sosial müdafiəsinin zəifləməsinə
ciddi təsir göstərdi. İstehsalın dayanması bir
çox ölkələrdə yüz minlərlə
insanın işsiz qalmasına gətirib çıxardı.
Böhran ölkəmizə də müəyyən dərəcədə
təsir göstərdi. Çünki Azərbaycan
iqtisadiyyatı qapalı deyil və dünya iqtisadiyyatına
inteqrasiya şəraitində inkişaf edir. Lakin
respublikamızda həyata keçirilən iqtisadi siyasətin
düzgünlüyü, o cümlədən vaxtında
antiböhran tədbirlərinin həyata keçirilməsi nəticə
etibarilə özünü göstərdi. Zavodların fəaliyyətini
dayandırması, insanların iş yerlərini itirməsi
kimi hallara Azərbaycanda rast gəlinmədi.
Vətəndaşların
sosial müdafiəsinin gücləndirilməsi, xüsusən
əhalinin aztəminatlı təbəqələrinə
kömək göstərilməsi, yoxsulluğun aradan
qaldırılması dövlət siyasətinin başlıca
istiqamətlərindən biridir. Elə buna görə də
Azərbaycanda artıq neçə illərdir daha geniş
miqyasda həyata keçirilən sosial müdafiə tədbirləri
dünya iqtisadiyyatının böhranlı günlərində
də uğurla davam etdirildi. Aztəminatlı əhaliyə
ünvanlı sosial yardımların verilməsindən
başlamış əlillərin, müharibə
veteranlarının, qaçqın və məcburi
köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılmasına, yoxsulluğun
azaldılmasına qədər bütün sosial müdafiə
tədbirləri uğurla həyata keçirildi.
Ölkəmizin
inkişaf strategiyasına əsasən, əhalinin sosial
müdafiə və sosial təminat xərclərinin, o
cümlədən yoxsulluğun səviyyəsinin
azaldılmasında müstəsna əhəmiyyət kəsb
edən minimum əməkhaqqının, pensiyaların baza hissəsinin,
sosial müavinətlərin və digər sosial təyinatlı
xərclərin mütəmadi olaraq artırılması
qarşıya qoyulan əsas vəzifələrdir. Prezident
İlham Əliyevin yürütdüyü sosial siyasətin əsas
tərəflərindən biri məhz budur. Ötən 6 ildə
əməkhaqlarının və aztəminatlı ailələrə
verilən müavinətlərin artırılması sahəsində
bir sıra mühüm tədbirlər həyata keçirilib,
vətəndaşların pensiya təminatının
yaxşılaşdırılması istiqamətində ciddi
addımlar atılıb. Minimum əməkhaqqının,
pensiya və müavinətlərin artırılması, eyni
zamanda, ünvanlı sosial yardım mexanizminin tətbiqi nəticəsində
əhalinin adambaşına düşən orta aylıq gəlirləri
davamlı olaraq artmaqdadır.
Nazirlər
Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş
iclasında dövlət başçısı cənab
İlham Əliyev minimum əməkhaqqı və
pensiyaların qaldırılmasının nəzərdə
tutulduğunu bəyan etmişdir. "Gələn aylarda, bu
rübdə Azərbaycanda minimum əməkhaqqı və
minimum pensiyanın qaldırılması nəzərdə
tutulur. Bildiyiniz kimi, biz vaxtaşırı bu məsələlərə
baxırıq və pensiyaların, əməkhaqlarının
minimum məbləğini qaldırırıq. Hesab edirəm
ki, növbəti aylarda biz yenə də bu məsələyə
baxmalıyıq, Azərbaycanda minimum əməkhaqqı və
pensiya qaldırılmalıdır. Azərbaycan dövlətinin
imkanları var və biz elə etməliyik ki, insanlar ildən-ilə
daha da yaxşı yaşasınlar, xüsusilə o qədər
də böyük imkanlara malik olmayan insanlar".
Prezident
İlham Əliyev avqustun 31-də əhalinin maddi güzəranını
yaxşılaşdırmaq və sosial müdafiəsini daha da
gücləndirmək məqsədilə "Minimum aylıq əməkhaqqının
artırılması haqqında", pensiyaçıların
sosial müdafiəsini gücləndirmək üçün
isə "Əmək pensiyalarının baza hissəsinin
artırılması haqqında" sərəncamlar
imzalayıb. Dövlət başçısının
sentyabrın 6-da imzaladığı müvafiq sərəncamla
təhsil müəssisələrində çalışan
işçilərin Vahid Tarif Cədvəli ilə müəyən
edilmiş aylıq vəzifə (tarif) maaşları bu il
sentyabrın 1-dən orta hesabla 10 faiz artırılıb.
Xatırladaq ki, Azərbaycant Prezidenti eyni zamanda dövlət
büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara,
ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili
müəssisələrinin tələbələrinə və
şagirdlərinə dövlət qayğısını
artırmaq, onların sosial müdafiəsini daha da gücləndirmək
məqsədilə yuxarıda göstərilən tarixdə
digər bir sərəncam da verib.
Yeri
gəlmişkən, son illər təhsil sisteminə diqqət
və qayğı daha da artırılmışdır.
Müasir dünya təcrübəsi əsas
götürülməklə təhsilin yeni
konsepsiyasının işlənib hazırlanması, məqsəd
və vəzifələrin yeni təfəkkür
baxımından formalaşdırılması, fənlərin
məzmununun konseptual müddəalarının müəyyənləşdirilməsi
və s. bunun bariz nümunəsidir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2010.- 8 sentyabr.- S. 5.