Zərdab məktəbləri
yeni dərs ilinə hazırdır
Zərdaba budəfəki gəlişim
xoş bir təsadüfə düşdü. Rayon icra hakimiyyətində
dedilər ki, Ağabağı kənd məktəbinin təməlqoyma
mərasimi keçirilir. İcra hakimiyyətinin, əlaqədar
idarə və müəssisələrin rəhbərləri
ordadır. İcra başçısı Lütvəli
Babayevlə də pilləkəndə rastlaşdıq.
Ayaqüstü görüşdük, hal-əhval tutduq.
Lütvəli müəllim xoş bir təbəssümlə:
- Nə
yaxşı ki, gəldiniz, - dedi. Bax, buna deyərlər
hadisələri qabaqlamaq. Gedək...
Gedəcəyimiz ünvan, keçiriləcək tədbir
məlum idi. Ona görə də yolboyu icra
başçısı ilə məhz bu barədə söhbət
edirdik. Əlbəttə, rayon rəhbəri daha çox
təhsilin keyfiyyətinin
yaxşılaşdırılmasından, onun maddi-texniki
bazasının möhkəmləndirilməsindən, bu sahədə
aparılan ardıcıl və məqsədyönlü tədbirlərdən,
ölkə rəhbərinin gündəlik diqqət və
qayğısından danışdı:
- İqtisadi, siyasi və mədəni sahələrdə
ciddi islahatlar aparılmaqla sivil dünyaya inteqrasiya olunan Azərbaycan
Respublikası iqtisadiyyatın bütün sahələrində
dinamik inkişafına görə lider ölkələrdən
birinə çevrilir. Son illər bütün sahələrdə
olduğu kimi təhsil sahəsində də məqsədyönlü
islahatlar aparılır. Əsası
ümummilli liderimiz Heydər Əliyev tərəfindən
qoyulan bu islahatlar Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ölkədə təhsilin ən prioritet sahə
olduğunu daim vurğulayan dövlət
başçısının diqqət və
qayğısı sayəsində problemlər ardıcıl
olaraq öz həllini tapır, bu sahədə
genişmiqyaslı layihələr həyata keçirilir. Məhz
dövlət başçısının təhsilə diqqət
və qayğısının nəticəsidir ki, son dövrlərində
16 dövlət proqramı təsdiq olunmuş və uğurla
həyata keçirilməkdədir.
Son illər respublika təhsilində həyata
keçirilən bu proqramların nəticəsində yeni-yeni
məktəb binaları, əlavə tədris korpusları
tikilir, mövcud məktəblər əsaslı təmir
olunur, maddi-tədris baza yaxşılaşdırılır, tədris
müəssisələri kompüterlə təchiz edilir, yeni
dərsliklər hazırlanır. Ölkəmizin sürətli
iqtisadi tərəqqisinin nəticəsi olaraq ümumtəhsil
müəssisələrində əlverişli təlim-tərbiyə
şəraitinin yaradılmasına xidmət edən
maddi-texniki bazanın yenidən qurulması, müasir tədris
avadanlığı və informasiya-kommunikasiya
texnologiyaları ilə təminat sahəsində
genişmiqyaslı işlərin görülməsi bu
günümüzün danılmaz həqiqətədir. Bir sözlə, təhsilimiz ötən illərlə
müqayisədə çox böyük inkişaf yolu
keçmişdir. Ağabağı kəndində
əsl təntənə və qələbəlik vardı.
Axı, bünövrəsi qoyulan təhsil
ocağında bura toplaşan insanların övladları
oxuyacaq. Onlar hər cür şəraiti
olan məktəbdə təhsillərini davam etdirəcəklər.
Deməli, əslində, bu təntənə təkcə
müəllimlərin, şagirdlərin yox, burda yaşayan
insanların hamısının idi. Ona
görə də üzlərdə sevinc, baxışlarda təbəssüm
və minnətdarlıq oxunurdu.
Zərdab Rayon İcra Hakimiyyətinin
başçısı Lütvəli Babayev bu münasibətlə
kənd sakinlərini, müəllimləri, şagirdləri təbrik
etdi, inşaatçılara uğurlar arzuladı. Kənd sakinlərindən
Öysət Cavadov, Məhəmməd Aslanov, Sabit Heydərov
çıxış edərək diqqət və
qayğı üçün ölkə Prezidenti İlham Əliyevə
öz minnətdarlıqlarını bildirdilər, rayon icra
hakimiyyətinin qayğıkeş və təşəbbüskar
fəaliyyətini yüksək qiymətləndirdilər.
Yeri gəlmişkən, yolboyu başqa məktəblərə
də baş çəkdik, yeni dərs ilinə
hazırlıqla aparılan təmir və bərpa işlərinin
gedişi ilə maraqlandıq. Hiss olunurdu ki, icra
başçısı işlərin gedişindən, bu
istiqamətdə həyata keçirilən tədbirlərdən,
görülmüş işlərdən razıdır.
Doğrudan da, son illər əsas diqqət ümumi icbari
orta təhsilin həyata keçirilməsinə, rəhbər
və pedaqoji kadrlarla işin daha da təkmilləşdirilməsinə,
təhsil müəssisələrinin maddi-texniki
bazasının möhkəmləndirilməsinə,
uşaqların şəxsiyyət kimi hərtərəfli
hazırlanmasına, onların xüsusi istedad və qabiliyyətlərinin
inkişaf etdirilməsi kimi məsələlərə yönəldilmişdir.
Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasında yeni ümumtəhsil
məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı
təmiri və müasir tədris avadanlıqları ilə təmin
olunmasına dair Proqram" rayonda təhsil müəssisələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsinə
böyük təkan vermişdir. Belə bir cəhət xüsusilə
böyük fərəh hissi doğurur ki, uzun illər bir məktəb
binası tikilmədiyi halda 2008 - 2010-cu illərdə Zərdab
şəhər 3 saylı orta məktəbi əsaslı təmir
olunmuş, Məlikumudlu və Alıcanlı kəndlərində
360 yerlik, yarandığı gündən məktəb
binası olmayan Xanməmmədli və Cilovxanlı kəndlərində
80 yerlik müasir tipli məktəb binaları tikilərək
istifadəyə verilmişdir. Yeni tikilmiş və
əsaslı təmir olunmuş bütün məktəblər
müasir avadanlıqlarla təchiz olunmuşdur. Bundan əlavə,
ötən 3 il ərzində Çallı, Əlibəyli,
Şəftəhal kənd orta məktəblərində, Zərdab
şəhər 1 və 2 saylı uşaq
bağçalarında təmir işləri
aparılmışdır.
Ümumtəhsil məktəblərinin istilik təminatı
sahəsində mövcud olan problemlərin aradan
qaldırılıması ilə əlaqədar əsaslı
tədbirlər həyata keçirilmişdir. Ötən
payız-qış mövsümü ərəfəsində
Zərdab şəhərində yerləşən 4 məktəbdə
istilik sistemi tamamilə yenidən qurulmuşdur. 1
saylı məktəb liseyi, 2 və 3 saylı orta, şəhər
əsas məktəbi, Məlikumudlu, Alıcanlı kənd
orta, Xanməmmədli kənd ibtidai məktəbləri
müasir tələblərə cavab verən istilik sistemləri
ilə təchiz olunmuşdur.
Hazırda Şıxbağı kəndində tikilən
180 yerlik müasir tipli yeni məktəb binasında son tamamlama
işləri görülür və bu bina yeni dərs ilində
şagirdlərin istifadəsinə veriləcəkdir.
"Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin
informasya və kommunikasiya texnologiyaları ilə təminatı
Proqramı" rayonda uğurla həyata keçirilir. Hazırda 38 məktəbdə
kompyuter avadanlıqları quraşdırılıb. Şagirdlərin istifadəsində 192 əsas kompyuter
avadanlığı vardır ki, bunlar da ümumtəhsil məktəblərində
hər 29 şagirdə 1 kompyuter nisbəti
yaratmışdır. Təhsildə
aparılan genişmiqyaslı işlər yalnız
infrastrukturun yeniləşdirilməsi ilə bağlı
olmamışdır. Əhəmiyyətli
nailiyyətlərin əldə edilməsi və müasir tələblərə
uyğun şəraitin yaradılması məzmun dəyişiklikləri
üçün də əlverişli zəmin
yaratmışdır.
"Xüsusi
istedada malik olan uşaqaların (gənclərin)
yaradıcılıq potensialının inkişafı üzrə
Dövlət Proqramı (2006 - 2010-cu illər)"nın təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 17 aprel 2006-cı il tarixli sərəncamından
sonra ümumtəhsil məktəblərində istedadlı
uşaq və gənclərlə işlər ön plana
çəkilmiş, ilk növbədə rayonun ümumtəhsil
məktəblərində təhsil alan istedadlı şagirdlər
haqqında məlumat bankı yaradılmışdır. Hər
il istedadlı uşaq və gənclərlə
rayon icra hakimiyyətinin keçirdiyi görüşlər,
bu görüşlərdə onların fəxri fərman və
qiymətli hədiyyələrlə
mükafatlandırılması istedad bankının daha da
genişləndirilməsi işinə xeyli təkan vermişdir.
Son illər həyata keçirilən tədbirlər
öz müsbət nəticəsini vermişdir. Belə ki, son
3 ildə rayon məktəblərinin fənn olimpiadalarında
qazandıqları nailiyyətləri respublikada ən yüksək
nəticələrdəndir. Fənn
olimpiadalarının respublika turunda 21 nəfər məktəbli
qalib adına layiq
görülmüşdür. 2009-cu ildə Zərdab
şəhər 2 saylı orta məktəbin şagirdi Rufanə
Qəribli daha böyük uğur əldə edərək
ümummilli lider Heydər Əliyevə həsr olunan inşa
müsabiqəsinin respublika mərhələsində 2-ci yeri
tutaraq Təhsil Naziriliyi tərəfindən
mükafatlandırılmışdır.
İstedadlı uşaqların aşkara
çıxarılması və onların potensial
imkanlarının inkişaf etdirilməsində rayonun məktəbdənkənar
müəssisələrinin rolu da gücləndirilmişdir. Ötən 3 il
ərzində bütün məktəbdənkənar müəssisələrdə
dərnək məşğələlərinə cəlb
edilən istedadlı şagirdlər fəallıq göstərmiş,
respublika miqyaslı müxtəlif yarış və
müsabiqələrdə uğurlu nəticələr əldə
etmişlər. Uşaq Gənclər Şahmat Məktəbi,
Texniki Yaradıcılıq Mərkəzi, Ekoloji Tərbiyə
və Təcrübəçilik Mərkəzi xüsusi fərqlənmişdir.
Uşaq Gənclər Şahmat Məktəbinin
komandası 2009-cu ildə respublika şahmat məktəblərinin
komanda birinciliyinin zona yarışlarında 2-ci yeri, respublika
finalında isə 3-cü yeri tutmuşdur. Məktəbin şagirdi
İzzət Rəhimli 14-16 yaşlı qızlar arasında Azərbaycan
çempionu olmuş, 2009-cu ilin aprel ayında
Yunanıstanın Saloniki şəhərində keçirilən
Dünya olimpiadasında 5-ci yeri tutmuş, həmin ilin noyabr
ayında İstanbulda keçirilən Dünya
çempionatında respublikamızı təmsil etmişdir. Məktəbin
digər nümayəndəsi Talıbxan Talıbxanlı
2010-cu ili aprel ayında Yunanıstanın
Saloniki şəhərində keçirilən Avropa
çempionatında uğurla iştirak etmişdir. Şəhər 2 saylı orta məktəbin
şagirdi Nərmin Camalzadə karate üzrə beynələxalq
turnirdə qalib gələrək Dünya kuboku və qızıl
medala layiq görülmüşdür.
Ölkə
tarixində ilk dəfə dövlət səviyyəsində
"Ən yaxşı ümumtəhsil məktəbi" və
"Ən yaxşı müəllim" müsabiqələrinin
keçirilməsi və qaliblərin
mükafatlandırılması məktəblər və
müəllimlər arasında sağlam rəqabətə
geniş meydan verməklə, təhsilin keyfiyyətinə
müsbət təsir göstərmişdir. Sevindirici
haldır ki, həmin müsabiqələrin respublika mərhələsində
Zərdab məktəbləri və müəllimləri də
fəal iştirak etmişlər.
2007 -
2008-ci dərs ilində keçirilən həmin müsabiqədə
Zərdab şəhər 1 saylı məktəb-lisey "Ən
yaxşı ümumtəhsil məktəbi", şəhər
2 saylı orta məktəbin biologiya müəllimi Çimnaz
Məmmədova "Ən yaxşı müəllim"
müsabiqəsinin qalibi olmuşlar. 2008 - 2009-cu dərs ilində
şəhər 3 saylı orta məktəb "Ən
yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin
qalibi olmuş və pul ilə
mükafatlandırılmışdır.
Ötən
il Zərdab müəllimləri
üçun xüsusilə uğurlu olmuşdur. Belə ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
imzaladığı sərəncamlarla Zərdab Rayon Təhsil
Şöbəsinin müdiri Nəsimi Hüseynova, şəhər
2 saylı orta məktəbin müəllimi Çimnaz Məmmədovaya,
şəhər 1 saylı orta məktəb-liseyin müəllimi
Sara Soltanovaya "Əməkdar müəllim" adı
verilmiş, şəhər 3 saylı orta məktəbin
müəllimi Cəvahir İsmayılova "Tərəqqi"
medalı ilə təltif olunmuşdur. Hazırda rayonun təhsil
sistemində 5 nəfər "Əməkdar müəllim"
adına, 2 nəfər "Tərəqqi"
medalına layiq görülmüş pedaqoji işçi fəaliyyət
göstərir ki, bu da dövlətimizin rayon müəllimlərinə
böyük etimadı və qayğısı kimi qiymətləndirilir.
Bu günlərdə Prezident İlham Əliyevin
sərəncamı ilə təhsil işçilərinin məvaciblərinin
yenidən artırılması Zərdab müəllimlərini
də ürəkdən sevindirmişdir.
Məlumdur
ki, təhsilin ən böyük keyfiyyət göstəricisi
orta məktəb məzunlarının ali
məktəblərə qəbul imtahanlarında göstərdikləri
nəticələrdir. Belə ki, Zərdab məzunlarından
2008-ci ildə 69 nəfəri, 2009-cu ildə 78 nəfəri ali məktəblərə qəbul
olunmuşdursa, 2010-cu ildə bu rəqəm 88 nəfər
olmuşdur.
Rayon təhsil işçiləri yeni dərs ilində
bu uğurları daha da artırmaq əzmindədirlər.
Ümumiyyətlə,
2010 - 2011-ci dərs ilində rayonda 28 orta, 9 əsas, 5 ibtidai məktəbi,
19 məktəbəqədər, 5 məktəbdənkənar
tərbiyə müəssisəsi fəaliyyət göstərəcək.
Rayonun 42 ümumtəhsil məktəbində
7425 nəfər şagird təhsil alacaq. Ötən
dərs ilində təhsil müəssisələrinin kadrlarla
təminatı, onların ixtisasının
artırılması və yenidən hazırlanması istiqamətində
bir sıra işlər görülmüş, nəticədə
kadrlara olan ehtiyacın bir hissəsi aradan
qaldırılımışdır. Bununla
belə, ümumtəhsil məktəblərinin ixtisaslı
müəllimlərə ehtiyacı tam ödənilməmişdir.
Ona görə də bu barədə Təhsil
Nazirliyinə sifariş verilmişdir.
Qarşıdan
gələn dərs ili ərəfəsində
məktəblilərin dərsliklərlə təminatı
diqqət mərkəzindədir. Əvvəlki
illərdə I-XI siniflərə verilmiş pulsuz dərsliklər
hesabına rayonun hər bir məktəbdə dərslik fondu
yaradılmış, onların qorunub səliqəli
saxlanılmasına nəzarət gücləndirilmişdir.
İndiyə kimi, Təhsil Nazirliyindən 33 adda
11760 ədəd pulsuz dərslik gətirilmiş və məktəblərə
paylanmışdır.
Uzun illərdir ki, şagirdlərin vahid məktəbli
forması ilə təmin edilməsi məqsəd olaraq
qalırdı.
Son illərdə bu problem də aradan
qaldırımışdır. Dərs
ilinin çox hissəsinin payız-qış aylarına
düşdüyü nəzərə alınaraq
qarşıdan gələn mövsümə hazırlıqla əlaqədar
bir sıra işlər görülmüşdür. Bu günədək 640 kubmetr odun tədarük
edilmişdir. Şəhər 1, 2, 3
saylı, eləcə də Məlikumudlu, Alıcanlı, Xanməmmədli
kənd məktəbləri istilik sistemi ilə
qızdırılacaqdır.
Göründüyü kimi, son illər Zərdab rayonunda
təhsilə diqqət və qayğı
artırılmış, bu sahədə bir sıra ciddi
uğurlar əldə edilmiş, əsaslı tədbirlər
işlənib həyata keçirilmişdir. Bütün
bunlar isə belə bir möhkəm inam yaradır ki,
qarşıdan gələn yeni dərs ilində uğurlar
artacaqdır.
Ziyəddin SULTANOV,
"Xalq qəzeti"nin bölgə
müxbiri
Xalq qəzeti.- 2010.- 8 sentyabr.- S. 5.