Hamının sevdiyi Səyavuş Aslan
Azərbaycanın
xalq artisti Səyavuş
Məmmədağa oğlu Aslanovun 75 yaşı tamam
olur. Bu münasibətlə
ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə onun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"
ilə təltif edilməsi səyavuşsevərlərin
ürəyindən xəbər verdi.
Səyavuş
Aslan bütün mənalı ömrünü Azərbaycan
teatr və kino sənətinin inkişafına həsr
etmişdir. Onu xalq sevir və bu sevgini o, ilk növbədə,
milli xarakterlərin fenomen yaradıcısı olması ilə
qazanmışdır. Səyavuş Aslan Azərbaycanın
çox tanınmış məşhur
aktyorlarındandır. Onun əsas xidmətlərindən biri
klassik və müasir aktyor ənənələrini birləşdirərək,
özünəməxsus yaradıcılıq manerası
yaratmasındandır. Bu gün çəkinmədən deyə
bilərik ki, Səyavuş Azərbaycan teatr aktyorluğu sahəsində
məktəb yaratmışdır. Bu məktəbin
formalaşmasında böyük aktyorlarımız Mirzağa Əliyev,
Lütfəli Abdullayev və başqalarının əhəmiyyətli
rolu olmuşdur.
Səyavuş Aslan çox güclü komediya ustasıdır. Elə bil oynadığı rollar onun üçün
yazılıb. Amma o özünü oynayır, təbiət onu aktyor yaratmışdır.
Tamaşa zamanı o, bütün
ruhu ilə səhnəyə bağlanır.
1935-ci ildə Bakıda
doğulmuşdu. Burada orta təhsil
almışdı. Sonra Dəmiryolçular
klubunda ilk sənət
addımlarını atmışdı.
Səyavuş bu klubda böyük sənətkarlarla
görüşür, məşhur
əsərlərdə rol
alır. Burada yaratdığı
rollar diqqətdən yayınmır. Ona daha ciddi obrazlar həvalə etməyə
başlayırlar.
1969-cu ildə Azərbaycan
Dövlət İncəsənət
İnstitutunun aktyorluq
fakültəsini bitirən
bu gənc oğlan artıq
professional aktyor kimi fəaliyyətini davam etdirir. Əslində, hələ 1957-ci ildən 1959-cu ilə qədər Quba Dövlət Dram Teatrında
çalışmışdı. Onun sonrakı yaradıcılığının isə böyük bir dövrü Ş.Qurbanov adına
Azərbaycan Dövlət
Musiqili Komediya Teatrı ilə bağlı olmuşdur. Bu teatrda yaratdığı
rollar onu daha çox məşhurlaşdırdı. Tamaşadan-tamaşaya püxtələşən, teatr həvəskarlarının
böyük rəğbətini
qazanan gənc aktyor artıq teatrın aparıcı aktyorlarından birinə çevrilməyə başlayır.
Azərbaycanın və dünya
ədəbiyyatının məşhur
komediya əsərlərində
ona çox vaxt baş rollar
verirdilər. Onun
rolları sırasında
Fəqan ("Səndən
mənə yar olmaz"), Firuzbala ("Altı qızın biri Pəri"), "Salyanski ("Gözün aydın"), Ağabala
("Ləpələr"), (Dadaşbala "Hicran"),
Ağacan "Boşanaq,
evlənərik"), Dursun
("Durna"), Türbətəli
("Təzə gəlin"),
Əmikişi ("Qonşumuzda
bir oğlan var"), Qədir ("Qızıl toy") və
s. onlarla digər qəhrəmanlar vardır.
Bu qəhrəmanlar bizim teatr tariximizdə
öz çəkisi,
ifa tərzi ilə seçilən obrazlardır. Səyavuş bu obrazlarla bizim
teatra yeni nəfəs, yeni əhval gətirdi.
Deyirlər Səyavuş Aslan Azərbaycan teatrında komediya aktyorlarının davamçısıdır və
bu estafeti o, Lütfəli Abdullayevdən
qəbul etmişdir. Bu bəlkə də doğrudur. Amma bizə belə
gəlir ki, Səyavuşu sənətə
gətirən istedad onu məhz böyük
komediya aləminə aparmalı idi. Geriyə yol yox idi.
O, bu sənəti seçəndə güvəndiyi
bir şey var idisə, o da aktyorluğa hədsiz həvəsi və bir də
böyük istedadı
idi.
İllər keçdikcə Səyavuş
müəllimin həvəskarları
artırdı. Onu sevirdilər. Səhnəyə hər gəlişi
zalda sürəkli alqışlarla qarşılanırdı.
Elə indi olduğu kimi.
Hələ, 1958-ci ildə Şəmsi Bədəlbəyli "Ulduz"
operettasını yeni
quruluşda tamaşaya
hazırlayarkən Səyavuş
Aslanı Şubay roluna dəvət etdi. Bir il
keçəndən sonra
Səyavuş Aslan Məhəmməd roluna da hazırlaşır və Lütfəli Abdullayevin dublyoru kimi çıxış edir.
Altmışıncı illərin əvvəllərində
S.Aslanın istedadına
inamı gücləndirən
səhnə surətləri
içərisində Fikrət
Əmirovun "Gözün
aydın" operettasındakı
Salyansknini böyük
rolu oldu. Onun Məşədi
İbadı da əvvəlkilərdən xeyli
fərqləndi. "O olmasın, bu olsun" tamaşası Lütfəli Abdullayevin, Bəşir Səfəroğlunun
vəfatı, Əhməd
Səfayinin teatrdan uzaqlaşması ilə bağlı bir müddət teatrın repertuarından çıxarıldı.
Onların hər üçü
Məşədi İbadı
xüsusi ustalıqla yaradırdılar. Hər üç
ifaçıdan fərqli
olaraq Səyavuş məsxərə janrının
xüsusiyyətlərini əsas
götürmüşdü. Teatrşünas alim İlham
Rəhimli haqlı olaraq yazır ki, "Səyavuş üçün söz hərəkətin, hərəkət
mahnının, mahnı
sözun ekvivalentidir".
Doğrudan da, onun şirin və koloritli səsi, rəqslərin ifasındakı
improvizə bacarığı
aktyorun oynundan alınan ümumi estetik həzzi artırır, tamaşaçını
hadisələrə, səhnəyə
fəal münasibətdə
saxlayır. Bu baxımdan "Nənəmin
şahlıq quşundakı"
Qulu rolu daha əlamətdardır.
Səyavuş müəllim deyir:
"Komik aktyor üçün əsl yumor, duzlu obraz
can məlhəmidir". Bu,
həqiqətən belədir.
Aktyor təbiətən yumor yaratmaq qabiliyyətinə malikdirsə, onun oynadığı rollar daha çox gülüş doğurur.
Səyavuş Aslanın Musiqili Komediya Teatrındakı rollarını sadalamaqla qurtaran deyil. Onların hər
birinin öz yeri var. Nə qədər müxtəlif
tipajlar yaratsa da, Səyavuşun teatr qəhrəmanlarını
birləşdirən bir
ümumi cəhət
var. O da onların hər birinin məhz Səyavuş istedadının məhsulu
olmasıdır.
Bu böyük aktyor
sonralar bir müddət Milli Akademik Teatrda çalışmalı oldu. 1983-1984-cü
illərdə onu bu teatra "Nişanlı qız" tamaşasına dəvət
etdilər. Buradakı Mindillini
o çox yüksək
ustalıqla yaratmışdı.
Milli kinomuzun
inkişafında da onun böyük xidmətləri olmuşdur. "Ulduz"dakı Şubay,
"Romeo mənim qonşumdur"
filmindəki montyor bir-birinə oxşasa da onları fərqləndirən cəhətlər
var.
Adil İsgəndərovun
onu "Əhməd haradadır" filminə
dəvət etməsi
isə onun üçün gözlənilməz
oldu. Saqqal Ramiz filmdə
yaddaqalan obrazdır.
Onun obrazının sözləri
sonradan tamaşaçıların
dillərində əzbər
olmuşdu.
Səyavuş Aslanın Azərbaycan kinosunda yaratdığı
rollar öz səmimiliyi, yüksək
komizmi ilə həmişə diqqəti
çəkmişdir. Bu rollar tamaşaçıda
yüksək əhval-ruhiyyə
doğurur. Onlara sevinc
dolu anlar bəxş edir.
"Yol əhvalatı",
"Evlənmək istəyirəm",
"Bəyin oğurlanması",
"O dünyadan salam", "Yuxu"
və onlarla digər filmlərimizdə
Səyavuş Aslanın
yaddaqalan, çox dəyərli rolları
var. Bu rolların hər
birini aktyor özünəməxsus şirinliklə
yaratmışdır.
Səyavuş Aslan 1974-cü ildə əməkdar artist, 1982-ci ildə
xalq artisti fəxri adlarına layiq görülmüşdür. Prezident təqaüdçüsüdür.
Müxtəlif orden və medallarla təltif olunmuşdur.
Ancaq ən böyük mükafatı
bu xalqın ona olan sonsuz
məhəbbətidir. Bu gün Səyavuş müəllim yenə tamaşaçılarla təmasdadır.
Onu böyük məhəbbətlə
sevən xalqı ondan yeni-yeni rollar gözləyir.
Mehdi MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2010.- 9 sentyabr.- S. 8.