Səbail rayonu yeni dərs ilinə
hazırlığa yekun vurur
Səbail rayonunda keçirilən
toplantıda yeni tədris ilinə hazırlığın vəziyyəti
müzakirə olunmuşdur. Tədbirdə
çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin
başçısı Asif Əsgərov ölkədə təhsil
məsələləri ilə bağlı görülən
işlərdən, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin və Heydər Əliyev Fondunun rəhbəri,
millət vəkili Mehriban xanım Əliyevanın ölkəmizdə
təhsilin inkişafına diqqət və
qayğısından danışmışdır.
Başçı
bildirmişdir ki, bu il Səbail rayonunda da aparılan
genişmiqyaslı quruculuq və abadlıq işləri
çərçivəsində bir sıra sosial
yönümlü obyektlər, o cümlədən Badamdar qəsəbəsində
mədəniyyət evi və mərkəzdə 2 saylı
musiqi məktəbi əsaslı təmir olunmuşdur. May
ayında Badamdar qəsəbəsindəki 1966-cı ildə
inşa olunmuş və 1940 şagirdin təhsil
aldığı 236 saylı orta məktəbdə Heydər Əliyev
Fondu tərəfindən başlanmış əsaslı təmir-yenidənqurma
işlərinə bu günlərdə yekun vurulmuşdur.
Sentyabr ayının 7-də Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyeva məktəbdə olmuş və təmirin
yekunları ilə tanış olmuşdur. Təhsil
üçün hər cür şərait
yaradılmış məktəbi gəzən Mehriban xanım
buradakı əsaslı təmiri yüksək qiymətləndirmiş,
kollektivə müvəffəqiyyətlər
arzulamışdır.
Bakı
şəhərinin qocaman tədris müəssisələrindən
olan 132 saylı orta məktəb və Beynəlxalq Təhsil
Kompleksinin binalarında keçən il başlanan əsaslı
təmir-yenidənqurma işləri də başa
çatmış və yaxın günlərdə bu məktəblərin
açılışı olacaqdır. Təmirdən sonra hər
iki təhsil müəssisəsinin yerləşdiyi kompleks
şəhərimizin mərkəzinə yaraşıq verən
memarlıq incisinə çevrilmişdir. Bayıl
yaşayış sahəsindəki 110 və mərkəzdəki
130 saylı uşaq bağçalarında da təmir işləri
aparılmış və yaxın günlərdə istifadəyə
veriləcəkdir.
Tədbirdə
görülən işlərlə yanaşı, keçən
tədris ilində təhsil müəssisələrinin
qazandığı uğurlardan da
danışılmışdır. Vurğulanmışdır
ki, 2009-2010-cu tədris ilində rayonun 18 orta məktəbini
1592 şagird bitirmiş, onlardan 1490 nəfəri kamal
attestatı almışdır. 1313 məzun ali məktəblərə
qəbul olunmaq üçün sənəd vermiş,
onların 861 nəfəri tələbə adını
qazanmışdır. Abituriyentlərdən 162 nəfəri
500- dən, 43 nəfəri 600-dən, 8 nəfəri isə
650-dən çox bal toplamışdır. Məzunlardan 83 nəfər
xarici ölkələrin müxtəlif ali məktəblərinə
qəbul olmuşlar.
2009-2010-cu
ildə keçirilmiş "Ən yaxşı ümumtəhsil
məktəbi" respublika müsabiqəsinin yekunlarına əsasən
Səbail rayonunun 7 və 236 saylı orta məktəbləri,
49 saylı "İntellekt" məktəb-liseyi qaliblər
sırasında olmuşdur. "Ən yaxşı müəllim"
müsabiqəsinin qalibləri arasında isə Səbail
rayonunun orta məktəblərinin 13 müəllimi yer
almışdır.
Tədbirdə
çıxış edən pedaqoji işçilər və
valideynlər təhsil müəssisələrində
yaradılan şəraitə, müəllimlərə
göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını
bildirmişlər.
Sonda
"Ən yaxşı ümumtəhsil məktəbi"
respublika müsabiqəsinin qalibi olmuş 7 və 236 saylı
orta məktəblərə, 49 saylı "İntellekt" məktəb-liseyə,
"Ən yaxşı müəllim" müsabiqəsinin
qaliblərinə, qəbul imtahanlarında yüksək nəticələr
göstərmiş məzunlara Səbail Rayon İcra Hakimiyyətinin
qiymətli hədiyyələri təqdim edilmişdir. Aztəminatlı
ailələrdən olan 20 uşağa isə məktəbli
forması hədiyyə olunmuşdur.
R.TAHİR
Xalq qəzeti.- 2010.- 9 sentyabr.- S. 5.