Dünyanın ən uca dövlət bayrağı

 

Bizim bayrağımız qürur mənbəyimizdir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Hər bir xalqın tarix boyu əldə etdiyi ən müqəddəs nemət olan milli müstəqilliyinin real mahiyyəti məzmunu onun dövlət rəmzlərində əksini tapır. Hələ minilliklər bundan əvvəl dünyada təşəkkül tapmağa başlayan ilk şəhər-dövlətlər xalqlarının ibtidai dünyagörüşü əsasında dövlət rəmzlərini formalaşdırmağa çalışmışlar. Bəşər övladı ən ağır müharibələrdən, çətin mücadilələrdən sonra ucaltdığı bayrağa həm qalibiyyət simvolu kimi yanaşmış, onu öz şərəfi, ləyaqəti kimi qorumuş, daim uca tutmuşdur.

 

Azərbaycanlı milli düşüncəsində də əsas dövlət rəmzlərindən olan bayrağa münasibət tarix boyu özünü qabarıq göstərmiş, xalqımızın milli mövcudluq nişanəsi sayılmışdır. Tariximizin ən dəyərli eksponatları sırasında yer tutan qədim dövlət rəmzləri və bayraqlar bizə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin tarixini öyrənməyə, araşdırmağa geniş imkanlar açır. Müasir anlamda isə bayraq xalqın müstəqillik, suverenlik, milli azadlıq, istiqlal ideallarını simvolizə edir. Azərbaycan Respublikasının müstəqil, suveren dövlət kimi mövcudluğunu dövlətçilik rəmzlərindən olan Dövlət bayrağı bütün dünyaya göstərir. Zəngin tarixi irsdən yaranaraq uğrunda on minlərlə insanın canından keçdiyi üçrəngli bayrağımız tarixi yolumuzun, milli ideologiyamızın təməl prinsiplərini tam mənası ilə izah edir.

Xatırlatmaq lazımdır ki, üçrəngli bayrağımızın dövlət rəmzlərindən biri kimi qəbul edilərək ucaldılması, müqəddəs tutulması hələ 1918-ci ilin 28 mayında yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Məhz bu tarixdə Azərbaycan Milli Şurası Tiflisdə İstiqlal Bəyannaməsi ilə dövlət müstəqilliyini dünyaya bəyan etmişdir. Həmin dövrdə Bakı şəhəri bolşevik-daşnak qruplaşmalardan ibarət Bakı Xalq Komissarları Sovetinin əlində olduğu üçün həmin il iyunun 16-da Azərbaycan Xalq Cümhuriyyətinin ilk Milli Hökuməti və Milli Şurası Gəncədə yerləşdirilmişdir. Qeyri-sabit siyasi vəziyyətlə bağlı 1918-ci il iyunun 17-də Azərbaycan Milli Şurasının yeddinci iclasında onun buraxılması, bütün qanunvericiicra hakimiyyətinin Azərbaycanın Müvəqqəti Hökumətinə verilməsi haqqında qərarlar qəbul edilmişdir. Məhz Fətəli Xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycan Müvəqqəti Hökumətinin 1918-ci il 24 iyun tarixli qərarı ilə üzərində aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edilir. 1918-ci il noyabrın 9-da Bakı şəhərində Fətəli Xan Xoyskinin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilmiş, burada onun milli bayraq haqqında məruzəsi dinlənilmişdir. Müzakirələrdən sonra "yaşıl, qırmızı və mavi rənglərdən, aypara və səkkiz guşəli ulduzdan ibarət olan bayraq" Dövlət bayrağı kimi qəbul edilmişdir.

Azərbaycanın üçrəngli bayrağı dahi mütəfəkkir və ziyalı Əli bəy Hüseynzadənin hələ əsrin əvvəllərində milli yaşam fəlsəfəsi kimi irəli sürdüyü "Türkləşmək, müasirləşmək, islamlaşmaq" devizinə əsaslanmışdır. Türkləşmək - milli ənənələrin dirçəlməsi, milli dilin, ədəbiyyatın, tarix və mədəniyyətin yüksəldilməsi; islamlaşmaq - islamda milli dini-əxlaqi və ümumbəşəri dəyərlərin inkişaf etdirilməsi; avropalaşmaq isə - avropa elm və texnikasının nailiyyətlərinin öyrənilib nəticələrinin milli elm və mədəniyyətin inkişafına istiqamətləndirmək, qərb demokratiyası ənənələrindən istifadə etmək deməkdir.

Əfsuslar olsun ki, 1920-ci ilin 28 aprelində respublikanın bolşevik Rusiyası tərəfindən işğalından dərhal sonra - mayın 3-də üçrəngli bayrağımız Azərbaycan Parlamentinin binası üzərindən endirilmişdir. Əvəzində bolşevik ideologiyasının məhsulu kimi, əsas hissəsi qırmızı, aşağı hissəsi tünd göy rəngdən ibarət, üzərində oraq və çəkic şəkli olan qondarma bayraq 70 il dövlət atributu kimi cəmiyyətə sırınmışdır.

Yalnız ötən əsrin sonlarına doğru Azərbaycanda milli azadlıq hərəkatının geniş vüsət alması, imperiyanın süquta uğraması zəminində üçrəngli bayrağımız qeyri-rəsmi şəkildə mitinqlərdə dalğalanmağa başlamış, xalqın istiqlala qovuşmaq niyyətinin ali təzahürünə çevrilmişdir. Xüsusi vurğulamaq lazımdır ki, üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası və yüksəldilməsi istiqamətində ilk israrlı, vətənpərvər cəhdlər ulu öndər Heydər Əliyevin hələ Naxçıvana rəhbərlik etdiyi dövrə təsadüf edir. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli ictimai-siyasi proseslərə biganə qalmayan ümummilli lider Heydər Əliyev hələ Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtlarda əsl vətənpərvərliklə, lider təəssübkeşliyi ilə dövlət müstəqilliyinin qazanılması və milli özünüdərkin təmin olunması prosesində yaxından iştirak etmişdir. Respublikada geniş vüsət almış milli azadlıq hərəkatı ilə eyni dövrdə xalqda milli heysiyyəti, özünüdərki gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar da məhz ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə atılmışdır. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin 1990-cı il 19 yanvar tarixli qərarı ilə Azərbaycanın üçrəngli bayrağı rəsmi olaraq Naxçıvan Ali Sovetinin binası üzərində ucaldılmışdır. Həmin qərar səkkiz gün sonra Azərbaycan SSR Ali Soveti tərəfindən ləğv edilsə də, ulu öndər bu istiqamətdəki vətənpərvər səylərini israrla, əzmlə davam etdirmişdir. Nəhayət, muxtar respublikanın ali orqanının 1990-cı il noyabrın 17-də keçirilmiş sessiyasında Azərbaycanın milli dövlət dirçəlişi prosesinin həyata keçirilməsi məsələsi geniş müzakirə olunmuş, Naxçıvan MSSR-in adından "sovet" və "sosialist" sözləri çıxarılmış, onun Naxçıvan Muxtar Respublikası adlandırılması barədə tarixi qərar verilmişdir. Sessiyada həmçinin Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında tarixi qərar qəbul edilmişdir. Muxtar respublikanın ali orqanı üçrəngli bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan Respublikası Ali Soveti qarşısında vəsatət də qaldırmışdır. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti həmin vəsatət əsasında "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" qanun qəbul etmişdir. Bu qanunla şanlı üçrəngli bayrağımız Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiq edilmiş, istiqlal rəmzi kimi dalğalanmağa başlamışdır.

Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə ictimai-siyasi sabitliyi təmin etməklə, qanunsuz silahlı qruplaşmaları zərərsizləşdirməklə, dövlətin parçalanmasına yönəlmiş separatçı cəhdlərin qarşısını qətiyyətlə almaqla həm də Azərbaycanın üçrəngli bayrağını uca tutmuş, onun bütün bölgələrdə dalğalanmasını təmin etmişdir. Ümummilli liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında üçrəngli bayraq dövlət rəmzi kimi təsbit edilmişdir. Əsas Qanunun 23-cü maddəsinin II bəndində göstərilir: "Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir".

Konstitusiyanın 75-ci maddəsinin birinci bəndində isə qeyd olunur ki, hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir. Bundan əlavə, ulu öndər Heydər Əliyevin 1998-ci il 13 mart tarixli "Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında" sərəncamı dövlət atributlarının təbliği baxımından mühüm əhəmiyyət daşımışdır. "Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun" - deyə ulu öndər çıxışlarında dəfələrlə bildirmişdir.

Ulu öndərin milli mənafelərə əsaslanan siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev də daxilindən gələn yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını uca tuturkonkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır. Andiçmə mərasimləri zamanı Dövlət bayrağı qarşısında diz çökərək onu öpən Prezident İlham Əliyev bununla həm də Azərbaycan dövlətinə yüksək sevgi, ehtiram və sədaqət nümayiş etdirir. Dövlət başçısının milli ideallara bağlılığı özünü həm də üçrəngli bayrağımıza münasibətdə qabarıq göstərir. Xatırlatmaq yerinə düşər ki, dövlət başçısı hələ 2004-cü il 8 iyun tarixdə "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Əsasnaməyə edilmiş əlavə və dəyişiklikləri təsdiqləmişdir. Dövlət başçısının eyni tarixli sərəncamı əsasında "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Qanunun imzalanması da dövlət bayrağına yüksək ehtiramın ifadəsidir. Qanunun 1.2-ci maddəsinə əsasən, "Azərbaycan Respublikası onun ərazisindən kənarda Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlərin qarşısının alınması məqsədilə beynəlxalq hüquq normalarına uyğun olaraq tədbirlər görür".

2009-cu il 18 mart tarixdə keçirilən referendumla Azərbaycan Respublikasının Konstitusiyasının 75-ci maddəsinə edilmiş əlavə də istər siyasi və mənəvi, istərsə də hüquqi baxımdan müstəsna əhəmiyyət kəsb edir. Həmin əlavəyə görə, "Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur". Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsinə əsasən, "dövlət rəmzlərinə hörmətsizlik ifadə etmə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır". Qeyd olunan əlavə isə Cinayət Məcəlləsində əksini tapmış müddəaya konstitusion əsas verir.

"Dövlət bayrağının istifadəsi qaydaları haqqında" qanunun 1.3-cü maddəsinə əsasən, "Dövlət əhali arasında Azərbaycan Respublikası Dövlət bayrağının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət ruhunda tərbiyə edilməsi məqsədi ilə tədbirlər görür". Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında" sərəncamı bu baxımdan mühüm əhəmiyyətə malikdir. Sərəncamın preambluasında dövlət rəmzlərinin müstəsna rolu bir daha vurğulanmış, Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması və Nazirlər Kabinetinin bu sərəncamdan irəli gələn vəzifələri həll etməsi məsələləri əksini tapmışdır.

İrs-varislik ənənələrinə sadiqlik göstərən dövlət başçısı İlham Əliyev 2009-cu ilin 17 noyabrında imzaladığı sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə rəsmi ucaldığı 9 noyabr (1918-ci il, 9 noyabr-R.C.) tarixini lAzərbaycan Respublikasının Dövlət Bayrağı Günü" kimi təsis etmişdir. Keçmişimizə, milli dəyərlərimizə, tarixi-mədəni irsə yüksək qayğı ilə yanaşan Prezident İlham Əliyevin bu sərəncamının əsasında, ilk növbədə, milli bayrağa, onun fəlsəfəsinə yüksək hörmət, vurğunluq dayanmışdır. Bu addım ölkə vətəndaşlarının milli həmrəyliyini, vahid azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməsini təmin etmək; Dövlət bayrağının təbliği işini daim diqqət mərkəzində saxlamaq; gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində dövlət atributlarına, xüsusən də dövlət bayrağına diqqəti artırmaq; Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məramından irəli gəlmişdir. 2010-cu ildən başlayaraq noyabrın 9-u hər il respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunacaqdır.

Prezident İlham Əliyev Dövlət Bayrağı Meydanı üçün Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında müvafiq yerin ayrılmasını təmin etmiş, 2007-ci il 30 dekabr tarixdə isə paytaxtın bu unikal tikilisinin layihəsi ilə tanış olaraq təntənəli təməlqoyma mərasiminə qatılmışdır. Həmin mərasimdə dərin məzmunlu nitq söyləyən dövlət başçısı demişdir: "Bizi bir sıra ölkələrdən, o cümlədən, bizim bölgədə yerləşən bəzi dövlətlərdən fərqləndirən odur ki, biz müstəqil siyasət aparırıq. Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətdir və bu müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük xoşbəxtlikdir. Bizim müstəqilliyimizi əks etdirən, onun rəsmi rəmzi olan bayrağımız dalğalanmalıdır. Bu gözəl bayraq Bakının bütün yerlərindən görünəcək".

Prezident İlham Əliyev Dövlət Bayrağı Meydanının inşası prosesinixüsusi diqqət mərkəzində saxlamış, ortaya çıxan problemlərin operativ həlli üçün müvafiq göstərişlərini vermiş, sərəncamlar imzalamışdır. Cənab İlham Əliyev 2008-ci il 27 oktyabr, 2009-cu il 18 may, 2010-cu il 13 yanvar, 2010-cu il 30 mart, 2010-cu il 26 iyul tarixində Dövlət Bayrağı Meydanında aparılan inşaat və abadlıq işlərinin gedişi ilə yaxından tanış olmuş, müvafiq göstərişlərini, tövsiyələrini vermişdir. 2010-cu il sentyabrın 1-də isə Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olmuşdur.

Məlumat üçün bildirək ki, meydan üçün seçilmiş yer Dövlət Bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydanda bütün infrastruktur yaradılmış, tikinti işlərini xüsusi layihə əsasında xariciyerli mütəxəssislər həyata keçirmişlər. Azərbaycan tarixində ilk dəfə reallaşan bu layihə parametrlərinə və görülən işin miqyasına görə unikal mühəndis-qurğudur. Dövlət Bayrağı Meydanının tikintisinə 2008-ci ilin əvvəlindən start verilmişdi. Layihənin əhəmiyyətini nəzərə alan ölkə başçısı İlham Əliyev 2008-2010-cu illərdə 6 dəfə Dövlət Bayrağı Meydanında olmuş, inşaat işlərinin yüksək keyfiyyətlə aparılmasına dair tapşırıq və tövsiyələrini vermişdir.

Ərazidə aparılan inşaat işləri zamanı 1,5 milyon kubmetr torpaq işi görülmüşdü. Bayraq dirəyinin pyedestalının altında mürəkkəb mühəndis-texniki konstruksiya quraşdırılmış, pyedestalın bünövrəsinin qoyulmasında uzunluğu 12 metr olan 152 dirəkdən və dərinliyi 30 metr olan, dəniz səviyyəsindən 7 metr aşağıda yerləşən 20 dirəkdən istifadə olunmuşdur. Meydanın tkintisində ölkənin əksər rayonlarından gətirilən 28 milyon çay daşından istifadə edilmiş, beləliklə də bayrağn əhatəsində simvolik olaraq qala divarları təəssüratı yaradılmışdır.

Dünyanın ən uca bayraq dayağının hündürlüyü 162, bünövrəsinin diametri 3,2 bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Bayrağın dəniz səviyyəsindən hündürlüyü isə 192 metrdir. Bayraq dirəyinin hündürlüyü artdıqca dirəyin diametri 1 metrədək azalır. Küləyin sürəti saniyədə 66 metr (saatda 200 kilometrdən çox) olanda belə dirəyin təhlükəsizliyi tam təmin olunub. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadrat metr, çəkisi isə 350 kiloqramdır. Yaş halda çəkisi 2 dəfə artır. Xüsusi yumşaq materialdan hazırlanan bayraq təbii təsirlərə olduqca davamlıdır.

Dövlət Bayrağı Meydanının əhəmiyyətini artıran digər mühüm amil bu monumental kompleksin dövlət rəmzlərini özündə birləşdirən məkana çevrilməsidir. Hündürlüyü 5 metr olan pyedestal Azərbaycan Respublikasının bayrağında əks olunan səkkizgüşəli ulduzu simvolizə edir. Bayrağın bünövrəsinin əhatəsində isə dövlət rəmzləri - gerb, himnin sözləri və Azərbaycanın xəritəsi yerləşdirilib. Azərbaycanda ilk dəfə sahəsi təxminən 100 kvadrat metr, 9x11 metr nisbətində, çəkisi 16 ton olan, üzəri qızıl suyuna salınmış nəhəng bürünc gerb hazırlanıb. Bu dövlət rəmzləri Bayraq Meydanının görkəminin möhtəşəmliyini daha da artırmış, onun görünüşünə əlavə çalarlar qatmışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda Dövlət Bayrağı Muzeyinin yaradılmasının əhəmiyyəti də xüsusi vurğulanmalıdır. Təqdirəlayiq faktdır ki, "Ginnes" dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir.

Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində geniş nitq söyləyən Prezident İlham Əliyev bu möhtəşəm layihəyə Azərbaycanın dövlət müstəqilliyinin göstəricisi kimi yüksək dəyər vermişdir: "Bu gün bu gözəl meydanda Azərbaycanın müstəqil siyasətini xüsusi qeyd etmək istərdim. Müstəqillik ən böyük sərvətimizdir, ən böyük xoşbəxtliyimizdir. Əsrlər boyu Azərbaycan xalqı müstəqillik həsrəti, müstəqillik arzusu ilə yaşamışdır. Uzun illər, onilliklər ərzində biz başqa ölkələrin tərkibində yaşamışdıq, azadlıqdan məhrum olmuşduq, müstəqil ölkə deyildik. Bu tarixi imkan, tarixi şans bir daha Azərbaycan xalqına 1991-ci ildə verilmişdir. Bayaq qeyd etdiyim kimi, biz o şansı, bu imkanı itirə bilərdik və əgər 1993-cü ildə Azərbaycan xalqı düzgün seçim etməsəydi, çox güman ki, itirəcəkdik. Bu gün isə müstəqilliyimiz artıq dönməzdir, əbədidir. Biz 20 ilə yaxındır ki, müstəqil ölkə kimi yaşayırıq. Bütün çətin sınaqlardan üzüağ, şərəflə çıxmışıq, gözəl, möhkəm ölkə yaratmışıq".

Azərbaycanın üçrəngli Dövlət bayrağı bu gün ayrı-ayrı dövlət qurumlarının, diplomatik nümayəndəliklərinin binaları üzərində ucaldılır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, ictimai-siyasi toplantılarda, kütləvi mədəni, siyasi, iqtisadi tədbirlərdə, idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. İdmançılarımızın müxtəlif ölkələrdəki hər qələbəsi şərəfinə ucaldılan bayraq hər bir azərbaycanlının qəlbində böyük sevinc, iftixar hissləri doğurur, dövlətə, xalqa mənsubluq hissini gücləndirir. Azərbaycanın Dövlət bayrağının Bakı şəhərinin ən möhtəşəm guşəsində - analoqu olmayan hündürlükdə dalğalanması da xalqda milli özünüdərk və müstəqillik ideallarını, həmrəylik duyğularını gücləndirir. Dövlət Bayrağı Meydanı dövlətçiliyimizin keçdiyi şərəfli tarixi, onun hansı təməl prinsiplərinə, ideoloji sütunlara söykəndiyini nümayiş etdirməklə yanaşı, xalqın müstəqil dövlətini qorumaq, inkişaf etdirmək, yaşatmaq əzmini göstərir.

Dövlət Bayrağı Meydanının açılış mərasimində dövlət başçısının da vurğuladığı kimi, əzəmətli bayraqdan qürur duyan hər bir azərbaycanlının qəlbində bir müqəddəs arzusu var. Üçrəngli bayrağımızı Azərbaycanın işğal altında olan yaşayış məntəqələri üzərində ucaltmaq! Dövlət başçısı İlham Əliyevin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi uğurlu diplomatiya və hərbi quruculuq siyasəti isə bu ülvi arzunun, prinsipial məqsədin gerçəkləşəcəyinə birmənalı əminlik yaradır.

 

 

 Rafael CƏBRAYILOV,

 Milli Məclisin deputatı

 

 Xalq qəzeti.- 2010.- 9 sentyabr.- S. 4.