Xalqımızın xeyirxahlığı və səxavəti beynəlxalq təşkilatların diqqət mərkəzindədir

 

Beynəlxalq Xeyriyyə Yardım Fondunun sorğusuna cavab verənlər Azərbaycanı MDB-nin ən xeyirxah ölkəsi adlandırıblar

 

Xeyirxahlıq, səxavət və əliaçıqlıq dünya xalqlarının, demək olar ki, hamısında yüksək qiymətləndirilir. Şərqdə bu dəyərlərin min illərdən bəri özünəməxsus nümunələri formalaşıb. Azərbaycanın milli-mənəvi dəyərləri sırasında isə bu üç keyfiyyət - əslində eyni mərama xidmət edən xeyirxahlıq, səxavət və əliaçıqlıq-xalqımızın yarandığı gündən onun yol yoldaşıdır.

Hələ Dədə Qorqud dövründən Oğuzun xanları, sayılıb-seçilən igidləri el ağsaqqalından qılınc çalmaq, ox atmaq kimi keyfiyyətlərlə yanaşı, comərdlik, çörəkverənlik kimi əməllərə görə də ad almaq yarışına girirdilər. Ölkəmizə İslamın gəlişindən sonrakı dövrdə bu keyfiyyətlər daha da inkişaf etmişdir. Hətta, xeyirxahlıq edən şəxslər öz səxavətinin mümkün qədər az məkanda yayılmasını arzu etmişlər. İslam Peyğəmbərinin ailəsindən olan Həzrət Əlinin adıyla söylənilən məlum fikir də məhz həmin məqsədə qulluq edirdi. Ancaq bu gün zaman insanları elə iti sürətlə inkişaf etdirir ki, nəinki "sağ əlin verdiyini sol əl bilir", hətta, Bakıda reallaşdırılan bir xeyirxahlıq tədbiri barədə cəmi bir neçə dəqiqədən sonra az qala dünyanın hər yerində məlumat yayılır. Elə sərlövhədə adını çəkdiyimiz Beynəlxalq Xeyriyyə Yardım Fondunun keçirdiyi sorğunun respondentləri də müxtəlif sualları cavablandırarkən məhz həmin məlumatlara əsaslanıblar.

Respublikamızın hər bir sakini və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın hamısı fəxr edə bilər ki, adı çəkilən beynəlxalq təşkilatın sorğusunun nəticələrinə görə Azərbaycan Müstəqil Dövlətlər Birliyinin ən xeyirxah və ən səxavətli ölkəsi adına layiq görülüb. Bu, Azərbaycan dövlətinin humanitar siyasətinin, Heydər Əliyev Fondunun reallaşdırdığı çoxsaylı humanitar layihənin, xüsusən fondun prezidenti, YUNESKO-nun və İSESKO- nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi xeyriyyəçiliyinin, eləcə də xalqımızın milli-mənəvi dəyərləri sırasında bu məsələyə böyük önəm verilməsinin nəticəsidir. Azərbaycan dövləti nəinki ölkə əhalisinin, hətta, dinindən və irqindən asılı olmayaraq dünyanın istənilən ölkəsində çətinliklə üzləşən insanların problemlərinin həlli üçün heç nəyi əsirgəmir. Dövlətimizin atdığı humanist addımlar təkcə siyasətdən deyil, eləcə də insansevərlikdən qaynaqlanır. Heydər Əliyev Fondunun humanitar layihələri isə artıq ölkə və region miqyasında deyil, uzaq xaricin çoxsaylı ölkələrində də uğurla reallaşdırılır. Bu barədə aşağıda söz açacağıq. Hələlik isə haqqında söz açdığımız sorğunun bəzi məqamları barədə.

Dünyanın aparıcı telekanallarından olan Bi-Bi-Si Beynəlxalq Xeyriyyə Yardım Fondunun keçirdiyi sorğunun son nəticələri barədə hesabatı yayıb. Hesabatda bildirilir ki, adı çəkilən fond xeyirxahlığın dərəcəsini təkcə pul yardımı edilməsi ilə deyil (imkanlı ölkələrdə bu, xeyirxahlığın ən asan yoludur), eləcə də xeyirxahlığa sərf edilən vaxt və kimsəsiz insanların himayə olunması amilləri ilə də müəyyən etmişdir. Belə ki, bəzi ölkələrdə dövlət və ya özəl bölmə təmsilçiləri bədbəxtliyə düçar olmuş insanlara pul yardımı ayırmaqla öz işini bitmiş hesab edir. Ancaq Azərbaycanda məsələ bir az başqa şəkildə qoyulur. Heydər Əliyev Fondunun və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəalları daim himayəyə ehtiyacı olan qoca, əlil və kimsəsiz insanların yanındadırlar. Bu prosesdə puldan daha çox sərf edilən vaxt və fərdi qayğı məsələsi önə çıxır. Ona görə də adı çəkilən fond xeyirxahlığı təkcə pul yardımı edilməsi ilə müəyyənləşdirmir.

Dünyanın 153 ölkəsi arasında aparılan sorğunun nəticələrinə görə Azərbaycan xeyirxahlıq reytinqində 67-ci yeri tutur. "Əliaçıqlıq" indeksinə görə isə respublikamız Müstəqil Dövlətlər Birliyinin ən xeyirxah və səxavətli ölkəsi sayılıb. Hesabatın nəticələrinə görə bizdə xeyirxahlığın 22 faizi pulla, 23 faizi yaxşılığa sərf edilən vaxtla, 48 faizi isə yoxsullara əl tutulması forması ilə reallaşdırılır. Ən maraqlısı odur ki, adı çəkilən hesabatda Heydər Əliyev Fondunun Azərbaycan əhalisinin maddi rifahının yaxşılaşdırılması və ölkədə tərəqqinin yüksəldilməsi üçün həyata keçirdiyi yüzlərlə layihənin adı çəkilir. Ümumiyyətlə, Azərbaycan xeyirxahlığa görə Şərqi Avropa ölkələri arasında KiprSloveniyadan sonra üçüncü yeri tutur. Belarus, Ukrayna, Qırğızıstan, Qazaxıstan və Baltikyanı ölkələr bizdən sonrakı yerlərdədirlər. Fond ekspertlərinin fikirincə, özü və ölkəsi xoşbəxt olan insanlar xeyirxahlığa daha çox meyillidirlər.

Azərbaycan xalqı fəxr edir ki, onun ümummilli lideri Heydər Əliyevin adını daşıyan fond bu gün dünyanın ən humanist, ən xeyirxah təşkilatlarından biri kimi ad çıxarıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində 2005-2009-cu illərdə 283 yeni məktəb binası inşa olunaraq lazımi avadanlıqla təchiz edilmişdir. Fond digər ölkələrin problemlərinə də biganə qalmır. Məsələn, Pakistanın Müzəffərabad şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən məktəb zəlzələdən sonra bu ölkədə inşa edilən 5 min məktəb arasında ən yaxşısı və ən nümunəvisidir. Bu qəbildən olan nəcib təşəbbüslər və layihələr çoxdur və hər biri beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

Xeyirxahlığın ən mükəmməl formalarından biri də bağışlamaq, əfv etmək keyfiyyətləridir. Ulu öndər Heydər Əliyevin ölkədə ölüm hökmünün icrasını dayandırması və sonra həmin hökmün tamamilə ləğv edilməsi ilə bağlı atdığı humanist addımlar bu gün Azərbaycan dövləti və Heydər Əliyev Fondu tərəfindən böyük uğurla davam etdirilir. Deputat Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007-ci ilin mayında Milli Məclisdə qəbul edilən və dövlət başçısı tərəfindən imzalanaraq icra edilən amnistiya aktı həm ölkəmizdə, həm də beynəlxalq aləmdə böyük əks-səda yaratmışdı. Belə bir addım Heydər Əliyev Fondunun prezidenti tərəfindən 2009-cu ilin martında da atılmış, 9 min şəxsə şamil edilən amnistiya aktı icra edilmişdi. Həmin amnistiya aktı ilə 1700 nəfər məhkum azadlıqdan məhrumetmə yerlərindən azad edilmişdi.

Başqa bir məqama diqqət yetirək. Bu ilin yazında Kür Araz çaylarının daşması nəticəsində aran rayonlarımızda yaranmış təbii fəlakət zamanı Prezident İlham Əliyev həm paytaxtda, həm hadisə yerində - Şirvan şəhərində geniş tərkibli müşavirələr keçirmiş, daşqından zərər çəkmiş insanlarla şəxsən görüşmüşdü. O zaman Prezident zərərdidə insanlara söz verdi ki, dövlət sizin arxanızda dayanıb uçmuş bütün evlər daha yaxşı, daha keyfiyyətli şəkildə yenidən tikiləcəkdir. Sentyabrın əvvəllərində - müqəddəs Ramazan bayramı ərəfəsində dövlət başçısı seldən zərər çəkmiş insanlar üçün tikilmiş onlarla evin sahiblərinə təqdim edilməsində şəxsən iştirak etdi. Ancaq bəzi ölkələrdə dövlət bu qəbildən olan layihələrin reallaşdırılması üçün pul ayırmaqla öz işini bitmiş hesab edir.

Ümumiyyətlə, Azərbaycan dövlətinin xalqımızın xeyirxahlıq, səxavət əliaçıqlıq keyfiyyətləri gənc müstəqil respublikamıza böyük nüfuz inam, ehtiram gətirir. Məlum fondun haqqında söz açdığımız sorğusu da məhz həmin nüfuzun nəticəsidir. O da yaxşı haldır ki, dünya ekspertləri artıq həqiqəti söyləməyə daha çox səy göstərirlər. Həqiqətin bir təzahürü ondan ibarətdir ki, qeyd olunan hesabatda bizim bədxah qonşularımızın xeyirxahlıq göstəriciləri 4, 5 ya 6 faizlə göstərilir. Ayrı cür ola da bilməz. Çünki sorğu ekspertlərinini fikrincə, xoşbəxt olanlar xeyirxahlığa daha çox meyil göstərirlər. Deməli, Azərbaycanın xoşbəxtliyi dunyanın gözü qarşısında, Ermənistanın xoşbəxtliyi isə hələ ibtidai mərhələdədir.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2010.- 14 sentyabr.- S. 4.