Üzeyir sənəti sönməz məşəldir

 

Xalqlar görkəmli şəxsiyyətləri ilə tanınır. İllər, əsrlər keçsə belə həmin adlar sönməz məşəl kimi öz xalqlarının gələcək yoluna işıq saçır, yaddaşlarda əbədi bir varlığa çevrilir. Üzeyir Hacıbəyli Tanrının Azərbaycan xalqına bəxş etdiyi misilsiz bir töhfədir. Onun yaradıcı irsi təkcə öz xalqı üçün deyil, bütün bəşəriyyət üçün çox dəyərli mənəvi sərvətdir. Ona görədir ki, zaman keçdikcə Üzeyir sənəti dünya xalqları tərəfindən daha çox sevilir, onun əsərləri heç bir sərhəd tanımır. Dünyanın ən möhtəşəm teatrlarının səhnəsində bu əsərlər dönə-dönə tamaşaya qoyulur, ekranlaşdırılır, məşhur müğənnilər bu əsərləri sevə-sevə oxuyurlar. Bunun başlıca səbəbi o idi ki, Üzeyir bəyin əsərləri milli olduğu qədər bəşəri xarakterlidir.

 

Üzeyir bəyin yaradıcılığı kifayət qədər tədqiq olunub. Haqqında bədii, sənədli filmlər yaradılıb. "Uzun ömrün akkordları" filminə tamaşa edənlər, yəqin ki, bu dahi şəxsiyyətin bioqrafiyası ilə tanış olublar. Elə sənədli kinomuzda da bu fenomen şəxsiyyətin həyat və yaradıcılıq yoluna qismən nəzər salınıb. Haqqında neçə-neçə elmi monoqrafiyalar, elmi-publisistik əsərlər yaradılıb. Əsərləri dönə-dönə nəşr olunub. 1996-cı ildə isə "Üzeyir Hacıbəyov ensiklopediyası" işıq üzü görüb.

Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Üzeyir irsinin öyrənilməsinə, tədqiqinə, əsərlərinin səhnəyə qoyulmasına və ekranlaşdırılmasına xüsusi maraq göstərilmişdir. Ümummilli liderin təşəbbüsü ilə 1975-ci ildə Üzeyir bəyin ev-muzeyinin yaradılması bu istiqamətdə görülən çox əhəmiyyətli işlərdən idi. Məhz ulu öndərin təşəbbüsü ilə Üzeyir bəyin 90, 100, 110 illik yubileyləri böyük təntənə ilə keçmişdir. Böyük bəstəkarın 110 illik yubileyində çıxış edən ulu öndər demişdir: "Üzeyir bəy fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri olmuş, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur".

Üzeyir bəy Qarabağda dünyaya göz açıb. Onun uşaqlığı Qarabağın dilbər guşəsi olan Şuşada keçib. Ermənilərin bu torpaqda törətdiyi vəhşilikləri də dönə-dönə publisistik məqalələrində əks etdirib. "Azərbaycan" qəzetində 3 may 1919-cu ildə dərc etdirdiyi məqaləsində yazırdı: "Qarabağ ermənilərinin Azərbaycan hökumətinə tabe olmamaq qəsdilə göstərməkdə olduqları inad artıq həyasızlıq dərəcəsinə varmışdır". Üzeyir bəy harada yaşamasından asılı olmayaraq Qarabağı, Şuşanı heç zaman unutmurduonun taleyindən narahat idi. Tarix göstərdi ki, bu narahatlıq da əbəs deyilmiş.

O, Qori Müəllimlər Seminariyasında təhsil almışdı. Buranın az-çox demokratik mühiti onun gənc qəlbində silinməz izlər buraxmışdı. Ancaq onun əsas ilham mənbəyi "Qafqaz konservatoriyası" adlandırılan Şuşanın musiqi mühiti olmuşdu. Təbiət bu gənc oğlandan heç nə əsirgəməmişdi. Misilsiz istedad, nadir musiqi qabiliyyəti, ritm hissi, iti zəka, güclü yumor hissi, möhkəm iradə onu gələcək nailiyyətlərə aparan keyfiyyətlər idi.

Üzeyir Hacıbəyli dünya mədəniyyətinə Şərqin ilk operasını - "Leyli və Məcnu"nu bəxş etdi. Bu əsəri 22 yaşında yazmışdı Üzeyir bəy. "Uzun ömrün akkordları" filminə tamaşa edənlər onun yaranma tarixini xatırlayırlar. Orada göstərilir ki, Şuşada Cabbar Qaryağdıoğlunun ifasında "Məcnun Leylinin məzarı üstündə" adlı səhnəciyin şahidi olmuş balaca Üzeyirin qəlbində bu tamaşa dərin iz salmış və sonradan belə bir opera yazmaq qərarına gəlmişdi. Bu opera illər keçdikcə bütün dünyanı dolaşdı.

"Koroğlu" isə Üzeyir bəyin xalq yaradıcılığına necə bağlı olduğunu təsdiq etdi. Bu operanın da taleyi çox uğurlu oldu və müəllifinə dünya şöhrəti qazandırdı.

"Arşın mal alan", "O olmasın, bu olsun", "Ər və arvad" operettaları da onun yüksək musiqi istedadının nümunələri olmaqla, bu xalqa sevgisini bir daha təsdiqləmişdi.

"Arşın mal alan" operettası sonralar bir neçə filmin yaranmasının da əsası olmuşdur. Bu vaxta kimi əsər 5 dəfə ekranlaşdırılmışdır. 1945-ci ildə yaradılan "Arşın mal alan" filmi isə ilk dəfə SSRİ-nin Dövlət mükafatına layiq görülən filmimiz oldu. Bəlkə dünyanın elə bir ölkəsi yoxdur ki, bu film orada nümayiş etdirilməsin. Elə 1956-cı ildə ekranlaşdırılan "O olmasın, bu olsun" filmi dünya xalqlarının sevdiyi kino əsərlərimizdən oldu.

"Sevgili canan", "Sənsiz" romanslarını dinləmək insanda necə gözəl hisslər oyadır. Üzeyir bəyin musiqi əsərlərində bu xalqın mənəvi ruhu var. Onların hər biri bizim musiqi salnaməmizin qiymətli, əvəzsiz nümunələridir.

Üzeyir Hacıbəylinin sənət dünyası böyük bir ümmanı xatırladır. Bu ümman əbədiyaşardır.

Əfsus ki, bu gün Üzeyir bəyin Şuşada qoyulmuş büstü güllələnmiş şəkildə Bakıdadır. Şuşadakı ev-muzeyi düşmən tərəfindən yerlə yeksan edilmişdir.

Artıq neçə illərdir ki, biz Üzeyir bəyin doğum gününü - 18 sentyabrı Azərbaycanın musiqi bayramı kimi qeyd edirik.

Bu il isə Üzeyir bəyin 125 illik yubileyi qeyd olunacaq. Bu münasibətlə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev fevralın 23-də sərəncam imzalamışdır. Sərəncama əsasən, Mədəniyyət Turizm Nazirliyinə, Milli Elmlər Akademiyasına xüsusi tədbirlər planı hazırlanması tapşırılırdı. Artıq mədəniyyət Turizm Nazirliyi Tədbirlər planını təsdiq etmişdir. Sentyabrın 18-dən 28-dək Azərbaycanda keçiriləcək Beynəlxalq Musiqi Festivalı yubileyə ən yaxşı töhfə olacaq.

Təhsil Nazirliyi bu yubilyein keçirilməsi ilə bağlı xüsusi tədbirlərin həyata keçirilməsini planlaşdırmışdır. Ali orta ixtisas məktəblərində, eləcə orta ümumtəhsil müəssisələrində Üzeyir bəyə həsr olunan maraqlı tədbirlər keçiriləcək. "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində "Əbədi iftixarımız" bədii-sənədli film çəkilir. Filmdə Üzeyir bəyin rolunu xalq artisti Ramiz Məlikov oynayır.

Dünyanın bir çox şəhərlərində Üzeyir Hacıbəylinin yubileyi qeyd olunacaq. Sentyabrın 19-da Vyanada bu münasibətlə möhtəşəm konsert keçirilməsi nəzərdə tutulur. Konsert Vyanada ucaldılmış Üzeyir Hacıbəylinin heykəli önündə baş tutacaq.

Türkiyədə, Fransada belə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Daha bir yenilik. Bir neçə ay əvvəl dahi bəstəkarın indiyədək oxuculara məlum olmayan publisistik əsərlərinin toplandığı "Nəşrlərdə kənara qoyulmuş, ixtisar "redaktə" edilmiş əsərləri" adlı ikicildliyi çapdan buraxılmışdır.

Bu günlər ölkəmizin bütün bölgələrində bu yubileyə hazırlıq görülür. Xalqımız öz dahi sənətkarını sevir, ona yüksək hörmət, ehtiram bəsləyir. Ona görə bu dahi bəstəkarın yubileyinin ümumxalq bayramına çevriləcəyi şübhəsizdir.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2010.- 15 sentyabr.- S. 8.