Azərbaycan Tibb Universiteti – 80
Dövlət dilimiz tibb təhsilinin xidmətində
Ölkə Prezidenti cənab
İlham Əliyevin sərəncamı ilə bu il Azərbaycan
Tibb Universitetinin 80 illiyi respublikamızda geniş qeyd olunacaq.
Yekun tədbirlərinin bu ilin payızında nəzərdə
tutulan yubileyə universitetimizdə ciddi hazırlıq gedir: tədris
binaları təmir edilir, tikintisi yenicə başa
çatmış terapiya korpusunda tədris və müalicə
üçün yeni avadanlıqlar, cihazlar
quraşdırılır, "tibb şəhərciyi"nin
mərkəzi meydanı yeni görkəmə salınır.
Bütün
bunlarla yanaşı, kafedralarda da işlərə yenidən
baxılır, tədrisin səmərəsini və keyfiyyətini
yüksəltmək üçün daha əlverişli vasitələr
axtarılır, dərslik, dərs vəsaiti, proqramlar nəzərdən
keçirilir, mükəmməlləşdirilir. Bir sözlə,
hər kəs yubileyə təzə əmək uğuru ilə
getməyə çalışır. Universitetimizdə
mövcud olan 80-ə yaxın kafedra arasında bizim Azərbaycan
dili kafedrasının da özünəməxsus yeri var.
Hazırda kafedrada 17,5 ştat vahidində 19 müəllim
çalışır. Onlardan 1 nəfər professor, filologiya
elmləri doktoru, 11 nəfər filologiya üzrə fəlsəfə
doktoru (onlardan 6 nəfər dosent, 2 nəfər baş müəllimdir),
qalan 7 nəfərdən isə 1 nəfəri baş müəllimdir.
Bundan başqa 1 kabinet müdiri, 2 laborant, daha 4 nəfər
yardımçı əməkdaşımız var. Məncə,
bu əlamətdar hadisə ərəfəsində
kafedramızın tarixinə qısa nəzər salmaq da
oxucular üçün maraqlı olar. Universitetimizdə tədris
olunan fənlər içərisində "Azərbaycan
dili" fənni də ən qədim tarixi olanlardandır. Belə
ki, 1919-cu ildə Bakı Dövlət Universiteti təşkil
olunarkən kadr qıtlığı üzündən təhsil
rus dilində aparılırdı, gələcək mütəxxəsislərin
Azərbaycan əhalisinə normal xidmət göstərmələri
üçün onlara türk (Azərbaycan) dili də öyrədilirdi.
(Sonralar Azərbaycan və rus bölmələri təşkil
olunanda Azərbaycan bölməsində rus, rus bölməsində
Azərbaycan dili tədris olunmağa başladı). Yaxın
onilliklərə qədər "Azərbaycan dili" fənninin
də daxil olduğu kafedralar "Dillər" (Azərbaycan
dili ilə yanaşı latın, rus, Avropa dilləri) və
"Azərbaycan və rus dilləri"
adlandırılmışdır. İlk illərdə Azərbaycan
dili fənnini XX əsr Azərbaycan ədəbiyyatı və
mədəniyyətinin görkəmli nümayəndəsi,
yazıçı, dramaturq Əbdürrəhim bəy
Haqverdiyev, dövrünün tanınmış
ziyalıları - Qədim bəy Şahtaxtinski, Qulamrza
Qasımbəyli tədris etmişlər. 1930-cu ildə müstəqil
Tibb İnstitutu təsis olunanda müxtəlif dillərin tədrisi
ilə məşğul olan kafedraya məhz Azərbaycan dili
müəllimi Q.Şahtaxtinski rəhbərlik etmişdir.
1932-ci ildə isə kafedraya yenə Azərbaycan dili müəllimi
dosent Q. Qasımbəyli müdir təyin edilmişdir. O,
1937-ci ilə kimi bu vəzifədə qalmışdır.
1937-ci ildə həmin vəzifəni A.Zeynallı yerinə
yetirmişdir. 1938-ci ildə isə kafedraya Böyük
Ağayev rəhbər təyin olunur. 1939-cu ildən isə
kafedrada hər fənn üzrə bir müəllim məsul
şəxs təyin edilir. 1937-1938-ci tədris
ilindən Azərbaycan
dili fənninin tədrisi 10 semestrdən 4
semestrə endirilir. 1943-1944-cü
tədris ilində müstəqil Azərbaycan
dili kafedrası təşkil olunur və onun müdiri
yenidən dosent Q.Qasımbəyli seçilir.
Sonradan birləşdirilmiş halda
fəaliyyət göstərən
kafedraya ("Azərbaycan
və rus dilləri") 1946-1958-ci illərdə
Nurməmməd Şahsuvarov,
Böyük Məmmədov
rəhbərlik etmişlər.
1958-1964-cü illərdə bu vəzifəni baş müəllim (yenə Azərbaycan dili müəllimi) Həsən Atakişiyev,
1964-1968-ci illərdə filologiya
elmləri namizədi Məmməd Qasımov yerinə yetirmişlər
(Məmməd Qasımov
sonralar Azərbaycan dilinin terminologiyası üzrə filologiya elmləri doktoru, professor dərəcəsinə yüksəlmiş,
AMEA-da, ali
məktəblərdə müxtəlif
rəhbər vəzifələrdə
işləmişdir). Onu
da qeyd etməyi
lazım bilirik ki, bütün bu dövrlərdə kafedranın (Azərbaycan dili fənninin tədrisi nəzərdə
tutulur) tədris-metodiki
bazası zəif olmuş, tədris otaqları, müəllimlərin
hazırlığı istənilən
səviyyədə olmadığından
ana dilimizin tədrisinin tarixi mərhələlərinə aid material, sənəd, demək olar, yox dərəcəsindədir.
Kafedranın tarixi, onun müəllim heyəti, dərslik, dərs vəsaiti, proqram, metodik işləmələr, tələbələrin
fəaliyyətinə aid materiallar
və s. yalnız
1969-cu ildən sonrakı
dövrə aiddir. 1969-cu ildə filologiya
elmləri namizədi Səyyarə Mollazadə
"Azərbaycan və
rus dilləri" kafedrasına müdir seçilir. O bu vəzifəni təxminən
40 il şərəflə
yerinə yetirmişdir
(1968-ci ildə bir müddət kafedra müdirini əvəz etmişdir). Professor Səyyarə
Mollazadə, hər şeydən əvvəl istedadlı dilçi alimdir. O, 1966-cı ildə
mərhum professor, AMEA-nın
müxbir üzvü Ə.Dəmirçizadənin rəhbərliyi
ilə namizədlik,
1979-cu ildə doktorluq
dissertasiyalarını müdafiə
etmişdir. 1970-ci ildən dosent, 1988-ci ildən professordur. S.Mollazadə
7 monoqrafiyanın, 10 metodik
vəsaitin, 170-ə qədər
məqalənin müəllifidir.
O, dialektologiya üzrə
ilk azərbaycanlı qadın
elmlər namızədi,
toponimiya üzrə
ilk azərbaycanlı qadın
elmlər doktorudur.
Professor S.Mollazadə, həmçinin,
respublikada ilk dəfə
çap olunan 584 səhifəlik "Azərbaycan
toponimləri" ensiklopedik
lüğətin həmmüəlliflərindəndir
(1999). Professor S.Mollazadə
50-yə yaxın namizədlik
və doktorluq işinin rəsmi opponenti olmuşdur.
O, tələbələrə ən səmimi hisslərlə yanaşan bir müəllimdir.
Professor S.Mollazadə hər
şeydən əziz tutduğu doğma Azərbaycan dilini tələbələrə öyrətməklə
kifayətlənmir, onlara
Vətəni, onun tarixini, laylay qədər şirin olan dilini sevməyi
aşılayır, bütöv,
kamil insan olmaq üçün bunun misilsiz əhəmiyyətini dərk
etdirir. Professor S.Mollazadə rəhbərlik
etdiyi müəllimlərə
öz yaxın adamları kimi baxmış, kafedranı isə özünün ailəsi hesab etmişdir. Ona görə də
kafedranın əməkdaşları
ona təkcə müdir olduğuna görə yox, bu böyük, səmimi ailənin başçısı, ağbirçəyi
olduğuna görə
dərin hörmət
bəsləyirdilər. Onun rəhbərlik etdiyi dövrdə kafedranın tədris-metodiki, tədris-təşkilati
və elmi-tədqiqat işləri, müxtəlif
sənədlər, proqram,
mövzu-təqvim planları
sahmana salınmış,
bunlar səliqəli qovluqlarda illər üzrə yerləşdirilmişdir.
Həmin
dövrdə müxtəlif
mövzulu foto-sərgilər,
yazıçılarımıza aid foto-albomlar tərtib olunmuş, bunlar sözün əsl mənasında, yaxşı
bir muzey eksponatı kimi keçən illərin zəhmətinin danılmaz
faktına çevrilmişdir.
Hamımızın yaxşı yadındadır
ki, kafedrada gənclərin mənəvi-əxlaqi
tərbiyəsinə təsir
göstərmək məqsədilə
"Gənclik bir oyundur Günəşdən
təmiz" adlı klubun məşğələləri
necə coşqunluqla keçərdi. Professor S.Mollazadə
dəfələrlə ATU rəhbərliyinin
fəxri fərmanlarını
almış, kafedranın
aid olduğu fakültələrin
Elmi Şurasının
və ATU-nun Böyük
Elmi Şurasının
üzvü olmuşdur.
1984-cü ildən müstəqil
olan "Azərbaycan dili" kafedrasında öz işinin ustası olan, ana dilimizi, ədəbiyyatımızı
tələbələrə həvəslə öyrədən
görkəmli ziyalılar
işləmişlər. Filologiya elmləri
namizədi, dosent Rafiq Vəkilov 1969-cu ildən kafedramızda fəaliyyət göstərmiş,
özünün parlaq
müəllimlik və
gözəl ədəbiyyatşünaslıq
bacarığı ilə
müəllim yoldaşlarının
və tələbələrin
hörmətini qazanmışdır
(o, 2006-ci ildə dünyasını
dəyişmişdir). Kafedrada onun xatirəsi indi də daim
əziz tutulur, xoş duyğularla yada salınır. Gənc filoloq alim İradə
Vəliyeva çox erkən - ömrünün
gözəl çağında
həyatla vidalaşmış,
sevimli ailəsinin, istəkli müəllim yoldaşlarının qəlbində
xatirəyə çevrilmişdir.
Kafedramızda az qala 50 il əmək sərf etmiş, bu yaxınlarda dünyasını dəyişmiş
baş müəllim Dilrüba xanım Qiyasbəylinin adı daim hörmətlə yad edilir.
Kafedrada öz işinə məhəbbətlə yanaşan,
dilimizı və ədəbi şəxsiyyətlərimizi,
ümumilikdə xalqımızın
maddi-mənəvi dəyərlərini
tələbələrə cani-dildən öyrədən
müəllimlərimiz də
çoxdur, həmin əməkdaşların qüvvəsi
ilə çox geniş tədris-metodiki işlər görülür. Azərbaycan dili
universitetimizin rus və ingilis bölmələrində, Azərbaycan
bölməsinin I-III kurslarında
oxuyan xarici tələbələrə (müalicə-profilaktika,
əczaçılıq və
stomatologiya fakültələri)
tədris olunur. Bunların hərəsi özünəməxsus
tədris-metodiki cəhətlərə
malikdir və xüsusi yanaşma tələb edir. Bundan başqa, hər il
universitetimizin hazırlıq
şöbəsinə xarici
vətəndaşlar qəbul
olunurlar. Onlara da təhsilə
hazırlıq məqsədilə
Azərbaycan dili əlifbadan başlayaraq tədris edilir. Azərbaycan, ingilis və rus bölmələrinə
qəbul olunan, əksər hissəsi Cənubi Azərbaycandan, Türkiyədən və
İraqdan (Kərkükdən)
olan bu dinləyicilərə
Azərbaycan dili tədrisinin də çox fərqli xüsusiyyətləri var
və onları işimizdə mütləq
nəzərə alırıq.
Kafedramız dərs yükünün miqdarına görə universitetimizdə orta mövqedədir (təxminən
12000-13000 akademik saat). Universitetimizdə digər qeyri-ixtisas fənləri kimi bizə də isti münasibət göstərilir. Kafedranın təchizatında,
təmirində, dərs
bölgüsündə, demək
olar, heç bir ayrı-seçkilik
hiss etmirik. ATU-nun rektoru, digər rəhbər şəxslər
həmişə kafedramıza,
onun əməkdaşlarına,
doğma ana dilimizə dərin hörmət və qayğı ilə yanaşır, onun tədrisinin təkmilləşməsi
üçün hər
cür şərait yaradırlar.
Ümumiyyətlə, müstəqil ali məktəb kimi fəaliyyətinin 80 illiyini qeyd etməyə
hazırlaşan Azərbaycan
Tibb Universitetinin illərin sınağından
çıxmış özünəməxsus
tədris və ictimai-təşkilati ənənələri
var. Biz də bir humanitar təmayüllü
kafedra olaraq bu ənənələrə
sadiq qalmaq, daha da zənginləşdirmək
üçün daim səylərimizi artırmağa
çalışırıq.
Akif MİRİYEV,
ATU -nun Azərbaycan
dili
kafedrasının müdiri, dosent
Xalq qəzeti.- 2010.- 15 sentyabr.- S.
7.