Qafqaz İslam Ordusu və Azərbaycanın erməni-bolşevik
işğalından təmizlənməsi
Tarix sübut edir ki, hər
hansı xalqın təşəkkül tapması və
qarşıya qoyduğu konkret hədəflərə doğru
irəliləməsi prosesində milli dövlətin
mövcudluğu ən mühüm şərtlərdən
biridir: əsrlər boyu özünütəsdiq imkanı əldə
etməyə çalışan hər bir xalq ilk növbədə
milli dövlətini yaratmağa
çalışmışdır. Milli dövlətə sahib
olmaq eyni zamanda, hər bir xalqın mənəvi, siyasi, iqtisadi
potensialını, keçdiyi şərəfli mübarizə
yolunu, dünya dövlətləri sırasında layiqli yer
tutmaq əzmini nümayiş etdirmişdir.
Azərbaycanı
müstəqilliyə aparan yol nə qədər keşməkeşli,
əzab- əziyyətli olsa belə, bu tarixi həqiqət
bütün azərbaycanlılarda qürur və fəxarət
hissi doğurur: Azərbaycan 1918-ci il mayın 28-də müsəlman
Şərqində öz dövlət müstəqilliyini elan
edən ilk demokratik respublika kimi tarixə
düşmüş, xalqımız qısamüddətli olsa
da, müstəqillik ideallarına qovuşmuşdur. Azərbaycan
Xalq Cümhuriyyətinin yaranması ölkəmizin çoxəsrlik
tarıxinin, sosial-iqtisadi və mədəni
inkişafının, əsrin əvvəlində
başlanmış, Rusiya imperiyasının süqutu ilə
daha da genişlənən milli azadlıq mübarizəsinin məntiqi
yekunu olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi
isə, ilk növbədə, Bakı şəhərinin
menşevik-eser və daşnak birləşmələrinin
yaratdıqları qondarma "Sentrokaspi diktaturası"ndan
azad olunması nəticəsində qorunub
saxlanılmışdır. Yəni 92 il əvvəl - 1918-ci
il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi
Qafqaz islam ordusu Azərbaycan korpusu ilə birgə Bakıya
daxil olaraq şəhəri erməni-bolşevik
işğalından təmizləmiş, Azərbaycanın
müstəqilliyinə böyük töhfə vermişdir.
Tarixi
xilaskarlıq missiyası
1918-ci ilin mayında Azərbaycanın dövlət
müstəqilliyinin elan olunmasına baxmayaraq, respublika ərazisinin
müəyyən hissəsi, o cümlədən Bakı və
ətraf rayonlar erməni-bolşevik birləşmələrinin
nəzarəti altında idi. Birinci Dünya müharibəsindən,
habelə Rusiyada baş vermiş 1917-ci il fevral
və oktyabr çevrilişlərindən istifadə edən
ermənilər mənfur iddialarını bolşevik
bayrağı altında reallaşdırmağa nail olmuş,
Azərbaycanın bəzi bölgələrini, o cümlədən
Bakını işğal etmişdilər. Bu isə
yeni yaranmış Cümhuriyyətin tam müstəqilliyinə
imkan vermir, onun fəaliyyətini məhdudlaşdırırdı.
Müstəqilliyə yeni qovuşmuş, beynəlxalq
aləmdə hələ tanınmayan gənc dövlətin
özünün ərazi bütövlüyünü təmin
etmək və daxildəki erməni-bolşevik birləşmələrini
zərərsizləşdirmək imkanları hələ yetərincə
deyildi.
Vəziyyətin gərginliyi həm də onunla
bağlı idi ki, hələ 1917-ci ilin dekabrında
Osmanlı dövləti ilə bolşeviklərin Zaqafqaziya
Komissarlığı arasında bağlanmış Ərzincan
barışığına uyğun olaraq Qafqaz cəbhəsindən
çıxarılan rus ordusunu əvəz edən erməni hərbi
birləşmələri faktiki başıpozuqluq şəraitindən
istifadə edərək yerli müsəlman əhalisinə
qarşı soyqrım siyasətinə
başlamışdılar. Nəticədə hələ 1918-ci
ilin martına qədər İrəvan quberniyasında 199 azərbaycanlı
kəndi dağıdılmış, 135 min azərbaycanlının
böyük əksəriyyəti ermənilər tərəfindən
qətlə yetirilmiş, sağ qalanları isə Osmanlı
ordusunun nəzarət etdiyi ərazilərə qaçmağa
məcbur olmuşdular.
1918-ci
ilin martında isə erməni-daşnak ideoloqu
S.Şaumyanın başçılıq etdiyi Bakı
Kommunası "əks-inqilabi ünsürlərlə
mübarizə" şüarı altında Bakı
quberniyasını azərbaycanlılardan təmizləmək
məqsədi güdən soyqırım planını həyata
keçirmişdi. Böyük
qırğınlara başlamaq üçün bəhanə
isə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin
cənazəsinin "Evelina" gəmisində Lənkərandan
Bakıya gətirilməsini təşkil edən 48 hərbçinin
gəlişi oldu. S.Şaumyanın göstərişi
ilə ermənilər, guya, bu zabitlərin Muğandakı
rus-molokan kəndlərini dağıtmaq barədə göstəriş
aldıqları barədə şaiyələr yaydılar.
Bundan sonra isə həmin gəmidəki zabitlərin
tərksilah olunması üçün göstəriş
verildi. Yerli əhali küçələrə
çıxıb zabitlərin tərksilah olunmasına
etirazını bildirirdi. Vəziyyətin
ciddi xarakter aldığını görən Azərbaycan
milli təşkilatlarının nümayəndələri
İnqilabi Komitəyə gələrək alınmış
silahları "Hümmət" müsəlman bolşevik
komitəsi vasitəsilə qaytarmağa cəhd göstərmişdilər.
Martın 30-da N.Nərimanovun evində S.Şaumyanla və
həmin gün İnqilabi Müdafiə Komitəsində M.Ə.Rəsulzadə
ilə keçirilən görüşlərdə müəyyən
razılıq əldə edilməsinə baxmayaraq,
bolşevik-daşnak koalisıyası vədinə əməl
etməmişdi. Martın 30-da erməni kilsəsinin
yanında toplaşan daşnak dəstələri müsəlmanlara
ilk atəş açmış, beləliklə, dinc əhaliyə
qarşı kütləvi qətliama start verilmişdi. Martın 31-i və aprelin 1-də qırğınlar
xüsusilə kütləvi şəkil almış,
üç gün ərzində Bakıda 12 min insan qətlə
yetirilmişdir. Şaumyanın erməni-bolşevik dəstələri
Bakı əhalisinin 400 milyon manatlıq əmlakını
müsadirə etmiş, Təzəpir məscidini topa
tutmuş, "Kaspi", "Açıq söz" qəzetlərinin
redaksiyasına, "İsmailiyyə" binasına od
vurmuşdular.
Azərbaycanlıların soyqırımı
Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda,
Naxçıvanda, Lənkəranda və Azərbaycanın
başqa bölgələrində də xüsusı qəddarlıqla
həyata keçirilmişdi. Bu ərazilərdə
dinc əhali kütləvi surətdə qətlə
yetırilmiş, kəndlər yandırılmış, milli
mədəniyyət abidələri dağıdılıb məhv
edilmişdi. Martın 30-dan aprelin 2-dək
sürən qırğınlarda Şamaxı qəzasının
53 müsəlman kəndində 8027 azərbaycanlı
öldürülmüşdü. Dağlıq
Qarabağda 150 azərbaycanlı kəndi tamamilə
dağıdılmış, Şuşada görünməmiş
qırğınlar törədilmişdi. Belə
ağır və mürəkkəb şəraitdə Azərbaycan
Xalq Cümhuriyyəti daxildə vəziyyəti sabitləşdirmək,
respublikanın bəzi bölgələrini, o cümlədən
Bakını erməni-bolşevik işğalından təmizləmək
üçün qardaş Osmanlı Türkiyəsinin hərbi-siyasi
dəstəyinə ehtiyac duyurdu. 1918-ci il
iyunun 4-də imzalanmış "Osmanlı imperatorluğu
hökuməti ilə Azərbaycan Respublikası arasında
dostluq müqaviləsi" isə bu baxımdan xüsusi əhəmiyyət
daşıyırdı. 11 maddədən ibarət
müqavilənin mühüm əhəmiyyətə malik
4-cü maddəsində "Dinclik və asayişi möhkəmləndirmək,
ölkənin təhlükəsizliyınin təmini
üçün əgər zərurət olarsa Osmanlı
hökuməti Azərbaycan Respublikasına hərbi yardım
göstərməyi öz üzərinə
götürür" müddəasının əksini
tapması qardaş ölkənin Azərbaycana hərbi dəstəyinə
imkan yaradırdı.
Vəziyyətin gərginləşdiyini görən
Osmanlı hökuməti - özünün də çox ağır
durumuna baxmayaraq - 1918-ci ilin iyununda qardaş Azərbaycanın ərazi
bütövlüyünü təmin etmək məqsədilə
Nuru paşanın komandanlığı ilə hərbi
qüvvələrini Azərbaycana göndərdi. Nuru
Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və
Azərbaycan Korpusu iyun-avqust aylarında Gəncədə,
Yevlaxda, Göyçayda, Kürdəmirdə və digər
bölgələrdəki ağır döyüşlərdə
eser-menşevik və daşnak qoşunlarını
darmadağın edərək sentyabrın 15-də Bakıya
daxil oldu. Beləliklə, 1918-ci ilin
martından başlayaraq erməni daşnaklarının və
bolşeviklərin Bakıda və Azərbaycanın digər
bölgələrində birgə həyata keçirdikləri
qanlı qırğınlara, özbaşınalıqlara son
qoyuldu. Ermənilərin "Böyük
Ermənistan" yaratmaq xülyasının qarşısı
qətiyyətlə alındı. Bakı "Sentrokaspi
diktaturası"ndan azad edildikdən sonra Azərbaycan Xalq
Cümhuriyyətinin paytaxtı sentyabrın 17-də Gəncədən
Bakıya köçdü, mühüm dövlət təsisatları
məhz burada yerləşdirildi, dövlət quruculuğunun əsas
mərhələsinə start verildi.
1918-ci il sentyabrın 15-də Bakının azad
olunması Azərbaycan- Türkiyə dostluğu və
qardaşlığı zəminində müstəsna əhəmiyyət
daşıyan hadisəyə çevrildi. 70
illik sovet hakimiyyəti dövründə bu hadisə
yanlış kontekstdə izah olunmasına baxmayaraq Azərbaycan
xalqı türk əsgərinin qəhrəmanlığını
unutmadı, onu qəlbində yaşatdı. Respublikamız
ötən əsrin sonlarında müstəqilliyini bərpa
etdikdən sonra hər il sentyabrın 15-də
təkcə Bakıda deyil, digər rayonlarda da Azərbaycanın
ərazi bütövlüyü uğrunda şəhid
olmuş türk əsgərlərinin məzarları ziyarət
olunur.
"Bir millət,
iki dövlət"
Azərbaycan dövlət müstəqilliyini əldə
etdikdən sonra Türkiyə ilə münasibətləri
tarixi təməl üzərində sürətlə
inkişaf etmiş, qısa müddətdə analoqu olmayan
müttəfiqlik zirvəsinə yüksəlmişdir. İki ölkə
arasında münasibətlərin əlahiddə xarakteri həm
də onunla şərtlənir ki, qardaş Türkiyə Azərbaycanın
dövlət müstəqilliyini ilk tanıyan, kifayət qədər
çətin və mürəkkəb şəraitdə belə
bir qərar qəbul edən ölkə olmuşdur.
İki dost ölkə arasında strateji müttəfiqlik
münasibətləri ötən müddətdə ən
yüksək pilləyə yüksəlmiş, əbədi və
dönməz xarakter almışdır. İkitərəfli
əlaqələrin hazırkı səviyyəyə
çatmasında ulu öndər Heydər Əliyevin müstəsna
xidmətləri olmuşdur və bu danılmaz həqiqəti
Türkiyə rəsmiləri də hər zaman böyük
ehtiramla vurğulayırlar. Hələ
Naxçıvan Muxtar Respublikası Ali Sovetinə rəhbərlik
etdiyi dövrdə böyük öndərin Türkiyə ilə
ən müxtəlif sahələrdə əlaqələrin
genişləndirilməsi istiqamətində atdığı
addımlar bunu bir daha təsdiqləyir. O ağır illərdə
ulu öndərimizin bilavasitə təşəbbüsü ilə
inşa edilən, Heydər Əliyevin "ümid
körpüsü, ümid yolu" adlandırdığı
körpü də türk dünyasından Türkiyəyə
doğru uzanan yollardan biri idi. Ümummilli lider həmin
anları belə xatırlayırdı: "Mənim
üçün bu gözəl bir dövrdür. Ona görə gözəl bir dövrdür ki,
Türkiyə ilə Azərbaycan arasında əsrlər boyu
həsrətində olduğumuz körpünün tikintisində
iştirak etdim. O körpünün inşasını
apardım və Türkiyənin böyük oğlu
Süleyman Dəmirəllə, Türkiyənin millət vəkilləri
ilə, nazirləri ilə birlikdə həsrət, ümid
körpüsünü bir yerdə açdıq".
Ulu öndər dəfələrlə bildirmişdir ki, türkdilli dövlətlərin mənəvi birliyi onların siyasi birliyi ilə tamamlanmalı, dünya arenasında mütəşəkkil güc mərkəzi kimi formalaşmasını təmin etməlidir. Bu, milli-dini yaxınlıq amili və təəssübkeşlik prinsiplərindən bir qədər də irəliyə gedərək, bütövlükdə türkdilli xalqların dünya siyasətindəki tarixi yerini, təsir imkanlarını, nüfuzunu təmin etməyə yönəlmiş müqəddəs amal, məsuliyyətli və əzmkar missiya kimi özünü göstərmişdir. "Türkün türkdən başqa dostu yoxdur" kimi zərərli yanaşmadan tamamilə uzaq olan, fərqli məzmun daşıyan bu xeyirhax missiya türkçülük ideyalarının bəşəriyyətin xilasına xidmət etdiyini, türkdilli dövlətlərin regionda yalnız sülh, iqtisadi tərəqqi və inkişaf, habelə demokratik idealların təntənəsi naminə birləşmək niyyətini nümayiş etdirməyə yönəlmişdir.
"Biz bir millət, iki dövlətik" müdrik kəlamının müəllifi olan Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanla Türkiyə arasındakı əlaqələrin inkişafına yeni təkan vermişdir. Ümummilli lider hələ 1994-cü ildə ilk rəsmi səfərlərindən birini məhz Türkiyəyə etməklə qardaş dövlətlə münasibətlərin dinamik inkişafında maraqlı olduğunu bir daha nümayiş etdirmişdir. "Biz ümumi kökləri olan bir xalqıq, bizim bir tariximiz, bir dilimiz, bir dinimiz var. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər həmişə dostluq və qardaşlıq kimi səciyyələndirilmişdir. Əsrlər boyu bizi ayırmaq istəsələr də, bu cəhdlər nəticə verməmişdir. İndi də heç bir qüvvə bizi ayırmaq iqtidarında deyil. Bu gün Azərbaycanın dost və qardaş münasibətinə daha böyük ehtiyacı var" - deyən Heydər Əliyevin milli mənafeləri əsas tutmaqla müəyyənləşdirdiyi uğurlu xarici siyasət kursu Türkiyə-Azərbaycan strateji müttəfiqlik münasibətlərini regionda mühüm geosiyasi təsir vasitəsinə çevirmişdir. Ulu öndər Türkiyənin Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlət olmasını, habelə respublikamızın iqtisadi-siyasi cəhətdən möhkəmlənməsinə verdiyi təmənnasız dəstəyi də hər zaman yüksək dəyərləndirmişdir.
Ötən illərdə dünyanın siyasi mənzərəsini dəyişən "Əsrin müqaviləsi", "Böyük İpək yolu", TRASEKA, TASİS proqramları kimi qlobal layihələrin həyata keçırilməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Məhəmməd Füzulinin 500, türk dünyasının ana kitablarından olan "Kitabi-Dədə Qorqud"un isə 1300 illik yubileyinin YUNESKO səviyyəsində keçirilməsi, Azərbaycanın müstəqil türk dövləti kimi bütün dünyada tanınması, türk dövlət başçılarının zirvə görüşlərinin təşkili, Azərbaycanda Atatürk Elmi Araşdırmalar Mərkəzinin yaradılması bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu da təsadüfi deyildir ki, ulu öndər Heydər Əliyev türk dünyası qarşısındakı misilsiz xidmətlərinə görə hələ 1999-cu ildə Beynəlxalq Atatürk Sülh Mükafatına layiq görülmüşdür.
Türkiyə məhz ulu öndərin siyasi iradəsi nəticəsində 1994-cü ildə Qərb şirkətləri ilə imzalanmış "Əsrin müqaviləsi"ndə müəyyən payı olan dövlət kimi Azərbaycanın enerji resurslarının hasilatı və dünya bazarlarına ixracı prosesində fəal iştirak imkanları əldə etmişdir. Hələ 1992-ci ildən respublikamızda fəaliyyətə başlayan Türk Petrolları Anonim Ortaqlığı (TPAO) şirkəti bu tarixi müqavilədə 6,75 faizlik iştirak payına malikdir. Şirkət "Şahdəniz" yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişində 9 faizlik iştirak payına da malik olmaqla yanaşı, "Araz- Alov- Şərq" və "Kürdaşı" yataqlarında hasilatın pay bölgüsü sazişlərinin bilavasitə iştirakçısıdır.
Ulu öndər Heydər Əliyev 90-cı illərin ortalarında Azərbaycan neftinin Qərbə nəqli ilə bağlı strateji əhəmiyyətli neft boru kəmərlərinin məhz Türkiyə ərazisindən keçməsini hərtərəfli əsaslandırmış, qardaş ölkə ilə strateji tərəfdaşlıq münasibətlərini möhkəmləndirən ciddi addımlar atmışdır. 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul zirvə toplantısında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərınin iştirakı ilə "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyətinin əraziləri ilə Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri vasitəsilə nəql edilməsinə dair" saziş imzalanmışdır. Ulu öndərin təşəbbüsü əsasında gerçəkləşən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin 2006-cı ilin iyulunda istifadəyə verilməsi Azərbaycan və Türkiyənin sosial-iqtisadi inkışafında, regional təhlükəsizliyin möhkəmlənməsində, qarşılıqlı əlaqələrin güclənməsində, eləcə də ölkələrimizin dünya birliyinə hərtərəfli inteqrasiyasında yeni səhifə açmışdır.
Bütün bunların nəticəsidir ki, son illərdə hər iki müttəfiq ölkə müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən BMT, Avropa Birliyi, ATƏT və Avropa Şurasında bir-birinə lazımi dəstəyi verir. Rəsmi Ankara bütün beynəlxalq toplantılarda Azərbaycanın haqlı mövqeyini müdafiə edərək Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarını dərhal və qeyd-şərtsiz azad etməsi tələbini irəli sürür. İki qardaş ölkənin iqtisadi əməkdaşlığından danışarkən, Mustafa Kamal Atatürkün "yurdda sülh, cahanda sülh" devizinə uyğun hər il keçirilən Avrasiya İqtisadi Zirvələrinin əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Avrasiya İqtisadi Zirvələri barış, zənginlik və paylaşma layihəsi olaraq daha geniş coğrafi ərazidə əməkdaşlıq imkanları açır. Hər iki strateji müttəfiq eyni zamanda, bir sıra regional layihələrin həyata keçırilməsi sahəsində də səmərəli və fəal əməkdaşlıq edir. Xüsusən də yaxın illərdə istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmiryolu xətti Azərbaycan və Türkiyənin regıonal mövqeyini və tranzit əhəmiyyətini nəzərəçarpacaq səviyyədə artıracaqdır.
Müttəfiqlik
münasibətlərinin keyfiyyətcə yeni mərhələsi
Xüsusi vurğulamaq lazımdır ki, ulu öndərin xarici siyasət xaəttinə sadiq qalan Azərbaycan Prezidenti İlham Əliyev son 7 illik fəaliyyəti ilə ölkələrimiz arasında strateji müttəfiqlik münasibətlərinin möhkəmlənməsini təmin etmişdir. Dövlət başçısının ilk rəsmi səfərlərindən birini məhz qardaş Türkiyəyə etməsi, eləcə də qardaş ölkə rəhbərlərinin Azərbaycana müntəzəm səfərləri mövcud əməkdaşlığın müxtəlif müstəvilərdə inkişafına təkan vermişdir. Məhz İlham Əliyevin prezidentliyi dövründə Türkiyə üçün müstəsna əhəmiyyəti olan Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum, Türkiyə-Yunanıstan qaz kəmərləri istifadəyə verilmiş, Bakı-Tbilisi- Qars dəmiryolu xəttinin inşasına başlanılmışdır. Ölkələrimiz arasında əlaqələr sadəcə enerji sahəsində əməkdaşlıqla məhdudlaşmayıb, digər sahələri də əhatə edir. Türk iş adamlarının Azərbaycanda bizneslə məşğul olmasına, qeyri-neft sektorunda mühüm layihələr həyata keçirməsinə bütün zəruri imkanlar yaradılmışdır. Hazırda respublikamızda 230-dan artıq türk şirkəti fəaliyyət göstərir, həmin şirkətlərdə 30 mindən artıq Azərbaycan vətəndaşı çalışır. Türk iş adamları indiyədək ölkəmizə 2 milyard dollardan artıq sərmayə yatırmışlar. Ölkəmizdə fəaliyyət göstərən türk iş adamlarının 1994-cü ildə yaratdıqları Türkiyə Sənayeçi İş Adamları Birliyi (TÜSİAB) ölkəmizin iqtisadi həyatında fəal iştirak edir. Strateji müttəfiq ölkələr müxtəlif beynəlxalq təşkilatlarda bir-birinin mövqeyıni dəstəkləyir, ortaq maraqlardan çıxış edirlər. 2005-ci ilin iyulundan başlayaraq Azərbaycanla Türkiyə münasibətlərində "ikinci nəfəs" açılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev Şimali Kiprlə iqtisadi əlaqələrin qurulmasına siyasi razılıq verməklə, iki ölkə arasındakı münasibətlərdə yeni mərhələnin əsasını qoymuşdur. Bu, Türkiyə üçün əsl hədiyyə, Kipr türkləri üçün isə iqtisadi diplomatiya sahəsində mühüm nailiyyət olmuşdur. Azərbaycan bir tərəfdən BMT-nin Baş Katıbinin çağırışına uyğun hərəkət edərək beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş, o biri tərəfdən Türkiyə qarşısında qardaşlıq borcunu yerinə yetirmişdir. Rəsmi Bakı bu məsələyə BMT mövqeyindən yanaşmaqla, münaqişənin həllində də məhz BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq hüquqa istinad edilməsinin zəruriliyini dolayısı ilə önə çəkmişdir. Bu həm Şimali Kiprin, həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın xeyrinə olan məqam idi. Eyni zamanda, rəsmi Bakı 2010-cu ildə qondarma "erməni soyqırımı"nın ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində tanınması, habelə İsrail hərbi dəniz qüvvələrinin "Azadlıq" donanmasına hücumu məsələlərində Türkiyənin haqlı mövqeyini müdafiə etmişdir. Bütün bunların müqabilində qardaş Türkiyə də regionda güvənməli həqiqi müttəfıqinin məhz Azərbaycan olduğunu yaxşı bilir. Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana bir müddət əvvəl gerçəkləşmiş növbəti rəsmi səfəri də müəyyən mənada ümumtürk birliyinə qarşı yönəlmiş təhdidlərə, qısqanc yanaşmalara layiqli cavab reaksiyası kimi qəbul oluna bilər. Səfərin gedişində bir daha təsdiqləndi ki, ölkələrimiz arasında əlaqələr tarixi-sıyasi zəmin üzərində inkişaf etməklə, bütövlükdə regionun siyasi taleyinin və gələcək inkişaf perspektivlərinin müəyyənləşməsində mühüm rol oynayır. Birmənalı demək olar ki, bu gün bölgədə Türkiyə və Azərbaycanın iştirakı olmadan hər hansı layihəni gerçəkləşdirmək mümkün deyildir. Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda təhlükəsizlik problemlərınin birgə həlli, sülh, sabitlik və iqtisadi inkışafın təmin olunması zərurəti iki türkdilli dövləti daha da sıx birləşməyə sövq edir. Azərbaycanın regiondakı rolunun artması, eyni zamanda, Türkiyənin dünya iqtisadiyyatında mühüm mövqelərə çıxması iki dövlət arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsini zəruri edir.
Prezident İlham Əliyev türkiyəli həmkarı ilə görüşdə ölkələrimiz arasında strateji müttəfiqlik münasibətlərinin mövcud səviyyəsindən razılığını ifadə etmiş, xüsusən də iqtisadi sahədə əməkdaşlığın uğurlu nəticələr verdiyini vurğulamışdır. Dövlət başçısının bəyan etdiyi kimi, bu gün regionda həyata keçirilən beynəlxalq miqyaslı layihələr məhz ölkələrimiz arasında səmərəli və faydalı əməkdaşlığa əsaslanır. Bölgədə, Cənubi Qafqazda gedən proseslər Azərbaycan və Türkiyənin iştirakı ilə, bilavasitə təşəbbüsləri ilə həyata keçirilir: "Bu kəmərin tikintisi nətıcəsində bölgədə geosiyasi və geoiqtisadi vəziyyət müsbət istiqamətə doğru dəyişmişdir. Bunun ardınca Bakı-Tbilisi-Ərzurum qaz kəməri və digər layihələr dostluğumuzu, qardaşlığımızı daha da möhkəmləndirdi. Bu gün bu, artıq mövcud reallıqdır. Bu reallıq bütün bölgədə gedən proseslərə müsbət təsir göstərir. Bizim - Türkiyə və Azərbaycanın təsir imkanları genişlənir. Mən əminəm ki, gələcək illərdə bizim mövqeyimiz daha da möhkəmlənəcəkdir. Bu, artıq bir yoldur, bir dəhlizdir. Bu dəhliz bizə yeni layihələri həyata keçirməyə imkan verir. Bu gün biz Sizinlə bu barədə geniş fikir mübadiləsi apardıq. Gələcək illərdə birgə fəaliyyətlə bağlı bütün planlar nəzərdə tutulub və qarşılıqlı addımlar atılacaqdır".
Səfər çərçivəsində iki ölkə arasında imzalanmış bir sıra mühüm sazişlər də ölkələrimiz arasında əməkdaşlığın yüksək dinamizmlə inkişaf etdirilməsinə zəmin yaratmışdır. Dövlət başçılarının imzaladıqları "Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə" bu baxımdan möhkəm təməl üzərində qərarlaşmış münasibətlərin hazırkı və perspektiv inkişaf prioritetlərinin müəyyənləşdirilməsi baxımından fundamental əhəmiyyətli sənəddir.
Nəhayət, cənab Abdullah Gülün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirləri də səfərin ən yaddaqalan məqamlarından biri kimi vurğulana bilər: "Azərbaycanın ərazi bütövlüyü, Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsi sadəcə sizin məsələniz deyil, hamımızın məsələsidir. Bu barədə birgə müzakirələr aparır, birgə fəaliyyət göstəririk. Qafqazda sabitliyin, sülhün və əmin-amanlığın bərqərar olması, işğalın sona çatması üçün Türkiyə əlindən gələn bütün səyləri göstərməyə davam edəcəkdir".
Türkdilli
dövlətlər arasında əməkdaşlıq geosiyasi
zərurətdir
Azərbaycan Prezidenti İlham Əliyev ölkəyə rəhbərlik etdiyi son 7 ildə ümümtürk birliyinin möhkəmləndirilməsi xəttini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirərək, təkcə Türkiyə ilə deyil, Orta Asiyanın türkdilli dövlətləri ilə münasibətləri gücləndirmək xəttinə üstünlük verir. Hələ 2006-cı ilin sentyabr ayında Ankarada keçirilən Türkdilli dövlətlərin və topluluqların 10-cu dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı dövlət başçısı İlham Əliyevin türk dövlətləri arasında birləşdiricilik missiyası həyata keçirən və bu sahədə böyük uğurlar qazanan lider olduğunu bir daha təsdiqləmişdir. Forumdakı çıxışında "Bəzi hallarda bizim haqqımızda süni şəkildə mənfi rəy formalaşdırılır və bunun arxasında Türkiyə və Azərbaycana qarşı düşmənçilik mövqeyi tutan erməni lobbisinin fəaliyyəti dayanır. Biz bunu çox gözəl bilirik və hiss edirik. Bizim əleyhimizə çox böyük, mütəşəkkil, böyük maliyyə dəstəyinə malik olan və bəzi riyakar siyasətçilər tərəfindən dəstəklənən erməni lobbisi fəaliyyət göstərir. Biz onların təbliğatını ifşa etməliyik, darmadağın etməliyik, ancaq müdafiə naminə yox. Biz hücüm etməliyik, çünki həqiqət bizim tərəfimizdədir" - deyən dövlət başçısı cənab İlham Əliyev "Ən yaxşı müdafiə hücumdur!" taktikasından çıxış etməklə türk dünyasına qarşı aşkar düşmənçilik siyasəti aparan bədnam ermənilərin yerində oturdulmasının vacibliyini önə çəkmişdir.
Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması və bu qurumun birinci sammitinin 2009-cu ildə Bakıda keçirilməsi ümumtürk birliyinin möhkəmləndırilməsi istiqamətində həyata keçırilən məqsədyönlü strategiyanın uğurlu davamıdır. Milli Məclisdə baş tutan sammitdə türk dövlətlərinin əməkdaşlığı istiqamətində mövcud potensialdan daha səmərəli istifadənin vacibliyi vurğulanmışdır. Nəhayət, Türkdilli ölkələrin - dövlət başçılarının 2009-cu ilin oktyabr ayında Naxçıvanda keçırilmiş IX zirvə görüşü Türkiyə, Azərbaycan, Qazaxısan və Türkmənistan arasında münasibətlərin keyfiyyətcə yeni mərhələdə intensiv inkişafı, ümumi səylərin vahid məqsədlər naminə səfərbər olunması baxımından yadda qalmışdır.
Çağdaş dünya təcrübəsində tarixi-etnik köklərlə, eyni dil qrupu, ənənə və dəyərlərlə bir-birinə yaxın olan xalqların vahid ideya birliyi və həmrəyliyi ilə bağlı çoxsaylı nümunələr gətirmək mümkündür. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu xarici siyasət nəticəsində bu gün Azərbaycan-Türkiyə münasıbətləri tamamilə fərqli, analoqu olmayan strateji müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Bundan narahat olan qüvvələr son 2 ildə müəyyən spekulyativ iddialarla iki qardaş ölkə arasında münasibətlərə xələl gətirməyə çalışsalar da, buna nail ola bilmədilər. Bu gün Türkiyə dövləti də yaxşı başa düşür ki, onun Cənubi Qafqaz regionunda ən etibarlı, sınanılmış müttəfiqi məhz Azərbaycandır. Eyni zamanda, Azərbaycan iqtidarı da bu dostluq və qardaşlıq münasibətlərinin yüksələn xətlə inkişafı üçün bütün zəruri tədbirləri görür. Ümumiyyətlə, türk dövlətlərinin, xalqlarının, diaspor təşkilatlarının vahid məqsədlər uğrunda mübarizə aparması, ideoloji-siyasi cəbhədə eyni nöqtəyə vurması, çirkin erməni təbliğatına qarşı mütəşəkkil mübarizəyə qoşulması cənab İlham Əliyevin başlıca məqsədlərindən biridir. Dövlət başçısı türkdilli xalqların oxşar milli irsinə, ülvi və pak mənəvi dəyərlərinə, mental xüsusiyyətlərinə ümumi müqaviməti və səfərbərliyi təmin edən güclü ideoloji-siyasi təsir vasitəsi kimi yanaşır. Cənab İlham Əliyev türkdilli dövlətlərlə əlaqələrin dərinləşdirilməsini də son illər xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirmişdir. Əminliklə demək olar ki, bu istiqamətdə həyata keçirilən siyasət müsbət səmərəsini verəcək, türkdilli ölkələrin, xüsusən də Azərbaycanla Türkiyənin sıx əməkdaşlığı regionda yeni güc mərkəzinin formalaşması ilə nəticələnəcəkdir.
Rafael CƏBRAYILOV,
Milli Məclisin deputatı
Xalq qəzeti.- 2010.- 16 sentyabr.- S.
6.