Azərbaycanın
türk dünyasındakı mövqeləri
gündən-günə möhkəmlənir
Türkdilli dövlətlərin eyni mövqedən çıxış etməsi
isə zamanın tələbidir
Biz istəyirik ki,
türkdilli xalqlar, ölkələr arasında
birlik daha da güclənsin. Bu, bizim tariximizdir. Eyni zamanda, bu, bugünkü
vəziyyətin reallıqlarıdır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bu yaxınlarda amerikalı ekspertlər
maraqlı bir etiraf səsləndirmişdilər:
"qloballaşma dərinləşdikcə,
daha dönməz xarakter
aldıqca regional əməkdaşlıq faktoru da daha
kəskin şəkildə reallığa çevrilir".
Çox maraqlıdır. Hamının eyni istiqamətli dəyərlər ətrafında
birləşməsi üçün
çağırışlar edilir və bu çağırışlar cavabsız
qalmır. Yəni hamı qloballaşmanı dəstəkləyir
və bu prosesə öz
töhfəsini verir. Ancaq
eyni zamanda, hər kəs
öz maraqlarını və mənafeyini
daha yüksək səviyyədə qorumaq, təmin etmək üçün
başqa yollar
axtarır, variantlar düşünür.
Bu istiqamətdə ilk
uğurlu addım Avropa
Birliyinin yaradılması olmuşdur.
Sonra çoxsaylı regional
iqtisadi, siyasi və ya elmi-texniki istiqamətli
təşkilatlar formalaşdırılmışdır. Milli, dini və ya etnik kök üzərində
deyil, sırf ərazi baxımından
formalaşdırılan - yəni Avropa Birliyi məzmununda - son belə
təşkilat Afrika İttifaqıdır
və dünya ictimaiyyəti bu təşkilatın fəaliyyətini tamamilə
məqsədəuyğun sayır.
Zamanın
tələb etdiyi və öz diqtəsi ilə
yaratdığı belə təşkilatlar bir neçə təməl
üzərində qurula bilir. Birinci, sırf coğrafi-yəni
ərazi baxımından bir-birinin maraqlarını təmin edən
ölkələrin birləşdiyi təşkilat - Avropa və
Afrika İttifaqlarını nümunə göstərdik.
Buraya Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatını
da əlavə edə bilərik. İkinci, coğrafiya
baxımından fərqli olub, ancaq iqtisadi maraqlar
baxımından bir-birinə yaxın olan ölkələrin
birləşdiyi təşkilat - GUAM-Gürcüstan, Ukrayna, Azərbaycan,
Moldova işbirliyi timsalında. Üçüncü, dini
baxımdan bir-birinə yaxın olan ölkələrin birləşdiyi
təşkilat - İslam Ölkələri Konfransı və
sairə. Nəhayət, dördüncü, etnik mənşəyinə
görə bir-birinə yaxın olan ölkələrin birləşdiyi
təşkilatlar - Ərəb Ölkələri Liqası,
Slavyan İqtisadi Forumu və nəhayət, Türkdilli Ölkələrin
Birliyi (bu birlik Türkdilli Ölkələrin Dövlət
Başçılarının Zirvə Toplantısı
adı altında fəaliyyət göstərir) və qurumun
yubiley - 10-cu sammiti artıq İstanbulda başa
çatmışdır və aşağıda həmin məzmunda
geniş söz açacağıq.
Burada
bir məqamı xüsusilə vurğulamaq yerinə
düşər. Belə ki, türkdilli ölkələrin
dövlət başçılarının Zirvə
görüşü 1992-ci ildən etibarən, yəni
SSRİ-nin çökməsindən sonra dövri olaraq
keçirilir. Bu sammitə ilk görüş də daxil
olmaqla 4 dəfə Türkiyə (1992 - Ankara, 1994 -
İstanbul, 2001 - İstanbul, 2006 - Antalya), iki dəfə isə
Azərbaycan ev sahibliyi etmişdir (2000-ci il - Bakı, 2009-cu il
- Naxçıvan). Qırğızıstan, Özbəkistan
və Qazaxıstan isə hərəyə bir dəfə bu
mötəbər sammitin ev sahibi olmuşlar. Bu il avqustun 4-dən
6-dək Türkiyənin Bodrum şəhərində toplanan
türkdilli ölkələrin xarici işlər nazirləri
növbəti sammitin də Türkiyədə keçirilməsi
barədə razılığa gəlmiş və
hazırlıq işlərinə başlamışlar. Əslində
isə ötən ilin oktyabrında Naxçıvanda toplanan
dövlət başçıları belə qərara gəlmişdilər
ki, növbəti sammit Bişkekdə keçirilsin.
Görünür, qardaş ölkədəki ictimai-siyasi vəziyyəti
nəzərə alan tərəflər sentyabr sammitini
Türkiyəyə köçürmüşlər.
Bu
sammit, keçirilən görüşlər, aparılan
müzakirələr türk dünyasının təkcə
siyasi və iqtisadi baxımdan inkişafına xidmət etmir.
Burada çox böyük mənəvi, mədəni və
sosial aspektlər mövcuddur. Təbii ki, siyasi və iqtisadi
maraqların əhəmiyyəti danılmazdır. Ancaq ölkələrin
bir-birinin həmin maraqlarının ödənilməsinə
yardımçı olması üçün mənəvi
amillərin əhəmiyyəti də çox
böyükdür. Ötən il oktyabrın 2-də
Naxçıvanda öz işinə başlayıb ertəsi
günü böyük uğurla başa
çatdırılan sammitin sonunda dövlət
başçıları çox böyük məqamlardan xəbər
verən bəyanatlarla çıxış etmişdilər.
Məsələn, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev rəhbərlik etdiyi dövlətin və
xalqın adından çıxış edərək
bütün türk dünyasında maraqla, məmnunluqla qəbul
edilən bir təklif irəli sürmüşdü: "Mədəniyyətlərimiz
bir-birinə çox bağlı olduğuna görə
humanitar sahədə əməkdaşlıq daha da sürətlə
inkişaf etdirilməlidir. Bu sahədə TÜRKSOY təşkilatının
fəaliyyətini mən yüksək qiymətləndirmək
istəyirəm. Gələcək illərdə TÜRKSOY-un fəaliyyətini
biz daha da gücləndirməliyik. Biz təklif edirik ki,
TÜRKSOY Fondu yaradılsın. Fondun maliyyə təminatı
təşkil edilsin və bu fond bütün türk dövlətlərində
və eyni zamanda bütün türk diyarlarında tarixi abidələrin
bərpası, mədəniyyətlərarası əlaqələrin
inkişafı ilə məşğul olsun". Yada salaq ki, həm
Ermənistan dövlətinin yaradıldığı qədim
Azərbaycan torpaqlarında, həm də 18-20 il əvvəl
işğal edilmiş torpaqlarımızda minlərlə Azərbaycan
türk abidələri erməni vandalları tərəfindən
darmadağın edilmişdir. Bu baxımdan - yəni beynəlxalq
təşkilatların diqqətinin qeyd edilən məsələyə
yönəldilməsi baxımından Azərbaycan Prezidentinin
həmin təklifi olduqca qiymətli və gərəklidir.
Azərbaycan
Prezidentinin həmin təklifini dəstəkləyən
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev TÜRKSOY Fondu çərçivəsində
Türkdilli Akademiyanın təsis edilməsini məqsədəuyğun
saymış və həmin elmi mərkəzin Qazaxıstanda -
konkret olaraq Türküstanda və ya Astanada
yaradılmasını təklif etmişdi: "Hesab edirəm
ki, biz TÜRKSOY çərçivəsində təşəbbüsü
öz əlimizə götürüb regional işlərdə
daha fəal iştirak etməliyik". Qardaş Türkiyənin
dövlət başçısı Abdullah Gül isə
Prezident İlham Əliyevin təklifini dəstəkləmiş
və həmin ideyanı bir qədər də genişləndirmək
məqsədiylə öz təklifini irəli
sürmüşdü: "Hörmətli Prezident İlham Əliyevin
TÜRKSOY mövzusunda fikirlərini dəstəkləyirik...
Bu çərçivədə müəyyən edilmiş
vaxtlarda Olimpiya oyunlarına bənzər ənənəvi
türk idman növlərinin də yer aldığı idman tədbirlərinin
təşkil olunmasının müzakirəsini təklif edirəm".
Cənab Abdullah Gülün həmin təklifi nəinki
türk dünyasının, hətta, bütövlükdə
dünyanın idman ictimaiyyəti tərəfindən maraqla
qarşılanmışdı.
Sentyabrın
16-da İstanbulun "Çırağan" sarayında
keçirilən zirvə toplantısında Türkiyə
Prezidenti Abdullah Gül, Azərbaycan Prezidenti İlham Əliyev,
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Türkmənistan
Prezidenti Qurbanqulu Berdiməhəmmədov və
Qırğızıstanın keçid dövrü Prezidenti
Roza Otunbayeva iştirak edirdilər. Qardaş ölkələrin
prezidentləri yenə də türk dövlətlərinin hər
biri üçün maraqlı olan məsələləri və
bu xalqların problemlərini müzakirə etdilər. Eyni
zamanda Türkdilli Ölkələrin Əməkdaşlıq
Şurası adlı yeni qurumun yaradılması barədə
mühüm qərar qəbul edildi. Əslində, bu təklif
Naxçıvanda keçirilən sammitdə irəli
sürülmüşdü. Yekun qərar İstanbulda qəbul
edildi və Şuranın katibliyi də məhz İstanbulda
yerləşəcək. Bu tarixi qərara münasibət
bildirən Azərbaycan Prezidenti İlham Əliyev sammitdəki
çıxışında dedi: "Bu gün Azərbaycan,
Qazaxıstan, Qırğızıstan, Özbəkistan,
Türkmənistan kimi ölkələr öz növbəsində
Türkiyəni gücləndirir, necə ki, böyük və
güclü Türkiyə bizi gücləndirir. Bizim
gücümüz bizim birliyimizdədir. Biz
çalışmalıyıq ki, bütün sahələrdə
bu birliyi daha da möhkəmləndirək".
Ümumiyyətlə,
Türkdilli Ölkələrin Dövlət
Başçılarının istənilən zirvə
görüşü ümumi işə xidmət edəcək
mühüm qərarlarla yadda qalır. Məsələn,
2008-ci ilin oktyabrında İstanbulda keçirilən
görüşdə Türkdilli Ölkələrin Parlament
Assambleyasının yaradılması barədə qərar qəbul
edilmişdi. Həmin qərarın icrası Azərbaycan
üçün daha maraqlı və yaddaqalan olmuşdur.
Çünki TÖPA-nın katibliyi Bakıda yerləşmiş
və təşkilatın ilk sədri azərbaycanlı siyasətçi
olmuşdur. Qurumun Naxçıvanda keçirilmiş sammitində
isə Türkdilli Ölkələrin Əməkdaşlıq
Şurasının yaradılması barədə saziş
imzalanmışdır.
Bütün
bunları zaman tələb edir. Çünki bu gün Azərbaycan
Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində
mühüm ölkələrdən birinə
çevrilmişdir. Türkiyə Avropa və dünya
miqyaslı beynəlxalq təşkilatlarda kəsərli
sözə və qətiyyətli mövqeyə malikdir.
Üstəlik, region ölkələri bütün məsələlərdə
Türkiyənin mövqeyi ilə razılaşmalı olurlar.
Qazaxıstan 2010-cu ildə ATƏT-ə sədrlik edir. Bu
ölkənin gələn il İslam Konfransı Təşkilatına
rəhbərlik edəcəyi artıq çoxdan təsdiqlənib.
Yəni türkdilli ölkələrin böyük siyasi, iqtisadi,
elmi, mədəni və digər sahələrə aid
güclü potensialı vardır. Dövlət
başçıları məhz həmin potensialı birlikdə
işə salmaq, ümumtürk sivilizasiyası tarixinə yeni
töhfələr vermək əzmindədirlər. Biz məmnunuq
ki, Azərbaycan həmin prosesdə daim öndə gedir, xüsusi
fəallıq nümayiş etdirir.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2010.- 18 sentyabr.- S.
5.