Akademik Bəkir Nəbiyev – 80

 

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli ədəbiyyatşünas Bəkir Nəbiyevin 80 yaşı tamam olur.

 

Bəkir Əhməd oğlu Nəbiyev 1930-cu ildə Ağdaşda anadan olmuşdur. ADU-nun filologiya fakültəsini bitirmiş, qəzet redaksiyalarında jurnalist kimi çalışmış, "Kommunist" qəzetinin mədəniyyət şöbəsinin müdiri olmuşdur (1959-1961). 1960-cı ildə namizədlik, 1970-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. AMEA - nın müxbir üzvü (1983), həqiqi üzvü (1989) seçilmiş, uzun illər Nizami müzeyinin direktoru, AMEA Ədəbiyyat, Dil və İncəsənət bölməsinin akademik-katibi vəzifələrində çalışmışdır. Azərbaycan Mədəniyyət Fondunun, Ədəbiyyat Fondunun sədri (1982-1991) olmuşdur.

2003-cü ildən Nizami adına Ədəbniyyat İnstitutunun direktoru, 2007-ci ildən AMEA-nın müşaviridir. Klassikmüasir Azərbaycan ədəbiyyatının, ədəbi əlaqələrin tədqiqinə həsr olunmuş 50 kitabbir neçə dərsliyin, 800-dən artıq məqalə və resenziyanın müəllifidir. 40 elmlər doktoru və namizədi yetişdirmiş, 110 elmi və bədii kitabın redaktoru olmuşdur. 30 cildlik "Türk dünyası ədəbiyyatı"nın (Ankara) Azərbaycan üzrə əlaqələndiricisi və müəlliflərindən biri, 6 cildlik "Çoxmillətli sovet ədəbiyyatı tarixi"nin (Moskva) müəlliflərindən biri, 6 cildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin (Bakı) baş redaktorudur.

"Azərbaycan Milli Ensiklopediyası" redaksiya heyəti Sədrinin müavini, Heydər Əliyev Mükafatı Dövlət Komissiyasının üzvü, Ədəbiyyatşünaslıq üzrə doktorluq müdafiələri şurasının sədridir. Müxtəlif illərdə Yunanıstan, Danimarka, İran, İraq, Türkiyə, Suriya, Səudiyyə Ərəbistanı, Rusiya, ABŞ, Çin, Yaponiyas. ölkələrdə keçirilən beynəlxalq elmi konqreslərdə, ədəbi məclislərdə məruzə və çıxışlar etmişdir. Kitab və məqalələri türk, rus, fars, ingilis, gürcü, çin dillərində nəşr edilmişdir. 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1960-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Hacı Bəkir 15 ildir ki, Qafqaz Müsəlmanları idarəsi Elmi Dini Şurasının üzvüdür. Ədəbiyyatşünaslıq elminin və ədəbi fikrin inkişafındakı xidmətlərinə görə Bəkir Nəbiyev Azərbaycan Respublikası Prezidentinin "İstiqlal" və "Şöhrət" ordenləri, ölkə Prezidentinin fəxri diplomu ilə təltif edilmişdir.

Əməkdar elm xadimidir. İki dəfə Azərbaycanın Dövlət mükafatına layiq görülmüşdür (1978, 2010). Akademik Bəkir Nəbiyevin 80 illik yubileyinə həsr olunmuş yığıncaq 2010-cu il sentyabr ayının 22-də saat 11-də AMEA Rəyasət Heyətinin binasında keçiriləcəkdir.

 

 

A.ÜLVİ

 

Xalq qəzeti.- 2010.- 18 sentyabr.- S. 5.