Neft strategiyası Azərbaycanı işıqlı gələcəyə aparır

 

Ölkəmiz dinamik sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, iqtisadi yüksəliş tempinə görə ilbəil böyük uğurlar qazanır. Azərbaycan Respublikası bu gün öz milli maraqlarını müvəffəqiyyətlə təmin etməyə qadir bir dövlət kimi müstəqil siyasət yürüdür, iri tutumlu layihələr həyata keçirir. Büdcə gəlirlərinin ildən-ilə əhəmiyyətli dərəcədə artması iqtisadi sahədə islahatların genişləndirilməsinə, sosial-mədəni modernləşməyə əlverişli şərait yaradır. Təsadüfi deyil ki, son illər dünya iqtisadiyyatında yaşanmış maliyyə böhranına baxmayaraq, Azərbaycan iqtisadiyyatında nəzərəçarpacaq artım qeydə alınmışdır.

 

İnvestisiya baxımından cəlbedicilik, rəqabət qabiliyyətliliyi kimi göstəricilər üzrə dünya dövlətləri arasında mövqelərini getdikcə gücləndirən ölkəmiz iqtisadi qüdrətinə görə Cənubi Qafqaz regionunun lider dövləti kimi tanınır. Çoxvektorlu, ahəngdar iqtisadi inkişaf respublikanın hər yerində özünü bariz şəkildə göstərir, kəndlərin, şəhərlərin siması tanınmaz dərəcədə dəyişir, xalqın maddi rifah halı yaxşılaşır. Bu gün Azərbaycanın yeni bir intibah dövrünü yaşaması tarixi həqiqətdir. O da danılmaz faktdır ki, bu epoxanın təməlində ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən yeni neft strategiyası dayanır.

Ulu öndərin qalibiyyətli neft strategiyasının reallaşması onun siyasi uzaqgörənliyi nəticəsində 1994-cü il sentyabrın 20-də dünyanın 11 transmilli neft şirkəti ilə "Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinsulu hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişi - "Əsrin müqaviləsi"nin imzalanması ilə başlandı. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin mühüm təminatçısına çevrildi. Yeni neft strategiyasının gerçəkləşməsi ilə respublikamızın neft ehtiyatlarının istismarına geniş məbləğdə xarici investisiyalar cəlb edildi. Təkcə onu demək kifayətdir ki, 1994-2010-cu illər ərzində Azərbaycanın neft-qaz sektoruna 40 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuş, digər yataqlar və strukturlar üzrə irimiqyaslı layihələrin həyata keçirilməsinə başlanılmışdır. Bu illərdə xarici neft şirkətləri ilə hasilatın pay bölgüsü tipli 32 saziş imzalanmışdır. Proqnozlara görə, həmin sazişlər çərçivəsində ümumi sərmayə qoyuluşunun həcmi 60 milyard ABŞ dollarına çatacaqdır.

Xəzər dənizində beynəlxalq əməkdaşlığın, region ölkələrinin dünya iqtisadiyyatına inteqrasiyasının başlanğıc nöqtəsi də,məhz haqlı olaraq, "Əsrin müqaviləsi" hesab edilir. Yeni neft strategiyası bu gün iqtisadi səmərəsi ilə bərabər, Şərq və Qərbin qovşağında yerləşən Azərbaycanı dünya birliyinin ayrılmaz tərkib hissəsinə çevirmişdir. Hazırda 15 ölkəni təmsil edən 34 beynəlxalq enerji şirkəti quruda və Xəzərin Azərbaycan sektorunda yerləşən 30 yataq üzrə aparılan neft-qaz əməliyyatlarına cəlb olunmuşdur. Ümumilikdə isə Azərbaycanda indi 61 yataq uğurla istismar edilir.

Bu strategiyanın gerçəkləşməsi, ilk növbədə, neft sənayesinin müasirləşməsinə, öz inkişafının keyfiyyətcə yeni mərhələsinə yüksəlməsinə səbəb olmuşdur. "Əsrin müqaviləsi"nin imzalanmasından ötən müddət ərzində ARDNŞ ölkə ərazisində həyata keçirilən birgə layihələrdə Azərbaycan dövlətini uğurla təmsil etmişdir. Xarici şirkətlərlə aparılan işgüzar əməkdaşlıq çərçivəsində qazanılmış təcrübə, tətbiq olunan müasir texnologiyalar şirkətin inkişaf etməsinə, yüksək nailiyyətlər qazanmasına zəmin yaratmışdır. Bu illərdə ARDNŞ strukturu təkmilləşdirilmiş, beynəlxalq standartlara uyğunlaşdırılmış, idarəetmə sisteminin optimallaşdırılması həyata keçirilmişdir.

"Əsrin müqaviləsi" çərçivəsində hasil olunan neftin dünya bazarlarına çıxarılması zərurəti qısa müddət ərzində Azərbaycanın ixrac neft kəmərləri sisteminin yaradılmasına təkan vermiş və ölkəmizdə şaxələndirilmiş ixrac-nəql infrastrukturu qurulmuşdur. İlk neftin hasilatı ilə eyni vaxtda- 1997-ci ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa neft boru kəmərləri istifadəyə verilmişdir. Hər birinin ötürücülük gücü ildə 6 milyon ton təşkil edən həmin kəmərlər bu gün də Azərbaycan neftinin müxtəlif istiqamətlər üzrə nəql edilməsində mühüm rol oynayır. Lakin Azərbaycanın neft nəqli sisteminin başlıca arteriyası, əlbəttə ki, Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməridir. Haqlı olaraq, xalqımızın ümummilli lideri Heydər Əliyevin qalibiyyətli neft strategiyasının şah əsəri sayılan və məhz ulu öndərin gərgin səyləri nəticəsində 2006-cı ildə gerçəkləşən bu möhtəşəm layihə Azərbaycan neftinin dünya bazarına təhlükəsiz və fasiləsiz ixracında əvəzedilməz rol oynayır. Bu gün ulu öndər Heydər Əliyevin adını şərəflə daşıyan BTC eyni zamanda ümumilikdə beynəlxalq enerji təhlükəsizliyi sistemi baxımından, eləcə də neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər, xüsusilə Mərkəzi Asiya dövlətləri üçün də müstəsna əhəmiyyət kəsb edir.

BTC kəmərinin illik ötürücülük qabiliyyəti 60 milyon tondur. Bu həcmin artırılması istiqamətində mütəmadi iş aparılır. Hazırda kəmərlə sutkada 1,2 milyon barrel neft Səngəçal terminalından Aralıq dənizi sahillərinə ixrac edilir. Neftçilərin peşə bayramı ərəfəsində bu kəmər vasitəsi ilə nəql olunmuş 1 milyardıncı barrel Xəzər neftinin yükləndiyi tanker Ceyhan limanından Rotterdama yola salınması hadisəsi isə ulu öndərin yeni neft strategiyasının daha bir parlaq qələbəsidir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti bu gün İtaliya, ABŞ, İsrail, Fransa, İndoneziya, İspaniya da daxil olmaqla 24 ölkəyə xam neft ixrac edir. 2009-cu ildə ölkəmizdə neft hasilatı (kondensatla birlikdə) ilk dəfə olaraq 50,9 milyon tona çatmışdır. Bunun 9,06 milyon tonu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin payına düşmüşdür. Hasil olunmuş neftin 6,04 milyon tonu emal edilmiş, 44,3 milyon tonu isə ixraca göndərilmişdir. Azərbaycan neftinə olan maraq son illər qlobal və regional miqyaslı bir sıra yeni enerji layihələrinin həyata vəsiqə qazanması üçün daha geniş imkanlar açır. 2010-cu ilin mart ayında "Çıraq neft layihəsi"nə sanksiya verilməsi ilə xarici tərəfdaşlarla birgə işlərdə yeni bir mərhələ başlanmışdır. Layihədə 50-dən artıq yerli tikinti şirkətinin iştirak edəcəyi, ölkəyə böyük həcmdə investisiyaların yatırılacağı gözlənilir. "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun 1997-ci ildən başlanmış işlənməsinin davamı olan bu layihə çərçivəsində əlavə olaraq, 360 milyon barrel (təxminən 50 milyon ton) neft hasil ediləcəyi nəzərdə tutulur. "Çıraq neft layihəsi"nin icrası ölkə üzrə neft hasilatının uzun illər ərzində yüksək səviyyədə sabit saxlanılmasına imkan yaradacaqdır. Layihə çərçivəsində ilk neftin 2013-cü ildə alınması planlaşdırılır.

Bu gün dünyada Azərbaycanın nefti ilə yanaşı, zəngin qaz yataqlarına da diqqət böyükdür. Bu da təsadüfi deyil. Təbii qaza olan tələbatın və buna uyğun olaraq marağın xüsusilə yüksəldiyi bir vaxtda Azərbaycan özünü beynəlxalq birliyə etibarlı qaz ixracatçısı kimi təqdim edə bilmişdir. Ölkənin təsdiq edilmiş qaz ehtiyatlarının həcmi 2 trilyon kubmetrdən artıq qiymətləndirilir. Bu gün Gürcüstan, Türkiyə, Rusiya, İran və reeksport yolu ilə Yunanıstan Azərbaycan qazının alıcıları sırasındadır. Azərbaycan qazı Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təminatı baxımından prioritet sayılan "Nabukko", Türkiyə-Yunanıstan-İtaliya Transadriatik qaz kəməri, "Bəyaz axın" kimi iritutumlu qaz kəmərləri layihələrinin əsas mənbələrindən hesab olunur. Hazırda Dövlət Neft Şirkətinin mütəxəssisləri tərəfindən Azərbaycan qazının uzunmüddətli sazişlər əsasında Avropa Birliyi ölkələrinə tədarük olunması istiqamətində əlverişli variantlar araşdırılır. Azərbaycan Avropa Birliyi və digər regionlarla yeni, birbaşa enerji və nəqliyyat əlaqələri yaradan müasir İpək Yolunu - Cənub dəhlizi strategiyasını dəstəkləyir və bu strategiya çərçivəsində yeni qaz təchizatı dəhlizinin açılmasını Avropa qaz bazarının sabitliyinə təsir edə biləcək mühüm amil kimi qiymətləndirir. Azərbaycan, eyni zamanda, hasil etdiyi təbii qazın mümkün qədər müxtəlif və şaxələndirilmiş nəqliyyat marşrutları üzrə ixracına, diversifikasiya kursuna tərəfdardır.

Bu ilin aprelində Buxarestdə Azərbaycan, Gürcüstan və Rumıniya arasında AGRİ (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsinin reallaşması ilə bağlı "Qaz tədarükü sahəsində əməkdaşlıq haqqında" Memorandumun imzalanması Avropa ölkələrinə qaz tədarükü sahəsində yeni imkanlar açılmasından xəbər verir. AGRİ layihəsi gələcəkdə Azərbaycan təbii qazının boru xətləri vasitəsi ilə Gürcüstanın Qara dəniz sahillərinə nəql olunması, burada xüsusi terminalda mayeləşdirilərək (LNG) tankerlərlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılması, daha sonra isə yenidən təbii qaz şəklində Rumıniyanın və digər Avropa ölkələrinin qaz infrastrukturu şəbəkəsinə ötürülməsini nəzərdə tutur. Gürcüstan və Rumıniyada Qara dəniz sahillərində tikiləcək zavodlar vasitəsilə Azərbaycan qazının sıxılaraq Balkan yarımadasındakı sifarişçilərə çatdırılması istiqamətində aparılmış danışıqlar bir neçə gün əvvəl Bakıda Azərbaycan, Gürcüstan və Rumıniya prezidentlərinin, Macarıstanın Baş nazirinin iştirakı ilə keçirilmiş zirvə görüşündə əsas müzakirə obyekti olmuşdur. Sammitdə dövlət və hökumət başçıları tərəfindən AGRİ layihəsini dəstəkləyən Bakı Bəyannaməsinin imzalanması bu istiqamətdə əldə olunmuş yeni uğurumuzdur. Sammit çərçivəsində bu istiqamətdə aparılacaq işlərlə bağlı Gürcüstan və Rumıya şirkətləri ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Anlaşma Memorandumu və AGRİ-LNG layihəsinin həyata keçirilməsi məqsədi ilə yaradılacaq birgə şirkətin nizamnaməsi də imzalanmışdır.

Ötən il ölkə üzrə 24 milyard kubmetrə yaxın təbii qaz hasil olunmuşdur ki, bunun da 7 milyard kubmetri ARDNŞ-in payına düşmüşdür. Məlum olduğu kimi, 2007-ci ilədək Azərbaycan Rusiyadan təbii qaz idxal edirdi. İndi isə "Qazprom" şirkəti ilə imzalanmış müqaviləyə uyğun olaraq qonşu ölkəyə qaz ixrac edirik. 2011-ci ildən Rusiyaya ixrac olunan qazın həcmi 2 milyard kubmetrə catdırılacaq. Təkcə bu faktı nəzərə aldıqda son 3 ildə qazanılmış nailiyyətlərin həqiqi miqyas və əhəmiyyəti daha aydın təsəvvür oluna bilər. "Əsrin müqaviləsi" çərçivəsində "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil olunan səmt qazının həcminin artırılması, ARDNŞ-in müstəqil surətdə işləyib həyata keçirdiyi yeni qaz proqramı üzrə görülən kompleks tədbirlər, habelə 1999-cu ildə kəşf olunmuş nəhəng "Şahdəniz" yatağının istismara verilməsi Azərbaycanın sürətlə təbii qaz ixrac edən ölkələr sırasına daxil olmasına zəmin yaratmışdır.

Ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilən "Şahdəniz" yatağı hazırda dəniz akvatoriyalarında işlənilən ən iri qaz-kondensat yataqlarından biridir. Yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində 12 hasilat quyusunun istismarına imkan verən SD-A qazma və hasilat platforması tikilib istifadəyə verilmiş, dənizdən sahilədək 100 kilometr uzunluğunda sualtı boru kəmərləri çəkilmişdir. 2006-cı ildən isə yataqda hasilata başlanılmışdır. Hazırda burada orta gündəlik hasilatı 21 milyon kubmetr qaz və 5 min ton kondensat olan 4 quyu istismar edilir. "Şahdəniz-1" layihəsi üzrə hasil olunan qazın Gürcüstan və Türkiyəyə ixrac edilməsi məqsədilə Cənubi Qafqaz boru kəməri tikilib istifadəyə verilmişdir. 2006-cı ildən etibarən bu yataqdan hasil olunan qaz Səngəçal terminalında ilkin emaldan keçirilərək ümumi uzunluğu 997 kilometr, ötürmə qabiliyyəti ildə 20 milyard kubmetr təşkil edən Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsi ilə Gürcüstana və Türkiyəyə ixrac olunur.

2009-cu ildə "Şahdəniz"dən hasil edilən 6,3 milyard kubmetr həcmində qazın 0,8 milyard kubmetri Azərbaycana verilmiş, 0,4 milyard kubmetri Gürcüstana, 4,8 milyard kubmetri isə Türkiyəyə ixrac olunmuşdur. Hazırda yatağın işlənilməsinin ikinci mərhələsinə hazırlıq işləri tamamlanmaq üzrədir. Təsdiqlənmiş inkişaf konsepsiyasına əsasən, ikinci mərhələdə hasilat ildə 16 milyard kubmetr səviyyəsinə çatdırılmalı, bunun üçün 14 manifolta birləşdirilmiş 30 hasilat quyusu istismara verilməli, yeni SD-B platforması inşa edilməlidir. İkinci mərhələ üzrə ilk qazın hasilatı 2017-ci ilə proqnozlaşdırılır.

ARDNŞ-in fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edən yeni qaz proqramının həyata keçirilməsi xüsusi qeyd olunmalıdır. Proqram çərçivəsində şirkətin müstəqil fəaliyyət göstərdiyi qaz-kondensat yataqlarında quyuların yerləşmə şəbəkəsi təkmilləşdirilərək əlavə qaz quyuları qazılıb istismara daxil edilmiş, mövcud kommunikasiyalar yenidən qurulmuş, 170 kilometrə qədər boru xətləri çəkilmiş, əlavə neft-mədən obyektləri tikilmişdir. Qaz proqramında dənizdə yerləşən və uzun illər işlənilməsinə baxmayaraq, potensialı böyük olan "Günəşli", "Bahar", "8 Mart", "Bulla-dəniz" kimi qaz-kondensat yataqlarının rentabelliyinin artırılması xüsusi yer tutur. Bu istiqamətdə işlər davam etdirilir.

Aparılan hesablamalara görə, Azərbaycanın təsdiq olunmuş karbohidrogen ehtiyatları şərti yanacaqla 4 milyard ton, proqnoz karbohidrogen resursları isə 8-10 milyard ton həcmindədir. Geofiziklərimizin araşdırmalarına görə, bu gün respublikamızın quru və dəniz əraziləri üzrə qazmaya hazırlanmış fondda 40-dan çox struktur mövcuddur. Artıq uzun fasilədən sonra ARDNŞ müstəqil olaraq daxili vəsaitləri hesabına "Ümid" perspektivli strukturunda kəşfiyyat işlərinə başlamışdır. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu və "Neftqaztikinti" Tresti tərəfindən inşa olunmuş "Ümid-1" platforması layihə yerində quraşdırılmış, buradan 6500 metr dərinliyində ilk kəşfiyyat quyusunun qazılmasına başlanılmışdır. Qazma işləri uğurla davam etdirilir. Strukturun çıxarıla bilən ehtiyatları 200 milyard kubmetr qaz, 30 milyon ton kondensat həcmində qiymətləndirilir. Bundan əlavə, Xəzərin Azərbaycan sektorunun dərin sulu hissəsində yerləşən "Babək", "Abşeron", "Naxçıvan", "Zəfər", "Məşəl", "Qarabağ", "Əşrəfi", "Dan ulduzu" və başqa perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Bu sahələrdə 2015-ci ilə qədər 19 quyu qazılmalıdır. "Abşeron" və "Naxçıvan" strukturlarında kəşfiyyat və işlənilmənin həyata keçirilməsi ilə bağlı Fransa və Almaniya şirkətləri ilə razılaşma əldə edimişdir. Ümumilikdə isə ARDNŞ perspektivli strukturların müstəqil işlənilməsi xəttini əsas götürmüşdür. Hazırda şirkətimiz bunun üçün bütün zəruri imkanlara malikdir. İndi ARDNŞ-in güclü maliyyə resursları, müasir maddi-texniki bazası, zəngin təcrübəyə malik, elmin ən yeni nailiyyətlərinə yiyələnmiş kadr potensialı vardır.

"Azərbaycan Respublikasının yanacaq-energetika kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı"nda ARDNŞ qarşısında işlənmədə olan yataqlarda istismarın intensivləşdirilməsi, yeni quyuların qazılması, lazımi təmir-bərpa işləri aparmaqla köhnə quyuların istismar fonduna daxil edilməsi, bir sözlə, qazma işlərinin sürətləndirilməsi məsələləri başlıca vəzifələr kimi qoyulmuşdur. Proqrama uyğun olaraq neftçilər dəniz və quru yataqlarında hasilatın artırılması üçün mövcud imkanları səfərbər edir, səylərini əsirgəmirlər. Ötən ilin göstəriciləri də bunu təsdiq edir. Həyata keçirilmiş tədbirlərin nəticəsidir ki, 2009-cu ildə ARDNŞ üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 168182 metrlik qazma işi görülmüşdür ki, bunun da 160326 metri istismara, 7856 metri isə kəşfiyyata aid olmuşdur. 2008-2015-ci illərdə 110 min metrlik kəşfiyyat qazması nəzərdə tutulmuşdur. 2010-cu il sentyabrın 1-nə olan məlumata əsasən, ARDNŞ-in istismar quyu fondu 9421 ədəd təşkil etmişdir ki, bunların da 6653-ü işlək, 2740-ı isə fəaliyyətsiz fonda daxildir. Ötən il fəaliyyətsiz fonddan 221 quyu istismara qaytarılmış, nəticədə əlavə olaraq 99275 ton neft hasil edilmişdir. Bu ilin yanvar-avqust aylarında isə 127 quyu fəaliyyətsiz fonddan işlək quyu fonduna daxil edilmiş, bu quyulardan əlavə 35730 ton neft alınmışdır. 2009-cu il ərzində "Azneft" İstehsalat Birliyinin neft və qazçıxarma idarələrində 5011 geoloji və texniki tədbir həyata keçirilmiş, nəticədə əlavə olaraq 376880 ton neft hasil edilmişdir. 2010-cu ilin 8 ayında isə 2918 texniki-geoloji tədbir həyata keçirilmişdir ki, bu da 233722 ton əlavə neft hasilatına zəmin yaratmışdır.

Neft və qaz hasilatında davamlı artıma nail olmaq üçün yeni platformaların inşası xüsusi önəm daşıyır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə hələ sovet dövründə Bakıda tikilmiş, bu gün də MDB məkanında dərin dəniz özüllərinin inşası sahəsində ixtisaslaşmış yeganə müəssisə kimi aktuallığını saxlayan Bakı Dərin Özüllər Zavodu Azərbaycanın yeni neft strategiyasının həyata keçirilməsində özünəməxsus yer tutmuşdur. "Günəşli", "Çıraq", "Mərkəzi Azəri", "Şərqi Azəri", "Qərbi Azəri", "Dərinsulu Günəşli" blokları, eləcə də, müvafiq üst tikililəri ulu öndərin adını daşıyan bu zavodda inşa olunmuşdur. Ötən illərdə zavodun imkanları genişləndirilmiş, burada yeni sexlər, istehsal sahələri yaradılmışdır. Xəzərin Azərbaycan sektorunda, eləcə də akvatoriyanın digər sektorlarında neft-qaz əməliyyatlarının intensivliyi artdıqca bu müəssisənin əhəmiyyəti də yüksəlir. Hazırda burada "Neft Daşları" yatağı üçün 2585, 1351, 753, 755 nömrəli platformaların inşası uğurla davam etdirilir.

Son illər şirkətimizdə böyük kapital xərci hesabına yeni özüllər tikmədən mövcud özüllərdən yüksək hasilatlı quyular qazılmasına üstünlük verilir, yataqların səmərəli işlənilməsi və neft hasilatının optimallaşdırılması üçün mövcud platformalarda yenidənqurma və daha artıq quyuların qazılması məqsədi ilə genişləndirmə işləri aparılır. "Ələt" yatağındakı 18/20 nömrəli stasionar dəniz özülündə 2 yeni quyunun qazılması üçün həyata keçirilən yenidənqurma işləri artıq başa çatdırılmışdır. "Darvin bankəsi" yatağındakı 660 nömrəli platformada, "8 Mart" yatağındakı 730 nömrəli platformada yenidənqurma, "Qum-dəniz" yatağındakı 363 nömrəli platformada, 450, 235a və 9 nömrəli estakadayanı meydançalarda, "Darvin bankası" yatağındakı 190 nömrəli platformada genişləndirmə işləri davam etdirilir. Bu il həmçinin, "Günəşli" yatağındakı 10 nömrəli dərin dəniz özülündə abadlaşdırma, 19 və 6 nömrəli özüllərdə isə əlavə quyuların qazılması üçün yenidənqurma işlərinin aparılması nəzərdə tutulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə "Azəriqaz" İstehsalat Birliyi ARDNŞ-in tərkibinə daxil edildikdən sonra ölkənin qaz təchizatı sisteminin yenilənməsi, əhalinin və sənayenin fasiləsiz təbii qazla təmin edilməsi istiqamətində zəruri işlər görülməkdədir. Bu məqsədlə 2010-2013-cü illər ərzində qaz təsərrüfatının əsaslı inkişaf proqramı işlənmiş, prioritet sahələr müəyyənləşdirilmişdir. Proqrama əsasən, şirkət tərəfindən mövcud magistral qaz kəmərlərinin yenidən qurulması, yeni kəmərlərin çəkilişi, habelə Naxçıvan Muxtar Respublikasının təbii qaz təchizatının təkmilləşdirilməsi məqsədilə qaz anbarının və 180 kilometr uzunluğunda, 6 qazpaylayıcı stansiyaya malik "İğdır-Sədərək" kəmərinin tikintisi, regionlarda qaz təminatının yaxşılaşdırılması üçün yeni paylayıcı stansiyaların inşa edilməsi və köhnələrinin rekonstruksiyası, kompressor stansiyalarının təmiri və bərpası nəzərdə tutulmuşdur. Respublikanın bütün qaz-nəql sistemində idarəetmə və rabitənin modernləşdirilməsi, sahənin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində kompleks tədbirlərin görülməsi planlaşdırılır. Artıq qaz təsərrüfatının, paylayıcı sistemin dünya standartlarına uyğunlaşdırılması istiqamətində bir çox təxirəsalınmaz işlər görülmüşdür. Qazlaşdırma prosesi də bütün ölkə boyunca geniş vüsət almışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ARDNŞ qarşısında cari ilin sonunadək ölkənin yeraltı qaz anbarlarının tutumunun genişləndirilməsi vəzifəsi qoyulmuşdur. Məlum olduğu kimi, hazırda respublikamızda 2 yeraltı qazsaxlama anbarı fəaliyyət göstərir. Bu anbarların tutumunun genişləndirilməsi və modernləşdirilməsi işlərinin görülməsində əsas məqsəd respublika iqtisadiyyatının və əhalinin qaza olan tələbatının sabit şəkildə təmin olunması üçün qazın aktiv saxlama həcmini iki dəfə artıraraq 3 milyard kubmetrə çatdırmaqdan ibarətdir. Bu məqsədlə Qaradağ və Qalmaz yeraltı qaz anbarlarında yenidənqurma işləri artıq son tamamlama mərhələsindədir. Anbarlardakı mövcud maşın və qaz kompressor aqreqatlarının təmiri başa çatdırılmışdır. Görülən işlər ötən il anbarlara vurulan qazın rekord həcmə - 2 milyard kubmetrə çatdırılmasına imkan vermişdir.

Yeri gəlmişkən, Naxçıvan Muxtar Respublikasına və eləcə də İran İslam Respublikasına təbii qazın ötürülməsində Astara kompressor stansiyası xüsusi əhəmiyyətə malikdir. Hazırda ARDNŞ tərəfindən stansiyanın müasir avadanlıqlarla təchiz edilməsi, eləcə də məhsuldarlığının artırılması və bununla nəql edilən qazın gündəlik həcminin yüksəldilməsi məqsədi ilə stansiyanın əlavə kompressor aqreqatları ilə genişləndirilməsi işləri aparılır. Görülən tədbirlərdən sonra İran İslam Respublikasına sutkada 5 milyon kubmetr qaz nəqli üçün şərait yaranacaqdır. Beləliklə, ölkəmizin cənub rayonlarının qazla təchizatında, eləcə də Naxçıvan Muxtar Respublikasının gündəlik qaza olan tələbatının ödənilməsində mühüm irəliləyişə nail olunacaq, eyni zamanda İran İslam Respublikasına qaz ixracı üçün əlavə imkanlar açılacaqdır.

Strateji əhəmiyyət daşıyan emal sənayesinin inkişafı daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Bu sahəyə göstərilən dövlət qayğısı nəticəsində ARDNŞ-in neft emalı kompleksində istehsal edilən məhsullar daxili tələbatı tam şəkildə ödəyir və xarici ölkələrə ixrac olunur. 2009-cu il ərzində ARDNŞ tərəfindən 6 milyon tondan artıq neft məhsulu istehsal olunmuş, 227 min 184 ton avtomobil benzini, 1 milyon 434 min 962 ton dizel yanacağı, 271 min 727 ton təyyarə yanacağı, 34 min 497 ton soba mazutu ixraca göndərilmişdir. Emal kompleksinin əsas göstəricilərindən biri də emal dərinliyinin artırılmasıdır. Ötən il neftayırma zavodlarımızdakı ilkin emal qurğularında xam neftdən daha səmərəli istifadə olunması nəticəsində emalın dərinliyi 2008-ci ildəki 80,37 faizdən 91,63 faizə qaldırılmış, bu ilin 8 ayında isə 93,2 faizə çatdırılmışdır.

Bu gün artıq tam məsuliyyətlə demək mümkündür ki, ARDNŞ-in beynəlxalq səviyyəli şirkət kimi gələcək davamlı inkişafının etibarlı təməli qoyulmuşdur. Ölkə daxilində və xaricdə həyata keçirilən neft-qaz və neft-kimya əməliyyatlarında Azərbaycanı layiqincə təmsil edən Dövlət Neft Şirkəti modern, müasir tələblərə cavab verən güclü və çevik bir quruma çevrilmək istiqamətində fəaliyyətini daha da genişləndirmişdir. Hazırda ARDNŞ-in təsisçiliyi ilə yaradılmış 16 əməliyyat şirkəti, 34 birgə müəssisə, 4 alyans, habelə xarici ölkələrdə malik olduğumuz 6 şirkət neft-qaz sənayesinin, demək olar ki, bütün sahələrində uğurla fəaliyyət göstərir. Gürcüstan, Türkiyə, Böyük Britaniya, Almaniya, Avstriya, Rumıniya, İsveçrə, Qazaxıstan, Ukrayna və İranda yaradılmış nümayəndəliklər şirkətin beynəlxalq fəaliyyətinin təşkilində mühüm rol oynayır, həmin ölkələrdə müəssisələrin təsis olunmasında, müqavilələrin hazırlanmasında və s. yaxından iştirak edir, lazımi tədbirləri operativ olaraq yerinə yetirirlər.

Son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ətraf mühit və ekoloji tarazlığın qorunması ilə bağlı genişmiqyaslı dövlət proqramları, iri maliyyə tutumlu layihələr həyata keçirilir. Azərbaycanda indiyədək misli görünməmiş ümummilli ekoloji hərəkat başlanmışdır. Ümumi sahəsi ölkə ərazisinin 3,1 faizinə bərabər olan yaşıllıqlar salınmış, qoruqların ərazisi genişləndirilmişdir. 2010-cu ilin "Ekologiya ili" elan olunması bu hərəkatın məntiqi davamıdır. Dövlət Neft Şirkəti də bütün ölkə boyunca geniş vüsət alan bu ekoloji hərəkatın ön sıralarındadır. "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"nda qarşımızda qoyulmuş mühüm vəzifələrin yerinə yetirilməsi istiqamətində məqsədyönlü iş aparılır.

ARDNŞ cəmiyyət qarşısında sosial məsuliyyət daşıdığını nəzərə alaraq ölkənin ictimai həyatında fəal iştirak edir, respublikamızda həyata keçirilən mühüm sosial-iqtisadi layihələrə öz töhfəsini verir. Hər il şirkətimizin maliyyə vəsaiti hesabına ölkənin müxtəlif rayon və kəndlərində əhalinin rifahının gücləndirilməsi məqsədi ilə inşa olunan yeni məktəblər, kitabxanalar, xəstəxana və tibb məntəqələri, idman qurğuları, istirahət obyektləri, salınan körpülər, park və xiyabanlar neftdən əldə olunan gəlirlərin sosial infrastrukturun bərpasına yönəldildiyini təzahür etdirir. Bu baxımdan "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" və onun məntiqi davamı olan "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində görülən işlər diqqətəlayiqdir.

Göründüyü kimi, yeni neft strategiyası müxtəlif sahələrdə köklü islahatların aparılmasına, misilsiz nailiyyətlərin qazanılmasına möhkəm zəmin yaratmışdır. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf və tərəqqi konsepsiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu gün Azərbaycan dövlətinin nailiyyətlərinin əsasını təşkil edir. Bu isə ulu öndər Heydər Əliyevin "Neft digər istehsal sahələrinin inkişafına təkan verməlidir" ideyasının gerçəkləşməsi deməkdir. Ölkədə gedən müsbət proseslər, sürətli iqtisadi artım, o cümlədən, neft-qaz sənayesinin nailiyyətləri sosial yüksəlişə, dövlətçiliyin daha da möhkəmlənməsinə, Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edir.

 

 

 Rövnəq ABDULLAYEV,

Azərbaycan Respublikası Dövlət

Neft Şirkətinin prezidenti

 

Xalq qəzeti.- 2010.- 18 sentyabr.- S. 3.