Türkiyə ilə
Azərbaycan möhkəm əlaqələrə malik iki qardaş
ölkədir
İki dost ölkə arasında
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının qurulması haqqında Birgə Bəyannamənin
imzalanması da bunu təsdiqləyir
Bu sənəd
hüquqi sənəddir, amma, eyni zamanda, bu sənəd
çox səmimi sənəddir. Bu, sadəcə iki ölkə
arasında müqavilə deyildir. Bu, ürəkləri,
xalqları birləşdirən, bizim xoş niyyətimizi ifadə
edən bir əsərdir. Bu əsər yaşayacaq və bizi
daha da zəngin və xoşbəxt edəcəkdir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Türkiyə
ilə Azərbaycan dünyada misli görünməmiş əlaqələrə
malik iki qardaş ölkədir. Yüksək Səviyyəli
Strateji Tərəfdaşlıq Şurası bu
qardaşlığı möhkəmləndirən daimi bir əsər
olacaqdır. Bu düşüncələrlə Türkiyə-Azərbaycan
Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq
Şurasının istər ikitərəfli əlaqələrimiz,
istərsə də regional əməkdaşlıq naminə
uğurlu olmasını diləyir, sevgi və hörmətlərimi
ifadə edirəm.
Rəcəb Tayyib,
ƏRDOĞAN Türkiyənin
Baş naziri
Azərbaycan Prezidenti İlham Əliyevin
xarici ölkələrə hər bir rəsmi səfəri
ölkəmiz üçün böyük əhəmiyyət
daşıyır. Çünki dövlətimizin
başçısı hər dəfə rəsmi səfərə
gedərkən ilk növbədə ölkəmizin
qarşılaşdığı problemləri, ərazilərimizin
20 faizinin Ermənistan Silahlı Qüvvələri tərəfindən
işğal olunduğunu, bir milyondan artıq
soydaşımızın öz doğma ata-baba ocaqlarından
didərgin salınmalarını xüsusi olaraq diqqətə
çatdırır. Azərbaycan Prezidenti səfər çərçivəsində
keçirdiyi görüşlərdə Ermənistanın qəsbkar
dövlət olduğunu təkzibolunmaz faktlarla əsaslandırır,
işğalçı dövlətin beynəlxalq hüquq
norma və prinsiplərinə hörmətsizlik etdiyini diqqətə
çatdırır. Bu baxımdan dövlət
başçımızın bütün səfərləri
xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan
Prezidentinin Türkdilli ölkələrin dövlət
başçılarının X zirvə toplantısında
iştirak etmək üçün Türkiyəyə rəsmi
səfəri diqqət mərkəzində idi. Bu səfər
diqqəti daha çox cəlb edirdi. Buna səbəb NATO-nun
Ermənistanda keçirməyi planlaşdırdığı
tədbir zamanı Türkiyə-Ermənistan sərhədlərinin
açılacağı ilə əlaqədar söz-söhbətlərin
yenidən gündəmə gəlməsi idi. Lakin Türkiyə-Azərbaycan
dostluq və qardaşlığının
sarsılmazlığı bu söz-söhbətin
qarşısını aldı. Beynəlxalq ictimaiyyətə
bir daha bəyan oldu ki, bu iki ölkə arasındakı səmimi
münasibətlər, qarşılıqlı əməkdaşlıq
və "bir millət, iki dövlət" prinsipi əsasında
möhkəmlənən əlaqələr davamlı
özüllər üzərində qurulub. Böyük
maraqla, intizarla gözlənilən Türkiyə-Ermənistan
sərhədləri bu dəfə də açılmadı,
Türkiyə NATO ölkəsi olduğu halda da Azərbaycanla
dostluq və qardaşlıq münasibətlərini heç nəyə
qurban vermədi və "Ermənistan işğal etdiyi Azərbaycan
torpaqlarını azad etməyənə qədər bu ölkə
ilə Türkiyə arasında hər hansı bir diplomatik əlaqələrin
bərpa olunmasından, sərhədlərin
açılmasından söhbət gedə bilməz" vədinə
sadiqliyini nümayiş etdirdi. Bütün dünyaya bəlli
oldu ki, Türkiyə ilə Azərbaycan dünyada misli
görünməmiş əlaqələrə malik iki
qardaş ölkədir. Onu da qeyd edək ki, Türkiyə-Ermənistan
sərhədlərinin açılması üçün
qardaş ölkəyə edilən güclü təzyiqlər
zamanı Azərbaycan həmişə öz haqq səsini qaldırmış,
bütün vasitələrlə Türkiyəyə arxa-dayaq
olmuş və istəyinə qovuşmuşdur. Bu baxımdan
dövlət başçımız Türkiyəyə -
Türkdilli ölkələrin dövlət
başçılarının zirvə toplantısına həmişəki
kimi yenə də qürurla, bir növ qalib kimi gedirdi. Qalib deyəndə,
təbii ki, bəzi ermənipərəst qüvvələrin
Türkiyə-Ermənistan sərhədlərinin
açılmasında göstərdikləri güclü təzyiqlərin
qarşısının alınmasını və onların
müqavimətinin qırılmasını nəzərdə
tuturuq.
Qardaş
ölkədə böyük hörmət və ehtiramla
qarşılanan Prezident İlham Əliyev ilk növbədə
İstanbulda Türkiyə Prezidenti Abdullah Güllə, sonra isə
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla
görüşmüşdür. Hər iki görüşdə
Türkdilli ölkələrin zirvə toplantısının
böyük əhəmiyyət kəsb etdiyi, bu tədbirin
türkdilli dövlətlər arasında əməkdaşlığın
daha sıx tellərlə bağlanmasına böyük xidmət
göstərəcəyi xüsusi vurğulanmışdır.
Bir daha qeyd edilmişdir ki, Türkiyə-Azərbaycan
münasibətləri yüksələn xətt üzrə
inkişaf edir. Həmçinin ölkələr arasında əməkdaşlığın
gələcək perspektivləri müzakirə olunmuşdur.
Azərbaycan Prezidentinin dost, qardaş ölkəyə budəfəki
səfəri iki xalqın tarixində yeni bir səhifə
yaratdı. Ona görə ki, Azərbaycan Respublikası və
Türkiyə Respublikası arasında Yüksək Səviyyəli
Strateji Əməkdaşlıq Şurasının qurulması
haqqında Birgə Bəyannamə imzalandı. Bu tarixi sənədi
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin
Baş naziri Rəcəb Tayyib Ərdoğan imzaladılar.
Bu
vacib və zəruri sənədin imzalanması belə bir sual
doğurur: Türkiyə-Azərbaycan dostluğunun,
qardaşlığının, iki ölkə arasında
bütün sahələr üzrə sıx əməkdaşlıq,
isti münasibətlər olduğu halda, bu bəyannamənin
imzalanmasına ehtiyac var idimi? Bu suala Türkiyənin Baş
naziri Rəcəb Tayyib Ərdoğanın dedikləri ilə
cavab verməyi daha məqbul hesab edirik. O dedi: "Mən bu
dostluğun gələcək nəsillərimizə də
gücləndirilərək çatdırılmasında
Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq
Şurasını daimi bir əsər kimi
gördüyümü xüsusi vurğulamaq istəyirəm.
Belə ki, Türkiyə-Azərbaycan əməkdaşlığı
sadəcə dövlətlərimiz arasındakı
güclü həmrəyliyə deyil, eyni zamanda,
xalqlarımızın paylaşdığı köklü
tarix və könül birliyinə söykənir. Türkiyə
və Azərbaycan xalqları eyni dildə danışır,
müştərək bir tarix paylaşır. Türkiyə və
Azərbaycan qarşılarına eyni coğrafiyada sülh,
sabitlik və rifahın təmin edilməsi məqsədini
qoymuşlar... İnanıram ki, şura mexanizmi sayəsində
Türkiyə-Azərbaycan dostluğunu gələcək nəsillərimizə
sarsılmaz bir əməkdaşlıq olaraq əmanət edəcəyik".
Yeni
şuranın yaradılması Türkiyə-Azərbaycan əməkdaşlığını
daha sıx tellərlə bağlayacaq, bu sahədə
böyük töhfələr verəcək. Şura çərçivəsində
alt komissiyaların yaradılması da nəzərdə
tutulub. Alt komissiyalar iki ölkə arasında bütün sahələr
üzrə əlaqələrin müntəzəm olaraq nəzərdən
keçirilməsini təmin edəcək, ictimai fikirdə hər
hansı bir mənfi rəy formalaşarsa, bunun
qarşısının alınması istiqamətində dərhal
qabaqlayıcı addımlar atacaq. Qardaş ölkənin
Baş naziri yeni yaradılmış şuranı yüksək
qiymətləndirərək dedi: "Yüksək Səviyyəli
Strateji Tərəfdaşlıq Şurası, eyni zamanda,
"Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir"
deyən Atatürklə, "bir millət, iki dövlət"
deyən mərhum Heydər Əliyevdən
aldığımız bayrağı daha da irəli aparmaq qətiyyətinin
bir təzahürüdür".
Türkiyə-Azərbaycan
xalqları arasında əsrlər boyu dostluq, qardaşlıq
münasibətləri həmişə yüksək səviyyədə
qurulub. Bu münasibətlər getdikcə daha da
yaxşılaşır. Həm böyük öndər
Atatürkün, həm də türk dünyasının
lideri Heydər Əliyevin iki ölkə arasında möhkəm
təməllər üzərində qurulmuş əməkdaşlığın
onun varisləri tərəfindən böyük müvəffəqiyyətlə
davam etdirilməsi siyasi, iqtisadi və mədəni sahələrdə
əldə olunan inkişaf prosesi ilə bugünkü mükəmməl
səviyyəyə çatmışdır. Dövlətimizin
başçısı İlham Əliyev Azərbaycan və
Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının qurulması haqqında Birgə Bəyannamənin
əhəmiyyətindən danışarkən bunu xüsusi
olaraq qeyd etdi. O dedi: "Bugünkü mərasimin çox
böyük əhəmiyyəti vardır. Bu gün
imzalanmış sənəd əslində bu günə qədər
görülən işlərə bir növ yekun vurur, strateji
tərəfdaşlığımızın gələcək
inkişafını müəyyən edir. Yüksək Səviyyəli
Strateji Tərəfdaşlıq Şurasının
yaradılması sadəcə adi bir müqavilə, saziş
deyildir. Bu, bizə imkan verəcək ki, gələcəkdə
bütün sahələrdə fəaliyyətimizi birlikdə
quraq, əlaqələndirilmiş şəkildə aparaq və
bütün sahələrdə daha da böyük nəticələrə
çataq. Bu saziş bütün sahələri əhatə
edir - siyasi əlaqələri, hansılar ki, bu gün ən
yüksək zirvədədir. Ticarət əlaqələri,
qarşılıqlı sərmayə qoyuluşu, enerji,
neft-qaz sahələrindəki əməkdaşlıq, nəqliyyat,
dəmir yolu layihələri, mədəniyyət, humanitar sahələr
- yəni, elə bir sahə yoxdur ki, bu sazişdən kənarda
qalsın. Bu, bizə imkan verəcək ki, Türkiyə ilə
Azərbaycanın əlaqələri bundan sonra da uğurla,
sürətlə və daha da mütəşəkkil qaydada
irəliyə getsin və xalqlarımız daha da birləşsin,
daha da sıx əməkdaşlıq etsin".
Hər
dəfə olduğu kimi, bu səfər çərçivəsində
də Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ problemi xüsusi olaraq diqqətə
çatdırıldı, Ermənistanın hələ də
işğalçılıq missiyasından əl çəkməməsi,
atəşkəsi pozması, beynəlxalq hüququn norma və
prinsiplərinə hörmətsizlik etməsi əsas
müzakirə məsələlərindən birinə
çevrildi. Bir daha vurğulandı ki, Ermənistan nə
vaxta qədər öz işğalçılıq siyasətindən
əl çəkməyib, bu ölkə ilə hər
hansı bir diplomatik əlaqə bərpa olunmayacaq. Türkiyə
ilə Azərbaycanın bütün səyləri, yeni
imzalanan sənədlər də buna xidmət edir.
Çünki Türkiyə bütün dövrlərdə Azərbaycanın
haqq işini dəstəkləmiş, Ermənistanla sərhədləri
də bu məqsədlə bağlamışdır. Türkiyə
Azərbaycanın ərazi bütövlüyünün bərpa
olunmasında çox fəallıq göstərir, bəzi ermənipərəst
qüvvələrin təzyiqlərinə dözür, onlara
Azərbaycanla qardaşlıq münasibətlərinin
sarsılmaz olduğunu öz əməlləri ilə
nümayiş etdirir. Bu sənədin imzalanması da
işğalçı Ermənistana, onu dəstəkləyənlərə
tutarlı cavab oldu. Bir daha məlum oldu ki, heç bir qüvvə
Türkiyə-Azərbaycan münasibətlərinə zərrə
qədər də olsun xələl gətirə bilməz.
Ümumiyyətlə,
dövlət başçımızın Türkiyəyə
bu səfəri, Türkdilli ölkələrin dövlət
başçılarının X zirvə toplantısında
iştirakı çox zəngin olmuşdur. Belə tədbirlər
türkdilli dövlətlər arasında əməkdaşlığın
daha da genişlənməsinə xidmət etməklə
yanaşı, Azərbaycanın beynəlxalq aləmdəki
mövqelərini daha da möhkəmləndirir.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2010.- 19 sentyabr.- S.-
1.