2504
yaşını bayram edən Gəncə
"Şəhər
günləri" təkcə qədim torpağın ildönümü deyil, həm
də onun hesabatıdır
Bu günlər
ulu Gəncə yenə toy-büsata bürünüb. Qədim Nizami yurdunun
sakinləri ənənəvi şəhər gününü
- Gəncənin 2504 yaşını qeyd
etməyə hazırlaşırlar. Hər ilin
sentyabr ayının son
günləri şəhər beləcə bayram
libası geyinir, şənlik şənliyə
qarışır, tarix xatırlanır, milli adət-ənənələr
yaşadılır.
Artıq
beşinci ildir ki, Gəncədə şəhər günlərinə
start verilir. Yeri gəlmişkən qeyd edək ki, "Şəhər
günləri" tədbiri ilk dəfə məhz Gəncədə
keçirilib. Bu təşəbbüs sonradan digər şəhər
və rayonlara da yayılmağa başlanıb.
Əslində "Şəhər günləri" təkcə qədim torpağın deyil, həm də onun bir növ hesabatıdır. Buna görə də hər ilin sentyabr günlərində Gəncədə görülən böyük tikinti-quruculuq, abadlıq işləri, qarşıda duran vəzifələr barədə sakinlərə məlumat verilir, onların rəyi öyrənilir və sair. Doğrudur, artıq 7 ildən çoxdur ki, Gəncə şəhər fəallarının yığıncaqlarında, müxtəlif müşavirələrdə, görüşlərdə şəhərdə həyata keçirilən işlər barədə hesabatlar verilir, ziyalıların, ağsaqqalların, mütəxəssislərin rəyləri öyrənilir, dəyərli təkliflər nəzərə alınır, onların həyata keçirilməsi üçün tədbirlər görülür. Bundan başqa, ənənə şəklini alan "Məhəllə günləri", "Açıq mikrofon" və digər tədbirlərdə də Gəncə sakinlərinin bir qismi konkret işlər haqqında doğru-dürüst məlumat alır. Amma "Şəhər günləri"ni bütün Gəncə əhalisi qeyd edir, on minlərlə adam şəhərin küçə və meydanlarına axışır. Şəhər ağsaqqallarından biri ilə söhbət edərkən dedi ki, artıq "Şəhər günləri" bizə çox doğma, əziz bir bayram olub. Novruz bayramını nə qədər səbirsizliklə gözləyiriksə, bunun da beləcə tez gəlməsini arzulayırıq.
Bir faktı da qeyd etməmək mümkün deyil. Gəncənin yaşı haqqında indiyədək tarixçi-alimlərimiz, arxeoloqlarımız müxtəlif rəylər söyləyirdilər. Qədim şəhər olması, onun eramızdan əvvəl də tanınması haqqında kifayət qədər məlumatların olmasına baxmayaraq, heç kim şəhərin konkret yaş tarixçəsini ya göstərə bilmir, ya da buna cəsarət etmirdi. Amma şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov 2003-cü ilin aprelindən, yəni Gəncə şəhərində fəaliyyətə başladığı vaxtdan bu vacib işlə çox ciddi məşğul olmağa başladı. Tarixçi alimlərlə, tədqiqatçılarla, ziyalılarla birlikdə şəhərin tarixinə dair müxtəlif elmi-praktik konfranslar, görüşlər, "dəyirmi masa"lar keçirildi, tarixi memarlıq abidələrinə əl gəzdirildi, kitablar, bukletlər hazırlandı. Arxivlər bir daha nəzərdən keçirildi, daha qiymətli materiallar, dəlil-sübutlar toplanıldı, bu barədə ictimaiyyətə geniş məlumat verildi. Şəhərin emblemi də təsdiq olundu. Məlumat üçün bildirək ki, Günəş, Ay və səkkizguşəli ulduzdan ibarət olan bu emblem yadelli işğalçılara qarşı mərdliklə vuruşmuş və 1804-cü ildə qəhrəmancasına həlak olmuş Gəncə hökmdarı Cavad xanın bayrağının üstündə olan emblemin analoqudur.
Şəhərin tarixi adının, yaşının qorunması, dəqiqləşdirilməsi və sübut olunması ilə bağlı son illər Gəncədə aparılan işlərin miqyası o qədər böyükdür ki, onların hamısını sadalamaq da olmur. "Comərdi qəssab" türbəsi, "Cavadxan məqbərəsi", "Gəncə darvazaları", "Şah Abbas məscidi", "Məmmədbağır məscidi", "Qədim Gəncə Qala divarları", "Şərəfxanlı", "Xəlfəli" məscidləri, Cavadxan dəftərxanası, "Ay-Ulduz", "Şir-Günəş", "Gəncə gerbi", "İmamzadə" kompleksi... Çoxdur, həddindən artıq çoxdur belə abidələr, tarixi yerlər, guşələr. Onlar daim diqqət mərkəzində saxlanılır və qonaqların və şəhər sakinlərinin ziyarətgahlarına çevrilmişdir. Bu yerlərə məktəblilərin və tələbələrin cəlb olunması, ekskursiyaların təşkili milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin təbliğ olunmasında mühüm rol oynamaqla yanaşı, yeniyetmə və gənclərimizdə vətənpərvərlik hisslərinin yüksəldilməsinə, dünyagörüşlərinin formalaşmasına çox böyük təsir göstərir. Elə təkcə hər il yanvarın 2-də Cavad xanın qəhrəmancasına həlak olduğu gün on minlərlə gəncin vağzaldan şəhərin mərkəzinə kimi uzun bir məsafəni qət edərək yürüş etməsi, görkəmli hökmdarın abidəsi önünə gəlməsi, vətənpərvərlik mövzusunda şeirlər deməsi, şüarlar səsləndirməsi dediklərimizə əyani sübutdur.
Hələ bir neçə il əvvəl Gəncənin tarixi adının yaşadılması, qədim Nizami yurdunda keçirilən "Şəhər günləri" ilə əlaqədar icra hakimiyyətinin başçısı Eldar Əzizovla söhbət edərkən demişdi:
- Gəncənin tarixi adının qorunub saxlanması, "Şəhər günləri" və digər tədbirlərin hamısı ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsləridir və onun bizə olan hədsiz qayğısı, köməyi, dəstəyi nəticəsində həyata keçirilir. Şəhərdə elə yer, tarixi abidə, guşə yoxdur ki, cənab Prezidentimizin ondan xəbəri olmasın. Həmişə maraqlanır, soruşur, köməklik göstərir. Prezidentimizin Gəncəyə məhəbbəti olmasaydı, biz bu şəhəri ortaya-ərsəyə gətirə bilməzdik.
Şəhər rəhbərinin dediklərini Gəncənin hər bir sakini təsdiqləyir, ölkə Prezidentinə dərin minnətdarlıq hissini daim dilə gətirir. Prezidentimizin Gəncəyə 10 dəfə səfər etməsi də onu göstərir ki, şəhər daim ölkə rəhbərinin diqqət və qayğısı ilə əhatə olunub.
...Gəncənin həyatında baş verən kəskin dəyişikliklər, müsbət irəliləyişlər, geniş abadlıq- quruculuq işləri, yeni tikilən saysız-hesabsız obyektlər, tikililər, park və xiyabanlar, digər işlər haqqında vaxtaşırı yazılar vermişik. Bu yazıda isə yalnız cari ilin birinci yarısında şəhərdə görülən işlərlə oxucuları tanış edirik. Görək şəhər özünün 2504 yaşını hansı nailiyyətlərlə qarşılayır, yuxarıda qeyd etdiyimiz kimi, hesabat verir.
Şəhərin sosial iqtisadi sahələrində son illər müşahidə olunan dinamik inkişaf 2010-cu ilin birinci yarımilliyində də saxlanılmış, həm sosial, həm də iqtisadi sahələrdə yeni nailiyyətlər qazanılmış, əhalinin həyat səviyyəsinin yüksəlməsini təmin edən gəlirlər və əmək haqqı artmışdır.
Hesabat dövründə iqtisadiyyatın əsas sahələrində 155,5 milyon manatdan çox ümumi daxili məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə sənayedə 16,5 faiz çoxdur.
Ümumi məhsul buraxılışının tərkibində sənaye məhsul istehsalının xüsusi çəkisi 31 faiz təşkil etmiş və 48,4 milyon manatdan çox məhsul istehsal olunmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sənayedə 6,2 faiz artım əldə edilmişdir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-dövlət bölməsində məhsul istehsalı 14,4 faiz artmış, ümumi sənaye məhsulunda onun xüsusi çəkisi 28,7 faizə çatmışdır. İstehsal olunan məhsulun 44,9 milyon manatı istehlak bazarına çıxarılmışdır.
Sənaye müəssisələrinin anbarlarında 4,4 milyon manatdan çox satış üçün nəzərdə tutulmuş hazır məhsul ehtiyatı yaranmışdır. Anbar qalığının 3,4 milyon manatı dövlət müəssisələrinin payına düşür. Keçən ilin müvafiq dövrü ilə müqayisədə emal sənayesində istehsalın həcmi 4,1 faiz, o cümlədən mühüm məhsullar üzrə - şokolad, şirniyyat məmulatlarının, buğda və çovdar qarışığı buğda ununun, makaronun, pambıq ipliyin, spirtin, arağın istehsalı artmış, yeni qablaşdırılmış şəkər və şəkər tozunun istehsalına başlanılmışdır. Bu dövrdə maşın və avadanlıqların istehsalı ötən ilə nisbətən 79 faiz, su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsi üzrə 36,3 faiz artım müşahidə olunmuşdur.
2010-cu ilin birinci yarımilliyində məhsul istehsalının və xidmətlərin göstərilməsinin həcmi "Gəncə Əlvan Metal Emalı", "Gəncə Qənnadı" və "Şərab-2" səhmdar cəmiyyətlərində, Gəncə Avtomobil və Gəncə maşınqayırma zavodlarında, vaqon deposunda, "NN" kiçik müəssisəsində, Gəncə Elektrik Şəbəkəsində, "Asmet" LTD müəssisəsində, Gəncə Qaz İstismarı İdarəsində 2009-cu ilin eyni dövrü ilə müqayisədə artım əldə olunmuşdur. Bu müəssisələrin ahəngdar işləməsi nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,9 milyon manat çox məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.
İstehsalın həcminin artırılması istiqamətində avtomobil zavodunun fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Dövlətin qayğısı və köməyi sayəsində ərsəyə gələn zavodun fəaliyyətində sabitlik və inkişaf müşahidə olunur, iqtisadi göstəricilər hər il artan xətt üzrə davam edir. Daim axtarışda olan müəssisə cari ildə Almaniyanın kommunal maşınlarının istehsalı üzrə ixtisaslaşmış "Haller" şirkəti ilə bu tipli maşınların yığılması ilə bağlı müqavilə imzalamışdır. Zavod sənaye müəssisələri arasında aparıcı istehsalat sahəsinə çevrilmişdir. Burada ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,7 milyon manatdan çox məhsul istehsal edilmişdir.
"Gəncə Əlvan Metal Emalı" və "Gəncə Qənnadı" səhmdar cəmiyyətləri də rəqabətə dözümlü, tələb və təklifə uyğun məhsulların keyfiyyətinin yaxşılaşdırılması üçün istehsal qurğularının və avadanlıqlarının yeniləşdirilməsi sahəsində əməli işlər görürlər. Bu səbəbdən də məhsul istehsalının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə uyğun olaraq 1,8 və 1,6 dəfə artmışdır.
Altı ay ərzində şəhərin sosial sahələrinin inkişafına bütün maliyyə mənbələri hesabına 19,3 milyon manat həcmində investisiya yönəldilmiş, ötən ilin eyni dövrü ilə müqayisədə 34,8 faiz artım əldə olunmuşdur.
Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi ümumi investisiyanın 90,3 faizini təşkil edərək, 16,8 milyon manat olmuşdur. Ümumi sahəsi 1763 kvadratmetr fərdi yaşayış evləri inşa edilib istifadəyə verilmiş, yaşayış evlərinin tikintisinə 566 min manat vəsait sərf edilmişdir.
Son iki il yarım ərzində sahibkarlıqla məşğul olan şəxslərin sayı xeyli artmışdır. "Bir pəncərə" sisteminin tətbiq olunması sahibkarlıq sektorunda canlanmanı intensivləşdirmiş və fiziki şəxslər də daxil olmaqla qeydə alınmış sahibkarlıq subyektlərinin sayı 1008-ə çatmışdır. Dünyada maliyyə böhranının olmasına baxmayaraq şəhərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə kömək göstərilmiş, banklar tərəfindən onlara 38,5 milyon manat kredit ayrılmışdır. Kreditlər, əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı infrastruktur layihələrinə yönəldilmişdir.
Gəncə şəhəri üzrə Dövlət Proqramında nəzərdə tutulan işlərin vaxtında icrası ilə bağlı şəhər icra hakimiyyəti mərkəzi icra aparatının yerli qurumları və digər aidiyyatı orqanlarla birgə müntəzəm təşkilati tədbirlər həyata keçirir, görülən işlər diqqət mərkəzində saxlanılır.
Dövlət Proqramında müəyyən edilmiş tədbirlərin, xüsusən də işsizliyin aradan qaldırılması ilə bağlı mövcud sənaye xarakterli istehsal sahələrinin genişləndirilməsi, maşınqayırma, metallurgiya, cihazqayırma, yüngül və yeyinti sənayesi sahələrində inkişafı dəstəkləməklə, yeni texnologiya və qabaqcıl təcrübələr tətbiq olunmaqla bu sahədə məqsədyönlü, ardıcıl işlər görülür. Proqram qəbul edildiyi dövrdən şəhərdə yerləşən beş yüngül və yeyinti sənayesi müəssisəsinin investisiya layihələrinin maliyyələşdirilməsinə 1,6 milyon manat güzəştli kredit ayrılmışdır. zərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xeyir-duası ilə təməli qoyulmuş 4500-dən çox yeni iş yerinin açılacağı "Daşkəsən Filiz Saflaşdırma" ASC-nin "Gəncə Polad Kompleksi"nin və "DETAL. AL" MMC-nin Alüminium zavodunun tikintisi davam etdirilir. Müəssisələrdə elmi texniki tərəqqinin son nailiyyətlərinin nəticəsində əldə olunmuş avadanlıq və texnologiyanın tətbiqi nəzərdə tutulur.
2010-cu ilin sonuna istismara verilməsi nəzərdə tutulmuş iki ədəd 250 MVA gücündə güc transformatoru qoyulacaq alüminium zavod yarımstansiyasında tikinti-quraşdırma işləri davam etdirilir, burada ilk dəfə Zaqafqaziyada analoqu olmayan 33 kv-luq qapalı paylayıcı istifadəyə veriləcəkdir.
"Gəncə-Qənnadı" ASC-də istehsalın gücünün artırılması, aşınmış avadanlıqların yeniləşdirilməsi, istehsalat və köməkçi binaların təmirinə ilin əvvəlindən 460 min manatdan çox sərmayə qoyulmuşdur.
"Gəncə-şərab-1" ASC-də aylıq istehsal gücü 10 ton olan yeni şəkər istehsal sahəsinin tikintisində son tamamlama işləri aparılır. Müəssisənin vafli sexinin genişləndirilməsi ilə əlaqədar istehsalatda yenidənqurma və bərpa işləri davam etdirilir.
"Gəncə şərab-2" ASC-də üzümün qəbulu və emalı sexində müasir avadanlıqların alınıb quraşdırılmasına və yeni üzüm bağlarının salınmasına 700 min manatdan çox vəsait yönəldilmişdir.
Quşçu kəndində Gəncə "Elba" MMC-nin Daşkəsən filialının ət kəsimi müəssisəsi yaradılır, həmin müəssisə fəaliyyətə başladıqdan sonra 120 nəfərin işlə təmin olunması nəzərdə tutulur.
"Gəncə-Dəyirman" ASC-nin investisiya müsabiqəsinin qalibi "A Co" MMC müəssisəsinin bərpası və texnologiyanın yeniləşdirilməsinə 1,6 milyon manata yaxın vəsait yönəltmişdir. Hazırda müəssisə fəaliyyətə başlamış və 50 nəfərə yaxın adam işlə təmin edilmişdir. İstehsal olunan məhsulun bazarda tələbatından asılı olaraq işçilərin sayı 100 nəfərə çatdırılacaqdır.
"Abşeron" MMC tərəfindən Gəncə ağac emalı zavodu bazasında "Gəncə-Cihazqayırma" Səhmdar Cəmiyyəti yaradılmışdır. Burada su sayğacları və onların ehtiyat hissələri istehsal olunacaqdır. Müəssisənin yenidən qurulmasına bir milyon manatdan çox investisiya yönəldilmişdir. 2010-cu ilin sentyabr-oktyabr aylarında müəssisənin istismara verilməsi nəzərdə tutulmuşdur. Zavod layihə gücünə çatdıqda 200 nəfər işlə təmin ediləcəkdir.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması üçün Yeni Gəncə yaşayış massivində inşası nəzərdə tutulmuş 5 yaşayış binasından birinin tikintisi başa çatmış, digərində tikinti quraşdırma işləri yekunlaşmaq üzrədir. Digər üç 81 mənzilli yaşayış binasının tikintisinə cari ildə başlanacaqdır.
Şəhərdə turizmin inkişafı ilə bağlı Dövlət Proqramı çərçivəsində görülən işlərin davamı olaraq cənab Prezidentin iştirakı ilə Gəncədə beynəlxalq standartlara tam cavab verən, növbədə 300 nəfər qəbul etmək gücünə malik 10 mərtəbəli 181 otaqlı, ümumi sahəsi 20 min kvadratmetrə yaxın beşulduzlu "Ramada-Plaza" mehmanxanası istifadəyə verilmişdir.
Dövlət Proqramına uyğun olaraq şəhərin içməli su və kanalizasiya sisteminin həlli və Gəncə çayının sahil boyunun və məcrasının yenidən qurulması kimi iri həcmli layihələrin həyata keçirilməsi bu illərdə də davam edəcəkdir. Bu proqram çərçivəsində nəzərdə tutulmuş yol təsərrüfatının, xüsusilə məhəllədaxili yolların, yeni avtomobil körpülərinin inşası, şəhərdə müasir rabitə şəbəkəsinin yaradılması, mənzil təsərrüfatı və sosial müdafiə tədbirlərinin həyata keçirilməsi mərhələ-mərhələ öz həllini tapır.
Dövlət Proqramında şəhərin mədəniyyət obyektlərinin, tarixi abidələrinin yenidən qurulması və bərpası ilə əlaqədar nəzərdə tutulmuş tədbirlərə əsasən, Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə şəhərin mərkəzində Ə.Hüseynzadə küçəsində yerləşən "Şah Abbas Karvansarayı"nın bərpasına başlanılmış, Gəncə Dövlət Filarmoniyasının 500 yerlik, təxminən 12 min kvadratmetr sahəsi olan binanın tikilməsi üçün layihə-smeta sənədləri hazırlanmışdır. Yaxın gələcəkdə onun tikintisinə başlanacağı gözlənilir.
Bir il yarım ərzində Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 3552 yeni iş yeri yaradılmışdır ki, onun da 3049-u daimi iş yerləridir. Altı ay ərzində isə 1322 yeni iş yeri açılmışdır.
2010-cu ilin birinci yarım ili ərzində şəhər təsərrüfatı müəssisələri abadlıq, təmir-bərpa və xidmət işinin səviyyəsini artırmaq istiqamətində ardıcıl işlər görmüşdür.
Şəhərin Heydər Əliyev, Şah İsmayıl Xətai prospektlərində 6,4 kilometr uzunluğunda və N.Nərimanov prospekti VII-XII döngələrində 80 min kvadratmetrdən çox yeni asfalt-beton örtük salınmış, 3000 metr uzunluğunda səki daşları yenisi ilə əvəz edilmiş, səkilərdə 3500 kvadratmetr sahədə üzlük dekorativ plitələr döşənmişdir.
Şah İsmayıl Xətai prospektindəki binaların fasadları əsaslı şəkildə müasir üzlük materialdan, gülbağı, kərpic və alkapon ilə müvafiq memarlıq layihələri əsasında əsaslı şəkildə təmir olunmuş, dekorativ üzlük plitə və qranitlə təmir edilmişdir.
Mütəfəkkir şair Məhəmməd Füzulinin adını daşıyan parkda yenidənqurma, abadlıq-quruculuq işlərinə başlanılmış, görkəmli şairin heykəlinin postamenti təzədən qurularaq qranitlə üzlənmiş, rənglənmiş, yaşıllıqların suvarılması üçün suvarma sistemi qurulmuşdur. Hazırda yeni müasir formada fəvvarənin tikintisi aparılır.
İstirahət zonasında 2500 kvadratmetr dekorativ üzlük plitə salınmış, yeni işıqlanma sistemləri qurulmuş, fəvvarə üçün nasosxana tikilmişdir. Ağaclar aqrotexniki qaydada budanmış, ərazidə yeni yaşıllıq sahələri salınmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı və yaxından köməyi ilə "Xan bağı"nın qədimliyi saxlanılmaqla müasir formada qurulması işləri aparılır. Respublika Memarlıq İttifaqının aparıcı memarlarının layihələri əsasında Yaşıl Teatrın, fəvvarə kompleksinin və istirahət ərazilərinin əsaslı təmir işləri görülür. Parkın təbii və subartezian quyusu vasitəsi ilə suvarılması üçün suvarma sistemi yaradılmış, işıqlandırma şəbəkəsi əsaslı şəkildə yenidən qurulmuşdur.
Yaşıllıq zonalarına 500 kubmetrdən çox münbit torpaq verilmiş, ağaclar mütəxəssislərin nəzarəti ilə aqrotexniki qaydada budanmış və müvafiq formaya salınmışdır. Məişət obyektlərinin müasir layihələr əsasında yenidən tikilməsi üçün tədbirlər görülür.
Hər il olduğu kimi, şəhərin yaşıllaşdırılması genişləndirilərək, müasir şəhərsalma tələblərinə uyğun olaraq cari ilin əvvəlindən yeni qazon sahələri salınmaqla onun ümumi sahəsi 50 hektara çatdırılmışdır. "Ekologiya ili" elan edildiyi aydan bu dövrədək 100 mindən çox ting, kol və çiçəklər əkilmişdir. Yaşıllıqların suvarılmasında istifadə edilən subartezian quyuları və xətləri vaxtaşırı təmir edilmişdir.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın "Hərəmiz bir ağac əkək!" devizi altında şəhər icra hakimiyyətinin təşəbbüsü ilə "Yaşıllaşdırma aylıqları", keçirilmiş, mütəmadi olaraq iməciliklər təşkil olunmuş, Heydər Əliyev parkında 50 mindən artıq yeni ağac əkilmişdir.
Şəhər sakinlərinin və iqtisadiyyatın fasiləsiz, dayanıqlı elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin edilməsi istiqamətində görülən məqsədyönlü və sistemli işlər cari ilin birinci yarımilliyində də davam etdirilmişdir.
Təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi şəhər rəhbərliyinin diqqət mərkəzində saxlanılmışdır. Ötən il 13 saylı məktəbdə 960 şagird yerlik bina tikilib istifadəyə verilmiş, 38 saylı orta məktəbdə isə 480 şagird yerlik yeni bina inşa olunmuşdur. Məktəblərdə təmir işləri aparılır, onların payız-qış mövsümündə istiliklə təmin edilməsi üçün müvafiq tədbirlər görülür.
Təhsil kursu üzrə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılmasına hazırlıqla bağlı məktəb direktorlarının, fənn müəllimlərinin, şagirdlərin və valideynlərin maarifləndirilməsi işi təşkil edilmiş, nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı onlara lazımi kömək göstərilmişdir.
Təhsildə aparılan islahatların keyfiyyətcə daha yüksək mərhələyə keçməsi ilə əlaqədar şəhərin ali və orta təhsil ocaqlarının maddi-texniki bazasının təkmilləşdirilməsi, müasir avadanlıqlar, informasiya texnologiyaları və fənn kabinetlərinin təchizatı istiqamətində tədbirlər görülmüşdür.
Şəhər səhiyyə sistemində aparılan ardıcıl işlər, xüsusən də onun maddi-texniki bazasının yüksəldilməsi, kadrların təkmilləşdirilməsi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətcə daha yüksək səviyyəyə qaldırılmasına imkan vermişdir.
Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü və köməyi ilə tikilmiş Gəncə Müalicə-Diaqnostika Mərkəzinin açılışında onun "Gəncə Müalicə - Diaqnostika Mərkəzi həm Gəncə üçün, həm də ətraf rayonlar üçün böyük töhfədir. Səhiyyə, təhsil və humanitar məsələlər uğurla həll olunur və Gəncə şəhərində yaxşı nəticələr verir" ifadəsi Gəncə səhiyyə işçilərinə və eləcə də bütün gəncəlilərə gördükləri işlər üçün verilən böyük qiymətin təzahürüdür.
2010-cu ilin fevral ayında şəhər səhiyyə idarəsi tərəfindən Hacıkənd qəsəbəsində məskunlaşmış Xocalı rayon məcburi köçkünlərinə və qəsəbənin yerli sakinlərinə profilaktik xidmət göstərilməsi məqsədilə 400 nəfərə müayinə və tibbi baxış keçirilmişdir. Qanköçürmə Mərkəzinin könüllü donorluq aksiyası keçirilmiş, tədbirdə 300 nəfərdən çox adam iştirak etmiş və 85 litr qan tədarük edilmişdir.
Tarix və mədəniyyət abidələrinin mühafizəsi, qorunması, bərpası və onlardan istifadə olunması, mədəni-maarif müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində müəyyən işlər görülmüşdür. Dahi Şeyx Nizami məqbərəsində, görkəmli ədib-alim Mir Cəlal Paşayevin ev muzeyində, "Ozan" və "Şərəfxanlı" məscidində, Azərbaycanın ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun xatirə və ev muzeyində, Dövlət Kamera Orkestrinin binasında, 2 və 4 saylı uşaq musiqi məktəblərində, "Xəlfəli" məscidində təmir işləri aparılmışdır. Mədəniyyət obyektlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün müxtəlif inventar və avadanlıqlar alınmışdır.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları" Proqramı çərçivəsində "Gəncə Azərbaycanın əfsanələr paytaxtı" elan olunmuşdur. Bu tədbirə start verməklə "Azərbaycan xalqının tarixi", "Azərbaycan nağıl və dastanları", "Qədim Gəncə" adlı kitab sərgiləri təşkil olunmuşdur.
Gəncə şəhərində böyük bayram konsertlərinin Heydər Əliyev meydanında keçirilməsi ənənə halını alıb. Respublikamızın tanınmış incəsənət ustalarının iştirakı ilə keçirilən konsertdə minlərlə şəhər sakini və ətraf rayonlardan gələn qonaqlar iştirak edirlər. Əlamətdar günlər, tarixi hadisələr, xatirə gecələri, anım mərasimləri, yubiley və digər tədbirlər, həmişə olduğu kimi, yüksək səviyyədə hazırlanmış və keçirilmişdir.
...Ulu Gəncənin yaşını təntənə ilə qeyd etməyə, sevinməyə, şənlənməyə, qürur hissi keçirməyə haqqı var. Tarixin kəşməkəşlərindən keçmiş qədim Nizami yurdunun bu gününə baxanda sevinməyə bilmirsən. Yüz illər əvvəl onu qoruyanlar da, bu gün onu sevib yaşadanlar, tarixinə hörmət, məhəbbətlə yanaşanlar da alqışa layiqdirlər.
Hamlet QASIMOV,
"Xalq qəzeti"nin bölgə müxbiri
Xalq qəzeti.- 2010.-19 sentyabr.- S. 4.