Azərbaycan Tibb Universiteti – 80
Stomatoloji klinika və
Azərbaycanda stomatoloq kadrları
hazırlanmasının perspektivləri
Azərbaycan Tibb Universiteti ölkəmizdə
tibbi və əczaçı kadrların, eləcə də hərbi
- tibbi kadrların hazırlanması sahəsində fəaliyyət
göstərən yeganə ali təhsil müəssisəsidir.
Universitetin kollektivi bu ali təhsil müəssisəsinin
mövcud olduğu illər ərzində özünün əsas
vəzifəsinə sadiq qalmış, ölkəmiz
üçün yüksək səviyyəli tibbi, əczaçı
və hərbi - tibbi kadrlar hazırlamaq sahəsində
böyük işlər görmüşdür. Hazırda Azərbaycan
Tibb Universitetində fəaliyyət göstərən 7
fakültədən biri stomatologiya fakültəsi, 3 klinikadan
biri stomatoloji klinikadır. Həm stomatologiya fakültəsi, həm
də stamotoloji klinika hazırkı səviyyəyə qalxanadək
çətin və şərəfli bir yol keçmişdir.
İnsan
bütün həyatı boyu stomatoloqa - diş həkiminə
ehtiyac hiss edir. Odur ki, bütün dünyada olduğu kimi, Azərbaycanda
da diş həkimləri - dontistlər fəaliyyət göstərmişlər.
Vaxtilə bu işlə heç bir tibb təhsili görməmiş
insanlar məşğul olur və onlar bitki
ekstraktlarının dəmləmələrindən
ağrıkəsici maddə kimi istifadə edirdilər.
Dişlərin primitiv cərrahiyyə əməliyyatlarını,
yəni dözülməz diş ağrıları olanda
onların çəkilməsini, əsasən dəlləklər
yerinə yetirirdilər. Onlar heç bir aseptik və antiseptika
qaydalara riayət etmədiklərindən xəstələr
tez-tez ağır fəsadlarla üzləşirdilər. Azərbaycanda
orta və ali təhsilli diş həkimlərinin yetişdirilməsinə,
əsasən, 1919-cu ildən, yəni Bakı Universitetinin tibb
fakültəsi yarandıqdan sonra başlanmışdır.
1925-ci ildə Azərbaycanda ilk dəfə Diş Həkimliyi
Texnikumu, sonra isə Diş Həkimliyi İnstitutu
yaradılmışdır. İnstitutun direktoru
bacarıqlı həkim Ağamehdi Əlizadənin rəhbərliyi
altında burada o dövrün məşhur alimləri müxtəlif
fənlər üzrə tədris işləri
aparmışlar. Sonralar görkəmli anatom kimi şöhrət
qazanmış professor Kamil Balakişiyev bu institutda anatomiya fənni
tədris etmişdir. Lakin 1930-cu ilnin may ayının 9-da o
vaxtkı Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinin
bazası əsasında Azərbaycan Tibb İnstitutu
yaradıldıqdan sonra Diş Həkimliyi İnstitutu ləğv
edilmiş və ATİ-nin müalicə-profilaktika fakültəsi
nəzdində diş həkimliyi şöbəsi təşkil
edilmişdir ki, bu da diş həkimlərinə olan
ehtiyacı ödəməyə imkan yaratmışdır.
Diş Həkimliyi İnstitutunun direktoru Ağamehdi Əlizadə
normal anatomiya kafedrasında fəaliyyətini davam etdirmiş,
K.Balakişiyevin rəhbərliyi altında namizədlik
dissertasiyası müdafiə etmişdir.
Lakin
diş həkimlərinə, yüksək ixtisaslı
stomatoloqlara olan tələbat mühüm bir problem kimi
qarşıda durduğu üçün 1954-cü ildə Azərbaycan
Dövlət Tibb İnstitutunun nəzdində sərbəst
stomatologiya fakültəsi təşkil edilmişdir. Həmin
dövrdə ATİ-nin rektoru, professor Bahadur Eyvazov, tədris
işləri üzrə prorektor professor Kamil Balakişiyev,
yeni yaradılan fakültənin ilk dekanı isə
tanınmış əczaçı professor Rüstəm Əliyev
olmuşdur.
Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsinə ilk tədris ilində 50 nəfər qəbul edilmiş, sonrakı illərdə onların sayı tədricən artırılmışdır. İlk illərdə kadr qıtlığı üzündən terapevtik, ortopedik və cərrahi stomatologiya kafedralarına dosent Əhməd Həsənzadə rəhbərlik etmişdir. Sonralar cərrahi stomatologiya kafedrasının inkişafı operativ cərrahlıq, topoqrafiq anatomiya, eləcə də transplantologiya sahələrində məşhurlaşmış böyük Azərbaycan alimi, əməkdar elm xadimi, professor Gülbala Qurbanovun adı ilə bağlı olmuşdur. Müəyyən müddət ortopedik stomatologiya kafedrasına professor Əliağa Əhmədov, terapevtik stomatologiya kafedrasına isə dosent Rüstəm Mirzəyev rəhbərlik etmişdir.
Keçmiş SSRİ dövründə ATİ-nin klinik kafedraları Səhiyyə Nazirliyinin xəstəxana və poliklinikalarında yerləşirdi. Tədris otaqlarının azlığı və lazimi avadanlıqların olmaması müəyyən çətinliklər yaradırdı. Son illərdə Tibb Universiteti klinikalarının açılması bu problemin həlli yolunda atılan ən ciddi və məqsədyönlü addım oldu.
Azərbaycan Tibb Universitetinin stomatoloji klinikası 2002-ci ilin sentyabr ayında ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində təşkil olunmuşdur. Bu klinikanın yaranması stomatologiya fakültəsinin açılma tarixindən - 1954-cü ildən bu günə qədər ən önəmli və yaddaqalan hadisələrdən biri oldu. Bu, Azərbaycan Tibb Universitetində açılmış ilk klinika idi. Stomatologiya fakültəsinin bütün profil kafedraları bu klinikada yerləşir. Burada terapevtik, cərrahi, ortopedik, uşaq stomatologiyası kafedraları və müalicə, pediatriya, tibbi- profilaktika və hərbi-tibb fakültələrinin tələbələri üçün stomatologiya kafedrası ilə bərabər terapiya, cərrahiyyə, ortopediya, ortodontiya, parodontologiya, implantologiya, fizioterapiya, rentgen şöbələri və laboratoriyalar fəaliyyət göstərir. ATU-nun stomatoloji klinikasının hazırkı direktoru ortopedik stomatologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Alqış Səfərovdur. Stomatoloji klinikanın ilk direktoru isə bu sətirlərin müəllifi olmuşdur. Universitetin stomatoloji klinikasının əsas fəaliyyət istiqaməti yüksək ixtisaslı həkim-stomatoloq kadrları hazırlamaq məqsədilə tədris, elmi-tədqiqat işlərinin aparılması üçün müasir tələblərə cavab verən baza olmaqla, əhaliyə yüksək ixtisaslı stomatoloji xidməti təmin etməkdən ibarətdir.
Bu məqsədlə 4 mərtəbəli tədris-klinik bina əsaslı təmir olunduqdan sonra Yaponiya, Almaniya, Türkiyə, Slovakiya, Braziliya, Koreya və başqa ölkələrdə istehsal olunan avadanlıq və yeni stomatoloji qurğularla təchiz olunmuşdur. Binada yeni tədris otaqları yaradılmış, köhnələri müasir stomatoloci klinikanın tələblərinə uyğun olaraq əsaslı təmir edilmişdir. Rentgen-diaqnostika və kompyuter tədris kabinetləri tələbələrin istifadəsinə verilmişdir. Sterilizasiya sistemi köklü surətdə dəyişdirilərək avtoklavlaşdırma sisteminə keçilmişdir. Stomatologiyada istifadə olunan dərman və ləvazimatlar ən müasir standartlara cavab verən aparıcı şirkətlərin məhsulları ilə əvəz olunmuşdur.
Əgər müqayisəli təhlil aparsaq görərik ki, son 10 ildə Azərbaycanda tibbin ən çox inkişaf edən, ən çox elmi yeniliklərlə zənginləşən sahəsi stomatologiya sahəsi olmuşdur. Bu mərhələni stomatologiyanın sıçrayışlı inkişaf mərhələsi adlandırmaq olar. Bunun nəticəsində ölkədə müalicə-profilaktik işlərdə köklü dəyişikliklər baş vermişdir.
Azərbaycan Tibb Universitetinin 9 kafedrası və bir kursu stomatologiya
fakültəsi dekanlığının rəhbərliyi
altında fəaliyyət göstərir: 1. Terapevtik stomatologiya (kafedra müdiri professor Çingiz
Paşayev), 2. Ortopedik stomatologiya (kafedra
müdiri professor Elxan
Kərimov); 3. Ağız və
üz-çənə cərrahiyyəsi
(kafedra müdiri
professor Çingiz Rəhimov);
4. Uşaq stomatologiyası (kafedra müdiri professor Rəna Əliyeva); 5.
Stomatologiya (müalicə-profilaktika,
pediatriya, tibbi-profilaktika
və hərbi-tibb fakültələri üçün
- kafedra müdiri, professor Tamara Hüseynova);
6. Qulaq, burun, boğaz və qulaq xəstəlikləri
(kafedra müdiri
professor Əzizağa Talışinski);
7. Operativ jərrahlıq və
topoqrafiq anatomiya (kafedra müdiri professor Loğman Məmmədov),
8. Xarici dillər (kafedra
müdiri dosent Zenfira Məmmədova); 9.
Bədən tərbiyəsi və
idman (kafedra müdiri professor Kamal Kəbirlinski); 10. Həkim nəzarəti
və müalicə-bədən
tərbiyəsi kursu- stomatologiya fakültəsinin
kafedralarında 270 nəfər
professor-müəllim heyəti
və köməkçi
tədris personalı fəaliyyət göstərir.
Dekan terapevtik stomatologiya kafedrasının dosenti Rizvan Məmmədovdur.
Stomatologiya fakültəsi elmi şurasının 25 üzvü
vardır. Onlardan 12 nəfəri professor, 10 nəfəri dosent, 3 nəfəri tələbə
təşkilatı fəallarıdır.
Azərbaycan Tibb Universiteti tarixində stomatologiya fakültəsi tədrisin
kredit sistemi ilə məşğul olan sayca ikinci
fakültə olmuşdur. Bundan bir il əvvəl həmin sistem tibbi - profilaktika və tibbi biologiya fakültəsində tətbiq
edilmişdir ki, bu da universitetin
bu sistemə bütövlükdə tədrici
keçidi ilə ATU-da tədrisin boloniya prosesinin Avropa Kredit Sisteminə
keçilməsi istiqamətində
tədris proqramlarında
müvafiq dəyişikliklər
aparılır.
Yarandığı vaxtdan sonra stomatologiya fakültəsinin
profil kafedralarındakı
tələbələrin tədris
ili üzrə
ümumi sayı 50-də
1090 nəfərə qədər
artmışdır. Xarici tələbələrin
sayı isə 362- yə çatmışdır.
Bu gün fakültənin
36 faizini 14 ölkədən
- Finlandiya, ABŞ, Türkiyə,
Əfqanistan, Səudiyyə
Ərəbistanı, Filippin,
Gürcüstan, İran,
İrak, Pakistan, İordaniya,
Fələstin, Suriya və digər ölkələrdən gəlmiş
tələbələr təşkil
edir. Bu, ölkəmizdə,
o cümlədən ATU-da
gedən inkişafın,
demokratik mühitin və tolerantlığın
nümunəsidir.
Tələbələrimiz təhsilini bitirdikdən sonra istədiyi ölkələrdə təhsillərini
davam etdirmək və işləmək hüququna malikdirlər.
Ümumiyyətlə, stomatologiya fakültəsinin kafedralarında
və klinikada 194
professor-müəllim heyəti
çalışır ki,
onlardan 8 nəfəri
tibb elmləri doktoru, professor, 26 nəfəri
dosent, 85 nəfəri
tibb üzrə fəlsəfə doktoru, assistentdir. Stomatologiya fakültəsinin ilk buraxılışı 1959-cu ildə
olmuşdur. O vaxtdan
indiyə qədər
burada 8 mindən çox həkim-stomatoloq hazırlanmışdır. Məzunlarımız ölkəmizdə, eləjcə
də müxtəlif xarici ölkələrdə
uğurla fəaliyyət
göstərirlər.
Azərbaycan Tibb Universitetində yaradılmış ikinci klinika onkoloji klinika olmuşdur və bu klinika
da müasir avadanlıqlarla təchiz olunmuş yeni binada artıq 3 ildir ki, yüksək
səviyyədə fəaliyyət
göstərir.
Yubiley ərəfəsində yeni tədris ilində Azərbaycan Tibb Universitetinin müasir avadanlıqlarla təchiz olunmuş yeni terapevtik klinikası tələbələrin və müəllimlərin istifadəsinə veriləcəkdir. Cərrahi klinikanın tikinti işləri isə başa çatmaq üzrədir.
Beləliklə, Azərbaycan Tibb Universitetinin maddi-texniki bazalarının müasir tələblərə uyğun səviyyəyə çatdırılması, müxtəlif profilli yeni universitet klinikalarının açılması dövlətin insanların sağlamlığı keşiyində duran yüksək ixtisaslı həkim kadrlarının hazırlanmasına xidmət edən təhsil müəssisəsinə töhfəsidir. Bütün bunlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin təhsilə və səhiyyəyə göstərdiyi yüksək qayğı və diqqətin bariz nümunəsidir.
ATU-nun ölkəmizdə yüksək ixtisaslı həkim -stomatoloq kadrları hazırlanmasında mühüm rol oynayan ilk klinikası olan stomatoloji klinikanın və stomatologiya fakültəsinin bütün əməkdaşları Azərbaycan Tibb Universitetinin 80 illik yubileyini yeni nailiyyətlərlə qarşılayırlar. Bu şərəfli yubiley münasibətilə həm stomatoloji klinikanın əməkdaşları və bu klinikanın bazasında yerləşdirilmiş bütün kafedraların professor-müəllim heyəti, həm də bütün stomatoloqlar adından ölkəmizin tibb işçilərini, Azərbaycan Tibb Universiteti kollektivini ürəkdən təbrik edir, onlara yeni-yeni nailiyyətlər arzulayıram.
Zöhrab QARAYEV,
ATU-nun ortopedik stomatologiya
kafedrasının professoru,
tibb elmləri doktoru
Xalq qəzeti.- 2010.- 19 sentyabr.- S.
6.