Azərbaycanın
işğal edilmiş
ərazilərində beynəlxalq təşkilatların
faktaraşdırıcı missiyasının işləməsi
diplomatiyamızın növbəti uğuru
olacaq
Dağlıq
Qarabağ Azərbaycanın tarixi və əzəli
torpağıdır. Beynəlxalq birlik tərəfindən
Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi
kimi tanınır və bu, o deməkdir ki, məsələnin
istənilən yolla həll olunması Azərbaycanın daxili
işidir, heç bir kənar qüvvə bu məsələyə
müdaxilə edə bilməz.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
XXI əsrin ikinci onilliyinin ərəfəsində,
dünya dövlətlərinin müasir siyasi texnologiyalarla
idarə olunduğu, dünya xalqlarının sülhə və
əmin- amanlığa daha çox can atdığı bir
dövrdə orta əsrlər təfəkkürü ilə
yaşayıb-işləyən ermənilər artıq tamamilə
təklənmək üzrədirlər.
Bu
gün beynəlxalq aləmdə işğalçını
dəstəkləyən qüvvələr demək olar ki,
qalmamışdır. Çünki yuxarıda qeyd etdiyimiz kimi
artıq bütün dövlətlər müasir siyasi
texnologiyalarla idarə olunur. Bu isə hər kəsin öz
maraqları çərçivəsində fəaliyyət
göstərməsini, özünün həyati problemlərinin
həllini təmin edən prinsiplər əsasında siyasət
yeritməsini zəruri edir. Çünki dünya ölkələrinin
hamısı yeni əsrin diqtə etdiyi çox mühüm
bir məsələ ilə üz-üzədir. Bu, ölkələrin
enerji təhlükəsizliyinin təmin edilməsi məsələsidir.
Belə olan halda heç bir ölkənin enerji təhlükəsizliyinin
təmin edilməsində zərrə qədər də olsa əhəmiyyət
kəsb etməyən Ermənistanın qəyyumları və
himayədarları avtomatik olaraq azalır.
Bu
ilin may-iyun aylarında - Amerika Birləşmiş
Ştatlarının Prezidenti Barak Obamanın Azərbaycan
Prezidenti İlham Əliyevə iki məktub göndərməsi,
həmin məktublarda Azərbaycanla əməkdaşlığa
böyük önəm ifadə edilməsi, ölkəmizin ərazi
bütövlüyünün tanınması və digər məsələlər
Ermənistanda çox böyük narahatlıq, hətta, təlaş-təşviş
hissləri yaratmışdı. İrəvan rəsmiləri
ABŞ kimi qüdrətli bir dövlətin prezidentini
satqınlıqda, xəyanətdə ittiham etməkdən belə
utanmırdılar: "Birləşmiş Ştatların
ictimai-siyasi həyatında mühüm rol oynayan ermənilərin
mənafeyinin satılmasının əsas səbəbi Azərbaycanın
nefti və qazıdir". Azərbaycanın işğal
edilmiş ərazilərində beynəlxalq təşkilatların
faktaraşdırıcı missiyasının işləyəcəyi
barədə xəbər yayılanda isə İrəvan rəsmiləri
daha maraqlı bir ifadə işlətdilər: "Beynəlxalq
təşkilatlar hər zaman olduğu kimi yenə də
güclü dövlətlərin maraqlarının təmin
edilməsinə üstünlük verir". Bu yerdə ənənəvi
"Dayan!" - komandası yada düşür. Erməni
siyasətçiləri beynəlxalq təşkilatları
ittiham edərkən Azərbaycanın güclü dövlət
olduğunu etiraf etmiş oldular. Yox, əgər o ifadədə
Azərbaycanı deyil, rəsmi Bakının mövqelərini
müdafiə edən üçüncü dövləti nəzərdə
tuturlarsa belə, yenə də erməninin canındakı
narahatlıq istənilən qədərdir. Necə də
olmasın? Özləri də yaxşı bilirlər ki, 200
ildən çoxdur başqa xalqların və dövlətlərin
hesabına yaşayırlar. İndi güclü dövlətlərin
mötəbər beynəlxalq təşkilatların erməniləri
dolandırmaq ənənəsindən əl çəkməsi
isə - xəyanət və satqınlıq kimi qiymətləndirilir.
Son
zamanlar İrəvanın yuxusuna haram qatan məsələlər
onlarladır. Həmin siyahının ilk onluğunu Azərbaycanın
xarici siyasətinin müxtəlif istiqamətləri təşkil
edir. İkinci onluğu indiyədək Ermənistanla dost olub,
indi isə Azərbaycanın mövqelərini dəstəkləyən
qüvvələr diktə edirlər. Üçüncü
onluğu isə Ermənistan Prezidenti Serj Sarkisyanın antierməni
siyasəti, qarətçi və talançı əməlləri
tamamlayır. Növbəti onluqlarda da çoxsaylı məsələlər
vardır. Bu çoxsaylı məsələlərdən bir
neçəsini, yəni İrəvanın yuxusunun daha
çox hissəsini əlindən alan məqamları yada
salmaq istəyirik.
Birinci,
Azərbaycan Türkiyə, İran və Gürcüstanla
bütün sərhəd məsələlərini çoxdan
həll etmişdir. Rusiya Federasiyasının Prezidenti Dmitri
Medvedevin ötən ay reallaşan Bakı səfəri
zamanı şimal qonşumuzla da sərhədlərin ən
incə detallara qədər tanınması məsələsi
birdəfəlik həll edildi. Bakıda Azərbaycan və
Rusiya prezidentlərinin imzaladığı sənədlər
beş və ya on illər üçün deyil, əsrlər
üçün nəzərdə tutulmuşdur. Ermənistan
isə müstəqillik əldə etdikdən sonra heç
bir ölkə ilə həqiqi sərhədlərini müəyyən
edə bilməyib. İrəvan Azərbaycanla separatçı
münaqişə vəziyyətindədir, Türkiyəyə
ərazi iddiaları Konstitusiyada özünə yer tutur,
Gürcüstana ərazi iddiaları eynilə
Qarabağdakı ssenari üzrə davam etdirilir, İranın
müəyyən hissələrinə tamah salırlar,
İraqdakı ermənilərə (bu ölkə ilə
heç bir sərhədi olmasa belə) "qayğı
göstərilməsini" beynəlxalq aləmdən tələb
edirlər və sairə. Yəni Azərbaycan müstəqil
dövlət kimi öz varlığını tamamilə təsdiq
etsə də, Ermənistanın kimliyi hələ havadan
asılı qalıb. Ona görə də Bakının bu sahədəki
diplomatik uğurları İrəvana böyük təlaş
yaşadır.
İkinci,
cənab Dmitri Medvedevin Azərbaycana səfərindən əvvəl
ölkəmizin kütləvi informasiya vasitələrinə
müsahibə verən Rusiya Federasiyası xarici işlər
naziri Sergey Lavrov açıq şəkildə bəyan etdi
ki, Gümrüdəki Rusiya hərbi bazasının bu ərazidə
qalması müddətinin uzadılması oradakı hərbçilərin
funksiyasında heç bir dəyişiklik etmir. Nazirin həmin
bəyanatına qədər ermənilər toy-bayram
içində idilər ki, Azərbaycan öz
torpaqlarını işğaldan azad etmək üçün
hərbi yolu seçərsə, onda biz Gümrüdəki rus
hərbi hissələrinin hesabına müdafiə
olunacağıq. Sergey Lavrov isə siyasətçi qətiyyəti
və diplomat məharəti ilə erməniləri başa
saldı ki, məsələ heç də elə deyil və
bizə arxayın olub Azərbaycanla danışıqlarda
"nala-mıxa vurmayın". Həm, cənab Medvedevin
Bakı səfəri zamanı verdiyi bəyanatlar, həm də
Sergey Lavrovun erməniləri üzən cavabı təkcə
regionda - xüsusən, Azərbaycan, Rusiya və Ermənistanda
deyil, bütün dünyada çox böyük maraqla
qarşılandı. Ona görə də İrəvanın
narahatlığı və təlaşı birə beş
artdı.
Üçüncü,
Azərbaycanın yeritdiyi xarici siyasət elə bir şəkildə
qurulub ki, bu siyasətə istənilən beynəlxalq təşkilat
böyük hörmət və ehtiramla yanaşır, inam
nümayiş etdirir. Birləşmiş Millətlər Təşkilatının
Baş Məclisində işğal edilmiş Azərbaycan ərazilərindəki
vəziyyətlə bağlı məsələnin müzakirəyə
çıxarılması və rəsmi Bakı tərəfindən
həmin sənədin geri götürülərək
yuxarıda qeyd etdiyimiz missiyanın fəaliyyətinə
razılıq verilməsi Azərbaycana olan inam və
etimadı daha da artırdı.
Dördüncü,
ermənilər Dağlıq Qarabağda
faktaraşdırıcı missiyanın işləyəcəyindən
narahat olduqları bir vaxtda NATO-dan başqa bir xəbər gəldi.
Belə ki, NATO Parlament Assambleyasının prezidenti Con Tanner Azərbaycanın
bu qurumdakı nümayəndə heyətinin rəhbəri
Ziyafət Əsgərovla söhbətində bildirib ki,
payız sessiyasında Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı məsələ müzakirəyə
çıxarılacaqdır. Elə isə İrəvanın
narahatlığı artmasın, neyləsin?
Beşinci,
artıq digər ölkələr kimi Minsk qrupunun həmsədrləri
də münaqişənin tezliklə və ədalətli
şəkildə həll edilməsi üçün öz fəallıqlarını
artırırlar. Bunun səbəbini biz dönə-dönə
yazmışıq. Amerika Yəhudi Komitəsinin beynəlxalq yəhudi
məsələləri üzrə direktor müavini Qay
Billauer isə "Vaşinqton Tayms" qəzetinin 3 sentyabr
tarixli nömrəsində dərc edilmiş məqaləsinin
sərlövhəsindəcə bu məsələyə daha
aydın şəkildə münasibət bildirir: "Azərbaycana
biganəlik nümayiş etdirməsi ABŞ-a baha başa gələ
bilər". Cənab Billauer kimi ABŞ rəsmiləri də
həmin məsələni yaxşı bilirlər və ona
görə də Ağ ev erməniləri üzən
addımları getdikcə çoxaldır.
Bir
sözlə, Azərbaycanın xarici siyasətdəki
uğurları artdıqca dünya dövlətləri obyektiv
qərarlar qəbul etməkdə, İrəvan isə narahat
günlərini yaşamaqda davam edir.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2010.- 21 sentyabr.- S.
1.