ATU-80

 

Azərbaycan Tibb Universitetində onkologiyanın inkişaf tarixionkoloji klinikanın təşkili

 

Keçmiş SSRİ Nazirlər Sovetinin "Onkoloji xəstələrə tibbi xidmətin yaxşılaşdırılması haqqında" qərarına müvafiq olaraq ittifaqın bütün tibb institutlarında olduğu kimi, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda da 1974-cü ilin sentyabr ayında onkologiya kafedrası yaradıldı. Bundan əvvəl isə respublikada onkologiya üzrə həkim kadrlarının hazırlanması 1947-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda təşkil edilmiş onkologiya kafedrasında həyata keçirilirdi. Adı çəkilən kafedraya 1967-ci ildən ömrünün sonuna qədər (1973) Azəbaycan tibb elminin inkişafında əvəzsiz xidmətləri olan professor Arif Kərbalayı Tağı oğlu Abbasov rəhbərlik etmişdir.

 

Azərbaycan Tibb Universitetinin onkologiya kafedrasının ilk klinik bazası Respublika onkoloji dispanseri, 1979-2007-ci illərdə isə A.T. Abbasov adına Bakı şəhəri onkoloji dispanseri olmuşdur.

Ölkənin tibbi təhsil sistemində aparılan islahatlar çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 23 noyabr tarixli 250 saylı qərarına əsasən ATU-nun onkoloji klinikası yaradıldı və 2007-ci ilin iyun ayında universitetin onkologiya kafedrası yeni, müasir klinikaya köçürüldü.

Onkologiya kafedrasının ilk müdiri professor Məmməd Cabbar oğlu Abdullayev olmuşdur. O, 1990-cı ilə qədər kafedraya rəhbərlik etmişdir. Professor M.Abdullayevin rəhbərliyi dövründə onkologiya kafedrasının əməkdaşları tərəfindən 73 elmi , o cümlədən 3 tədris-metodik vəsait və 1 metodik tövsiyə dərc edilmiş, kafedranın əməkdaşlarından 1 nəfər doktorluq, 3 nəfər isə namizədlik dissertasiyası müdafiə etmişdir. Həmin illərdə kafedrada professor Elman İbrahimov (1977-1988), professor Boris Qorin (1976-1992) və hazırda Milli Onkologiya Mərkəzinə rəhbərlik edən akademik Cəmil Əziz oğlu Əliyev də onkologiya kafedrasında əvəzçilik üzrə professor vəzifəsində çalışmışlar. Bu alimlərin yeni yaradılmış onkologiya kafedrasında tədrisin təşkili, metodik vəsaitlərin hazırlanması, gənc həkim onkoloqların hazırlanması sahəsində böyük xidmətləri olmuşdur. 1990-1992-ci illərdə kafedraya professor İbadulla Ağayev rəhbərlik etmişdir. 1992-ci ildən onkologiya kafedrasına SSRİ Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, akademik Əhliman Tapdıq oğlu Əmiraslanov rəhbərlik edir.

Akademik Ə.T.Əmiraslanov 1977-ci ildə "Aşağı ətrafların bədxassəli şişlərinə görə əməliyyat edilmiş xəstələrin reabilitasiyası" mövzusunda aspirantura müddəti başa çatmamış, vaxtından əvvəl namizədlik, 1984-cü ildə "Osteogen sarkomalı xəstələrin kompleks müalicə üsulları" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Onun "Sümük sarkomaları" monoqrafiyası 1985-ci ildə SSRİ TEA-nın tibb sahəsində ən görkəmli xidmətlərə görə təqdim olunan N.N.Petrov adına mükafatına layiq görülmüşdür. 1986-cı ildə "Onkoloji xəstələrdə bərpa müalicəsi metodlarının işlənib hazırlanması və klinik praktikaya tətbiqi" elmi işinə görə elmtexnika sahəsində SSRİ Dövlət mükafatına layiq görülmüşdür. Əməkdar elm xadimi, professordur. 1992-ci ildən Azərbaycan Tibb Universitetinin rektoru, 1993-cü ildən onkologiya kafedrasının müdiridir.

Akademik Əhliman Əmiraslanov 350-dən artıq elmi əsərin, o cümlədən 17 monorafiya, 28 dərslik, dərs vəsaitləri və metodik ədəbiyyatın, 16 ixtira və səmərələşdirici təklifin müəllifidir.

Alimin dayaq-hərəkət aparatının və daxili orqanların bədxassəli şişlərinə, onların müalicə metodlarının işlənib hazırlanmasına və təkmilləşdirilməsinə həsr etdiyi elmi-tədqiqat işləri ona dünya şöhrəti qazandırmışdır. Akademik Ə. Əmiraslanov onkologiya kafedrasına rəhbərlik etdiyi qısa müddətdə kafedranın işi yenidən qurulmuş, gənc və perspektivli kadrlar tədris, elmi-praktik işlərə cəlb edilmişdir.

Akademik Əhliman Əmiraslanov onkoloqların ABŞ, Fransa, Yaponiya, Almaniya, Türkiyə, Polşa, İsveç, İran, Sinqapur, Bolqarıstan, Macarıstan, Avstriya, Yunanıstan, Çexiya, İsrail, İtaliya, Pakistan, Kanada və digər ölkələrdə keçirilən qurultay, simpozium və konfranslarında elmi məruzələrlə çıxış etmişdir. Alimin 70-dən artıq elmi əsəri adları çəkilən ölkələrdə dərc edilmişdir. Ümumdünya OnkoloqlarOrtoped-Travmatoloqlar Assosiasiyasının, Avropa Bərpa Cərrahlığı Assosiasiyasının, Avropa Dayaq-Hərəkət Aparatı Onkologiya Cəmiyyətinin, Yunanıstan OnkoloqlarOrtoped-Travmatoloqlar, Macarıstan, Çexiya Onkoloqlar Cəmiyyətlərinin üzvü, Amerika Klinik Onkologiya Cəmiyyitinin üzvü, Rusiya Təbiət Elmləri Akademiyasının, Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvüdür. Akademik Ə.Əmiraslanovun adı 1997-ci ildə bioqrafik məlumatla birlikdə Kembricdə çapdan çıxan "XX əsrin 2000 görkəmli şəxsiyyəti" toplusunun əsas hissəsinə və "XX əsrin 500 görkəmli elm xadimi" toplusuna daxil edilmiş, Amerika Bioqrafiya İnstitutunun "Qızıl heykəl" mükafatına layiq görülmüşdür. O, 1997-ci ilin yekununa görə aparılan sorğuya əsasən "İlin elm adamı" adlandırılmışdır. Əhliman Əmiraslanov 1998-ci ildə Polşa Tibb Elmləri Akademiyasının Albert Şvaytser adına "Böyük Qızıl medalı"na, 2000-ci ilin iyun ayında "Şöhrət" ordeninə layiq görülmüşdür. O, elm sahəsində qazandığı nailiyyətlərə görə 2001-ci ildə Rusiya Tibb Elmləri Akademiyasının, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, 2007-ci ildə Rusiya TEA-nın akademik N.N.Bloxin adına "Qızıl medal"ına layiq görülmüşdür. Əhliman müəllim 2001-ci ildə AMEA-nın Biologiya Elmləri Bölməsinin akademik-katibinin müavini, 2007-ci ildə isə akademik-katibi seçilmişdir. Onun rəhbərliyi altında 30-dan artıq namizədlik və 10 doktorluq dissertasiyası müadafiə edilmişdir.

Akademik Əhliman Əmiraslanov dayaq-hərəkət aparatı şişləri üzrə dünya miqyasında yüksək ixtisaslı mütəxəssis kimi tanınır və Azərbaycanda dayaq-hərəkət onkologiyasının əsasını qoymuşdur. Rotasion plastika əməliyyatını keçmiş SSRİ-də ilk dəfə məhz akademik Ə.Əmiraslanov yerinə yetirmişdir.

2007-ci ildə Azərbaycan Tibb Universitetinin müasir standartlara uyğun qaydada tikilmiş, təmir edilmiş və ən yeni tibb avadanlıqları ilə təchiz olunmuş onkoloji klinikası açılmış və istifadəyə verilmişdir. Klinikanın zəngin maddi-texniki bazası və yüksək hazırlıqlı kadr potensialı burada onkoloji xəstələrə yüksək səviyyəli tibbi yardım göstərməyə imkan verir. Klinikada aşağıdakı elmi bölmələr fəaliyyət göstərir: Dayaq-hərəkət orqanlarının onkologiyası və uşaq onkologiyası, abdominal onkologiya, onkoginekologiyabaş-boyun onkologiyası. Bunlarla yanaşı, klinikada poliklinika, diaqnostika bölmələri, kimyəvi dərman terapiyası bölmələri, cərrahi blokanesteziologiyaintensiv terapiya bölməsi də fəaliyyət göstərir. Klinikada rotasion plastika, qalça-qarınarası ayırma, iri oynaqların rezeksiyası və endoprotezləşdirilməsi, kürək-döşarası amputasiya, pankreatoduodenal rezeksiya, larinqoektomiya və səs protezlərinin qoyulması, pulmonektomiya kimi mürəkkəb cərrahi əməliyyatlar icra edilir.

Klinika, həm də ATU-nun onkologiya kafedrasının bazasıdır. Burada ATU-nun müalicə-profilaktika, pediatriya, stomatologiya və hərbi-tibb fakültələrinin V-VI kurs tələbələrinə onkologiya fənni tədris olunur. Kafedranın zəruri tədris vəsaitləri ilə təchiz olunmuş tədris otaqları və zəngin maddi-texniki bazası onkologiya fənninin tədrisinin müasir tələblərə uyğun aparılmasına imkan yaradır. Klinikada, həmçinin ATU-nu bitirmişonkoloq ixtisası üzrə təyinat almış gənc mütəxəssislər internatura, eləcə də klinik ordinatura sistemləri üzrə ixtisaslaşma keçir, aspiranturadoktoranturada təhsillərini davam etdirirlər.

Onkologiya kafedrasında 2 mövzu üzrə elmi-tədqiqat işləri aparılır: "Azərbaycanda bədxassəli şişlər: epidemiologiyası, diaqnostika və müalicə metodlarının optimallaşdırılması, müalicənin uzaq nəticələri" və "Bədxassəli şişlərin erkən diaqnostikası və proqnozunda parakrinimmun humoral faktorların klinik əhəmiyyəti".

Akademik Əhliman Əmiraslanovun kafedraya rəhbərlik etdiyi dövrdə 24 dissertasiya işi (6 doktorluq və 18 namizədlik dissertasiyası) müdafiə edilmiş, bu müddətdə kafedranın əməkdaşları tərəfindən 550-ə qədər elmi , o cümlədən 11 monoqrafiya, 2 dərslik, 3 dərs vəsaiti, 14 tədris-metodik vəsait nəşr edilmiş, 3 səmərələşdirici təklifə vəsiqə alınmışdır. Hazırda kafedrada doktorantura və iddiaçı sistemi üzrə 15 elmlər doktorluğu və fəlsəfə doktorluğu dissertasiyası üzərində aparılır. Kafedrada 1 akademik, 3 tibb elmləri doktoru, professor, tibb üzrə 6 fəlsəfə doktoru, dosent, tibb üzrə 11 fəlsəfə doktoru, assistent və tədris-köməkçi heyəti çalışır. Klinikanın geniş beynəlxalq əlaqələri vardır. Rusiya Tibb Elmləri Akademiyasının akademik N.N.Bloxin adına Onkoloji Elmi Mərkəzi ilə sıx əlaqələr qurulmuşdur. Akademik Əhliman Əmiraslanovun üzv olduğu Ümumdünya Ortoped-Travmatoloq-Onkoloqlar Assosiasiyası, Avropa Bərpa Cərrahlığı Assosiasiyası, Avropa Dayaq-Hərəkət Aparatı Onkologiya cəmiyyəti, Çexiya, Yunanıstan, Macarıstan və Polşa onkoloqlar cəmiyyətləri, Amerika Klinik Onkologiya Cəmiyyəti, Rusiya Tibb Elmləri Akademiyası, Rusiya Təbiət Elmləri Akademiyası və YUNESKO Bioetika Komissiyası ilə beynəlxalaq əlaqələr yaradılmışdır.

Onkoloji klinikanın əməkdaşları mütəmadi olaraq beynəlxalq konqres, qurultay, simpozium və konfransların işində iştirak edirlər. Klinikada, həmçinin xarici ölkələr üçün praktik həkim-onkoloqların və elmi kadrların hazırlanması həyata keçirilir, əməkdaşlar mütəmadi olaraq bir sıra ölkələrin elm və səhiyyə ocaqlarında ixtisaslaşma və təkmilləşmə kursları keçirlər.

ATU-nun kollektivi, eləcə də onkoloji klinikanın və onkologiya kafedrasının əməkdaşları doğma universitetimizin 80 illik yubileyini elm və təhsil sahəsində qazandıqları böyük uğurlarla, dərin sevinc hissi ilə qarşılayırlar. Kollektivimizdə bu sevinci yaradan səbəblərdən biri də dövlətimizin bizim əməyimizə göstərdiyi diqqət və qayğıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 sentyabr 2010-cu il tarixli sərəncamları ilə Azərbaycan Tibb Universitetinin 80 əməkdaşı yüksək dövlət mükafatları , ordenmedallar, fəxri adlar və fərdi tüqaüdlərlə təltif olunmuşdur. Universitetin əməkdaşlarından 6 nəfər "Şöhrət" ordeninə, 20 nəfər "Tərəqqi" medalına, 8 nəfər "Əməkdar elm xadimi", 20 nəfər "Əməkdar həkim", 24 nəfər "Əməkdar müəllim", 1 nəfər "Əməkdar jurnalist" fəxri adlarına, 2 nəfər isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

ATU-nun rəhbərliyi, çoxminlik professor-müəllim heyəti, tələbələri bu qayğı və diqqətə görə möhtərəm Prezidentimizə dərin minnətdarlığını bildirir və əmin edir ki, Azərbaycan səhiyyəsinin inkişafı və yüksək səviyyəli tibbi kadrların hazırlanması sahəsində bundan sonra da əzmlə çalışacaq, yeni-yeni uğurlar qazanacağıq.

Nəsimi QASIMOV, ATU-nun tədris hissə müdiri, onkoloji klinikanın baş həkimi, Abuzər QAZIYEV, onkoloji klinikanın tədris işləri üzrə direktor müavini

 

 

Xalq qəzeti.- 2010.- 22 sentyabbr.- S. 6.