Ağdamda sular
çağlayır, həyat gözəlləşir
Ölkəmizdə
uğurla həyata keçirilən regional inkişaf
proqramlarının əsas yönlərindən biri bölgələrdə
məhsul bolluğu yaratmaq, əhalini ərzaqla, emal sahələrini
xammalla təmin etməkdir. Başa
çatdırılmış aqrar islahatlar kəndlini
torpağın həqiqi sahibinə çevirsə də, onun
müstəqilliyi və təşəbbüskarlığı
bəzən səciyyəvi çətinliklərlə
üz-üzə qalır. Belə məqamlarda dövlət kəndlini
müxtəlif yollarla dəstəkləyir, əkinə
yararlı torpaqların becərilməsi, məhsuldarlığın
yüksəldilməsi, üçün zəruri tədbirlər
həyata keçirir. Hər il meliorasiya işləri
üçün büdcədən kifayət qədər vəsait
ayrılır, suvarma şəbəkəsinin normal fəaliyyəti
təmin olunur.
Bir
sıra su mənbələri və meliorasiya qurğuları
Qarabağın işğal olunmuş ərazilərində
qaldığından cəbhə xəttinə bitişik
bölgələrdə torpaqların əkilib-becərilməsi,
əhalinin və ordu bölmələrinin içməli su təchizatı
1992 - 1993-cü illərdə tamamilə pozulmuşdu. Ümummilli
lider Heydər Əliyevin məsələyə dərindən
bələdliyi, müdrikliklə həyata keçirdiyi tədbirlər
ötən illərdə bu problemi tamamilə aradan
qaldırmışdır. Ağdam Rayon İcra Hakimiyyətində
keçirdiyimiz dəyirmi masada cəbhəyanı bölgənin
su təchizatının vəziyyəti, əvvəl
yağıntılı yaz, sonra həddindən artıq isti
keçən yay aylarında əhalinin və torpaqların
sudan korluq çəkməməsi üçün Meliorasiya
və Su Təsərrüfatı ASC-nin və rayon rəhbərliyinin
əlbir fəaliyyəti söhbətin aparıcı
mövzusu oldu.
Ağdam
Rayon İcra Hakimiyyəti başçısının kənd
təsərrüfatı üzrə müavini Allahverən Əliyev,
Subartezian quyularının İstismarı İdarəsinin rəisi
Teyyub Nəcəfov və Suvarma Sistemləri idarəsinin rəisi
Hafiz Əzimzadə məhsul bolluğunun su təminatı,
adamların keyfiyyətli içməli su ilə təchizatı
ilə bağlı son illərdə dövlətin köməyi
ilə görülmüş işlərdən, uğurlu nəticələrdən
geniş söz açdılar.
Allahverən
Əliyev: - Ağdamda suvarma əkinçiliyinin bir neçə
min il tarixi var. Əsasən münbit dağətəyi ərazidə
yerləşən torpaqlar zaman-zaman Qarqar və Xaçın
çaylarının və ata-babalarımızın
böyük məharətlə, min bir əziyyətlə
çəkdikləri kəhrizlərin suyu ilə
suvarılmışdır. Rayon ərazisində tarixən
taxıl, pambıq, üzüm, hər cür meyvə və tərəvəz
becərilmişdir. Qədd-qamətli, qara kölgəli
ucsuz-bucaqsız bağlara görə bu yerlər Qarabağ - yəni
böyük, qara kölgəli bağ, bağlar diyarı adlandırılmışdır.
Bu yerlərin cənnətmisal yaşıllığında, məhsul
bolluğunda münbit torpaqla yanaşı, tarixən mövcud
olmuş suvarma sistemləri, adamların təcrübəsi və
hünəri də əhəmiyyətli olmuşdur.
Ötən əsrin 50-60-cı illərində Qarqar və Xaçın çayları üstündə su anbarları tikilməsi, sututarlardan geniş istifadə, rayon elektrikləşəndən sonra bol ehtiyatı olan yeraltı suların artezian quyuları ilə üzə çıxarılması Ağdamın su ehtiyatını dəfələrlə artırdı. 70-ci illərdə isə ümummilli lider Heydər Əliyevin bölgədə kənd təsərrüfatını yüksəltmək üçün Tərtər çayı üzərində nəhəng Sərsəng su dəryaçasını inşa etdirməsi qonşu rayonlarla yanaşı, Ağdam torpaqlarına da tarixdə ilk dəfə kifayət qədər su gətirdi. Qarabağ münaqişəsi başlanan vaxtdan qəddar düşmən digər xəyanət və təxribatları ilə yanaşı, Ağdamkənd və Xaçınçay su anbarlarının, Sərhəng dəryaçasının normal fəaliyyətini də pozdu.
Rayonun ərazisinin üçdə ikisinin 1992-93-cü illərdə Ermənistan tərəfindən işğalından sonra hər üç böyük sututar düşmənin əlinə keçdiyindən rayonun əsas suvarma mənbələri sıradan çıxdı. Döyüş əməliyyatları, AXC-Müsavat hakimiyyəti dövründəki başıpozuqluq və dağıntılar isə elektrik şəbəkələrini, eləcə də subartezian quyularını yararsız hala saldı. Əslində, 1993-cü ilin yayında və payızında suvarma sistemi iflic olmuş, əhali didərgin düşmüş, pərakəndə ordu bölmələri isə az sayda kəhrizin, primitiv üsulla qazılmış su quyularının ümidinə qalmışdı.
Ümummilli lider Heydər Əliyev 1993-cü ilin böhranlı yayında xalqın tələbi ilə hakimiyyətə gətiriləndə onun qayıdışını əngəlləmək istəyən xəyanətkar hərbi-siyasi qüvvələr Ağdamın müdafiəsini təşkil etməməklə rayonun işğalını asanlaşdırdılar. Ulu öndərin cəbhə xəttini möhkəmləndirmək, rayonun yerdə qalan kəndlərini işğaldan qorumaq tədbirləri arasında zəruri kommunikasiyaların işinin bərpa edilməsi, subartezian quyularının yenidən işə salınması da ön sırada yer aldı. 1994-cü ilin yazında atəşkəsə nail olunduqdan sonra Ağdamın didərgin düşmüş əhalisinin bir qismini geri qaytarmaq, əkin-biçini qaydaya salmaq üçün ciddi tədbirlər görüldü, bütün artezian quyuları suvarma dövriyyəsinə qoşuldu, yeni quyular qazılmağa başladı. Yeni suvarma kəmərləri də işə salındı.
Beləliklə, qısa müddətdə rayonda su problemi həll olundu. 70 minədək əhali geri qayıtdı, təsərrüfatlarını qaydaya saldı. Cəbhə bölgəsi olmasına baxmayaraq, torpaq islahatı həyata keçirildi, pay torpağı alanların suvarma imkanları təmin olundu. Yaşayış məntəqələrinin hamısı içməli su ilə təchiz edildi. Bol su təminatı kənd təsərrüfatı ilə yanaşı, digər sahələrin də inkişafına şərait yaratdı. Yanıb tələf olmuş bağlar, əkinlər yenidən göyərib boy atdı. Suvarma şəbəkəsi ildən-ilə genişləndi, imkanlarını artırdı. Bütün bunların nəticəsidir ki, bu ilki misilsiz istiyə baxmayaraq Ağdamın yaşayış məntəqələri, hər qarışı əkilib-becərilən torpaqlar sudan korluq çəkmədi. Ötən illərdə olduğu kimi, bu mövsümdə də bol məhsul yetişdirildi.
Bütün bu işlər ulu öndər Heydər Əliyevin Ağdam rayonunda həyatın normal axara düşməsi üçün gördüyü zəruri işlərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Dövlət başçısının çadır şəhərciklərində və ağır şəraitdə yaşayan köçkün ailələrini normal həyata qaytarmaq siyasətinə uyğun olaraq qısa müddətdə rayonumuzda 12 hər cür şəraiti olan köçkün qəsəbəsi salındı. Daha 20 min insan doğma rayona qayıtdı. Bu yeni ünvanların da su təchizatı yüksək səviyyədə həll olunub. Dövlət fermerlərə texnika, yanacaq, toxum, gübrə və pul vəsaiti ilə də daim kömək göstərir.
Dədə-babalarımız həmişə bir-birinə xoş gün arzulayanda deyiblər: görüm suyun axsın, otun göyərsin, çörək təknən dolu olsun. Bu gün Ağdamın hər bucağında sular çağlayır, təknələr, anbarlar doludur. Əhali bütün bunlardan şükranlıq edir, dövlət qayğısına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirir. Rayon rəhbərliyi, əhali Ağdamın su təchizatının böhranlı vəziyyətdən çıxarılmasında Meliorasiya və Su Təsərrüfatı ASC-nin, onun sədri Əhməd Əhmədzadənin ardıcıl, sistemli köməyini də daim yaxından hiss edir və yüksək qiymətləndirir.
Teyyub Nəcəfov: - Təəssüf ki, bütün əhali ilə birlikdə idarəmizin kollektivi də o ağır, məsuliyyətli günlərin acısını dadmalı olmuşdur. Doğrudan da, su həyat deməkdir. Bu həqiqəti susuzluğu görməyənlər tam təsəvvür edə bilməzlər. 1993-cü ilin yayında əhali düşmən təhlükəsi ilə yanaşı, susuzluqdan da baş götürüb getmişdi. Ağdamın mərkəzi elektrik şəbəkəsi işğal zonasında qaldığından salamat artezian quyularını da işlətmək mümkün deyildi. Susuzluqdan əkinlər, bağlar göz baxa-baxa tələf olurdu. Hətta quşlar, heyvanlar da susuzluqdan baş götürüb əhalinin arxasınca getmişdi. Arxlarda, əkinlərdə iri çatlar əmələ gəlmişdi. İnanmaq çətin idi ki, bu yerlərə bir də su gələcək...
O vaxt Prezident Heydər Əliyevin göstərişi və nəzarəti ilə alternativ elektrik xətləri çəkildi. Meliorasiya və Su Təsərrüfatı ASC-nin imkan və ehtiyatları rayonumuza yönəldildi. Sədrimiz Əhməd Əhmədzadə az qala hər artezian quyusunun işə salınmasında, yenilərinin qazılmasında şəxsən iştirak edib. Rayon əhalisi uşaqdan-böyüyə onu tanıyır və gördüyü işlərə görə hörmətini saxlayır. Builki yağıntılı yaz və isti yay günlərində də Əhməd Əhmədzadə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqovla birlikdə hər gün işimizlə maraqlanırdı, lazımi köməkliyini göstərirdi. Belə istilərdə elektrik enerjisinin qısa kəsilməsi, yaxud hansısa quyunun nasazlıqdan işləməməsi nə qədər əkinin məhv olması demək olardı. Möhkəm intizam, rayon və ASC rəhbərliyinin hərtərəfli köməyi nəticəsində bütün artezian quyularının normal, fasiləsiz işinə nail olduq. Bu gün idarəmizin balansında 3 nasos stansiyası, 705 subartezian quyusu var. Bunlardan 30-u Ergi ərazisində məskunlaşmış Şuşa qaçqınlarına, 89-u isə Ağdam rayonundakı məcburi köçkünlərə xidmət edir. Subartezian quyusunun 623-ü əkin sahələrinin suvarılmasına, 82-i isə içməli su verir və həyətyanı sahələrin suvarılmasına xidmət göstərir.
Rayon üzrə suvarılan əkin sahəsi 25567 hektardır. Bu mövsümdə subartezian quyuları və nasos stansiyaları 34608349 kvt/s elektrik enerjisi sərf etməklə 90105 hektar əkinlərin, 3028 hektar həyətyanı sahələrin suvarılmasını təmin etmişdir. 2010-cu ildə rayonda 8 yeni subartezian quyusu qazılmış, 21-nin qazılmasına başlanmışdır. 5 subartezian quyusu bərpa edilmiş, 7 quyu yuyulub təmizlənmişdir. Quyulardan səmərəli istifadə etmək üçün lazımi təcrübə və baza yaradılmışdır. Rayonun ümumi uğurlarında bizim də layiqli payımız var. Çalışacağıq ki, rayonun su təchizatı üçün köməyimizi daim artıraq.
Hafiz Əzimzadə: - Rəhbərlik etdiyim Ağdam Suvarma Sistemləri İdarəsi 1946-cı ildən fəaliyyət göstərir. Rayon ərazisində mülkiyyətindən asılı olmayaraq bütün torpaqların suvarılması, kanalların, arxların, dren-kollektor və yığıcı kollektorların lil və bitki örtüyündən təmizlənməsi, hidrotexniki qurğuların saz saxlanması və istismarı, Qarqarçaydan və Xaçınçaydan gələn sel sularının, daşqınların maneəsiz örtülməsi işlərini biz həyata keçiririk.
Hazırda balansımızda (işğal zonasından kənarda) 365 kilometr suvarma kanalı və yaxud arxı, 27 kilometr dren-kollektor şəbəkəsi, 129 hidrotexniki qurğu, 4 suyığıcı göl, 11 kəhriz, 2 qaynama var. Quzanlı qəsəbəsi ərazisində "D-200-36" nasos stansiyasını və Ergi ərazisində yararsız hala düşmüş nasos stansiyaları da bizim tabeliyimizdədir. Maşın-mexanizmlərimiz və torpaqqazan texnikamız da var. Rayonda 29118 hektar sahənin 25567 hektarı Subartezian Quyularının İstismarı İdarəsinin su mənbələri ilə, 3551 hektarı isə Suvarma Sistemləri İdarəsinin su mənbələri hesabına suvarılır.
Bu il
istehlakçılara 129739000 kubmetr su verilmişdir. Torpaqlar
orta hesabla 3,4 dəfə suvarılmış və bol su nəticəsində
məhsuldarlıq xeyli çox olmuşdur. Su mənbələrimiz
olan Eşq-Abdal, Qarasu, Bino gölləri, Şəmsi, Xanəhməd,
Göylən, Qarasu, Böyük Bino, Eşq-Abdal, Heyvalı,
Çinarlı, Qozlu kəhrizləri və iki qaynama ilə
1451 hektar sahənin suvarılmasını həyata
keçiririk. Yeni Quzanlı, nasos stansiyası isə 2
aqreqatdan ibarət olmaqla 100 hektar sahənin
suvarılmasını təmin edir. Nasos stansiya 2,2 kilometrlik dəmir
borudan və 13 hidrantdan ibarətdir. Göstərilən sahə
yeni üsulla, qapalı şəbəkə vasitəsilə
suvarılır.
Bu
mövsümdə 97 hektarda pambıq, 9120 hektarda dənli
bitkilər, 575 hektarda qarğıdalı, 3399 hektarda dirrik və
bostan, 11900 hektarda yemlik bitkilər, 75 hektarda şəkər
çuğunduru, 70 hektarda çoxillik bitkilər, 3772 hektarda
həyətyanı sahə su ilə təmin olunmuşdur.
Rayon üzrə 93933 hektar sahə suvarılmışdır.
Eyni zamanda, 29118 hektar sahədə əkilmiş kənd təsərrüfatı
bitkilərinə bir neçə dəfə su verilmişdir.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə
bu ilin 8 ayı ərzində əkinlərə 2709000 kubmetr
artıq su verilmişdir.
Ölkəmizin
davamlı iqtisadi inkişafına nail olmasında qəbul
edilmiş dövlət proqramlarının rolunu xüsusi qeyd
etmək lazımdır. 2009-2013-cü illərdə bölgələrin
sosial-iqtisadi inkişafı və 2008-2015-ci illərdə əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatı
dövlət proqramlarına əsasən, Ağdam rayonunda
mühüm işlər aparılır. Atçılıq təsərrüfatı
ərazisində qrunt sularının aşağı
salınması üçün 371139 manatlıq iş
görülmüşdür. Ergi ərazisində yararsız
hala düşmüş nasos stansiyalarında 233295 manat dəyərində
əsaslı təmir və bərpa işləri görülmüşdür.
Uzun illər problem olan bu məsələ Ağdam Rayon
İcra Hakimiyyəti, Meliorasiya və Su Təsərrüfatı
ASC-nin ciddi səyi nəticəsində uğurla həll
edilir.
2009-2013-cü
illər ərzində rayonumuzda 80 subartezian quyusunun
qazılması planlaşdırılmışdır. Bunun
51-i artıq istifadəyə verilmişdir. Bu il 20 subartezian
quyusu, yararsız halda olan Quzanlı - 2 nasos stansiyası bərpa
olunmuşdur. İçməli su üçün 1 subartezian
quyusu qazılaraq təhvil verilmişdir.
Yeri gəlmişkən
bir faktı diqqətinizə çatdırım ki, cəbhə
bölgəsindən 3 kilometr kənarda yaşayış
infrastrukturunun yaxşılaşdırılması və bərpası
məqsədi ilə növbəti inkişaf proqramında
rayonumuzda 56 subartezian quyusunun qazılması, nasos
stansiyanın tikilməsi, Qarqar çayından sel suları gələrkən
3000 hektar sahənin suvarılması üçün
hidrotexniki, suyığıcı, suötürücü
qurğuların və kanalların tikilməsi öz əksini
tapacaqdır.
Cari il
yağıntıların çox olması, sel
sularının həddindən artıq gəlməsi ilə əlaqədar
Qarqar çayında rayon rəhbərliyinin yaxından köməkliyi
ilə sel suları maneəsiz örtülmüş,
lazımi tədbirlər həyata keçirilmişdir. 10
hektar əkinin, 4 hektar taxıl sahəsinin su altda qalmaması
üçün 650 metr uzunluğunda bənd vurulmuşdur.
Salyan, Sabirabad ərazisində baş vermiş fəlakət
zamanı Subartezian Quyularının İstismarı İdarəsi
ilə birlikdə rayonumuz adından iştirak etdik. Kür
çayının sağ sahilində 4 kənd ərazisində
20 kilometr bəndin möhkəmləndirilməsində və
qorunmasında əməyimiz oldu. Oraya 100-ə dək yük
maşını blok və qaya daşları göndərdik.
Biz
başa düşürük ki, rayonda iqtisadiyyatın
aparıcı sahəsi olan kənd təsərrüfatının
inkişafı biz melioratorlardan da çox asılıdır.
Ona görə işimizi bundan sonra da zamının tələbləri
səviyyəsində quracağıq.
Allahverən
Əliyev: - Doğrudan da rayonumuzda bolluq, rifah su ilə
bağlıdır. Su təsərrüfatı işçiləri
bu mühüm vəzifəni uğurla həyata keçirirlər.
Meliorasiya və Su Təsərrüfatı ASC ilə
düzgün əlaqələndirilmiş işimiz ümumi
uğurlarımızı artırmağa kömək edir.
Yeri gəlmişkən,
rayonumuzun əldə etdiyi sosial-iqtisadi uğurlar barədə
də söz açmaq istəyirəm. Bu il də Rayonun
sosial-iqtisadi inkişaf dinamikası saxlanılmış,
ötən ilin birinci yarımili ilə müqayisədə
artım tempinə nail olunmuşdur. Belə ki, rayon üzrə
ümumi daxili məhsul buraxılışının həcmi
110 min manat artaraq 26 milyon 603,6 min manat, kənd təsərrüfatı
məhsulunun həcmi 1012 min manat artaraq 18 milyon 155 min manat
olmuşdur. Bu il 268 yeni iş yeri açılmış, 524 nəfər
mövsümi işlərə cəlb edilmiş, 792 nəfər
işlə təmin olunmuşdur.
Əhalinin
elektrik enerjisi ilə təminatının daha da
yaxşılaşdırılması ilə əlaqədar tədbirlər
həyata keçirilmişdir. Rayon ərazisində 32 müxtəlif
güclü transformator təmir edilmişdir. Hətta daxili
imkanlar hesabına 110/35/10 kv-luq Xındırıstan
yarımstanstansiyasında 25 MVA, 110/35/10 kv-luq Təzəkənd
yarımstansiyasında 16 MVA gücündə transformatorlar
cari təmir edilmişdir. Rayon İcra Hakimiyyətinin köməkliyi
ilə 2 ədəd 100 kva, 2 ədəd 160 kva, 1 ədəd
400 kva gücündə transformator alınmış və əhalinin
enerji təchizatının
yaxşılaşdırılması məqsədi ilə Əhməddağalı
kəndində, Quzanlı qəsəbəsində rayonun mərkəzi
xəstəxanasının binasında
işıqlandırılma şəbəkəsi
quraşdırılmışdır.
2010-cu
ilin I yarımilliyində rayonun Quzanlı, Qasımbəyli,
İmanqulubəyli, Birinci Quzanlı qəsəbələrində,
İmanqulubəyli, Eyvazlı, Çullu kəndlərində
5 mindən artıq yaşayış evinə təbii qaz
verilməsi üçün qazlaşma başa
çatmışdır. Qazlaşma üçün 80 min
metr polietilen qaz kəməri çəkilmişdir. Əhmədağalı
və Əfətli kəndlərinin qazlaşması davam
etdirilir.
Əhalinin
içməli və suvarma suyuna olan tələbatının
ödənilməsində fasilələrə yol verilməməsi,
bu işin yüksək səviyyədə həyata
keçirilməsi məqsədilə 2010-cu ilin birinci
yarımilində 2150 metr su xətti çəkilmiş, 1150
metr xətdə təmir işləri
aparılmışdır. 48 transformator, 141 su nasosu təmir
edilmiş, 482,5 metr təzə boru xətti, 3 təzə
transformator quraşdırılmışdır. Quzanlı qəsəbəsində
500 tonluq su anbarı inşa edilərək əhaliyə
içməli su xətti çəkilmişdir.
Bu il
rayonda aqrar sahənin inkişafı xüsusilə diqqət mərkəzində
saxlanılmışdır. Cari ilin məhsulu üçün
19120 hektar taxıl əkilmişdi. Bu, keçən illə
müqayisədə 1607 hektar çoxdur. Bu il zəmilərdən
39 min ton taxıl yığıldı. Məhsuldarlıq həmişəki
kimi yüksək oldu. Ötən ilin müvafiq dövrü ilə
müqayisədə bütün kənd təsərrüfatı
məhsulları istehsalı əsaslı şəkildə
artıb. 1697 hektar tərəvəz, 423 hektar kartof, 2242 hektar
təzə yonca, 142 hektar yem çuğunduru səpilmiş,
suvarılmışdır. Hazırda bir sıra sahələrdə
məhsul yığımı davam edir.
Heyvandarlığın inkişafına da diqqət
artırılmış, iri mal 31573 başa, qoyun və keçilər
99849 başa çatdırılmışdır. Nəticədə,
ət istehsalı I yarımildə 1283 ton, süd 12034 ton,
yumurta 4036 min ədəd olmuşdur.
Ağdamlılar
həmişə olduğu kimi, bundan sonra da bütün sahələrdə
işgüzarlıq nümayiş etdirəcək, ulu öndər
Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən quruculuq proqramlarını tam həcmdə
yerinə yetirəcəklər.
Söhbəti çapa
hazırladılar: Tahir AYDINOĞLU,
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2010.- 22 sentyabr.- S. 5.